Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4922/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kredit borcu, tutmanın ipoteka predetinə yönəldilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanan 27 noyabr 2012-ci il tarixli, 198ASTB2/12 saylı kredit müqaviləsinə əsasən bank tərəfındən Cavabdehrn 19238 ABŞ dolları məbləğində 60 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 17 faiz ödəmək şərti ilə kredit verilmişdir.
2. Borcun təminatı olaraq tərəflər arasında bağlanmış eyni tarixli, 198ASTB12G saylı girov müqaviləsinə görə Cavabdeh özünə məxsus olan ** RZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, ban nömrəsi KMHTC61CBCU108477, “Hundai Veloster” markalı, gümüşü metal rəngli minik avtomobilini Banka girov qoymuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15306,97 ABŞ ABŞ dolları əsas, 159,06 ABŞ dolları faiz, cəmi 15466,03 ABŞ dolları ı borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan ** RZ *** dövlət qeydiyyat nişanlı, «Hyundai Veloster» markalı avtomaşına yönəldilməsi, həmin avtomaşının hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilib ki, cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olan kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 15306,97 ABŞ dolları əsas, 159,06 ABŞ dolları faiz, cəmi 15466,03 ABŞ dolları borcu yaranmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia tələbinin təmin edilərək Cavabdeh 15306 (on beş min üç yüz altı) ABŞ dolları 97 (doxsan yeddi) sent əsas borc, 159 (bir yüz əlli doqquz) ABŞ dolları 06 (altı) sent məbləğində faiz borcu, cəmi 15466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğinə kredit borcunun qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi; tələbin Cavabdeh məxsus ** RZ *** dövlət nömrə nişanlı, «Hyundai Veloster» markalı, buraxılış ili 2012, gümüşü metal rəngli avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması; həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 15466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğində kredit borcunun qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi; qalan məbləğin isə Cavabdeh qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Tutma "xxxx" KB ASC qarşısında Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ** RZ *** dövlət nömrə nişanlı, «Hyundai Veloster» markalı avtomaşına yönəldilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş edib şikayətində göstərir ki, cavabdeh apellyasiya şikayəti verilən qətnamənin mövcudluğundan bankın əməkdaşının Cavabdeh bir müddət əvvəl zəng vuraraq borcun ödənilməsini tələb etdikdə məlumatlı olmuşdur və bu hadisədən dərhal sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edərək qətnamənin təqdim olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qətnamənin Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verildiyi bildirilmişdir. Cavab məktubunu əldə etdikdən sonra Mərkəzi Arxivə müraciət edərək xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada əldə etmişdir. Qətnamənin qəbul edilməsindən 14 il keçməsinə baxmayaraq bu tarixə qədər cavabdehə hər hansı bir şəkildə borcun ödənilməsi və ya belə bir mübahisənin mövcud olması barədə heç bir məlumat verilməmişdir. 2012-ci il istehsalı olan nəqliyyat vasitəsinin hərracdan satılması barədə qərar qəbul edilmiş və güman etmək olar ki, həmin nəqliyyat vasitəsi satılmışdır. Satış nəticəsində 2 ilin maşını borcu təmin edə bilməmişdir. İşin faktiki hallarından biri də ondan ibarətdir ki, həmin kredit müqaviləsi əsasında X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin zamin işə cəlb olunmamış və ona qarşı heç bir tələb irəli sürülməmişdir. Cavabdehlə zamin arasında razılaşmaya uyğun olaraq etibarnamə əsasında həmin nəqliyyat vasitəsi zamin X1. Cavabdehin həmin müddət ərzində kredit müqaviləsində qeyd olunan əlaqə vasitələri, cavabdehin atasının və yaxın qohumlarının nömrəsi bank əməkdaşlarında qeydiyyatda olmuşdur. Lakin cavabdehə mübahisə ilə bağlı nə pretenziya məktubu, nə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, nə məhkəmə bildirişləri, nə qətnamə, nə də nəqliyyat vasitəsinin hərraca çıxarılması ilə bağlı bildirişlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə pretenziya məktubunun və xəbərdarlıq məktubunun təqdim edilibedilməməsi məsələsi araşdırılmamışdır. Eyni zamanda, məhkəmə prosesinin yeri və vaxtı barədə cavabdeh qanunvericilikdə nəzərədə tutulmuş qaydada xəbərdar edilməmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipi kobud şəkildə pozulmuşdur. Mülki Prosessual Məcəllənin 149.2.4 və 152.1.1-ci maddələrinin tələblərinə əsasən, pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilməməsi əsası ilə iddia ərizəsi geri qaytarılmalı idi. Çünki cavabdehin mümkün bütün əlaqə vasitələri iddiaçının əməkdaşlarında olmasına baxmayaraq cavabdehə mübahisə barədə heç bir məlumat verilməmişdir. Cavabdeh mübahisənin olmasından xəbərdar olacağı təqdirdə onun həlli istiqamətində zəruri tədbirlər görə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" KB ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə (vəsatətdə) hazırki iddia üzrə tələb hüququnun xx.xx.2021-ci il tarixli 01/21UB nömrəli müqavilə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə keçdiyinə görə mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-ni "xxxx" ASC (VÖEN **********) ilə əvəz edilməsini, bu mümkün olmadıqda isə həmin hüquqi şəxsin iddiaçının tərəfində çıxış edən üçüncü şəxs kimi prosesdə iştiraka cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
11. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Belə ki, öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir və istinad etdiyi halları sübuta yetirə bilmir. Cavabdeh məhkəmənin bir neçə maddi və prosessual hüquq normalarının pozduğunu göstərsə də, bu pozuntuların konkret nədən ibarət olduğunu, başqa sözlə hansı maddi hüquq normalarının pozulduğunu açıqlamır.
21. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.
22. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.
23. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.
24. Buna baxmayaraq, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Əvvəla bank tərəfindən cavabdehin rəsmi qeydə alındığı ünvana mübahisə ilə bağlı pretenziya məktubu və ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq bildirişi göndərilmişdir(bax.i.v.15-20). Lakin qeydə alındığı ünvanda yaşamadığından bildirişlərin ona çatdırılmaması barədə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin həm əvvəl, həm də sonradan qeydə alındığı ünvana məhkəmə bildirişləri göndərilmişdir. Hətta, cavabdehin faktiki yaşadığı yer müəyyən edilmədiyindən MPM-in 147-ci maddəsinin tələbinə əsasən Nəsimi Rayonu ərazisi üzrə Mənzil Komunal İstismar Sahəsinə məhkəmə bildirişinin çatdırılması üçün müraciət edilmişdir. Bütün cəhdlərə baxmayaraq cavabdehin faktiki yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Demək ki, cavabdeh qeydə alındığı ünvanda yaşamırsa, mütləq ki, yaşadığı ünvan üzrə qeydə alınmalı idi, yaşadığı ünvan üzrə qeydə alınmaq istəmirsə onda qeydə alındığı ünvanda yaşamalı idi. Çünki bu həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbindən irəli gəlir. Əks halda məhkəmənin cavabdehin faktiki hansı ünvanda yaşamasını müəyyən etməsi fiziki olaraq mümkünsüz vəziyyətə düşür. Ona görə də bu cür dəlillərdən istifadə edilməsi, eləcə cavabdehin qeyd olunan səbəblərdən məhkəmə iclaslarında iştirak etməməsi prosessual hüquq normalarının, o cümlədən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.
26. Bundan əlavə, ipoteka predmeti olan avtomobilin hərracdan satılması barədə işdə məlumat mövcuddur. Əldə edilən vəsaitin borcun ödənilməsini təmin etməməsi də hazırkı icraatın predmetinə aid olmadığından şikayətin əsaslılığına təsir etmir.
27. Bunlarla yanaşı, kredit müqaviləsinin təminatı olaraq, X3 ilə zaminlik müqaviləsi bağlanması, lakin zaminin işə cəlb olunmaması və ona qarşı heç bir tələb irəli sürülməməsi də iddianın rədd edilməsi üçün əsas deyildir. Çünki bu iddiaçının seçimidir. Cavabdehin ipoteka predmeti olan avtomobili zaminə satması da heç nəyi dəyişmir. Çünki avtomobil hər bir halda hərracda satılmışdır. Cavabdehin zaminlə aralarındakı razılaşmalar da hazırkı iddianın təmin edilməsini istisna etmirdi.
28. Göstərilənlərə baxmayaraq, qanuni qüvvəsini almış və 2016-cı ildə avtomobilin hərracda satılması ilə əlaqədar artıq bir hissəsi icra olunmuş qətnamənin 10 ildən sonra mübahisələndirməsi də hər bir halda cavabdehin xoş olmayan niyyətindən xəbər verir və hüquqdan sui istifadə etməsinə dəlalət edir. Çünki kredit müqaviləsi üzrə üzərinə öhdəlik götürərkən, bu öhdəliklərin yerinə yetirməyəcəyi təqdirdə mümkün nəticələrini özü üçün əvvəlcədən müəyyənləşdirmişdir.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.