Məhkəmə qərarları › İş №2(103)-4931/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4931/2024

15.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4931/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ərizəçi X2 nümayəndəsi X3, digər nümayəndəsi (vəkili) X4, mülki iş üzrə İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvanına daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin evə köçürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş, məhkəmənin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. 24 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayan X1 mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmiş, ərizəsini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Barəsində mübahisə olan mənzil atası İmamverdiyə məxsus olmuşdur. Həmin ev qanunsuz tikilidir, heç bir hüquqmüəyyənedici sənədi yoxdur, ev 1953-cü il tarixdə tikilmişdir. Evin ünvanı ilə bağlı qeyri-müəyyənlik vardır və İddiaçı bundan məharətlə öz xeyrinə istifadə edir. Belə ki, həmin evin yerləşdiyi həyətin ünvanı əvvəldən Maqsud Əlizadə küçəsi ev 46 kimi gedirdi. Daha sonra onun, bacı və qardaşlarının sənədlərində ev 46 kimi yox, 48 kimi qeydə alındı. Ata və anasının sənədlərində əvvəl 46 olsa da, onlar yaşla əlaqədar sənədlərin dəyişəndə onların sənədlərində 46/48 kimi qeyd olunub. Ancaq rəqəmlər müxtəlif qeydə alınsa da, onlar eyni ünvanı ifadə edir. 1987-ci ildə qardaşı İddiaçı ilə evlənmişdir. 2010-cu ildə İrdə Yusifova qardaşından rəsmi qaydada boşanır və məhkəmədə həmin mübahisəli 48 saylı mənzilə köçürülmə ilə bağlı iddia qaldırır. Birinci instansiya məhkəməsi iddiaçının 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi ilə bağlı qətnamə çıxarır. Daha sonra həmin ildə İddiaçı saxta yolla həmin mənzilə qeydiyyata düşmüşdür. 2020-ci ildə İddiaçı yaşayış sahəsinə daxil olmaqla bağlı yaranmış maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Həmin ev ata mülküdür, evdə qeydiyyatdadır və evlə bağlı aparılan bütün mübahisələrdə iştirak etmək hüququ var. Ev qanunsuz tikili olduğu üçün heç kəsin həmin ev üzərində hüquqmüəyyneici sənədi yoxdur. Mülki iş üzrə maraqlı şəxs qismində tanınmışdır, lakin prosessual müddəti ötürdüyündən tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün olmamışdır. Qətnamə onun da birbaşa maraqlarına toxunur”. Məhkəmə iclasında iştirak edən ərizəçi və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, 2022-ci ildə iddiaçı mübahisəli mənzilə köçürülmüş, bu zaman ərizəçi də digər şəxslər kimi bundan məlumatlı olmuşdur. Həmin müddətdə hazırki ərizə verilən vaxta kimi 2 illik müddət keçib ki, ərizəçi həmin müddətdə qətnamənin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etməyib. Həmçinin, ərizəçinin qardaşı A.Yusifov ötən il maraqlı şəxs qismində tanınma ilə bağlı məhkəməyə müraciət etmişdir. Ola bilməzdi ki, eyni həyətda yaşamalarına baxmayaraq onun qardaşı R.Yusifovun bundan məlumatı olmasın. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, 1987-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Həmin həyətdə ərizəçi R.Yusifovun mənzili ayrıdır, onun nömrəsi 46-dır. Evin ikinci mərtəbəsində ərizəçi Aydın Yusifovun evi vardır ki, onun nömrəsi 48-dir və ondan 52 metr uzaqlıqda qayınatası ilə yaşadıqları ev olmuşdur ki, həmin evin də nömrəsi 46/48-dir. Ərizəçi iddia edir ki, elə bir ünvan yoxdur. Ancaq 1999-cu ildə bununla bağlı DİN-nin texpasportu olub. A.Yusifov 46/48 ünvanına qeydiyyata alınmaqla bağlı inzibati məhkəmədə iddia qaldırmış və iddia tələbi təmin edilməmişdir. Əgər onlar həqiqətən 46/48 ünvanında qeydiyyatdadırlarsa bununla bağlı məhkəməyə müraciət etmələri absurd olardı. 2010-cu ildə məhkəməyə müraciət etmiş və həmin mənzilə köçürülməsini xahiş etmişdir. İddia təmin olunmuşdur. Bundan başqa, qayınatasının razılığı ilə həmin mənzilə qeydiyyata düşmüşdür, yəni heç bir qanunsuzluqdan söhbət gedə bilməz. 46/48 ünvanında hazırda yalnız o və oğlu qeydiyyatdadır. Digər şəxslər 46 və 48 saylı mənzillərdə qeydiyyatdadırlar. Məhkəmənin 03 iyul 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və onun mübahisəli əmlakla bağlı heç bir hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin ərizəçini mülki işə cəlb etməyə əsas da görməsi qeyri-mümkün olmuşdur. Bundan əlavə, sözügedən mənzil ümumi olaraq bir görünsə də, faktiki olaraq (fiziki cəhətdən) ayrı olması müəyyən edilmiş, həmçinin onlara ayrı-ayrılıqda reyestr ünvanı verilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, Bakı şəhəri, ünvan 3 ünvan üzrə reyestr qeydiyyatı aparılmışdır. Bu halda ərizəçinin həmin məhkəmə qətnaməsi ilə mübahisə edilməsi nəzərdə tutduğu ünvan üzrə heç bir subyektiv hüququ mövcud olmamışdır. Həmin qərardaddan Rəhman Yusifovun verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçinin apellyasiya baxışında iştirak edən nümayəndələri şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu, ümumiyyətlə, ərizəçinin müvafiq ərizə ilə birlikdə apellyasiya şikayəti verməli olduğu halda, şikayət vermədiyini bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardad ləğv olunaraq iş, ərizə üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə isə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Prosessual qanunvericiliyin mənasına görə, mülki işin icraatı yekunlaşdıqdan sonra hər hansı şəxsin “maraqlı şəxs qismində tanınması” deyil, yekun məhkəmə aktından verdiyi şikayət üzrə müvafiq aktın onun hüquq və vəzifələrinə toxunub-toxunmadığı müzakirə oluna bilər – bunun üçün isə mütləq qaydada müvafiq şikayət məhkəməyə təqdim olunmalı və məhkəmə tərəfindən həmin şikayətin dəlilləri əsasında aktın (qətnamənin və ya qərardadın) şikayətçinin hüquq və vəzifələrinə toxunub-toxunmadığına, habelə şikayətin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmadığına qiymət verilməlidir. İşdən görünür ki, ərizəçi müvafiq apellyasiya şikayəti verməyərək sadəcə “maraqlı şəxs qismində tanınmasını” xahiş etmiş, məhkəmə isə Mülki Prosessual Məcəllənin 364.2ci maddəsinin tələbinə əməl etməyərək onun ərizəsi üzrə qərardad çıxarmışdır. Halbuki, müvafiq apellyasiya şikayəti verilmədən, belə bir ərizəyə baxılması qanunun mənasına ziddir. Buna görə də kollegiya, qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunubtoxunmadığı məsələsinə qiymət vermədən mübahisələndirilən qərardadın ləğv olunması və ərizə üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-058/2024 saylı iş üzrə 03 iyul 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, X2 ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar