Məhkəmə qərarları › İş №2(103)-4926/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4926/2021

18.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4926/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, ödənilməsi və mənəvi zərər” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx tərəfindən ona ödənilməmiş pul vəsaitinin, əlavə işlərə görə 15 min manat, məzuniyyət ödənişinə görə 1800 manat ümumi ödənilməmiş 117110 manat məbləğində pul vəsaitinin ona ödənilməsini və iş yerinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(005)- 3651/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti 24.02.2021ci ildə məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)- 3651/2020 nömrəli qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apelyasiya şikayəti İddiaçı geri qaytarılmışdır. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qətnaməsini 08 yanvar 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə şəxsən almış, həmin qətnamədən apelyasiya şikayətini isə rabitə orqanına 08 fevral 2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də hesab edir ki, qətnamədən apelyasiya şikayətini prosessul müddəti ötürmədən vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh «xxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh «xxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, şikayətə əlavə edilən apelyasiya şikayətinin yolladığı poçt zərfinin üzərindəki SS710687543AZ nömrəli ştrix kod əsasında azerpost.az internet adresindən çıxarılan məlumatdan görünür ki, apelyasiya şikayəti olan zərf poçta 08.02.2021-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, göründüyü kimi məhkəmə qətnaməsini 08.01.2021-ci il tarixdə əldə edən iddiaçı, qətnamədən apellyasiya şikayətini 08.02.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim etməklə, qanunvericiliklə müəyyən edilən müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X2 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)-3651/2020 nömrəli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(005)- 3651/2020 nömrəli qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar