Məhkəmə qərarları › İş №2(103)-4934/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4934/2025

09.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4934/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xidmətlərə görə pul”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi X1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanılması xərclərinə görə xx.xx.2025-ci il tarixinədək borcları yaranmış Cavabdeh1 895 manat, X2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1034,50 manat, Cavabdeh5 2112 manat, qaraj xidmətlərinə görə 4095 manat, cəmi 6207 manat pul vəsaitlərinin və həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 104 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanılması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir)

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri 'Nəsimi-45 MMMC tərəfindən həyata keçirilir. MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin xx.xx.2024-cü il tarixinə aşağıda göstərilən məbləğdə borcları yaranmışdır. Məlum edilir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da,onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir Sonradan onlar tərəfindən qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Binanın saxlanılma xərclərinə görə cavabdehlər Cavabdeh1 895 manat, Cavabdeh2 698,80 manat, Cavabdeh3 1075 manat, Cavabdeh4 1034,50 manat, Cavabdeh5 2112 manat qaraj xidmətlərinə görə 4095 manat,cəmi 6207 manat borcu yaranmışdır. Bundan əlavə İddiaçı MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 500 (beş yüz) manat ödənilmişdir. Hesab edilir ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməlidir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 895 (səkkiz yüz doxsan beş) manat, Cavabdeh2 698,80 (altı yüz doxsan səkkiz manat səksən qəpik) manat, Cavabdeh3 1075 (bir min yetmiş beş) manat, Cavabdeh4 1043,50 (bir min qırx üç qəpik ) manat, Cavabdeh5 2112 (iki min yüz on iki) manat məbləğində kommunal xidmətlərin göstərilməsinə görə borc tutularaq İddiaçı MMMC-yə ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 104 manatın dövlət rüsumunun 61 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı MMMC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid ediləsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apellyasiya şikayətinin belə əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi iddianı qaraj üzrə kommunal xidmət haqqlarının ödənilməməsi hissəsində təmin etməmişdir və qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin istifadə və sahibliyində hər hansı qarajın mövcud olması faktını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin qarajın 5 mərtəbəsi artıq faktiki olaraq mövcuddur və istifadədir. Qarağın yanğın mühafizə xidməti və kamera sistemi də vardır. Qarajın şəkilləri və müqaviləsi də iş üzrə sənədlərdə mövcuddur. Qeyd olunanlara əsasən hesab edilir ki, məhkəmə əsassız olaraq bu hissədə iddianı təmin etməmişdir. Göstərilənlərə əsasən, qətnamənin qaraj üzrə 4095 manat kommunal xidmət haqqlarının ödənilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi Z.Məmmədli apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə olaraqeyd etdi ki, 2006-cı ildə 11000 manat ödəniş etməklə qaraj alıblar. Hazırkı tarixə kimi qaraj mövcud deyildir. Bununla bağlı ekspertiza rəyi və məhkəmə qərarları var. Qaraj həqiqətən də mövcuddursa, onda iddiaçı tərəfindən istismara qəbul edilmə ilə bağlı akt təqdim edilməlidir.

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və baxtı barədə məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının Dövlət Resyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir;

13. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır;

14. İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, sahə mülkiyyətçilərinin 2019-cu ildə keçirilmiş ümumi yığıncağında müəyyən edilmiş qiymət saxlanılmaqla İddiaçı MMMC-də binanın saxlanması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m 30 qəpik, qeyri-yaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik hesablanması, İddiaçı MMMCdə səsvermə zamanı səslərin mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m-1 səs) hesablanması, “Nəsimi-45" MMMC-də Cəmiyyətə bundan sonra yalnız binanın saxlanmasına görə ödənişlər üzrə borcu olmayan şəxslərin üzvlüyə qəbul edilməsi və üzv olmaq istəyən şəxslər üçün 100 manat məbləğində giriş haqqının müəyyən edilməsi və həmin vəsaitin həyata keçirilməsi nəzərdə tutulan abadlıq işlərinə sərf edilməsi, üzvlərinin topladığı ianələr hesabına və bundan əlavə hər ay yığılan binanın saxlanması haqları hesabına ayda 3000 manat möhlətli və faizsiz hissə-hissə ödəniş edilməsi şərti ilə binanın həyətinin və girişlərinin abadlaşdırılması, həyətdə söhbətgahların, uşaqlar üçün oyun və idman qurğularının quraşdırılması, liftlərin əsaslı təmir edilməsi, kamera sisteminin quraşdırılması işlərinin icrası üçün təchizatçı şirkətlərlə müqavilə bağlanmasının İdarə Heyətinə tapşırılması, görülməli işlərin smetası və planının təsdiq edilməsi, binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlərin görülməsi, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqinin İdarə Heyətinə tapşırılması və sair qərara alınmışdır.

15. 28 fevral 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi lahiyələndirilmiş və həmin binanın yanında inşa edilən avtomobil qarajını Kooperativ Cavabdeh5 verilməsini və Cavabdeh5 isə müqavilə üzrə öhdəlikləri qəbul etmişdir.

16. İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokolun surətindən görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabat təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, 2025-ci il üçün illik gəlir və xərclər smetasının təsdiq edilməsi, İddiaçı MMMC-nin 2 il müddətinə İdarə heyətinin seçilməsi, "xxxx" MMMC-nin 2 il müddətinə təftiş komissiyasının seçilməsi, binanın saxlanması xərclərinə görə 1 m2 üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 %-i miqdarında cərimə hesablanması, binanın həyətində təmir və abadlıq işlərinin görülməsi, liftlərin əsaslı təmir edilməsi üçün görülməli işlərin smetası, sxemi və planının təsdiq edilməsi və o, cümlədən liftlərin təmir edilməsi üçün geri qaytarılması şərtilə 2 il ərzində 68061 manat məbləğində borcun bankdan və ya digər mənbədən götürülməsi, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi xəbərdarlığa əsasən binanın həyətinə yanğınsöndürmə texnikasının maneəsiz girişinin təmin edilməsi, ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi, 166 (B) Blokuna bitişik birbaşa girişi-çıxışı olan qaraja avtomobilin həyətdən giriş çıxışının bağlanılması məqsədilə qaraj mülkiyyətçisi ilə onun sərəncam vermə hüquqları nəzərə alınmaqla razılaşdırılmasına qərar verilməsi səlahiyyətlərinin İdarə heyətinə həvalə edilməsi, Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi qərara alınmışdır;

17. Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər: “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi razılaşdırılmışıdır. 78 845 manat məbləğində borca dair tələb hüququnun “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında “Kommunal" MMC-nin aşağıdakı qeyd olunan borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz öhdəsinə götürür: "xxxx" ASC-66283 manat, "xxxx" MMC 4500 manat, icarə haqqı 7745 manat, digər sənədlər, yazışmalar 15 qovluq, müqavilələr, ödəniş qəbzləri, digər sənədlər 150 qovluq;

18. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1436/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh4 1037,60 (min otuz yeddi manat altmış qəpik) manat məbləğində kommunal borc,44 (qırx dörd) manat məbləğində faiz borcu,cəmi 1081,60 ( min səksən bir manat altmış qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması,iddianın qalan hissədə isə təmin edilməməsi qət edilmişdir.

19. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1472/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh5 2188 (iki min yüz səksən səkkiz) manat borc və ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCyə ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

20. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdeh "xxxx" MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin iddia rədd edilmiş, iddiaçı "xxxx" MTK-nin Cavabdeh5 qarşı həmin qaraja görə “göstərilən xidmət haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia rədd edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8123/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən- ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilməsi qət edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 2(103)-8123/2021 saylı qətnaməsinə düzəliş edilmiş, qətnamənin əsaslandırıcı və nəticə hissəsində “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj cavabdeh “Hüquq" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilsin” ifadəsi “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli binanın yanında inşa edilən 1 ədəd qaraj cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı Cavabdeh5 təhvil verilsin" ifadəsi kimi oxunması qərara alınmışdır.

23. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-268/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş,Cavabdeh5 1056 (bir min əlli altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-957/22 saylı,xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cavabdeh5 kassasiya şikayəti təmin edilməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3370/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-1334/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş,Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə Cavabdeh4, avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi cavabdeh İddiaçı MMMC-yə qadağan edilmişdir.

27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən ,Cavabdeh5 ilə "xxxx" MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri,Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qarajının inşa olunmadığı müəyyən edilmişdir.

28. “Nəsimi - 45” tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 340,60 (üç yüz qırx manat 60 qəpik), avtomobil dayanacağına görə 516 (beş yüz on altı) manat ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcəyi təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacaq, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

29. “Nəsimi - 45” tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə, hüquqi xidmət haqqı və dövlət rüsumuna görə 1065,10 (bir min altmış beş manat 10 qəpik) ödənilməmiş qalıq borcu 5 (beş) gün müddət ərzində ödənilməyəcək təqdirdə bütün kommunal xidmətlər (lift, su, elektrik enerjisi) məhdudlaşdırılacağı, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cəmiyyət tərəfindən tələb olunan məbləğin, hüquqi xidmət haqqının, ödənişləri gecikdirildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş cərimənin və eyni zamanda AR İXM-nin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

30. “Nəsimi - 45” tərəfindən Cavabdeh3 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 391 (üç yüz doxsan bir) manat ödənilməmiş qalıq borcu vardır.

31. “Nəsimi - 45” tərəfindən Cavabdeh4 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə 595,30 (beş yüz doxsan beş manat 30 qəpik) manat ödənilməmiş qalıq borcu vardır.

32. “Nəsimi - 45” tərəfindən Cavabdeh5 ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixinədək kommunal və qaraj xidmətləri üçün 5596,80 (beş min beş yüz doxsan altı manat 80 qəpik) ödənilməmiş qalıq borcu vardır.

33. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2025-ci tarixə borcu 1075 manat təşkil edir.

34. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh4 xx.xx.2025- cü il tarixə borcu 1038 manat təşkil edir.

35. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh1 xx.xx.2025-ci tarixə borcu 895,40 manat təşkil edir.

36. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh5 xx.xx.2025-ci tarixə borcu 2112 manat təşkil edir.

37. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışı surətindən görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə borcu 698,80 manat təşkil edir.

38. Avtomobil qarajından yaranmış borc ilə bağlı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh5 2024-cü il tarixə borcu 1440 manat təşkil edir.

39. İddiaçı MMMC-nin 2023-cü il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 136394 manat təşkil etmişdir.

40. İddiaçı MMC tərəfindən görüləcək işlərin smetasından görünür ki, görüləcək işlərin ümumi dəyəri 68061 manat təşkil edir.

41. İddiaçı MMMC-nin 2025-ci il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 253210 manat təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə:

42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

43. Maddə 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır.

44. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

45. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:

46. 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

47. 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

48. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;

49. 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

50. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir:

51. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq;

52. 136.2.2. kommunal xidmətlərə görə haqq.

53. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.

54. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

55. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

56. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

57. 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.

58. 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

59. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

60. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

61. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

62. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

63. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.

64. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

66. Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, "R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 12İ.1 -ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

67. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Tətbiq edilən prosessual hüquq normaları:

68. Mülki Prosessual Məcəllə

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

72. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

73. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

74. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

75. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

76. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

77. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

78. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

79. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

81. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddianın Cavabdeh5yiə aid qaraja görə 4095 manat kommunal xidmət haqqlarının ödənilməməsinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

82. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh5 qaraja görə xidmət haqqının tutulması hissəsində iddia tələbi ilə razılaşmamış və hesab etmişdir ki, iddia tələbi o hissədə təmin edilə bilməz. Belə ki, müki işin materiallarında olan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə M.Səidə Süleyman qızının “qarajın təhvil verilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “...inşa edilməmiş avtomobil dayanacağı binasında iddiaçıya qaraj verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması absurddur. Çünki mövcud olmayan dayancaq binasının qarajın verilməsi barədə qətnamə icra edilməmiş qalacaq”

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

85. İddiaçı apellyasiya şikayətində qarajın faktiki olaraq mövcud və istifadədə olduğunu əsas gətirərək, iddia tələbinin qaraj üzrə kommunal xidmət haqqlarının ödənilməməsi hissəsində təmin olunmamasını əsassız hesab etmişdir.

86. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin istifadə və sahibliyində hər hansı qarajın mövcud olması faktını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli ekspert rəyi, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qarajın mövcud olmaması təsdiq olunmuşdur.

87. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

89. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

90. Bu səbəbdən, Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

91. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

92. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

94. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

95. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

96. Hazırkı halda apellyasiya şikayətinə əsasən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4095 manatdır.

97. Belə olan halda isə məlum olur ki, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunveriliciliyə görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar