Məhkəmə qərarları › İş №2(103)-4916/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4916/2023

25.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4916/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə istifadə hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” qarşılıqlı iddia ərizə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir.

2. X12 ilə Cumayeva (Umarova) Sevinc Vəli qızı xx.xx.2009-cu il tarixdə 414 nörməli akt qeydi ilə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur.

3. X12 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır.

4. İddiaçı X5 anasıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair yaşayış yerindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Dövlət Reyestrindən Çıxarışa əsasən, İddiaçı rəsmi mülkiyyətindədir. Cavabdeh mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, əvvəla onun yerinə kommunal xərclərə görə əlavə ödəniş edir, həmçinin onun qeydiyyatda qalması həmin mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Tərəflər arasında qohumluq əlaqəsi olmadığından, Cavabdeh həmin mənzildə yaşamaması, sadəcə olaraq qeydiyyatda qalması və könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaması səbəbindən İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində o, yad bir insan kimi göstərilsə də, əslində İddiaçı onun həyat yoldaşı Umarov Samirin anası, yəni qaynanası və uşaqlarının nənəsidir. Cavabdeh mübahisəli mənzilə xx.xx.2009-cu ildə mübahisəli mənzilə gəlin köçmüş, bütün cehiz əmlaklarını həmin mənzilə yerləşdirmiş, övladları həmin mənzildə dünyaya gəlmiş, halhazıra qədər də həmin mənzildə övladları ilə birgə yaşayır və həmin mənzildə istifadə hüquqları var. Bu səbəbdən də Cavabdeh mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına görə mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh onun gəlini olub və həmin mənzilə xx.xx.2010-cu ildə köçməklə qeydiyyata alınıb. Nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2010-cu ildə qayınananın sahibliyində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Cavabdeh ilə X12 (İddiaçı oğlu) arasında nikahın pozulmasına dair məhkəmədə iddia baxılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2- ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008- ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da Cavabdeh qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbini xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yaşayış yerləri onların valideyinlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən həm ilkin, həm də qarşılıqlı iddia ərizələrinə münsibətdə məhkəmə hesab etmişdir ki, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi əsassızdır. Həmçinin Cavabdeh həmin mənzilə istifadə hüquqları yaranmadığından qarşılıqlı iddia tələbi də əsassızdır. Buna görə də, həm İddiaçı Cavabdeh qarşı “yaşayış hüququndan istifadəyə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi, həm də Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(001)-1802/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Məhkəmə isə qətnamə qəbul edərkən onun azyaşlı uşaqlarının hüquq və maraqlarını nəzərə almamış, mübahisəni ədalətlə həll etməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı məhkəmə praktikasını nəzərə alaraq, onun mənzildən istifadə hüququma xitam verilməsini xahiş etmiş və bu iddia ilə gələcəkdə heç bir mübahisə olmadan onu və azyaşlı uşaqlarını kompensasiya ödəmədən mənzildən çıxarılması məqsədi güdmüşdür. Yəni ilkin iddia üzrə iddiaçı bilirdi ki, məhkəmə ümumi praktikaya əsaslanaraq onun həmin mənzildə istifadə hüququnun olmaması nəticəsinə gələrək, bu əsasla iddianı rədd edəcək və gələcəkdə o, həmin qətnaməni əsas götürərək, onu və azyaşlı uşaqları mənzildən mübahisəsiz çıxaracaqdır. Bu qətnamədən sonra isə ilkin iddia üzrə iddiaçı onun evdən çıxarılmağı üçün kompensasiya vermək öhdəliyindən azad ediləcək. Halbuki, həmin evdə o hələ mülkiyyətçinin oğlunun ailə üzvü kimi yaşayır və onun uşaqları da mülkiyyətçinin nəvələridir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bununla əlaqədar bildirmək istəyir ki, onun azyaşlı uşaqları - 02 iyun 2012-ci il təvəllüdlü X9 və 14 sentyabr2013-cü il təvəllüdlü X10 – qarşılıqlı iddia üzrə cavabdehin nəvələri olduğuna görə onların Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Sadəcə o bu hüququn məhkəmə tərəfindən tanınması barədə iddia qaldırmışdı. Məhkəmə isə onun uşaqlarının bu hüququnu tanımamışdır. Məhkəmə uşaqların valideynlə qalmalı olmasını nəzərə alaraq, onların mənzilə istifadə hüququnu tanımaqdan imtina etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə azyaşlı uşaqların istifadə hüququnun yaranıbyaranmaması məsələsinə baxan zaman Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbini deyil, Ailə Məcəlləsinin 15-ci fəslinin, 89-cu maddəsinin tələbini tətbiq etməli idi. İlkin iddia üzrə iddiaçı ilə onun azyaşlı uşaqları həmin mənzilə birgə mülkiyyət hüququ ilə sahiblik edərdilər. Məhkəmənin gəldiyi nəticəyə görə onun həmin evə heç bir hüququ yoxdursa, o həmin evdən çıxarılmalı və uşaqları da azyaşlı olduqlarına görə onunla evdən çıxmalıdırlar.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o 2009-cu ildən, yəni ailə qurandan orada yaşayır. 2 uşağı var, onlardan biri sağlamlıq imkanı məhduddur və digəri də 5-ci sinifdə oxuyur. Uşaqlar anadan olandan orada yaşayır və hal-hazırda da orada yaşayırlar. Ev üçotaqlıdır, birini gəlib qışda bağladılar. Onlar ayrılan günün axşamı gəldilər ki, evdən çıxmalısan. Ona uzaqdır, amma uşaqlar nəvəsidir. Onların orada yaşamaq hüququ Mənzil Məcəlləsinə əsasən var. Mülkiyyətçi kimdirsə onun ailə üzvlərinin mənzildə yaşamaq hüququ var, ancaq onun hüququnu tanımır və avtomotik olaraq da uşaqları da çıxarır. O özü iki yerdə işləyir. Uşaqlardan birinin daun xəstəliyi olmaqla bərabər saç tökülməsi və digər xəstəliyi var, onu müalicə etdirir. Digər uşağın isə öyrənmə çətinliyi, eynək problemi, diqqət pozğunluğu və skolioz xəstəliyi var. Bütün bunların hamısını o müalicə etdirir. Onların əvvəlcə yaşamaq hüququ var idi, sonradan onları evdən çıxardılar. Əvvəl onlar ayrılanda dedi ki, evi yarıdan böləcək. Hətta, gedib bu barədə rayonda yaşayan dayısına da demişdi, amma sonradan fikrini dəyişdi. İndi də deyir ki, evdən çıxmalıdır. Onun 2 uşaqla başqa gedəcək yeri yoxdur. Hal-hazırda avqust və sentyabr ayının alimenti ödənməyib. Sadəcə olaraq o icranı gözləyir. Yayda da həmçinin 2-3 ayın alimentini gözlədib, bir yerdə ödədi. Aliment gecikdirilir. Uşaqların xərcləri çox olduğuna görə özü işləməyib alimenti gözləyə bilməz. Ümumiyyətlə onun uşaqlarını özü görmür. Onun uşaqların beyninə hər hansı bir fikir yeritməyinə ehtiyac yoxdur. Uşağın gözünün qabağında nənə, bibi, baba gəlib bu otaqdan çıxmalarını deyiblər. Onların o evdə gəzməyi üçün çox az yer qalıb. Bunları o uşağa deməyə ehtiyac yoxdur. Digər uşağın da rayonda olmasının səbəbi işləməsidir. O problemli uşaqdır, özü də onu başqa heç kəsə etibar edə bilməz. Məcbur olaraq anasına verir, o da ayda bir dəfə 10 günlük yanına gətirir. Müəllimlərini də evə çağırır. Öz evi olmadığına görə anasını da yanına gətirə bilmir ki, evdə baxsın. O ailə münasibətlərinə əsasən uşağın orada qalmasını istəyir. 2009-cu ildə ailə quranda onlar 1 ay yarım rayonda yaşadılar, sonra hamısı Bakıya köçdülər. Heç bir məcburiyyət olmadan onu qeydiyyata salıblar. Yüksək həyat səviyyəsi istəmək məsələsi isə ümumiyyətlə olmayıb. Anasına heç bir söz deyə bilməz, o işləyən qadındır, amma oğlu elə olmadı. Məsuliyyətsizliyi son həddə çatdığına görə onlar evliliklərinə son qoydular. Sadəcə uşaqların hüququnun tanınmasını istəyir. Əgər o ev alsa idi, balaca bir yerdə qalmazdı. Qarşı tərəf kompensasiya ödəsə, evə ilkin ödəniş edərək evdən çıxacaq. Uşaqlar onun yanındadır və onlar da onun hüquqlarına xitam verirlər ki, heç bir kompensasiya ödəmədən oradan çıxarsınlar. Ev almayıblar, axtarırlar, amma uyğun qiymətə tapmadığına görə tapa bilmirlər.

16. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, onların təklifi 7000-8000 civarında pul vermək idi. Xanımın nümayəndəsi 15.000 manatdan aşağı pul olmayacağını bildirdi. Onlar tərəfləri barışdırmaq istəsələr də, alınmadı. Tərəf 15000 manat istədi, onlar tərəfdə 15000 manat vermədiyinə görə barışıq olmadı. Alimentlə bağlı heç bir kəsim olmayıb, çünki onlar icra məmurunun xüsusi spesifik bir yanaşması var. Vaxtın tamam olmasına bir gün qalmış zəng edir ki, alimenti ödəyin. Yəni, alimentin ödənilməsi ilə bağlı heç bir problem yoxdur və aliment vaxtı vaxtında ödənir. Eyni zamanda uşaq daun sindromlu olduğuna görə sosial müavinət alır və kart Sevinc xanımın özünün istifadəsindədir. Uşağın psixoloji rahatlamağa ehtiyacı var və müalicəyə ehtiyac yoxdur. Nənə uşağın bütün müalicələrində iştirak edib və kimin yaxşı həkim olduğunu deyiblərsə, uşağı onun yanına aparıb. Uşaqda artıq nənəyə qarşı fərqli fikirlər var, nənəyə onları evdən çıxarır, necə nənədir kimi ifadələr işlədir. Onlar iddianı mənzildən çıxarma formasında qoymayıblar, hansı ki, eyni qaydada qoya bilərdilər. Hal-hazırda alimenti nənə ödəyir, ata malyar işi ilə məşğuldur və alimentin tamamlanması öhdəliyini nənə həyata keçirir. Qalan məsələlərlə bağlı isə qarşı tərəf onlarda olan məlumata görə ev alıb. Əgər xanım ev alıb təmir edəcəksə, ev təmir olunanadək orada qala bilər.1 otağın bağlanmasına qaldıqda isə ata istəyirdi ki, uşaqlarla ünsiyyətdə olmaqdan ötrü orada qalmaq istəyirdi. Xanım deyir ki, o ailə qurandan bəri orada qalır. Amma nikah Şəkidə bağlanılıb və sonra bu evə köçüblər ki, valideynlər başqa ev alanda yeni evə köçərlər. Sonrada maddiyatla bağlı problem yarandığı üçün ev alınmayıb və tərəf orada qalıb. Amma həmin müddətdə iddiaçı notarial qaydada hər hansı bir müqavilə bağlamayıb və öhdəlik götürməyib.Hər iki uşaq atadan yayındığı üçün ata 1 otağı bağlamışdı. Çünki, bu münasibət anadan irəli gəlib. Hətta, müəyyən bəlli bir vaxtda o uşaq Şəkidə yaşayıb. Nənə bu gündə uşağın müalicələrini etməyə hazırdır və alimenti də vaxtı-vaxtında ödəyir. Onlar tərəf ailənin dağılmaması üçün əlindən gələni etdi, oğlan gedib anasının evində qaldı ki, bəlkə münasibətlər düzələr. Nikahın pozulmamasının səbəbi xanımın öz yaşayış səviyyəsindən daha üstün yaşamaq istəməsi idi. Məhkəmə 2009-cu ilin oktyabr ayında bağlanılmış nikaha əsaslı olaraq əsaslanmışdır. Uşaqların atanın yanında qalmasına münasibətdə onlar ananın fikrinə münasibətdə hörmətlə yanaşırlar. Uşaqlar onların yanında qalsa, onların baxımını yüksək şəkildə təmin edə bilərlər. Şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Nikah pozulub .

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki halda ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək keçmiş gəlini Cavabdeh onun mülkiyyətində olan mübahisəli ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzillə bağlı yaşayış hüququndan istifadəyə xitam verilməsi, Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir.

25. İşin mübahisəsiz halları odur ki, Cavabdeh İddiaçı oğlu ilə 17 oktyabr 2009-cu il tarixdə ailə qurmuşdur. Yaşadıqları mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı gəlinidir. Cavabdeh nikahı hazırda pozulub.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.”

27. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

28. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.”

30. Sadalanan qanunvericilik aktlarından görünür ki, mülkiyyətçinin ailə üzvlərinə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni zamanda “digər qohumlar” anlayışı altında isə Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər nəzərdə tutulur.

31. Ailə Məcəlləsinin 15-ci fəsli nəzərdən keçirilərkən müəyyən edilir ki, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələrini saxlamaq, nəvələrin baba və nənəni saxlamaq, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, qayınananın keçmiş gəlinini saxlamaq vəzifəsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

32. İş materiallarından müəyyən edildiyi kimi, Cavabdeh mülkiyyətçi olan İddiaçı ailə üzvü olmadığı üçün onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.

33. Bununla yanaşı, Cavabdeh ilə İddiaçı arasında yaşayış binasından istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm ilkin, həm də qarşılıqlı iddia tələblərinin rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar