Məhkəmə qərarları › İş №2(103)-494/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-494/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-494/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “çatışmayan mənzil sahəsinin dəyərinin qaytarılması” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X12, iddiaçının nümayəndəsi X13, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çatışmayan mənzil sahəsinin dəyərinin qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3638/2021 nömrəli işi üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aldığı 307 saylı mənzilin sertifikatda nominal dəyəri 96588 manat ümumi sahəsi 134,15 kv metr göstərilməklə texniki pasport və çıxarışda faktiki 121.9 kv metr-dir. Hüquqları kobudcasına pozaraq aldatdıqları 12,25 kv m çatmayan mənzil sahəsinin bugünki bazar qiyməti (halhazırda onların binasında 1 kv m qiyməti 1800 manatdır) ilə ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3638/2021 nömrəli 01 iyun 2021 -ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Hüquq” MTK-yə, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil sertifikatı ilə çıxarış arasındakı çatışmayan 12,25 kv.m mənzil sahəsinin dəyərinin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitutsiyasının 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının cavabdehə qarşı həmin tələbi yönəltməyə dair subyektiv hüququnun olmamasıdır.

2. İşin mübahisə edilməyən halları və iddiaçının sübutları ondan ibarətdir ki: Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb X3 Bakı şəhəri, Xətai pr-ti 38, C2 bloku, mərtəbə 12 mənzil 307, ümumi sahəsi 134,15 kv.m, yaşayış sahəsi 76,77 kv.m, 3 otaqlı mənzil nominal dəyəri 96588 olmaqla MS-N 000320 nömrəli 22 fevral 2007-ci il tarixli "Hüquq” MTK tərəfindən mənzil sertifikatı verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışına xx.xx.2020-ci il tarixli **********05-05301-093103 reyestr nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M13, m1) ünvanında 12-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümümi sahəsi 121.9 m 2 , yaşayış sahəsi 76.8 m 2 olan 307 saylı mənzilin mülkiyyət hüququnun İddiaçı aid olduğu müəyyən edilmişdir (iş.səh.7, 13, 14). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(006)- 3638/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 193.1, 194.4, 194.5, 373, 993.3, 1078-1.1; Mülki Prosesual Məcəllənin 77.1, 217.3, 384.0.2, 385-ci maddələrnə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasını 2006-ci ildə dövlətə istismara verilmədən yaşamağa şərait yaradılmışdır.Emitent “Hüquq’' Mənzil-Tikinti Kooperativi (bundan sonra - «cavabdeh emitent») tərəfindən buraxılmış Seriya MS-N 000320 saylı mənzil sertifikatı xx.xx.2007-ci il tarixdə 08/5-008 qeydiyyat nömrə ilə QKDK-də dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil sertifikatını buraxmaqla cavabdeh emitent bu qiymətli kağızın sahibi X4 qarşısında Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, mərtəbə 12, yaşayış sahəsi 76,8 kv.metrə, ümumi sahəsi 134,15 kv. metrə olan 3 otaqlı 307 nömrəli mənzil üzrə xüsusi mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdən gec olmayaraq qeyri şərtsiz rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2011 -ci il tarixdə 9 saylı Notariat Kontorunun xüsusi notariusu X6 Mülki Məcəllənin 193.1, 194.4, 194.5, əvvəlki 993.3 və əvvəlki 1078- 1.1-ci maddəsinə istinad edərək qiymətli kağız üzrə ilkin tələb sahibi (indossant) X1 (bundan sonra - «ilkin tələb sahibi») mənzil sertifikatı üzrə tələblərini güzəşt edərək hazırkı tələb sahibi (indossat) İddiaçı (bundan sonra - «hazırkı tələb sahibi apellyator») həmin qiymətli kağızla təsdiqlənmiş hüquqları indossament yolu ilə ötürməsini notarial qaydada həyata keçirilməsini təsdiq etmişdir. Cavabdeh qiymətli kağız üzrə bağlanmış əqdləri nəzərə alaraq xx.xx.2011-ci il tarixli Cavabdeh MTK müvəkkillər üzvlərinin 5 saylı protokolu ilə Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, mərtəbə 12, ümumi sahəsi 134,15 kv.metrə olan 3 otaqlı 307 nömrəli mənzil üzrə koorperativə üzv olan ilkin tələb sahibini üzvlüyündən çıxarılmış və hazırkı tələb sahibi apellyatoru koorperativə üzvü kimi qəbul etmişdir. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı (bundan sonra - «Dövlət reyestrindən çıxarış» ) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2020-ci il tarixli **********05-05301-093103 reyestr nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 m 307. Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M13, ml mənzilin texniki pasportunu (bundan sonra - «texniki pasport») həmin tarixdə qəbul etmişdir. Həmin texniki pasportun mənzil haqqında məlumat hissəsində (sonuncu vərəq) yaşayış sahəsi 76.8 kv metrə və ümumi sahə 121.9 kv metrə göstərilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasını Hörmətli cənab prezidentin 19 fevral 2019-ci il tarixli 529 saylı fərmanının köməyi ilə xx.xx.2019-ci il tarixdə, yəni 7 (yeddi) il sonra bina istismara təhvil verilmişdir.Göründüyü kimi, xx.xx.2021-ci il tarixli Cavabdeh MTK müvəkkillər üzvlərinin 5 saylı protokolda mənzilin pay haqqının tam ödənilməsi qeyd olunmuş və qərarının 1-ci maddəsi ilə təsdiqləmişdir ki, cavabdeh hazırki tələb sahibi apellyatora ümumi sahəsi 134,15 kv. metrə olan 3 otaqlı mənzilin xüsusi mülkiyyət hüququnun xx.xx.2012-ci il tarixdən gec olmayaraq rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Habelə, apellyatorun cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəyə cavab olaraq xx.xx.2020-ci il tarixli 146 nömrəli qeydiyyatlı məktubla bildirmişdilər ki, mənzilin ümumi sahəsi hesablanarkən mənzilin divarlarının yerləşdiyi sahə də nəzərə alınmışdır. Buna görə də, mənzil sertifikatı ilə və dövlət reyestrindən çıxarışla 12,25 kv. metrə mənzilin ümumi sahəsində fərq yaranmışdır. Bununla, cavabdeh öz qanunsuz əməlini səmimi etiraf etmişdir. Bu baxımdan, həmin məktubdakı etiraf və xx.xx.2011 -ci il tarixli Cavabdeh MTK müvəkkillər üzvlərinin 5 saylı protokolu sübut kimi qəbul edilməlidir. Beləliklə, hazırkı tələb sahibi apellyator mənzil sertifikatı üzrə Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, mərtəbə 12, «ümumi sahəsi 134,15 kv.metrə» olan mənzili faktiki xx.xx.2020-ci il tarixli «Dövlət reyestrindən çıxarış üzrə 121.9 kv metrə» olaraq dövlət qeydiyyatına alınmışdır. Buna görə, çatışmayan 12.25 kv metrə mənzil sahəsinin hazırkı bazar dəyəri 1 kv. metrə 1800 manat hesablanmaqla 22050 manat dəyərində apellyatora zərər dəymişdir. Bundan başqa, cavabdeh emitent mənzil sertifikatı üzrə xüsusi mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdən gec olmayaraq qeyri şərtsiz rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüş, lakin ancaq Hörmətli cənab prezidentin 19 fevral 2019-ci il tarixli 529 saylı fərmanının köməyi ilə xx.xx.2019-ci il tarixdə bina istismara təhvil verə bilmişdir. Beləliklə, təkrar apellyatora zərər vermişdir. Bununla, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2004-ci il tarixli 04 №-li qərarına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 117 №-li qərarına istinad edilərək yuxarıda adı çəkilmiş mənzil sertifikatı ilə dövlət reyestrindən çıxarışı arasında çatışmayan 12.25 kv. metrə mənzil sahəsini və işə sübut kimi təqdim edilmiş xx.xx.2011 -ci il tarixli Cavabdeh MTK müvəkkillər üzvlərinin 5 saylı protokolunu, xx.xx.2020-ci il tarixli 146 nömrəli qeydiyyatlı cavabdehin məktubundakı səmimi etirafını nəzərə alaraq rayon məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin 121,3 kv.metr təşkil etdiyi və həmin sahənin “Hüquq" MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 No-li Mənzil Sertifikatında göstərilən sahəyə (134,15 kv.metr) uyğun olmadığı müəyyən edilmişdir. “Hüquq" MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 Ns-İi Mənzil Sertifikatında Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin hansı qayda da hesablanması göstərilmədiyindən mövcud olan uyğunsuzluğun əsaslarını və səbəblərini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş ekspertiza xərcinin dəyəri 50 manat müəyyən edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, əlavə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi qərara alınmış, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilin faktiki sahəsi (əmsallar nəzərə alınmadan) 130,4 kv.metr təşkil etdiyi müəyyən olunur. Aparılmış araşdırmalara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05-05***-******* reyestr nömrəli Çıxarış sənədində göstərilən sahənin mövcud qanunvericiliyin tələblərinə uyğun hesablandığı müəyyən edilmişdir. Hüquq" MTK tərəfindən tədqiq olunan mənzilə dair verilmiş MS-N 000320 nömrəli 22 fevral 2007-ci il tarixli mənzil sertifikatında sözügedən mənzilin tikililərinin sahələri ayrı ayrılıqda göstərilmədiyindən mənzilin faktiki ümumi sahəsi ilə MS-N 000320 nömrəli 22 fevral 2007-ci il tarixli “Hüquq" MTK tərəfindən mənzil sertifikatında qeyd edilmiş sahəsi arasındakı uyğunsuzluğunun fərqinin yaranma səbəblərini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş ekspertiza xərcinin dəyəri 50 manat müəyyən edilmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, qiymətləndirmə hesabatını eyni zamanda qonşuluqda yerləşən mənzilin alğı-satqı müqaviləsini əldə etdiklərini, istinad etdikləri qanunvericilik normalarına əsasən mənzilin kvadratmetrində yaranmış fərqlilik üçün ödənilmiş məbləği tələb etdiklərini bildirmiş və sənədləri təqdim etmişdir.

7. İddiaçının nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 307 9 Yeni qaydalarla: AZ1008, ünvan 3 ünvanının 23 dekabr 2022-ci il tarixinə bazar dəyəri: 280000 manat, likvid dəyəri 266000 manat, təmirsiz bazar dəyəri 235000 manat təşkil edir; 15 may 2006-ci il C/139-13 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının C bloku, 13-cü mərtəbəsində yerləşən ümümi sahəsi 139 m 2 olan yaşayış sahəsinin ümümi dəyəri 34750 ABŞ dolları ; Bakı şəhəri 53 saylı notariat ofisinin 26 oktyabr 2022-ci il tarixli ASİ/507 nömrəli Alğı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 325 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M13, m.3) ünvanında yerləşən daşınmaz əmlakın satış qiyməti 144000 manat məbləğində müəyyən edilmişdir.

8. xx.xx.2022-ci il tarixində məhkəmə iclasında iştirak etmiş Cavabdeh MTK-nin nümayəndəsi X9 məsələnin barışıq yolu ilə həllinin mümkün olmayacağını, binanın 2005-ci ildə tikilib istifadəyə verildiyini, mənzilin layihə sənədlərinə uyğun olaraq səhənin ölçüldüyünü, bu məsələyə Nəsimi Rayon Məhkəməsində baxıldığını, iddianın rədd edildiyini, səbəbin mənzilin Əsgərova Füruzəyə satılması, qarşı tərəfin mənzili Əsgərova Füruzədən alması ilə bağlı olduğunu, Şəhərsalma və Tikinti Məcəlləsinin 2007-ci ildə qəbul edildiyini, binanın isə 2005-ci ildə tikildiyini, bu zaman Sovet qaydalarının tətbiq edildiyini, bu səbəblə ölçünün çöl divarlar nəzərə alınmaqla hesablandığını bildirmişdir.

9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cu maddəsinə əsasən 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir; 194.5. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir.

12. Mülki Məcəllənin 1078-20-ci maddəsinə əsasən 1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir; 1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və həyata keçirilir; 1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir; 1078-20.10. İndossament blanklı (icranın həyata keçirilməli olduğu şəxs göstərilmədən) və ya orderli (icranın həyata keçirilməli olduğu və ya əmri ilə həyata keçirilməli olduğu şəxs göstərilməklə) ola bilər. İndossament yalnız qiymətli kağızla təsdiqlənmiş hüquqları həyata keçirmək tapşırığı ilə, bu hüquqlar indossata verilmədən (təkrar tapşırılan indossament) məhdudlaşdırıla bilər. Bu halda indossat nümayəndə kimi çıxış edir.

13. Mülki Məcəllənin 1078-21-ci maddəsinə əsasən 1078-21.1.Qiymətli kağızla təsdiqlənmiş hüquqlar bu Məcəllənin 993-cü maddəsinə və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür; 1078-21.2. Adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür; 1078- 21.3. Mərkəzi depozitarda saxlanılan adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızların yeni mülkiyyətçisinin “depo” hesabına köçürülməsi yolu ilə ötürülür; 1078- 21.4. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızlar üzrə depozitar sistemində qiymətli kağızlar mülkiyyətçisinin depo hesabından yeni mülkiyyətçinin depo hesabına köçürülməsi yolu ilə ötürülür;1078-21.5. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar yeni mülkiyyətçiyə qiymətli kağızları (sertifikatları) verməklə qiymətli kağız mülkiyyətçilərinin reyestrində müvafiq qeydin aparılması yolu ilə və ya indossament əsasında ötürülür. Mərkəzi depozitarda saxlanılan adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin “depo” hesabından yeni mülkiyyətçinin “depo” hesabına qiymətli kağızların köçürülməsi yolu ilə ötürülür; 1078-21.6.Qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə həmin kağızlara mülkiyyət hüququ keçən andan keçir; 1078-21.7. Veksel, ipoteka (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) və girov kağızları ilə təsdiqlənmiş hüquqlar ixtiyarlı mülkiyyətçinin kağız üzərində etdiyi sərəncam vasitəsi ilə yeni mülkiyyətçiyə ötürülür. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların ötürülməsi bu Məcəllənin 996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 1078-21.8. Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə alınmaqla qiymətli kağızların ayrı-ayrı növləri üzrə hüquqların keçməsinə əlavə üsul və xüsusatlar müəyyən edilə bilər;1078-21.9. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi zamanı qiymətli kağızın sertifikatının yeni mülkiyyətçinin adına rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir;1078-21.10. Yeni mülkiyyətçi hüquqların keçməsi üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin icrası və hüquqların qeydiyyatından sonra qiymətli kağızla təsdiqlənmiş hüquqları əldə edir; 1078- 21.11. Veksel, ipoteka və girov kağızları ilə təsdiqlənmiş hüququ ötürən şəxs (indossant) təkcə hüququn mövcudluğuna görə deyil, həm də onun həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Digər növ qiymətli kağızla təsdiqlənmiş hüququ ötürən şəxs müvafiq tələbin etibarsızlığına görə məsuliyyət daşıyır, lakin onun icra edilməməsi üçün məsuliyyət daşımır.

14. Mülki Məcəllənin 1078-22-ci maddəsinə əsasən 1078-22.1. Sənədli qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar qiymətli kağızların mülkiyyətçisi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir; 1078-22.2. Bu Məcəllənin 996.2- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir; 1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin tapşırığı ilə mərkəzidepozitarda saxlanılan qiymətli kağızın sertifikatının (mülkiyyətçilərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 112, 139-158, 178, 560, 646-654, 987-997, 10xxxx-1078-22; Mülki Prosesual Məcəllənin 2, 8-14, 77, 81-82, 88, 385-390-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış (hüquqları ötürülmüş) münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Cavabdehin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi ötürülmüş hüquqların sonuncu tərəfindən təsdiq edilməsi ilə sübuta yetirilir. İddiaçının mənzil hüquqlarının cavabdeh tərəfindən təmin edilməsi baxımından iddiaçının subyektiv hüquqlarının olmaması əsası ilə iddianın rədd edilməsi yolverilməzdir. Bununla bərabər, ekspertiza tədqiqatı zamanı sahənin faktiki olaraq uyğunsuzluğu müəyyən edilir. Ona görə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməlidir.

16. Göründüyü kimi qeyd edilən qaydalar və əmsallar üzrə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mövcud faktiki sahənin iddia edilən tərzdə fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, sertifikatda əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. İddiaçının birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş sübutların ondan asılı olmayan səbəblərdən təqdim etmək imkanı mükünsüzlüyü sübuta yetirilmədiyindən, apellyasiya icraatı zaman təqdim edilən sübutların müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Bununla belə, sertifikatda qeyd edilmiş ölçülərlə ekspert rəyi ilə müəyyən edilmiş faktiki ölçülərdəki fərqin (134,15- 130,4=) 3,75m2 olması cavabdeh tərəfindən mənzilin ümumi sahəsinin bu ölçüdə çatışmazlığını aradan qaldırılması üzrə mülki məsuliyyətini şərtləndirir. Ona görə kollegiya hesab edir ki, sertifikatda qeyd edilən mənzilin 96588 manat nominal dəyərinin 134,15 m2 sahə kimi olmalı olması, ekspert tərəfindən müəyyən edilmiş 130.4 m2 ölçüdə olan sahə ilə fərq üzrə mütənasib qaydada hesablandıqda, 3,75 m2 az olan sahənin dəyərinin 2700 manat olması müəyyən edildiyindən bu məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır.

18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3638/2021 nömrəli işi üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çatışmayan mənzil sahəsinin dəyərinin qaytarılması” tələbinə dair iddiası qismən- Bakı şəhəri, Xətai propekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilə görə 3,75 m2 çatışmayan mənzil sahəsinə görə 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti – Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar