Məhkəmə qərarları › İş №2(103)-4944/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4944/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4944/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qətnaməsindən iddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1027/2021 nömrəli icra sənədinə əsasən cavabdeh İddiaçı cəmi 34.381,96 ABŞ dollan məbləği qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borcun, 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 22 saylı evin 01 saylı mənzilinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 95.000 manat müəyyən edilməsi, ipoteka predmeli olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 22 saylı evin 01 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı, X3, X1 və Maraqlı şəxs çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi qət edilmişdir.

2. İddiaçı, X3, Qədirova (Məmmədova) Günel Vidadi qızına, Maraqlı şəxs, Sabunçu rayon İcra şöbəsinə, LPO "xxxx" ASC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli № 01 saylı və xx.xx.2022-ci il tarixli № 02 saylı bildirişlərdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1027/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 80.750 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4037.50 manat müəyyən edilmişdir.

3. İddiaçı, X3, Qədirova (Məmmədova) Günel Vidadi qızına, Maraqlı şəxs, Sabunçu rayon İcra şöbəsinə, LPO "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli təklifin surətindən görünür ki, Sabunçu rayon İcra Şöbəsinin No 567-73966/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna asasan ipoteka yüklü Baki sahari, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzilinin təkrar hərracın baş tutmaması barədə "Birja yeniliklari" qazetinin xx.xx.2022-ci il tarixli nömrasində elan dərc edilmişdir, "İpoteka Haqqinda" Qanunun 43.7-ci maddasinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,50 manat olmaqla ipoteka saxlayana təklif olunur.

4. “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.

5. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə № 35/03 saylı protokola əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzili 60.562,50 manata ipoteka saxlayan LPO "xxxx" ASC-yə satılmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47.11 kv.m olan mənzil LPO "xxxx" ASC-nin tam payda xüsusi mülkiyyətindədir. Dövlət reyestrində qeydiyyat tarixi – xx.xx.2022-ci il.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 35/03 nömrəli “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ondan doğuran hüquqi nəticələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və restitusiya qaydasında qeyd olunan mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, icra sənədi icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra Şöbəsi mübahisəli mənzillə bağlı hərracın keçrilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Hərrac Mərkəzində hərrac keçirilən zaman mübahisəli mənzilin satışı həyata keçrilməmişdir. xx.xx.2022-ci il tarixdə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzili “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 60.562,50 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdiyi üçün ona verilmişdir. Halbuki, hərracın yekunları barədə protokol tərtib edilsə də, həmin protokol nə hərracı keçirən təçkilat tərəfindən, nə də tələbkar tərəfindən imzalanmamış və müvafiq möhürlə təsdiqlənməmişdir. Lakin "xxxx" ASC-nin Ləğvedicisi "Əmanətlərin Sığortalanması Fondu" iddiaçıya məlum olmayan hansı vasitə ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü İl tarixli, 35/03 nömrəli “Hərracın yekunları barədə protokolu aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir. İlkin olaraq nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə İddiaçı məlumatı olmamış və bu barədə ona heç bir bildiriş verilməmişdir. Göründüyü kimi, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən hərrac təşkilatını seçməmiş, hərrac təşkilatı tərəfindən ipoteka qoyana hərrac barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməmiş, ilkin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi qaydalarına riayət olunmamış, qanunvericiliyin çoxsaylı tələbləri kobud pozulmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** nömrə ilə aparılmış qeydiyyat qanunsuz olduğundan xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarış ləğv edilməlidir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar LPO "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

11. Bununla yanaşı, məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 22 saylı evin 01 saylı mənzili ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur.

12. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı hallarda icra məmurunun ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən hərrac təşkilatını seçmədiyini qeyd etsə də, mülki iş materiallarından iddiaçının hərrac təşkilatının seçilməsi barədə hər hansı müraciətinin olması yaxud da bununla bağlı təşəbbüs göstərməsi müəyyən olunmur. Göründüyü kimi, hazırda iddiaçı belə bir dəlil irəli sürsə də, həmin dəlillər formal əsas kimi qiymətləndirilir.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından da görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus mənzil kreditin qaytarılmasının təminatı kimi 2021-ci ildən bank qarşısında yüklü olmuş, hərrac bundan 1 il sonra – 2022-ci ildə keçirilmişdir. İddiaçı hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi və bununla da kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı qanuni cəhdlər etməmişlər. Belə olan təqdirdə İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə, “İpoteka haqqında” Qanunun: 41.2, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 62.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1., 119.1, 217.2, 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

19. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-dən hərracın hansı formada keçrilməsi barədə tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, guya hərrac şirkəti tərəfindən hərracın keçrilməsi barədə iş üzrə bütün tərəflərə məlumat verilmişdir. Həmin iş üzrə tərəflərdən biri o olsa da, bu barədə ona məlumat verilməmişdir. Əgər ona məlumat verilmişdirsə, deməli o zaman müvafiq xəbərnamədə ona məxsus imza olmalıdır. Qeyd olunan bu hallar göstərir ki, onun illərlə yaşadığı mənzili hərracın qanunsuz hərəkətləri ilə bank öz adına keçirir. Lakin hərrac protokolunda hər hansı bir təsdiq yoxdur. Hesab edir ki, ya hərrac tərəfindən ya da bank tərəfindən hazırkı mülki iş məhkəmədə ola-ola, sonradan hərrac protokolu tərtib edilmişdir. Necə ola bilər ki, hərrac keçrilmiş və bu barədə icra şöbəsinin təsdiq edilmiş imza və möhürü yoxdur? Deməli tərəflərdən kimsə qanunsuz addım atmışdır. Bu görünən isə odur ki, "xxxx" MMC tərəfindən çox ciddi pozuntulara yol verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzili “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7ci maddəsinə əsasən 25 % aşağı olan qiyməti 60.562.50 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdiyi üçün ona verilmişdir. Halbuki, hərracın yekunları barədə protokol tərtib edilsə də, həmin protokol nə hərracı keçirən təçkilat tərəfindən, nə də tələbkar tərəfindən imzalanmamış və müvafiq möhürlə təsdiqlənməmişdir. Hərrac təşkilatının bu qanunsuz hərəkəti onun maraqlarına toxunur. Belə ki, mübahisəli mənzildən çıxarılan şəxslər siyahısında onun və övladlarının da adı keçir. O, bu mənzili birgə nikah dövründə İddiaçı ilə birlikdə əldə etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hərracın keçirilməsi barədə tərəflərə bildiriş verilməmişdir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən hərrac təşkilatını seçməmiş, hərrac təşkilatı tərəfindən ipoteka qoyana hərrac barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməmiş, ilkin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi qaydalarına riayət olunmamış, qanunvericiliyin çoxsaylı tələbləri kobud pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən olunur ki, ipoteka predmeti olan əmlakların hərracdan satılması ilə bağlı Sabunçu rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilin satışını təşkil etmişdir.

31. İşdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh hərrac təşkilatı tərəfindən hər iki hərracla, habelə hərracın baş tutmaması ilə bağlı bildirişlər sifarişli poçt göndərişi ilə İddiaçı, X3, Qədirova (Məmmədova) Günel Vidadi qızı, Maraqlı şəxs icra vərəqəsində göstərilən rəsmi qeydiyyatda olduqları ünvanlarına göndərilmişdir.

32. Bundan başqa, cavabdeh tərəfindən bununla bağlı mediada da elanlar dərc edilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatının üzərinə ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildirişin göndərilməsi vəzifəsi qoyulmuşdur, həmin bildirişin ipoteka qoyana çatdırılması deyil.

34. O da qeyd edilməlidir ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti icra sənədində göstərilmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac baş tutmadığından ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış, hərrac baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə etmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı və qətnamə maraqlarına toxunan şəxs hərracın yekunlarına dair protokolun nə hərracı keçirən təçkilat tərəfindən, nə də tələbkar tərəfindən imzalanmadığını və müvafiq möhürlə təsdiqlənmədiyini bildirsələr də, işdə olan xx.xx.2022-ci il tarixli, 35/03 nömrəli protokoldan (iş 1-ci cild, v. 64) görünür ki, sözügedən protokol həm hərrac təşkiları, həm də LPO "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

36. Bundan başqa, kollegiya qeyd edir ki, imzalanmamış və möhürlənməmiş protokol əsasında ipoteka predmetini əldə etmiş LPO "xxxx" ASC-nin mülkiyyət hüquqlarının Dövlət qurumu tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması da ağlabatan deyil.

37. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hərrac təşkilatının seçilməsi ilə bağlı hər hansı təşəbbüs göstərməmiş, habelə hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi və bununla da kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı cəhdlər etməmişdir. İddiaçının və qətnamə maraqlarına toxunan şəxsin kredit müqaviləsi üzrə yüksək məbləğdə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın hüquqi taleyi ilə maraqlanmaması da inandırıcı deyil.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri həmin şikayətləri vermiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar