Məhkəmə qərarları › İş №2(103)-4918/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4918/2021

25.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4918/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin X7 İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair 2(004)-2203/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin X7 İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan CavabdehSC -nin X7 İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə X7 və avtomatika üzrə çilingəri ilə, yəni onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair 03.02.2021-ci il tarixli 50-k nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07.02.2020-ci il tarixində Cavabdeh ASC-nin X7 İdarəsi Avtomatika və metrologiya şöbəsinin 8 saylı regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə X7 və avtomatika üzrə çilingər vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh təşkilatın 03.02.2021-cı il tarixli, 50-K №-li əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. O, cavabdeh təşkilatın işdən çıxarma barədə verdiyi əmrlə razı deyildir. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbi kimi onun əmək vəzifələrini kobud şəkildə pozduğu (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) göstərilmişdir. 2020-ci ilin dekabr ayında rəhbərlik tərəfindən ona bildirilmişdir ki, onun barəsində 3 nəfər abonentdən şikayət ərizəsi daxil olmuşdur. Ərizələrlə tanış olanda görüb ki, onun barəsində deyilənlər şər və böhtandan ibarətdir, həqiqətə uyğun deyildir. Şikayət ərizəsini yazanlar onlardan xidmətə görə artıq pul aldığını göstərmişlər. O, şikayətçilərlə görüşüb nə üçün ona böhtan atdıqlarını soruşmuşdur. Onlar anlaşılmazlıq olduğunu bildirmişlər və məhkəmənin adına yazdıqları ərizədə hadisənin həqiqətən necə olduğunu göstərmişlər. Şikayət ərizəsini yazan Elvin Məmmədovun çağırışı əsasında onun evinə su xətti çəkilmiş, sayğac qoyulan vaxt onunla birlikdə mağazalara gedib 150 (yüz əlli) manat lazım olan materiallara, 50 manat fəhləyə vermişdirlər. Onun maşını ilə mağazalara getdiklərinə görə maşına 20 manatlıq benzin vurdurmuşdur. (Ev qaynanası Kərimova Natiqənin adına olduğuna görə sayğac onun adına qeyd edilib). Digər şikayətçi X1 isə o, ümumiyyətlə tanımır. Onun oğlu Kamran ondan soruşub ki, su sayğacının qiyməti neçəyədir. O, da demişdir ki, 70 manatdır. O, onlara heç bir xidmət göstərməmiş, nə də onlardan pul götürməmişdir. Şikayətçi məhkəməyə yazdığı izahatda bunu təsdiq edir. Üçüncü şikayətçini tapa bilmədiyi üçün izahatını ərizəsinə əlavə edə bilməmişdir. Məhkəmə iclasında təqdim edəcəkdir. O, idarədə yazdığı izahatda ona olan iradlara münasibətini bildirmişdir və hadisənin əslində necə olduğunu göstərmişdir. Lakin müdiriyyət onun dediklərini nəzərə almamışdır. Nəticədə onu qeyri-qanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ən ağır bəndi ilə işdən azad etmişdir. Həmin maddə ilə işdən azad edildiyinə görə bundan sonra onu heç yerdə işə götürməzlər. Ailəli olmaqla, himayəsində həyat yoldaşı, azyaşlı övladı vardır. Ailədə yeganə qazanc gətirən odur. Onun işdən azad edilməyi nəticəsində ailəsi acınacaqlı vəziyyətə düşəcəkdir. O, ərizədə göstərilən nöqsanlara yol verməmişdir. Əgər hər hansı bir nöqsanı varsa işə götürən ona daha yüngül inzibati tənbeh tətbiq edə bilərdi. Əgər onunla işləmək istəmirlərsə, yerinə başqa adam götürmək fikirləri var idisə o, öz ərizəsi ilə də işdən azad ola bilərdi. Çünki yuxarıda qeyd etdiyi kimi əmrdə göstərilən maddə ilə işdən azad edilsə, başqa yerdə iş tapa bilməyəcəkdir. İndiki zamanda isə iş tapmaq çox çətindir. Lakin müdiriyyət onun bu təklifi ilə razılaşmadı. Ona qarşı kimlərinsə təşkil etdiyi qərəzli şər- böhtana görə işdən azad edilməyini qanunsuz hesab edir. Bundan başqa onun işdən azad edilməyi ilə əlaqədar həmkarlar ittifaqı komitəsinin iclası keçirilən vaxtı o, xəstə olmuşdur. Bu barədə müdiriyyətə xəbər göndərsə də iclas onun iştirakı olmadan keçirilmişdir. Onun özünü müdafiə etmək və izahat vermək hüququ pozulmuşdur. İşəgötürən əsil həqiqətin üzə çıxarılması üçün olanları hərtərəfli araşdırmamış onunla bağlanmış müqaviləni ləğv etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, birinci iş fəaliyyəti ilə bağlı yazılmış aktları və vətəndaşlardan onun əleyhinə alınan izahatları qəbul etmir. Ona görə ki, məhkəməyə təqdim olunmuş sənədlərin surətindən də görünür ki, onun barəsində toplanmış materiallar qərəzlidir. Qeyd etdiyi kimi, 23.10.2015-ci il tarixdə işəgötürən Cavabdeh ASC-nin Birləşmiş Sukanal İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, o, su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə 4-cü dərəcə ilə X7 və avtomatika üzrə çilingər vəzifəsinə təyin edildiyi vaxtdan 25.05.2018-ci il tarixdək iş fəaliyyətində heç bir nöqsanı olmamışdır. 07.02.2020-ci il tarixdən 03.02.2021-ci il tarixdək olan dövr ərzində isə onun barəsində rəhbərlik tərəfindən böhtanedici şikayətlər təşkil edilmişdir. Belə ki, həmin dövr ərzində tərəfindən vətəndaşlara 150-160 sayğac dəyişdirilmişdir. 800 iş əmri yerinə yetirmişdir. Təlimata görə yeni sayğacın alınması, dövlət yoxlanılmasından keçirilməsi, quraşdırılması və plomblanması xərcləri istehlakçının hesabına yerinə yetirilir. Bu da ki, bəzi vətəndaşlar elə başa düşürlər ki, bunları sayğacda bu işləri onlar nəzarətçilər tərərəfındən yerinə yetirilməlidir. Bu da əsassız şikayətlərə səbəb olur və ona qarşı da narazı olan vətəndaşların şikayətlərindən istifadə edilərək guya o, əmək funksiyasını pozmuşdur. Halbuki, Cavabdeh ASC-nin X7 İdarəsinin 17.08.2020-ci il tarixdə 142 nömrəli əmri ilə barəsində şiddətli töhmət elan edilməsi və 03.02.2021-ci il tarixli, 50-k №-li əmri ilə onun əmək müqaviləsinə xitam verilməsi tam qanunsuzdur. Bundan başqa, Cavabdeh ASC-nin X7 İdarəsinin rəhbərliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 71,72-ci maddələrini pozmaqla, onu əmrlə qanunsuz işdən çıxarmışdır. Eyni zamanda Cavabdeh ASC-nin X7 İdarəsi Azərbaycan Respublikasının Konstitusiyasının 35 maddəsinin İİ, Vİ və Vİİİ bəndlərində göstərilən əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, işəgötürən "Cavabdeh” ASC-nin X7 İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış 07.02.2020-ci il tarixli, Ə-312/2020 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı arasında hər ay 388 (üç yüz səksən səkkiz) manat məbləğində əmək haqqı ödənilmək şərti ilə, 01 (bir) il müddətinə İdarənin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə təyin edilmişdir. "Cavabdeh” ASC-nin X7 İdarəsinin 07.02.2020-ci il tarixli, 329 K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən 07.02.2020-ci il tarixdən 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. 07.02.2020-ci il tarixli, İJXL90XOOO600 nömrəli "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi birdirişi”ndən və həmin bildirişin qeydiyyata alınması barədə məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış 07.02.2020-ci il tarixli, Ə-312/2020 nömrəli əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmışdır. "Cavabdeh” ASC-nin X7 İdarəsi üzrə 17.08.2020-ci il tarixli Xidməti məlumatdan müəyyən olunur ki, İddiaçı 07.07.2020-ci il tarixində Şəmkir rayonu, Rüstəm Əliyev küçəsində yaşayan Bəxtiyar Cəfərovdan smart tipli su sayğacını mexanikiyə keçirtmək üçün 15 (on beş) manat pul istəmişdir. Bu faktla bağlı izahatında İddiaçı peşman olçluğunu və bir daha belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmiş, lakin sayğac üzərində heç bir əməliyyat aparılmamışdır. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac mexanikiyə keçirildi qeyd edilib, lakin sayğac üzərində heç bir əməliyyat aparılmayıb və iş əmri tam doldurulmayıb. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmişdir. Lakin sayğac mənfiyə işləyir, klapanı işləmir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində motor və batareya çıxarıldı (mexanikiyə keçirildi) qeyd edilib. Lakin baxış zamanı məlum olmuşdur ki, bu əməliyyatlar icra edilməmişdir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmişdir. Lakin sayğac mənfiyə işləyir, klapanı işləmir. ******* iş əmrində sayğac mexanikiyə keçirildi qeyd edilib, lakin sayğac üzərində heç bir əməliyyat aparılmamışdır, sayğac mənfiyə işləyir. Bu faktlarla bağlı verdiyi izahatda İddiaçı qeyd edilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. "Cavabdeh” ASC-nin X7 İdarəsinin 17.08.2020-ci il tarixli 142 nömrəli əmrindən görünür ki, "Cavabdeh” ASC-nin X7 İdarəsinin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2- ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla "Şiddətli töhmət” elan edilmişdir. "Cavabdeh” ASC NÖCİ-nin mühəndisləri Ayxan Nəbiyev və Fariz Hacıyev tərəfindən tərtib edilmiş 01.12.2020-ci il tarixli aktda göstərilmişdir ki, çilingər İddiaçı abonenti məlumatlandırmadan və ünvana yaxınlaşmadan su sayğacını baza üzərindən mexaniki hissəyə çevirmişdir. Sayğacın motor və bateriyalarını sökməmişdir. "Cavabdeh” ASC NÖCİ-nin mühəndisləri Ayxan Nəbiyev və Fariz Hacıyev tərəfindən tərtib edilmiş 01.12.2020-ci il tarixli aktdan və İddiaçı 01.12.2020-ci il tarixli izahatından məlum olur ki, Şəmkir rayonu N.Nərimanov küçəsində su sayğacına baxış keçirilərkən qüsur aşkar edilmiş və çilingər İddiaçı bir daha belə halları təkrarlamayacağını bildirmişdir. "Cavabdeh” ASC-nin X7 İdarəsi üzrə 12.01.2021-ci il tarixli Xidməti məlumatdan məlum olur ki, avtomatika və metrologiya şöbəsinin mühəndisləri tərəfindən 30.11.2020-ci il tarixindən 05.12.2020-ci il tarixinədək yoxlama aparılmış və İddiaçı tərəfindən iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi aşkar olunmuşdur. Belə ki, ünvan 1 ünvanında icra etdiyi ******* saylı (37 smart-kart tipli su sayğacının təmiri) iş əmrində "ünvanda olan smart tipli su sayğacın batereyasını tərəfimizdən sayğac bərpa olundu” kimi qeyd aparmışdır. Lakin sayğac mexanikiyə keçirilməmiş və iş əmri də düzgün doldurulmamışdır. Bundan əlavə, ünvan 2 ünvanında icra etdiyi ******* saylı (37 smart-kart tipli su sayğacının təmiri) iş əmrində “ünvanda olan smart tipli su sayğacın elektron hissəsi işləmədiyi üçün mexaniki hissəyə çevrildi” kimi qeyd aparmışdır. Lakin sayğac mexanikiyə keçirilməmiş, motor və bateriyası sökülməmişdir. Daha sonra Şəmkir şəhəri, Məmmədəli Əhmədov ünvanında yaşayan abonent Vəkil Bədirova məxsus su sayğacının gövdəsi dağıldığı üçün dəyişdirilməsinə ehtiyac yaranmışdır. İddiaçı abonent Vəkil Bədirovdan yeni sayğac quraşdırması üçün 60 (altmış) manat almışdır. Ünvanda quraşdırılmış yeni sayğac və plomb baza üzərində qeydiyyata salınmamışdır. Sonra ünvan 4 ünvanında yaşayan X3 12.12.2020-ci il tarixində NÖCİ-yə ərizə ilə müraciət etmişdir. Şamama İsayeva su sayğacının təmir edilməsi məqsədi ilə İddiaçı zəng edərək dəvət etmişdir. İddiaçı isə təmir məqsədi ilə Şamama İsayevadan 20 (iyirmi) manat almışdır. Səhəri gün ehtiyyat hissə almaq adı ilə daha 20 (iyirmi) manat almış və sayğacı təmir etmişdir. Təxminən 2(iki) ay sonra sayğac yenə də su buraxmağa başlamışdır. Şamama İsayeva yenə İddiaçı zəng etmişdir. İddiaçı sayğacı söküb aparmış, yerinə mexaniki sayğac gətirmişdir. Şamama İsayeva etiraz edərək smart-kart tipli sayğac istəmişdir. İddiaçı isə bildirmişdir ki, smartkart tipli sayğac 120 (bir yüz iyirmi) manatdır, o, əvvəl 40 (qırx) manat verdiyini, əlavə olaraq 60 (altmış) manat da verməli olduğunu bildirmişdir. Şamama İsayeva 60 (altmış) manat da verdikdən sonra İddiaçı sayğac gətirib quraşdırılmışdır. Lakin sayğacın kartını abonentə təqdim etməmişdir. 24.12.2020-ci il tarixindən 25.12.2020-ci il tarixinədək aparılmış yoxlamada abonentlərin şikayət ərizələri araşdırılmışdır. Belə ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəmkir rayonu Posanlı kənd sakini X4 24.12.2020-ci il tarixində Ərizə ilə NÖCİ-yə müraciət etmişdir. X12 Əmiraslanovun təxminən 6 (altı) ay əvvəl su sayğacını təmir etmək üçün 30 (otuz) manat pul aldığını bildirmişdir. Həmçinin bu ərizəni yazdığı tarixədək sayğacının təmir olunmadığını qeyd etmişdir. Bundan başqa, ünvan 7 ünvanında yaşayan X5 12.12.2020-ci il tarixində NÖCİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, evinin su sayğacı ilə təmin edilməsi üçün İddiaçıla danışaraq ona 200 (iki yüz) manat vermişdir. İddiaçı sayğac quraşdırmış, lakin plomb vurmamışdır. Faktı təsdiq etmək üçün 24.12.2020-ci il tarixində ünvan 7 ünvanında İddiaçı quraşdırmış olduğu sayğaca baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin sayğacın haradan və necə şəraitdə əldə olunması ilə bağlı məlumat yoxdur. Çünki "Metlab” markalı sayğacların quraşdırılması və satışı dayandırılmışdır. Yoxlama nəticəsində sayğacın işləmədiyi aşkarlanmışdır. Bundan əlavə, ünvan 8 ünvanında yaşayan X2 13.12.2020-ci il tarixində NÖCİ-yə ərizə ilə müraciət etmişdir. Təranə Hüsenova ünvanında quraşdırılmış su sayğacının xarab olduğunu və bu səbəblə İddiaçı müraciət etdiyini bildirmişdir. İddiaçı ondan sayğacın təmir etmək və ya yenisi ilə dəyişmək bəhanəsi ilə 70(yetmiş) manat aldığını qeyd etmişdir. Həmin söhbətdən təxminən 1 (bir) ay keçməsinə baxmayaraq, İddiaçı nə sayğacı təmir etməmiş, nə yeni sayğac gətirməmiş, nə də pulunu qaytarmamışdır. Faktı təsdiq etmək üçün 24.12.2020-ci il tarixində ünvan 8 ünvanında 00111053 nömrəli sayğaca baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin sayğacın işləmədiyi aşkarlanmışdır. Akt tərtib edilərkən X11 Əmiraslanova 70 (yetmiş) manat verdiyini bir daha bildirmişdir. 13.01.2021-ci il tarixli, 49 nömrəli təqdimatdan görünür ki, "Cavabdeh” ASC-nin X7 İdarəsinin rəisi, həmin idarənin Həmkarlar İttifaqı Komitəsinin sədrinə, işçi İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi haqqında 13.01.2021 -ci il tarixində təqdimat göndərmişdir. 21.01.2021-ci il tarixli bildirişdən görünür ki, "Cavabdeh” ASC-nin X7 İdarəsinin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı 26.01.2021-ci il tarixində keçiriləcək X7 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmişdir. 8 nömrəli Regional Sukanal üzrə fakturalanma qrup rəhbəri Elçin İsmayılov, Şəmkir SKS-nin rəisi Hafiz Məmmədov, Şəmkir SKS-nin fakturalanmanın mühəndisi İsmayıl Nəcəfov və çilingər İddiaçı tərəfindən imzalanmış aktın surətindən məlum olur ki, İddiaçı 26.01.2021- ci il tarixində Həmkarlar Komitəsinin iclasında iştirak etməsi barədə məlumatlandırılmışdır. 01.02.2021-ci il tarixli 03 nömrəli protokoldan müəyyən olunur ki, "Cavabdeh” ASCnin X7 İdarəsinin 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı tərəfindən əmək və icra intizamının pozulmasının araşdırılması haqqında HİK-nin sədri, HİK-nin üzvləri və hüquq məsləhətçisi olaraq onun iştirakı ilə iclas keçirilmiş, iclasda avtomatika və metrologiya şöbəsinin mühəndisləri tərəfindən 30.11.2020-ci il tarixindən 05.12.2020-ci il tarixinədək aparılmış yoxlamalar araşdırılmış, İddiaçı aşağıdakı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlərin araşdırılması üçün hüquq məsləhətçisi Nümayəndə və Fakturalamanın icrası şöbəsinin mühəndisi Qurbanalı Alıyev ilə birlikdə 8 saylı Regional SKİ, Şəmkir SKS-də ezamiyyətdə olmuşlar. Daxil olmuş şikayətlər ilə bağlı abonentlərin iştirakı ilə müvafiq qaydada aktlar tərtib etmişlər. "Cavabdeh” ASC X7 İdarəsinin Həmkarlar komitəsinin 01 fevral 2021-ci il tarixdə keçirilən iclasında çilingər İddiaçı tərəfindən əmək və icra intizamının pozulması araşdırılmışdır. İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə 17.08.2020-ci il tarixində 142 nömrəli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yekun nəticə olaraq işçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində "Cavabdeh” ASC-nin, X7 İdarəsinin, 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. "Cavabdeh” ASC-nin X7 İdarəsinin 03.02.2021-ci il tarixli, 50 K nömrəli əmrindən görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin ‘‘ç" bəndinə əsasən 03.02.2021-ci il tarixdən ləğv edilmişdir. X2 və Elvin Mamedov tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı qarşı heç bir şikayət və tələbləri yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı əmək və icra intizamı dəfələrlə pozmuş, iş əmrlərini icra edərkən nöqsanlara yol vermişdir. İşçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə dair cavabdehin irəli sürdüyü arqumentlər əsaslı olmuşdur. Belə ki, İddiaçı özüdə tərtib edilmiş aktlara imza etməklə, akta əlavə olunmuş izahatında, eləcə də məhkəmə iclasında şikayətlərlə bağlı ona yönəldilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Bundan əlavə Cavabdeh ASC-nin X7 İdarəsinin 17.08.2020-ci il tarixli, 142 nömrəli əmri ilə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Lakin barəsində verilmiş həmin əmrdən sonra da, o, yenidən əmək funksiyasını düzgün yerinə yetirməməkdə davam etmiş, barəsində xidməti araşdırma aparılmış, yenidən nöqsanlar müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi vaxt xəstə olmasını əsaslandıran faktiki hallar mövcud olmamışdır. 26.01.2021-ci il tarixində keçiriləcək X7 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmişdir. Bu barədə onun iştirakı ilə akt tərtib edilmiş və o özü həmin aktı imzalamışdır. Məhkəmə iclasında da İddiaçı 23 yanvar 2021-ci il tarixinədək xəstə olduğunu, Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərkən artıq sağaldığını və həmin iclaslar barədə məlumatı olduğunu bildirmişdir. Beləliklə, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, yəni, İddiaçı Cavabdeh ASC-nin X7 İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə X7 və avtomatika üzrə çilingəri vəzifəsindən azad olunarkən işəgötürən tərəfindən onun əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə müşaiyət olunan hərəkətləri ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)- 2203/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar