Məhkəmə qərarları › İş №2(103)-4927/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4927/2021

15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4927/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh3, iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-280/21 saylı 19 fevral 2021-ci tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 ünvan 1-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda olan yaşayış mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2020 saylı, 18.06.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 ünvan 1-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2020 saylı, 11.08.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2020 saylı, 18.06.2020-ci il tarixli qiyabi qətnaməsində buraxılmış yalnışlıq düzəldilərək, “X8” sözlərinin “X6” kimi oxunması qərara alınmışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2020 saylı, 19.11.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2020 saylı, 18.06.2020-ci il qiyabi qətnaməsinin ləğv edilərək, işin təzələnməsi və mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda olan yaşayış evi AR ƏMDK yanında DƏDRX tərəfindən 24.01.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin mənzil onun atasına məxsus olmuş, atasının ölümündən sonra miras kimi o qəbul etmişdir. Cavabdelər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qardaşının ailə üzvləridir, X9 isə bacısı qızıdır. Sözügedən mənzildə cavabdehlər 2001-ci ildən faktiki olaraq yaşamırlar qeydiyyatları formal qalır. Cavabdehlər idddiaçıya məxsus evdə yaşamamaqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Cavabdehlərin yaşayış yerləri məlum deyil. Müraciət etdiyi əraz polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istfadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Qeyj olunanları nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən tətbiq edilməli olan qanun norrmaları tətbiq edilməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş qarşılıqlı iddia üzrə cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh2, şikayətlə razılaşaraq təmin olunmasını xahiş edən Cavabdeh3, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçı İddiaçı izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İşdə olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 24.01,2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08 saylı, 09.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 ünvan 1 ünvanda daimi qeydiyyatdadırlar. İşdə olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5101/2013 saylı, 14.08.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X15 Cavabdeh3 qarşı iki uşaqları ilə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ilk iddia tələbi və Cavabdeh3 X16 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 06.11.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5101/2013 saylı, 14.08.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.05.2014-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06.11.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2-622 saylı, 19.12.2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 A, 36 saylı mənzilə köçürülməklə həmin mənzilə yaşamaq hüququnun tanınması qət edilmişdir. Göründüyü kimi cavabdehlər izahatlarında İddiaçı ailə üzvləri olduqlarını və iddiaçının atası X1 həmin mənzilə yaşayış hüquqlarının məhkəmə qaydasında tanındığını əsas gətirirlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar X1 ona münasibətdə yaranmışdır. Belə ki, mübahisə predmeti olan ünvan 1 hazırda İddiaçı mülkiyyətindədir. Həmin mənzil iddiaçının atası X16 məxsus olmuş və onun ölümündən sonra qızı İddiaçı mülkiyyətinə keçmişdir. Digər tərəfdən mənzil qanunvericiliyinin normalarına əsasən, cavabdehlər iddiaçının ailə üzvləri (əri, arvadı, uşaqları, valideynləri) sırasına daxil deyildir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının qardaşı X14 ailə üzvləridir, iddiaçının qardaşı Aydın Sədiyev isə 2011-ci ildə ölmüşdür. Digər cavabdeh X6 isə iddiaçının bacısı qızıdır. Cavabdeh3 qayınanası İbrahimova Nəzirə gəlinini döyərək xəsarət yetirdiyinə görə 19 dekabr 2000ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum edilmişdir və bu da onu göstərir ki, iddiaçı və cavabdeh tərəfin qohumluq münasibətləri tamamilə korlanmışdır, aralarında daim münaqişələri olmuşdur. Bundan əlavə cavabdehlər mübahisəli mənzildə daimi qeydiyyatda olsalar da, uzun illərdir ki, həmin ünvanda yaşamırlar və iddiaçı ilə ümumi təsərrüfat aparmırlar. Qeyd edilənlərdən əlavə keçən uzun illər ərzində cavabdehlərin mübahisəli mənzillə bağlı hər hansı bir iddia tələb etməmələrindən belə qənaətə gəlmək olur ki, bu qədər müddət ərzində cavabdehlər artıq özlərini yaşayış üçün lazımi yaşayış yeri ilə təmin etmişlər və onların mübahisəli evə köçürülməsi, orada yaşaması üçün vacib olan şərtlər arada~ qalxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlər İddiaçı məxsus olan mənzildə qeydiyyatda qalması onun mənz üzərindəki hüquqlarını pozur və onların mübahisəli mənzildə istifadə hüquqlarını itirilmiş hesab etməklə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi onların qeyd olunan evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilən prosessual hüquq normalarnın tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün hüquqi əsaslar olmadığından, verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İş üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi cavabdeh dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar