Məhkəmə qərarları › İş №2(103)-4915/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4915/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4915/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – Hərrac Mərkəzi), Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank), Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi (bundan sonra – İcra Şöbəsi) və Cavabdeh3nə (bundan sonra Qiymətləndirmə Xidməti) qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, bina № 23/25-də yerləşən 69 №-li mənzilin yenidən giymətləndirilməsindən cavabdeh Bankın imtinasının qanunsuz hesab edilməsi, cavabdeh İcra Şöbəsi və Hərrac Mərkəzi tərəfindən mübahisəli mənzilin açıq hərraca çıxarılmasının qanunsuz hesab edilməsi, “Hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 88/22 №-li bildirişin etibarsız hesab edilməsi, Qiymətləndirmə Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, QXM seriyalı, 320/M №-li nömrəli “Qiymətləndirmə rəyinin” və “Hərracın yekunları barədə” 24/22 №-li, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnaməyə (İş № 2(005)-1303/2020) əsasən iddiaçı (hazırki iş üzrə cavabdehlərdən biri olan) Bankın cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı və (hazırki iş üzrə tərəf olmayan) X2 qarşı iddiasının qismən təmin edilməsi, Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, H041KR18-H00117 saylı “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 93.710,8 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 21.502,15 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.540 manat məbləğində pulun İddiaçı Bankın xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan (mübahisə predmeti olan) mənzilə və bağ torpaq sahələrinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən kredit borcunun ödənilməsi, mübahisəli mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi və sair qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi üzrə icra hərəkətləri başlanmış, bununla bağlı olaraq icra məmuru tərəfindən iş üzrə digər cavabdehlərə müvafiq sifarişlər göndərilmşdir. Cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 88/22 bildirişinə və yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən mübahisəli mənzil ilkin satış qiyməti 55.000 manat olmaqla, açıq hərraca çıxarılmış, həmin mənzilə dair xx.xx.2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Qiymətəndirmə Xidməti tərəfindən xx.xx.2020-ci ıl tarixdə verilmiş QXM seriyalı, 320/M nömrəli “Qiymətləndirmə rəyindən” görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində mübahisəli mənzilin bazar qiyməti 55.000 manat müəyyən edilmişdir. Halbuki, sözü gedən hərraca çıxarılmış mənzilin real qiyməti 100.000 manatdan yuxarıdır. Buna baxmayaraq, cavabdehlər mənzili 55.000 manata yəni dəyərindən qat-qat aşağı qiymətə qanunsuz yolla hərrac vasitəsi ilə satışa çıxarmışlar. Cavabdeh Hərrac Mərkəzi və cavabdeh Bank öz maddi maraqlardan çıxış edərək iddiaçıya məxsus mənzili qəsdən aşağı qiymətə əldə etmək üçün həmin saxta rəyə istinad etmiş, guya hərracın baş tutmadığı barədə məlumat bildiriş də göndərmişlər. İddiaçı hesab edir ki, Qiymətləndirmə Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş “Qiymətləndirmə rəyi” etibarsız olduğundan onun əsasında hərracda ilkin qiymət təyin edilməsi də qanunsuzdur. Bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının kobud pozulması ilə nəticələnir. İddiaçı cavabdeh Banka dəfələrlə müraciət edərək bu məsələyə yenidən baxılmasını xahiş etmiş, lakin Bank bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Bankın iddia tələbinə qarşı olan etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən məsələyə Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 1303/2020 №-li iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə artıq qiymət verilmişdir. Belə ki, həmin iş üzrə cavabdeh olan (hazırki iş üzrə iddiaçı) İddiaçı həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri vermiş, mübahisəli mənzilin ilkin satış qiyməti, “Qiymətləndirmə rəyi” və sair məsələlər ilə bağlı dəlillərini göstərmiş və onun dəlilləri yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq əsassız hesab edilmişdir. Beləliklə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bununla da, müəyyən edilir ki, İddiaçı hazırki iddianı irəli sürməklə yuxarıda qeyd edilən qətnamənin icrasına mane olmağa çalışır. Cavabdeh Hərrac Mərkəzinin iddia tələbinə qarşı olan etirazı onunla əsaslandırılmışdır ki, açıq hərraca çıxarılmış mənzilin ilkin satış qiyməti Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qətnamə ilə 55.000 manat məbləğində müəyyənləşdirilmişdir. Mənzilin açıq hərracda satılması icra hərəkətlərini həyata keçirən icra məmuru tərəfindən sifariş olunmuşdur. Həmin hərrac sifarişi ilə əlaqədar olaraq ilkin hərrac xx.xx.2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş, bu barədə kütləvi informasiya vasitəsi kimi qeydiyyata alınmış “Birjanyus” X1 (Portalında) (www.birianews.az) xx.xx.2021-ci il tarixində elan dərc edilməklə, həmin elan hərracın təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Bundan sonra maraqlı şəxslərə, o cümlədən hazırkı iş üzrə İddiaçı “hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli, 236/21 saylı bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixinə təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə xx.xx.2022-ci il tarixli “hərracın baş tutmamasına dair” protokol tərtib edilmişdir. Bundan sonra təkrar hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş, bu barədə yuxarıda göstərilən qaydada elanlar dərc edilməklə 88/22 №-li, xx.xx.2022-ci il tarixli bildirişlə hərracda maraqlı şəxslərə, o cümlədən hazırkı iş üzrə İddiaçı hərracın vaxtı, yeri və sair barədə zəruri məlumatların verilməsi təmin edilmişdir. xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə xx.xx.2022-ci il tarixində hərracın hərracın baş tutmamasına dair protokol tərtib edilmiş, hərracın baş tutmamasına dair “Birjanews” Portalında, eləcə də hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) xx.xx.2022-ci il tarixində müvafiq məlumat dərc etdirilmişdir. Bundan sonra “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə uyğun olaraq ipoteka saxlayan Cavabdeh2 ASC-yə “ipoteka predmetinin əldə edilməsi barədə” 179/22 № li, xx.xx.2022-ci il tarixli təklif hazırlanmış və növbəti gün həmin təklif ipoteka saxlayana göndərilmişdir. İşə baxılan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Bankın iddia tələbinə qarşı verdiyi etirazın məzmununa və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. İddiaçı, cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi, cavabdeh İcra Şöbəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2376/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.09.202-ci il tarixli qərarından (İş № 2(102)-5332/2021) görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnaməyə (İş № 2(005)-1303/2020) əsasən iddiaçı (hazırki iş üzrə cavabdehlərdən biri olan) Bankın cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı və (hazırki iş üzrə tərəf olmayan) X2 qarşı iddiasının qismən təmin edilməsi, Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, H041KR18-H00117 saylı “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 93.710,8 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 21.502,15 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.540 manat məbləğində pulun İddiaçı Bankın xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan (mübahisə predmeti olan) mənzilə və bağ torpaq sahələrinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən kredit borcunun ödənilməsi, mübahisəli mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi və sair qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi üzrə icra hərəkətləri başlanmış, bununla bağlı olaraq icra məmuru tərəfindən iş üzrə digər cavabdehlərə müvafiq sifarişlər göndərilmşdir. Cavabdeh Qiymətəndirmə Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş QXM seriyalı, 320/M nömrəli “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli mənzilin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilmişdir. Hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 204/21 nömrəli bildirişin surətindən görünür ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 88/22 bildirişinə və yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən mübahisəli mənzil ilkin satış qiyməti 55.000 manat olmaqla, açıq hərraca çıxarılmış, həmin mənzilə dair xx.xx.2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli “hərracın baş tutmamasına” dair protokoldan görünür ki, xx.xx.2022-ci il, saat 11:00-a növbəlilik əsasında təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarından görünür ki, ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayan cavabdeh Banka mübahisəli mənzili təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətə əldə edilməsi “ipoteka predmetinin əldə edilməsi barədə” 179/22 № li, xx.xx.2022ci il tarixli məktubla təklif verilmiş və Bank təkliflə razılaşmışdır. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, cavabdeh Qiymətəndirmə Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş QXM seriyalı, 320/M nömrəli “Qiymətləndirmə rəyində” mənzilin qiyməti kimi göstərilmiş 55.000 manat mənzilin real dəyərini əks etmir. Belə ki, mənzilin qiyməti 100.000 manatdan yuxarıdır. Buna baxmayaraq, cavabdehlər mənzili 55.000 manata yəni dəyərindən qat-qat aşağı qiymətə qanunsuz yolla hərrac vasitəsi ilə satışa çıxarmışlar. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, hazırki iddia ərizəsində qeyd edilən dəlillər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi icraatında olmuş 2(005)-1303/2020 saylı mülki işin baxılması zamanı araşdırılmış və həmin dəlillərə qiymət verilmiş, bununla bağlı həmin məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən görünür ki, iddiaçıya məxsus olan mübahisəli mənzilin ilkin satış qiyməti 55.000 manat müəyyən edilmişdir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 233.3-cü maddəsinin mənasına görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından çıxış edən Məhkəmə bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır və bu səbəbdən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü bu, yeni iddianın dəlilləri bir daha araşdırılmalı deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Daha sonra Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İşin hallarından müəyyən edilir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 55.000 manat olmuşdur, lakin satılmadığı üçün mənzil təkrarən hərraca çıxarılmış, mənzilin təkrar hərracdakı qiyməti (55.000 x 15% / 100 =) 46.750 manat olmuşdur. Təkrar hərracda da satılmadığı üçün sonra ipoteka saxlayana – Banka təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan (46.750 x 25% / 100)qiymətə təklif olunmuşdur. Məhkəmə hesab edir ki, əmlakın qiymətinin yuxarıda qeyd edilən qaydada hesablanaraq müəyyən edilməsi qanunun tələblərinə uyğun olmuş; iddiaçının mənzilin qiymətinin qanunsuz olaraq aşağı salınması barədə dəlilləri əsassızdır; Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar