Məhkəmə qərarları › İş №2(103)-4939/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4939/2023

20.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4939/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 2 mart 2020-ci il tarixli 7 saylı əmr ilə Cavabdeh supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmr ilə verilmiş tapşırıqları tam şəkildə yerinə yetirmədiyindən və yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etdiyindən İddiaçı Azərbaycan Respulikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

3. Cavabdeh MMC-nin 11 aprel 2022-ci il tarixli 012K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “MMC”) xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-də supervayzer vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 mart 2022-ci il tarixli əmrlə MMC-nin supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində işləyən iddiaçıya töhmət elan edilmiş, lakin həmin əmrdə hansı tapşırığın nəzərdə tutulduğu aydın deyil, həmçinin əsas olaraq məsul şəxsin təqdimatı və məktub göstərilmişdir. Əmrdə əsas kimi göstərilmiş məktub, iddiaçının cavab məktubudur. Həmin məktubda iddiaçı ona verilmiş tapşırıqları yerinə yetirdiyini, hesabatları vaxtında verdiyini göstərmişdir. Bundan 28 gün sonra, 11 aprel 2022-ci il tarixdə iddiaçı işdən azad edilmişdir. Əmrdə qeyd olunur ki, MMC-nin qərb bölgəsi üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Seleznev Valeriy tərəfindən verilən tapşırıqları yerinə yetirməmişdir. Əmrdə hansı tapşırıqların yerinə yetirilməməsi aydın deyil. Halbuki, əmrdə tapşırıq aydın və konkret qeyd edilməlidir. Belə ki, iddiaçıya iki tapşırıq verilib. 1-ci tapşırıq – 2021-ci ilin dekabr ayında “Bonde” uşaq peçenyasının hər satış təmsilçisi tərəfindən 600 ədəd satılması barədə olmuşdur. İddiaçı satışı yerinə yetirmişdir. 2-ci tapşırıq ərazinin və marşrutların optimallaşdırılması, yəni 6 satış təmsilçisinin 110-120 satış nöqtələrinin böyük dövriyyəli satış agentlərindən kiçik dövriyyəli satış agentlərinə keçid edilməsi olmuşdur. Tapşırıqların tam yerinə yetirilməsi elektron poçt vasitəsi ilə yazışmalarla sübut ediləcəkdir. Yazışmalardan işçiyə işdən özü çıxması üçün təzyiq göstərildiyi görünür. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi tapşırıqların yerinə yetirilməməsinə görə iddiaçıya xx.xx.2022-ci il tarixli töhmət verilməsi və töhmətdən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını qeyd etməklə kifayətlənmişdir. Əmrdə işçinin hansı tapşırıqları yerinə yetirməməsi göstərilməmişdir. Halbuki, iddiaçı tapşırıqları vaxtında yerinə yetirmişdir. Əmrdən görünür ki, iddiaçının işdən azad etdilməsi əvvəlcədən planlaşdırılmışdır. Belə ki, iddiaçıya 14 mart 2022-ci il tarixdə töhmət verilmiş, həmin gün direktor müavini tərəfindən iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı direktora təqdimat verilmişdir. 28 gün sonra isə iddiaçı işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə 001NİT nömrəli əmr, direktor müavininin təqdimatı, xx.xx.2022-ci il tarixli məktub göstərilmişdir. 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə və ona əsas olan sənədlərdə işçinin müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması haqqında heç bir məlumat yoxdur, çünki, belə bir hal olmayıb. İddiaçı 12 aprel 2022-ci il tarixdə əmək mübahisəsinin mediasiya vasitəsi ilə həlli məqsədi ilə cavabdehə təklif göndərmiş, 13 aprel 2022-ci il tarixdə təklif qəbul edilmişdir. Təklifə cavab verilmədiyindən mediatorun təyin edilməsi haqqında Bakı 2 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin mediasiya prosesində razılıq əldə etmək mümkün olmamışdır.

6. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bəhrəm oğlunun işdən azad olunmağı barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Bəhrəm oğlunun Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır. MMC iddiaçı ilə əmək müqaviləsinə xitam verdikdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl iddiaçının əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. Digər tərəfdən işçinin intizam tənbehi tətbiq edilməsi ilə əlaqədar izahatının alınması işçinin əmək funksiyası deyil, işçiyə intizam tənbehin verilməsi qaydasıdır. Odur ki, iddiaçı tərəfindən yazılı izahatın verilməsindən imtina əmək funksiyasının pozuntusu kimi qiymətləndirilmir.

8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “ə” bəndi, 186-cı maddəsi, 187-ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin e- 2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxmış məhkəməsi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə iddiaçı ilə MMC-nin satış üzrə direktor müavini Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarından görünür ki, Valeriy Seleznev iddiaçı tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmiş, sonuncu, hesabatın tamamlandığını, sadəcə bəzi addımları – TTni düzgün bölmək və hüquqi şəxsləri iki sətrə bölmək, yekunlaşdırmaq gərəkdiyini bildirmiş, izahat verməkdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi barədə 001NİT №-li əmr verilmişdir. Bu əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 11:33-da Valeriy Seleznev tərəfindən iddiaçıya yeni tapşırıqlar verilmişdir ki, iddiaçı gün ərzində, saat 18:00-dək 2022-ci ilin mart ayınadək iş qrafiki və xx.xx.2022-ci il saat 09:00- dək 2022-ci il ərzində (aylar üzrə) görülən işlərin hesabatını təqdim etsin. İddiaçı cavab məktubunda Valeriy Selezneva müraciət edərək göstərmişdir: “Valeriy, mənim harada, kimlə və nə iş gördüyümü sən bilməyəcəksən. Əlbəttə ki, sahələrdəyəm. Məndən heç nə gözləmə. Mən sənə heç bir hesabat verməyəcəm”. Göründüyü kimi, iddiaçı, ona verilmiş tapşırıqları yerinə yetirməkdən imtina etmişdir. Lakin Rayon Məhkəməsi bu hala obyektiv yanaşmamış və hesab etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilməzdən əvvəl iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. İddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqların yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqlar həm təkrar, həm də yeni tapşırıqlardır. Verilmiş tapşırıqlar öz icrasını tapmadığından eyni tapşırıq işçiyə - iddiaçıya təkrar verilə bilər. Tapşırıqlar fərqli tarixlərlə verildiyinə görə həmin tapşırıqlar təkrar, yəni yenidən verilmiş tapşırıqlar hesab edilir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdə iddiaçıya verilən tapşırıqları töhmət verilməzdən əvvəl verilən tapşırıqlar kimi qiymətləndirmişdir. xx.xx.2022-ci il tarixdə verilən töhmətdən sonra iddiaçı əmək funksiyasını dayandırmamışdır və iş vaxtı daxilində ona yeni, təkrar tapşırıqların verilməsi normal haldır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2022-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbləri” barədə iddiası təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, , iş materiallarına əsasən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. İddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından müəyyən olunur ki, töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilmişdir. İşçiyə töhmət verilməsi onun töhmət verilməsinə səbəb olmuş görülməyən tapşırıqlarının icrasından azad etmir. Əmək vəzifələrini tam yerinə yetirmək iddiaçının vəzifəsi olmasına baxmayaraq, o, verilmiş töhmətdən nəticə çıxarmayaq əmək funksiyalarını pozmaqda davam etmişdir. Göstərilən əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsaslar, habelə cavabdeh MMC-nin rəhbərliyinin iddiaçıya qarşı qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli əmri qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə tələb əsassız olduğundan təmin oluna bilməz. Bu tələb əsassız olduğundan ondan irəli gələn tələblər də, əsassız hesab edilməli və bu tələblərin əsaslılığı ayrıca müzakirə edilməməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3cü hissələri, 72-ci maddəsinin “ə” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsi, 187- ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilməsinə, iddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etmişdir. 15.2 Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə, eləcə də əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etsə də, iddiaçıya verilən tapşırıqların onun əmək müqaviləsi üzrə əmək funksiyasına adi olubolmamasına aydınlıq gətirməmiş, gəldiyi nəticəni də qətnamədə əsaslandırmamışdır. 15.3 Əmək Məcəlləsi əmək funksiyası ilə bağlı qaydaları dəqiq müəyyən edir və həmin normalardan çıxan ümumi nəticə ondan ibarətdir ki, əmək funksiyası qabaqcadan bəlli olur, onun birtərəfli dəyişdirilməsi (dairəsinin azaldılması və ya artırılması) qadağandır, işçiyə onun əmək funksiyasına aid edilməyən hər hansı tapşırıq verilə bilməz, verildiyi halda işçinin həmin tapşırığı yerinə yetirməmək hüququ vardır. 15.4 İşdə olan əmək müqaviləsinin 3.1-ci bəndində (i.v.35, 40) iddiaçının 21 bənddən ibarət əmək funksiyaları tam sadalanıb. 15.5 Cavabdeh əmrin verilməsinə əsas kimi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən iddiaçıya verilmiş tapşırıqların icra edilməməsini göstərmişdir. 15.6 Buna görə hazırki işin halları baxımından cavabdehin iddiaçıya verdiyi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair tapşırıqların nə demək olması, mahiyyəti, həmin tapşırıqların əmək müqaviləsində sadalanan 21 bənddən ibarət əmək funksiyasına aid olub-olmaması müəyyən edilməli, məhz bundan sonra iddia tələbinə qiymət verilməlidir. 15.7 Apellyasiya instansiyası məhkəməsi isə qətnamənin əsaslandırıcı bölməsinin böyük bir hissəsini Əmək Məcəlləsinin normalarını yazmağa həsr etmiş, həmin normaları işin halları baxımından təfsir etməmiş, sonda da yuxarıda qeyd edildiyi kimi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə istinad etməklə, iddianı rədd etmiş, iddiaçıya verilən tapşırıqların onun əmək funksiyası ilə nə kimi əlaqəli olması yönündə heç bir qiymətləndirmə aparmamışdır. 15.8 Ümumiyyətlə, iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinin nədə ifadə olunması apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünmür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, İddiaçı Cavabdeh MMC-də supervayzer-satış üzrə bölgü rəisi işləyib. Həmin tapşırıq ərazinin optimallaşdırılması olub. Tapşırıq rus dilində verilib. Supervayzerin birbaşa vəzifəsi ərazidə satışları optimallaşdırmaqdır. Yəni, hansı mağazada nə qədər gecikmənin olması barədə məlumat vermək deməkdir. Amma, İddiaçı birbaşa həmin tapşırığın yerinə yetirilməsindən imtina etmişdir. Onun tabeçiliyində olan rəhbərin göstərişinə əməl etməyib və bu barədə heç bir məlumat verməyib. Bu da birbaşa əmək funksiyasının yerinə yetirilməməsi kimi başa düşülür. Valeri ilə İddiaçı arasında tapşırıqla bağlı mail yazışmaları var və bütün tapşırıqlar orada əks olunub. Əgər İddiaçı vəzifəsinə aid məsələ olmasa idi, İddiaçı birbaşa olaraq izahatında bunu qeyd edərdi. Özü birbaşa heç bir hesabat verməyəcəyini bildirib. Sadəcə olaraq yaranan intiriqaya görə hesabat vermir. Tapşırıqlar ərazinin optimallaşdırılması və hesabat verilməsi olub. O izahatında da öz əmək funksiyasını yerinə yetirdiyini deyib. xx.xx.2022-сi ildən İddiaçı tapşırıqlar verilib, əmək müqaviləsinə əsasən o satış üzrə supervayzer işləyib.Supervayzerin vəzifəsi tabeçiliyində olan işçilərin qarşısına qoyulmuş vəzifələrini nəzərinə çatdırmaq, işçilərə qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq və ərazilərin işçilər arasında bölüşdürülməsini təmin etməkdir. Supervayzer ərazisində olan ticarət nümayəndəliklərinin marşrutlarını müəyyən edir. Satışı ticarət nümayəndələri həyata keçirir. Sadəcə marşrutu supervayzer təşkil edir və onlara təlimatları vermək üçün planşet verilir. İddiaçı tabeçiliyində olan ticarət nümayəndəliklərinə tapşırıqlar verir və İddiaçı da onların planşetlərindəki işləri görə bilir. Valeri xx.xx.2022-сi tarixində ərazinin optimallaşdırılması və ticarət nümayəndəliklərinin marşrutlarının siyahısının ona təqdim edilməsini İddiaçı tapşırır. "Whatsap"-da və mail yazışmalarında da qeyd edilir ki, onun tapşırığını aldığını təsdiq etsin və İddiaçı 10 yanvarda tapşırığı aldığını və həyata keçirdiyini təsdiq edir. Bundan sonra Valeriyə Abbas tərəfindən heç bir siyahı təqdim edilmir. Ərazinin optimallaşdırılması dedikdə hansı ticarət nümayəndəsinin hansı əraziyə getdiyinin müəyyən edilməsi və bunlar haqqında məlumatı birbaşa Valeriyə təqdim edilməsi başa düşülür.xx.xx.2022-ci ildə verilmiş tapşırığa 7 gün vaxt verilir. Bu 7 gün ərzində İddiaçı verilən tapşırıqları yerinə yetirmir. Sonra yenə bu hal təkrarlanır. X5 İddiaçı heç bir məlumat ala bilmədiyini və tapşırıqları yerinə yetirmədiyini məlumat verir. 28 fevral eyni məsələ yenidən təkrarlanır və iddiaçıya töhmət verilir. Töhmətdən sonra 14 mart yenə qoyulan vəzifələri və əlavə tapşırıqları yerinə yetirmir. İddiaçı mail yazışmalarında da Valeri bəyə heç bir məlumat verməyəcəyini və verilən tapşırıqları yerinə yetirməyəcəyini yazır. O verilən tapşırığı yerinə yetirmədiyi üçün Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onun əmək müqaviləsinə xitam veriblər. Həmçinin, iddiaçı hesabat vermədiyi üçün "Whatsap"-da qrupdan çıxarılıb.İddiaçı da şəxsi prinsip aparmağa başlamışdır. İddiaçı qrupdan çıxdığı üçün gmail vasitəsi ilə yazışmalara başlayıbblar. Qrupdan çıxarılma vəzifələrinin yerinə yetirməməsi üçün səbəb ola bilməz. Yazışmaları da iş materiallarına əlavə ediblər. İddiaçı ərizə yazıb ki, əmri mübahisələndirir. Töhmət mübahisələndirməyib. İddiaçıya verilən tapşırıq birbaşa Əmək Müqaviləsinin 3.1.1-ci maddəsində göstərilib. Orada onun əmək funksiyası konkret qeyd olunmuşdur. Tapşırıq məhkəməyə təqdim etdiyim mail çıxarışlarında qeyd edilib. İddiaçı heç vaxt deməyib ki, verilən tapşırıq ona aid olmamışdır, imtina etməmişdir. İddiaçı hesabat verməli idi, amma verməyib. xx.xx.2022-ci il tarixli optimallaşdırma və ticarət nümayəndəliklərinin marşrutlarının müəyyən edilməsi üçün tapşırıqların verilməsi ilə bağlı yazışmalar iddiaçıya əvvəldən təqdim edilmişdir, lakin o, imtina etmişdir. İddiaçı optimallaşdırma, siyahının verilməsi ilə bağlı heç bir tapşırığı yerinə yetirməyib. İddiaçı vəzifələrini lazımınca yerinə yetirməmişdir. Sms yazışmalarından aydın olur ki, iddiaçıya ticarət nümayəndəliklərinin marşrutlarının optimallaşdırılması tapşırılmışdır. Cavab olaraq iddiaçı bildirmişdir ki, o heç nəyə cavab verməyəcəkdir. İddiaçının birbaşa rəhbərlə belə danışması yolverilməzdir. İddiaçı ticarət nümayəndəlikləri arasında bölgü aparmalı idi. İddiaçı verilən tapşırıqdan imtina etmişdir. Tapşırıqlar ticarət nümayəndəliklərinin ərazi marşrutlarının optimallaşdırılması və marşrutların müəyyən edilməsi olmuşdur. Bununla bağlı iddiaçı hesabat verməmişdir. İddiaçı ilə 2022-ci ilin yanvar ayından mübahisəmiz yaranmışdır.

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qarşı tərəf keçən apellyasiya məhkəməsində işçinin işdən azad olunması ilə bağlı tapşırıqla ərazinin optimallaşdırılması ayrı tapşırıq olduğu vurğulanmışdı. Ancaq, qarşı tərəf öz etirazında başqa bir mail yazışmaya istinad etmişdir.Kassasiya şikayətində nəzərdə tutduğu əsaslardan biri verilmiş tapşırığın məzmununun işçinin əmək müqaviləsinə uyğun olmamasıdır. Əmək müqaviləsinin üçüncü hissəsində supervayzerin əmək funksiyası açıq şəkildə göstərilmişdir. Ərazinin optimallaşdırılması qarşı tərəfin dediyi kimi deyil,orada ərazinin və xidmət göstərilən mağazaların ixtisar olunmasından söhbət gedir. Bu da başqa adamın səlahiyyətinə aiddir, supervayzerin vəzifəsi deyil. Supervayzerin işi məhsulu təklif etmək,sifarişi qəbul edib şirkətə məlumat verməkdən ibarətdir. Birinci instansiya məhkəməsində Cavabdeh MMC tərəfindən verilən təqdimat yoxdur, ona görə də tapşırığın verilməsi ilə bağlı məlumatı Valerinin verdiyi izahatdan bilərdilər. O da Xətai Rayon Məhkəməsində izahat verib ki, onlar 2022-ci ilin mart ayının 14-də ərazinin optimallaşdırılması ilə bağlı tapşırıq yerinə yetirilmədiyinə görə iddiaçıya töhmət verilib və həmin günü təqdimat verilib. Təqdimatın yazılı ya şifahi olduğunu məhkəməyə təqdim edilmədiyinə görə bilmirlər. Direktorun təlimatını gətirməlidirlər, onlar onu neçə dəfə istəyiblər, amma gətirməyiblər. Optimallaşdırma dedikdə mümkün variantlardan içərisindən ən optimal variantının seçilməsi deməkdir. Marşrut və satış məntəqələrinin ixtisarlaşdırılması, daha yaxşı variantların seçilməsi tələb olunub. Bununla bağlı rayon məhkəməsinə təqdim edilən yazışmalar da var. Direktor müavini iddiaçının təqdim etdiyi hesabatı bəyənməyib, təkmilləşdirməsini tələb edib. Əmək Müqaviləsinin 3.1.1-ci maddəsində ərazilərin iş sahələrinin işçiləri arasında bölünməsində iştirak etmək nəzərdə tutulub. Burada da müstəqil deyil. Bunun da optimallaşdırma ilə bağlı əlaqəsi yoxdur. İddiaçından tələb edilən tapşırıq əmək müqaviləsində nəzərdə tutulmamışdır. İddiaçı 1 il 6 aydır ki, işsizdir, maddi sıxıntıları var. Həmçinin, təqdimat da məhkəmələrə təqdim edilməmişdir. Bir məsələyə görə iddiaçıya həm töhmət, həm də təqdimat verilmişdir. Dəfələrlə mübahisəni məhkəmədən kənar həlli üçün çalışıblar, alınmayıb. Əmək Müqaviləsində də ərazilərin iş sahələrinin işçiləri arasında bölünməsində iştirak etmək nəzərdə tutulub. Burada iddiaçı müstəqil deyil. Öhdəlik üçüncü şəxs tərəfindən icra olunmuşdur. İddiaçının sadəcə iştirakı nəzərdə tutulub. İddiaçı da tapşırığı yerinə yetirmişdir.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, Bakı Apellyasiya Məhkəməsi iddianı rədd edərkən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilməsinə, iddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

26. Kassasiya instansiya məhkəməsi hazırki işin halları baxımından cavabdehin iddiaçıya verdiyi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair tapşırıqların nə demək olması, mahiyyəti, həmin tapşırıqların əmək müqaviləsində sadalanan 21 bənddən ibarət əmək funksiyasına aid olub-olmaması müəyyən edilməsi, ümumiyyətlə, iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinin nədə ifadə olunmasının aydınlaşdırılması barədə göstərişlər vermişdir.

27. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl edilməsi məqsədilə bir neçə dəfə iclas keçirilsə də hər iclasda cavabdehin nümayəndəsi və vəkili verilən sualları ümumi cavablandırmışdır.

28. Cavabdeh əmrin verilməsinə əsas kimi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən iddiaçıya verilmiş tapşırıqların icra edilməməsini göstərmişdir.

29. Cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçıya verilən tapşırıqlar onunla bağlanmış müqavilənin 3.1.1-ci maddəsində birbaşa göstərilib.

30. Tərəflər arasında bağlanmış 2 mart 2020-ci il tarixli əmək müqaviləsinin 3.1.1.-ci bəndinə əsasən tabeçiliyində olan işçilərin (ticarət nümayəndələri komandasının) qarşısında qoyulmuş vəzifələri onların nəzərinə çatdırmaq; işçilərin qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq; iş sahələrinin/ərazilərinin bölgüsündə iştirak etmək işçinin əmək funksiyasına daxildir.

31. Cavabdehin nümayəndəsi və vəkilinin qeyd etməsinə görə iş sahələrinin/ərazilərinin işçilər arasında bölgüsündə iştirak etmə dedikdə ərazinin və marşrutlatın optimallaşdırılması nəzərdə tutulur. Daha sonra bildirmişdir ki, optimallaşdırma yəni hansı mağazada nə qədər gecikmə olması barədə məlumat vermək deməkdir.... iddiaçı tapşırıqları yerinə yetirməmişdir.

32. Məhkəmə kollegiyası dəfələrlə əmək funksiyalarını tam yerinə yetirməmə dedikdə nə nəzərdə tutulmasına aydınlıq gətirməsinə çalışsa da cavabdehin nümayəndəsi işçinin verilən tapşırığı yerinə yetirilməməsi, rəhbərə izahat verməməsi və verilən tapşırıqdan imtina etməsini qeyd etmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 2 mart 2020-ci il tarixli əmək müqaviləsinin 3.1.1.-ci bəndinə istinad olunursa həmin bənddə iş sahələrinin/ərazilərinin bölgüsündə iştirak etmək nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş sahələrinin/ərazilərinin bölgüsündə iştirak etmək hərfi mənada ərazinin və marşrutlatın optimallaşdırılması anlamına gəlmir. Cavabdeh isə buna aydınlıq gətirə bilmir.

34. Buna baxmayaraq, 22 fevral tarixli elektron yazışmada qoşma 6 aylq baza əlavə olunmaqla Abbas yazır – yenilənmiş marşurutları vaxt olan kimi yeniləyib göndərəcəm. (səh 41). İş materialında İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabatı vardır (səh 77-121). Elektron yazışmadan görünür ki, Abbas tapşırığı yerinə yetirdiyini qeyd edir (səh 42). Valeriy isə tapşırığı vaxtında və lazımı qaydada yerinə yetirmədiyinə görə Abbasdan yazılı izahat tələb edir (səh 42). Digər yazışmadan görünür ki, Abbas nümunə forması istəyir və bundan imtina edildiyi üçün göndərdiyi hesabatdan əlavə hesabat göndərməyəcəyini qeyd edir (səh 46).

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ərazinin və marşrutlatın optimallaşdırılmasının işçinin birabaşa vəzifəsi olmasına, işçiyə verilmiş tapşırığın konkret nədə ifadə olunmasına və işçi tərəfindən ona necə əməl edilməli olunmasına aydınlıq gətirə bilmir. Bununla əlaqədar yaranan anlaşılmazlıq və çatışmazlıqlar işçinin xeyrinə həll olunmalıdır.

36. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xaraketrikdir. İşçi ilə əmək müqaviləsinin bağlanması zamanı işə qəbul prosesinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla sənədləşdirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

37. Bununla bağlı Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar