Məhkəmə qərarları › İş №2(103)-4926/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4926/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4926/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və onun vəkili X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Yusubov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüquqlarının itirilməsi” tələbinə dair ilk iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1201/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Yusubov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 5-də yerləşən 34 saylı evə dair istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 5-də yerləşən 34 saylı evə köçürülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1201/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş,ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Yusubov Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və onun azyaşlı uşaqları X7 və X3 ünvan 1 34 ünvanına istifadə hüquqlarına xitam verilmiş,qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Ə.Yusifov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin qəbulu birbaşa onun maraqlarına xidmət edir və bu bir vətəndaş olaraq hüquqlarımın ciddi şəkildə pozulması deməkdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclaaında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və onun vəkili X5 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclaaında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, ünvan 1 34 xx.xx.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1, Yusubov Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və onun azyaşlı uşaqları X7 və X8 hal-hazırda ünvan 1 34 ünvanında qeydiyyatdadırlar.ünvan 1 34 X11 tərəfindən İddiaçı bağışlanmış, müqaviləni Fatma Yusubovanın adından X9 imzalamışdır.Eyni zamanda bağışlama müqaviləsi əsasında tərtib edilmiş notariat işindən görünür ki, bağışlama müqaviləsi bağlanarkən X9, X12, Cavabdeh3, Cavabdeh5, X10 və X4 Bakı şəhəri 27 saylı Notariat Kontorunda razılıq ərizələrini imzalamışlar. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında hüquq münasibətlər 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq iddia tələbi, xx.xx.1982-ci ildə qəbul olunmuş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Kollegiya qeyd edir ki, bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4cü maddəsi tətbiq edilməlidir. Belə ki həmin maddəyə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 1 34 2011-ci ildə anası tərəfindən İddiaçı bağışlanmış və 2012-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. İlk iddia üzrə cavabdehlər həmin mənzil bağışlanarkən buna razılıqlarını vermiş və bağışlama müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirməmişlər. Eyni zamanda ilk iddia üzrə cavabdehlər mübahisəli evdə yaşamamalarını və həmin ünvanda hal-hazırda formal olaraq qeydiyyatda qalmalarını da mübahisələndirmirlər. Cavabdeh4 özü də həm qarşılıqlı iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli evdə uzun illərdir ki, yaşamır, həmin evdə onun hər hansı əmlakı mövcud deyil, ailəsi ilə birlikdə hal-hazırda isə digər qardaşının evində yaşayır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X6 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1201/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar