Məhkəmə qərarları › İş №2(103)-4919/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4919/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4919/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1526/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli (müvəqqəti təminat tədbiri tətbiqinin ləğv edilməsi barədə) qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu əlavə edilməmişdir. İddiaçı tərəfindən beş manat məbləğində dövlət rüsümunun ödənilməsi işdən görünür (iş səh.118-119). Belə ki, apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında dövlət rüsumu ödənilməli olan hallardan iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması,müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və hüquqdan suiistifadəyə məruz qalaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360- 366, 402 və “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar