Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4911/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və “xxxx” ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-242/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “xxxx” ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 2-ci dərəcəli əmək əlili kimi onun cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud 2 ədəd avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə işlədiyi “xxxx” ASC-də əmək xəsarəti almış və 2-ci qrup əlil olmuşdur. 2000-ci ildən iş yeri üzrə əlil kimi avtomobil növbəsinə götürülmüşdür. “xxxx” ASC 2012-ci ildən fəaliyyətini dayandırmışdır. 2014-cü ilə kimi növbədə olan əlillərə avtomobil verilmişdir. “xxxx” ASC ona verilməli olan avtomobilin dəyərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə ödəməli və ona avtomobil verilməlidir. Hesab edir ki, Çernobıl əlillərinə və müharibə əlillərinə pulsuz avtomobil verildiyinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi onu da pulsuz avtomobillə təmin etməli, daha sonra avtomobilin dəyərini “xxxx” ASC-dən tələb etməlidir. 2000-ci ildən növbədə olduğuna görə ona iki ədəd avtomobil verilməlidir. Çünki, verilən avtomobil hər 10 ildən bir yenisi ilə əvəz edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-242/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC 8 ildir ki, fəaliyyətini dayandırldığından onun avtomobil ilə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təmin edilməlidir. “xxxx” ASC fəaliyyət göstərməsə də, ASC-nin əmlakının satışı hesabına ona pul ödənilməlidir. Onun sığınacaq yeri yoxdur, müavinətləri ödənilmir, borc hesabına kirayədə qalır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorun şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, minik avtomobili dəyərinin 100 faizi İddiaçı əlillik aldığı müəssisə - “xxxx” ASC tərəfindən ödənilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi İddiaçı pulsuz avtomobillə təmin edə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında göstərilir ki, tibbi göstərişlər üzrə xüsusi avtonəqliyyat almağa hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında təlimat təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikası Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tibbi göstərişlər əsasında Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin növbədənkənar, 1990-cı ildə Bakı şəhərində və respublikanın yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların isə ümumi növbə ilə pulsuz xüsusi avtonəqliyyatla təmin olunması üçün dövlət büdcəsindən bu məqsədə ayrılmış vəsait daxilində mərhələlərlə vəsait ayırsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi minik avtomobillərinin illik limitinin bölgüsü zamanı respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istər adi, istərsə də əllə idarə olunan xüsusi minik avtomobillərinə olan tələbatını nəzərə alsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 5-ci bəndinə əsasən xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər. Təlimatın 15-ci bəndinə əsasən motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir: Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar); 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə; Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərə; İİ dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.12.2020-ci il tarixli 501 nömrəli qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur). “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı əlillik aldığı müəssisə “xxxx” ASC tərəfindən minik avtomobili dəyərinin 100 faizi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə ödənilməsi və İddiaçı pulsuz avtomobil almaq hüququ olan şəxslərin sırasına daxil olması iş materialları ilə sübut olunmur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və öz təstiqini tapmır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-242/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4911/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4911/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver