Məhkəmə qərarları › İş №2(103)-4941/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4941/2024

12.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4941/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər LPO Cavabdeh1 ASCyə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddət bərpa edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASCyə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASCyə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Muğanbank ASCnin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsinə və iddiaçının vəzifəsinə bərpa edilməyinə, cavabdeh LPO Muğanbank ASC-dən əmək müqaviləsi üzrə yaranmış 35000 (otuz beş min) manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği olan 31900 (otuz bir min doqquz yüz) manat və vəkilin xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat,cəmi 67220 (altmış yeddi min iki yüz iyirmi) manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün əlavə 7000 (yeddi min) manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu ifadəsinin LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi qeyd olunmasını xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 320 (üç yüz iyirmi) manat vəkilə çəkilmiş xidmət haqqı İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı əlavə qətnaməsi ilə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin oktyabr ayı üçün 7000 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi və cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin dekabr ayından başlayaraq, xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün 7000 manat məbləğində əmək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Daha sonra cavabdeh LPO Cavabdeh1 ASC xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-1611/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərdən ötürülmüşdür. Belə ki, Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə qeyriiş günləri olmuş, qeyri-iş günlərindən sonra ilk iş günü iyun ayının 20-nə təsadüf etmişdir. Həmin gün isə şikayət verilməsi üçün prosessual müddətin bitdiyi tarix idi. Həmin tarixdə yəni 20 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayəti dəfələrlə əlavə etməyinə baxmayaraq, şikayət sistemə yüklənməmişdir. “Elektron məhkəmə” sistemində yaranmış problemlərə görə şikayəti təsdiqləmək mümkün olmamış və beləliklə, prosessual müddətin bitdiyi tarixdən üzrlü səbəbdən 1 gün ötürülmüşdür. Qeyd edilən üzrlü səbəblərdən şikayət, habelə ərizə 1 gün sonra 21 iyun 2024-cü il tarixdə təqdim edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1611/2024 saylı qətnaməsi cavabdehin EMİS-də yaradılmış elektron kabinetində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən şikayət isə xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə verilmişdir. Göründüyü kimi, həmin qətnamədən şikayət verilməsi üçün son gün xx.xx.2024-cü il tarixi olmuş, lakin cavabdeh LPO Cavabdeh1 ASC həmin qətnamədən EMİS vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə apelyasiya şikayəti verməklə qanunvericiliklə qətnamədən apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Hazırda məhkəmədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1611/2024 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən ötürülmüş prosessual müddətin üzrlü səbəbləri müəyyən edilmir. Belə ki, cavabdeh prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etsə də, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut təqdim etməmişdir. İddiaçı mülki iş üzrə çıxarılmış məhkəmə aktından apelyasiya şikayət verilməsi üçün buraxılmış müddətin EMİS-də yaradılmış şəxsi kabinetinin texniki nasazlıq nəticəsində elektron imzanın işləməməsi ilə əsaslandırmağa çalışsa da, buna dair məhkəməyə müvafiq sübutu təqdim etməmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

9. Cavabdeh LPO Cavabdeh1 ASC elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş edir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, сavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərdən ötürülmüşdür. Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə qeyri-iş günləri olmuş, qeyri-iş günlərindən sonra ilk iş günü iyun ayının 20-nə təsadüf etmişdir. Həmin gün isə şikayət verilməsi üçün prosessual müddətin bitdiyi tarix idi. Həmin tarixdə - yəni 20 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayəti dəfələrlə əlavə etməklərinə baxmayaraq, şikayət sistemə yüklənməmişdir. “Elektron məhkəmə” sistemində yaranmış problemlərə görə şikayəti təsdiqləmək mümkün olmamış və beləliklə prosessual müddətin bitdiyi tarixdən üzrlü səbəbdən 1 gün ötürülmüşdür. Qeyd edilən üzrlü səbəblərdən şikayət, habelə ərizə tərəflərindən 1 gün sonra 21 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. Bununla bağlı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair tərəflərindən ərizə təqdim edilmiş, lakin Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli e-2(005)-1611/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Məhkəmə prosesi zamanı Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən “Elektron məhkəmə” sistemində yaranmış problemlə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin texniki dəstək xidməti ilə əlaqə saxlanıldığı və mövcud problemlə əlaqədar ekran görüntüsünün mövcud olduğu və təqdim ediləcəyi bildirilsə də, məhkəmə bunu nəzərə almamışdır. Ekran görüntüsünün təqdim edilməmə səbəbi ona görə idi ki, məhkəmə bildirişi yalnız əlavə qətnamənin qəbul edilməsi ilə bağlı idi. Məhkəmə prosesi zamanı müddətin bərpasına dair ərizəyə də 28 iyun 2024-cü il tarixdə baxılması məlum olmuşdur (texniki problemlə əlaqədar ekran görüntüsü qoşmada əlavə edilir). Ərizəyə baxılması ilə bağlı bildiriş təqdim edilmədiyi, habelə heç bir məlumat verilmədiyi üçün ekran görüntüsünün də proses zamanı təqdim edilə bilməməsi təbii haldır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

19. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

20. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir.

22. İş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsi cavabdeh LPO Cavabdeh1 ASC-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir.

23. Göründüyü kimi cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1611/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 20 iyun 2024-cü il tarixə qədər olmuşdur.

24. Cavabdeh LPO Cavabdeh1 ASC isə müddət bərpa barədə ərizəni və apellyasiya şikayətini 21 iyun 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə verməklə kassasiya şikayəti üçün müəyyən edilmiş müddəti 1 gün ötürmüşdür.

25. Cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə müddətin ötürülməsinin üzrlü səbəbi kimi 20 iyun 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaranmış texniki nasazlıq göstərilmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmiş və ona istinad edilmişdir ki, cavabdeh tərəfindən göstərilən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

27. Cavabdeh LPO Cavabdeh1 ASC təqdim edilmiş Elektron Məhkəmə Sistemində əməliyyatlarını aparılması zamanı ekran görüntüsünü əks etdirən sənəddən görünür ki, cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən 20 iyun 2024-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin sistemə yüklənməsinə cəhd edilsə də, Elektron Məhkəmə İnformasiya Sistemində nasazlıq yaranmışdır.

28. Göründüyü kimi cavabdeh tərəfindən üzrlü hala dair sübut təqdim edilsə də birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamışdır.

29. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

30. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş ərizə təmin edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ:

Cavabdeh LPO Cavabdeh1 ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1611/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş ərizə təmin edilsin. Qərardaddan şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar