Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4919/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4830/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 1.200 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5 % hesabı ilə 4.398 manat həcmində dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 75 manat 98 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 5.673 manat 98 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 may 2017-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında «Təhsil xidmətlərinin göstərilməsinə dair» müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7.000 manat təşkil edir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin müqavilə üzrə iddiaçının üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 1.200 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqının və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsini xahiş edilmişdir. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 26 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqının tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci bəndinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 1.200 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməsi üçün vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin 1.200 manat təhsil haqqı borcu və 4.398 manat dəbbə pulu borcu hesablanmışdır. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu bəndinə əsasən mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4830/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, 1.200 manat məbləğində təhsil haqqı borcu, 200 manat dəbbə pulu və ödənilmiş 75 manat 98 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.475 manat 98 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı tərəfindən isə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış vəzifələrini lazımı qaydada və keyfiyyətdə, xüsusilə də 2020-ci ilin mart, aprel, may aylarında yerinə yetirməmiş olsa da iddia ilə məhkəməyə müraciət etmiş, müqavilə bütün xidmətlərə görə nəzərdə tutulmuş xidmət haqqının ödənilməmiş hissəsini və ona hesablanmış cəriməni cavabdehdən tutulmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsinə cavabdehin borcu olması barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı əlavə etmişdir. Məhkəmə iddiaçının verdiyi müqavilə, maliyyə arayışı ilə kifayətlənmişdir. Eyni zamanda cərimə məbləğini də çox tutulmuşdur. Məhkəmə cərimə məbləğinin аzаldılmаsını müəyyən еtsə də, bütün əsaslı mənafeləri nəzərə almamışdır. Belə ki, iddiaçının iddia tələbindən görünür ki, o, 4398 manat əsas borc üçün 200 manat dəbbə pulu tələb etmişdir. Halbuki məhkəmə qeyd edilən müqavilə üzrə iddiaçının vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra edib-etməməsini aydınlaşdırmamışdır. Bundan başqa məhkəmə işə baxarkən iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetiribyetirmədiyini aydınlaşdırmalı və hazırkı iddia tələbinin qanuni olub-olmamasına da qiymət verməli idi. Göründüyü kimi iddiaçı müqavilə öhdəliklərini tam icra etmədən göstərmədiyi xidmətlərə görə bütün xidmət haqqını tələb etmişdir. Qeyd edilməlidir ki, cavabdehin bu mülki işdən heç bir məlumat olmamışdır. Cavabdehə məhkəmə tərəfindən hazırlıq iclaslarına dair bildirişlər təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdehə məhkəmə baxış iclasına dair bildiriş göndərilməmişdir. Məhkəmə baxış iclasının və işin nəticəsinə dair qətnamə də təqdim edilməmişdir. Cavabdehin ərizəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4830/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi yalnız 11 iyul 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pandemiya dövründə iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş hər hansı xidmətlər həyata keçirilməmişdir. Həmin dövr üçün ödənişin edilməməsi barədə də razılıq olmuşdur. Lakin iddiaçı əsassız yerə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Qaralı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin istinad qeyd etdiyi tərəflər arasında hər hansı bir formada razılıq olmamışdır. İşin hallarından da göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. 08 may 2017-ci il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı Ümum Təhsil müəssisəsi ilə X1 valideyni (şagirdin mənafeyini təmsil edən şəxs) Cavabdeh arasında 10 bənddən ibarət müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş qaydada «Lisey» şagirdə Azərbaycan, Rus və İngilis bölmələrində (lazım olanın altından xətt çəkmək) yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, «Valideyn» isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən «Lisey»də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Dərslər hər il sentyabr ayının 15-də başlanır. Sentyabr ayının 1-dən 15-dək olan dövrdə şagirdlər tədris ilinə hazırlıq mərhələsi keçirlər. Səlahiyyətli dövlət orqanlarının qərarlarına (aktlarına) əsasən bu müddət dəyişdirilə bilər.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən «Lisey» tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 7.000 manat təşkil edir. «Valideyn» göstərilən təhsilhaqqını nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 1.500 manat təşkil edir. Qalan məbləğ isə cədvəl üzrə ödəniləcəkdir.
12. Müqavilənin 5.2-ci bəndinə əsasən xidmət haqqı «Valideyn» tərəfindən «Lisey»ə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə ödənilməzsə «Valideyn» hər gecikdirilən gün üçün müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq cərimə ödəyir.
13. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə və ya layiqli icra etməmələrinə görə bu müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
14. Müqavilənin 7.2-ci bəndinə əsasən valideyn xidmət haqlarının ödənilməsini gecikdirdikdə Liseyə ödənişin gecikdiıildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,5 %-i həcmində cərimə tətbiq edir. Cərimə hər təhsil ayı üçün xidmət haqqının ödənilməsinin son günündən sonrakı gündən hesablanır.
15. 19 iyul 2022-ci il tarixli 08/1860 saylı arayışdan görünür ki, Cavabdeh və İdrak liseyinin Bakı filialı arasında «Təhsil xidmətinin göstərilməsinə dair» 8 may 2017-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, 1 (bir) tədris ili üçün təhsil haqqı 7.000 manat təşkil edir. Həmin müqavilə üzrə valideyn Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 5.500 manat məbləğində ödəniş etmiş, pandemiya dövrünə olan güzəşti tədbiq etdikdən sonra qalan 1.200 manat məbləğində təhsil haqqını isə ödəməmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən 4.398 manat dəbbə pulu hesablanmışdır.
16. 26 iyul 2022-ci il tarixli 08/1863 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq ünvanlamışdır. Xəbərdarlıqda qeyd olunmuşdur ki, iddiaçı cavabdehdən aralarında bağlanmış 08 may 2017-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək 2019/2020 tədris ili üzrə 1.200 manat məbləğində təhsil haqqı borcunun və gecikdirilən hər gün üçün 0,5 % olmaqla 4.398 manat həcmində olan dəbbə pulunun 5 gün ərzində ödənilməsini cavabdehdən tələb etmişdir. Əks təqdirdə, aralarında bağlanmış müqaviləyə birtərəfli qaydada «Lisey» tərəfindən xitam veriləcəyi və 1.200 manat əsas borcun, 4.398 manat dəbbə pulunun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 6.2 ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, işin faktiki hallarından görünür ki, 08 may 2017-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında «Təhsil xidmətlərinin göstərilməsinə dair» müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn (cavabdeh) isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür.
40. Lakin cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçınə vaxtı-vaxtında təhsil haqqı ödəməli olmasına, bu barədə iddiaçı qarşısında öhdəlik götürməsinə baxmayaraq, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
41. Hazırda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən müqavilə üzrə iddiaçının vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra edib-etməməsini aydınlaşdırmamasını bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir.
42. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının 2020-ci ilin mart, aprel, may aylarında vəzifələrini yerinə yetirməməsini qeyd etmiş, apellyasiya baxışı zamanı isə bu barədə iddiaçı ilə razılığa gəlindiyini bildirmişdir, lakin işin faktiki hallarından iddiaçı ilə cavabdeh arasında belə bir razılıq olması müəyyən edilməmiş, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
43. Eyni zamanda cavabdeh apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
44. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
45. Məhkəmə kollegiyası cavabdehin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
47. Hazırki işin hallarından görünür ki, 1.200 manat məbləğində təhsil haqqı borcuna münasibətdə iddiaçı 4.398 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğlərin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir.
48. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlər iş materiallarında olan və məhkəməyə məlum olan ünvanına göndərilmişdir.
49. Odur ki, kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.
50. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.
51. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:
53. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
55. Hazırkı halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan prosessual qanunvericiliyə əsasən, qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4830/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.