Məhkəmə qərarları › İş №2(103)-4938/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4938/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4938/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxxx” MMC və Bakı şəhəri Qaradağ rayon İcra və probasiya Şöbəsi, 3-cü şəxs “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxxx” MMC və Bakı şəhəri Qaradağ rayon İcra və probasiya Şöbəsi, 3-cü şəxs “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçılar iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10376/2017 saylı, 13.10.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi və həmin əmlaklar üzrə hərracın keçirilməsinin “xxxx” MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(002)-2771/2018 saylı qərardadına əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan hüquqlarına toxunan maraqlı şəxs “xxxx” QSC tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(002)- 2771/2018 saylı qərardadı ilə şikayət rədd edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(103)-12323/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 D saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 23.05.2018-ci il tarixli 204/1 saylı hesabat ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 23 sentyabr 2019-cu il tarixdə Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 21 oktyabr 2019-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Maraqlı şəxs “xxxx” QSC 26 fevral 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilinin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(002)-2771 /2018 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 21.10.2019-cu il tarixli icraata başlama haqqında qərarının surətindən görünür ki, xxxx MMC-nin ünvan 1 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 23.05.2018ci il tarixli 204/1 saylı hesabatının ləğv edilməsi ilə bağlı icra sənədinin icrasına başlanmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə digər ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospekti 58 saylı evin 3 saylı mənzilinə dair qiymətləndirmənin nəticələrinin ləğv edilməsinə dair hissədə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi hazırki mülki iş üzrə müvafiq məhkəmə qərarı ilə görülmüş iddia təmin tədbirinin ləğv edilməsini xahiş etmiş, tələbin əsası kimi müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi, icra olunması halına istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı hazırki mülki iş üzrə məhkəmə aktının icra olunması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildikdə, görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, müvafiq ərizə əsassız olmaqla, təmin edilməməlidir. Qeyd olunan qərardaddan narazı qalan maraqlı şəxs “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(002)-87/2019 saylı qətnaməsi ilə bir əmlakla (ünvan 3 saylı fərdi yaşayış evi) bağlı hissədə qiymətləndirmə hesabatı ləğv edilmişdir. Hesabatın ləğv edilməsini mahiyyəti də ondan ibarətdir ki, icra şöbəsi tərəfindən həmin əmlakla bağlı hissədə yenidən qiymətləndirmə təyin edilməli müvafiq rəy alınmalı və daha sonra hərrac təşkilatına sifariş verilərək müvafiq hərəkətlər həyata keçirilməlidir. İcra məmuru da həmin əmlakla bağlı hissədə yenidən icraata başlamış, yenidən qiymətləndirici dəvət edilməsi barədə qərar qəbul etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, iş üzrə digər ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sahil qəsəbəsi Z.Qasımov prospekti 58 saylı evin 3 saylı mənzilinə dair qiymətləndirmənin nəticələrinin ləğv edilməsinə dair hissədə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(002)-2771/2018 saylı qərardadına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri Sahil qəsəbəsi Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 D saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 23.05.2018-ci il tarixli 204/1 saylı hesabat ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi, məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə qərardad qəbul edərkən iddia tələbinin Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilə aid hissədə rədd edilməsini nəzərə almamışdır. Belə olan halda, mübahisəli əmlak üzərində həbsin saxlanılmasının zəruriliyi məsələsi yenidən araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda qeyd olunanları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadı qismən ləğv edilməli və mülki iş hüquqlarına toxunan maraqlı şəxs “xxxx” QSC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Hüquqlarına toxunan maraqlı şəxs “xxxx” QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadı qismən ləğv edilsin. Mülki iş hüquqlarına toxunan maraqlı şəxs “xxxx” QSC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar