Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4943/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh 8 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, babası X6 miras qalmış ünvan 1-in vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 rəhmətlik babasının mülkiyyətində olmuşdur. Babam 11 fevral 1971-ci ildə rəhmətə getmişdir. Əmisi və atası da rəhmətə getmişlər. Bu barədə ölüm haqqında şəhadətnamələri ərizəsinə əlavə edir. Hazırda qeyd edilən evi vərəsə kimi yalnız o qəbul etmişdir. Qeyd edilən evə vərəsəliyin qəbulu müddəti bütün digər vərəsələr üçün ötürülmüşdür. Belə ki, əmisi uşaqları 35 ilə yaxındır ki, evə qeydiyatları olsa da, çıxıb getmişlər. Hazırda bütün vərəsələrin qeyd edilən miras əmlaka hər hansı maraqları yoxdur. Qeyd olunan hallar nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh 8 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiasının əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Ərizəçi apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi qanunsuzdur. Belə ki, babasının övladları atası və əmisi vəfat etmiş, mübahisəli evi vərəsə kimi o, qəbul edərək istifadə etmişdir. Əmisi uşaqları 35 ildir ki, həmin evdə qeydiyyatda olsalarda yaşamamış, miras əmlakı qəbul etməmiş və buna dair maraqları olmamışdır. Həmçinin dəfələrlə məhkəmə prosesində iştirak etmələri barədə bildiriş göndərilsə də onlar məhkəmə prosesinə də gəlməmiş və mirasın qəbul edilməsində maraqları olmamışlar. Məhkəmə qətnaməsində qeyd edir ki, miras qoyanın oğlu, yəni onun atası 01 mart 2005-ci ildə vəfat etmiş, miras qoyan babası isə 11 fevral 1971-ci ildə vəfat etmiş, miras açıldığı vaxt miras qoyanın oğlu sağ olduğundan o, vərəsə hesab edilə bilməz. Babasının vəfatından sonar atası mirası qəbul etməmiş və bu rəsmiləşdirilməmişdir. Atasının ölümündən sonar o, mirası qəbul edərək idarə etmiş və hazırda da miras əmlakda yaşamaqla istifadə edir. Lakin mülkün sənədləşdirilməsi zamanı bu kimi çətinliklərlə qarşılaşmışdır. Qanuni babasına məxsus miras əmlakı sənədləşdirə bilmir. Həmin əmlak uzun müddətdir ki, vəfat etmiş şəxsin adınadır. Məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, uzun müddət miras əmlakı qəbul etməklə istifadə etməsinə dair hüquq faktın müəyyən edilməsidən imtina etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh 8 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və 8 saylı Notariat Ofisinin notariusu Vəsilə Nəcəfova məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən 8 saylı Notariat Ofisinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Ərizəçi verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı Ərizəçi apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı Ərizəçi izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ərizəçi apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur və bu hüquq 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X12 11 fevral 1971-ci il tarixdə vəfat etmiş və onun adına 30.03.2019-cu il tarixdə miras qalmış əmlaka dair 8 saylı Notariat Kontorunda 93\2019 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı Ərizəçi mübahisə predmeti olan müvafiq miras əmlakın xüsusi mülkiyyət hüququ əsasında onun babasına məxssu olduğunu, onun atası və digər ailə üzvləri ilə birlikdə həmin evdə uzun mddətdir yaşaması halını, hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşaması halını, babasının başqa digər vərəslərinin həmin evdə qeydiyyatda olsa da, o evə heç bir tələblərinin olmaması halını əsas gətirərək, babasının vərəsəsi kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istianad etmişdir. Məhkəmə kollegiyası iddiaçı Ərizəçi apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Qaradağ rayon İHB-nın Lökbatan qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 279 saylı, 04.04.2019-cu il tarixli arayışın surətindən görünür ki, Ərizəçi, X13, X14 1971-ci ildən qeydiyyatdadır, hazırda gəlini X15 1981-ci ildən, Ərizəçi nəvəsi 1981-ci ildən, X3 gəlini 1973-cü ildən, X16 nəvəsi 1974-cü ildən, X21i nəvəsi 1987-ci ildən, X25 nəvəsi 1982-ci ildən, X22 nəvəsi 1976-cı ildən, X17 nəticəsi 2001-ci ildən, X23 nəticəsi 2016-cı ildən Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi ev 15 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. (İ.v. 6) İş matereilalarında olan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi X8 məxsusdur və 10.06.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 520 nömrəli reyestr kitabının 49020 nömrəli vərəqində qeydiyyata alınmışdır. (İ.v. 11) İş materiallarında olan 15.04.2019-cu il tarixli “Elektron notariat” X1 Çıxarışın məzmunundan görünür ki, ünvan 3 ünvanında X18, Ərizəçi, X3, X16, X19, X25, X20, X22, X20, X17 və X23 qeydiyyatdadır. (İ.v. 42) İş materiallarında olan, 8 saylı Notariat Ofisinin 60 saylı, 17 aprel 2019-cu il tarixli məktubunun surətindən görünür ki, 11 fevral 1971-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş və 93\2019 saylı vərəsəlik işi açılmışdır. X7 vəfat etməsi ilə əlaqədar 2019-cu ildə onun vərəsələrindən Ərizəçi mürcaiət etmişdir. (İ.v. 43) İş matеriallarında olan, Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cü il tarixli, AZ-İ № 980714 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X12 11 fevral 1971-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1971-ci ilin fevral ayının 26 günündə 16 № ilə qeyd edilmişdir. (İ.v. 8) İş matеriallarında olan, Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cü il tarixli, AZ-İ № 980713 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X14 01 mart 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin mart ayının 09 günündə 120 № ilə qeyd edilmişdir. (İ.v. 8) İş matеriallarında olan, Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cü il tarixli, №82/69 saylı arayışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X14 15 oktyabr 1952-ci ildə Bakıda anadan olmuşdur. Bu barədə 25.10.1952-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 695№-li doğum haqqında akt qeydi tərtib olunmuşdu. X2r. (İ.v. 35) İş matеriallarında olan Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən 22 dekabr 1981-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 492475 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətdən görünür ki, X24 xx xxxxxx 1981-ci ildə Bakı çəhərindədoğulmuşdu və bu barədə doğum haqqında akt qeydləri kitabında 1981-ci ilin dekabr ayının 22 günü 585 №-li akt qeydi icra edilmişdir. X5, anası X10r. (İ.v. 38) Bibirinci instansiya məhkəməsi belə nəticəyə glmişdir ki, iddiaçı miras qoyanın nəvəsidir, miras qoyanın oğlu qismində çıxış edən iddiaçının atası 01 mart 2005-ci il tarixdə vəfat etmiş, miras qoyan isə 11 fevral 1971-ci il atrxidə vəfat etmişdir. Deməli mirasın açıldığı vaxt miras qoyanın oğlu (iddiaçının atası) sağ olmuşdur. Mülki qnaunvericiliyin tələbinə əsasən nəvə o halda vərəsə hesab edilir ki, miras qoyanın öldüyü məqamda miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın (MM-nin 1159.1.3-cü maddəsi). Göründüyü kimi, iddiaçının atası miras qoyanın öldüyü məqamda sağ olduğundan, iddiaçı nəvə qismində babasının vərəsəsi hesab edilmir, yəni iddiaçı Ərizəçi nəvəsi kimi babası X7 vərəsəsi hesab edilmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının babası X7 vərəsəsi kimi müvafiq miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən: 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci növbəli vərəsələri hesab olunur; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ərizəçi apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki cavabdeh Nahid Həsənovun apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı Ərizəçi apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı Ərizəçi apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı Ərizəçi apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ərizəçitərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-364/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4943/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4943/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver