Məhkəmə qərarları › İş №2(103)-4943/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4943/2024

16.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4943/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4913/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurduqları 300.000 manat məbləğində zərərin əvəzi olaraq, Cavabdeh1 məxsus mənzilin, məhz, ona məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alındığı nəzərə alınmaqla, hərrac yolu ilə satışından əldə edilən pul vəsaitinin, zərərin digər - çatışmayan hissəsi miqdarında pul vəsaitinin isə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4913/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi qaydasında üzərinə həbs qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil məhz cavabdeh - Cavabdeh1 məxsusdur və o, Azərbaycana gəldiyi zamanlarda həmin mənzildə qalır. Bu mənzil də Binəqədi rayonunun ərazisindədir. Məhkəmənin qəbul etdiyi qərardadın 2-ci səhifəsinin 6cı abzasında istinad etdiyi Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddasinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavablerdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməsi mümkün olduğundan, iddia ərizəsi düzgün olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. İkincisi - hazırki mübahisə üzrə tərəfindən bütün məhkəmələrə təqdim etdiyi və cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 ilə arasında bağlanmış Barışıq Razılaşması haqqında müvafiq olaraq xx.xx.2011-ci il tarxili və xx.xx.2011-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh1 Rusiya vətəndaşıdır və belə olduğu halda da Cavabdeh1 haqqında elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat həqiqəti əks etdirməməklə yanaşı, cavabbdeh Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə Xəzər RPİ tərəfindən verilmiş AZE ******** şəxsiyyət vəsiqəsi də onun polisə verdiyi saxta məlumatları əsasında əldə edilmişdir. Beləliklə, hazırki işdən o da müəyyən olunur ki, Cavabdeh1 Rusiyanın vətəndaşı ola-ola bu məlumatı qəsdlə və bilərəkdən bu günədək gizlətmiş və bunun nəticəsində də xx.xx.2024-cü il tarixdə, 23 saylı Notariat ofisində vəkili - X3 adına verdiyi etibarnamə də qanunsuz olaraq əldə edildiyindən etibarsız hesab olunmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, 3-cü cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı irəli sürülmüş tələbin nədən ibarət olması və ya bu cavabdehin dövlət büdcəsindən maliyyələşdiyindən (hər halda hadisənin baş verdiyi ərəfələrdə) onun əməkdaşlarının cinayət əməlləri nəticəsində ona vurulan zərərin dövlət büdcəsindən ödənilməsinin nəzərdə tutulmasını, həmçinin, bu tələbin kimlərə və hansı miqdarda olması iddia ərizəsində aydın şəkildə göstərmişdir. Beləliklə, iş üzrə, üçüncü cavabdeh - Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi onunla bağlı olmuşdur ki, məhz idarənin əməkdaşlarının hazırki iş üzrə cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 ilə cinayət əlaqəsinə girərərək ona məxsus əmlakın birgə mənimsənilməsinin həyata keçirildiyi tam təsdiq olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4913/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)- 4913/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzinin tutulmasını tələb edir. İddia üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdeh1 ünvanı kimi ünvan 1 də, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən bu cavabdeh rəsmi olaraq Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 554"A"¹-Li bağ evi üzrə, digər Cavabdeh2 isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, T.H.Məmmədov küçəsi, 554v saylı bağ evi üzrə qeydə alınmışdır. İddia üzrə digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquqi ünvanı isə Bakı şəhərinin Nərimanov rayonudur. Bununla belə cavabdehlərin hər hansı birinin rəsmi qeydə alındığı (eyni məna verən rəsmi yaşayış yeri) yer və ya hüquqi ünvan ərazi aidiyyəti qaydaları baxımından hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılmasını istisna edir. Mövcud vəziyyətdə iddia tələbində göstərilən mənzilin Cavabdeh1 mülkiyyətində olması hazırki iddianın məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün əsas yaratmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hüquqi nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hər hansı tələb irəli sürülməmişdir. Belə ki, iddia üzrə maddi zərərin bir hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1, çatışmayan hissədə isə bu qurumdan deyil, Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutulması tələb edilir. Dövlət büdcəsinə nəzarəti isə öz səlahiyyətləri daxilində bu qurum deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Başqa sözlə, iddiaçı tərəfindən hazırki iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərkən həm ərazi aidiyəti qaydalarına aid tələblərə əməl edilməmiş, həm də cavabdeh qismində müəyyən edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hər hansı tələb irəli sürülməmişdir. Qeyd edilənlər öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4913/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149-152-ci, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4913/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar