Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4945/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(002)-266/2021nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və himayəsində olan azyaşlı qızları X5 və X6 ilə birlikdə ünvan 1 ünvanın yanında yerləşən cehiz əşyaları olan fərdi yaşayış evinə köçürülməsi və maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı 23.02.2021-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə ərzəsini təqdim etməklə, iddia ərizəsinin “xahiş etdi” hissəsini dəqiqləşdirərək, özünün və himayəsində olan azyaşlı qızları X5 və X6 ilə birlikdə ünvan 2 ünvanda yerləşən cehiz əşyaları olan fərdi yaşayış evinə köçürülməsi və maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə aralarında nikah bağlanmamışdan əvvəl onun hazırda qeydiyyatda olduğu ünvan 3 ünvanın yaxınlığında tikdirdiyi fərdi yaşayış evini onun atasının köməyi ilə təmir etdirib tam yaşayış üçün şərait yaratdıqdan sonra cehiz əşyaları ilə birlikdə həmin fərdi yaşayış evinə gəlin köçürülmüşdür. Həmin fərdi yaşayış evində yaşadıqları dövrdə 01.11.2015-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Son bir ildə cavabdeh ona qarşı şiddət göstərmiş, daima onu və valideyinlərini təhqir etmiş, şəxsiyyətlərini alçaltmışdır. Bu ilin fevral ayında cavabdeh uşağının xəstəliyi ilə bağlı anasının onlara gəlməsi üzündən onu döyüb təhqir etməklə, hamilə vəziyyətində yaşadığı fərdi mənzillərindən qovmuş, bir daha evinə qayıtmağı qadağan etmişdir. Bundan sonra, 16.07.2020-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. Hazırda başqa yaşayış yeri yoxdur və körpə uşaqları ilə ata evinə sığınıb. Hesab edir ki, Azərbaycan Respublikası MPM və MM-nin müvafiq maddələrinə əsasən iddiası təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-266/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı özünün və himayəsində olan azyaşlı qızları X5 və X6 ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsassız sayılaraq rədd edilmiş, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikilidir, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikahyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia təlbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan onun yalnız iddia tələbinin təmin edilən hissəsinin mübahisələndirildiyi aydın olur. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 154678 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 27.12.2014-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1054 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ İV seriyalı 476077 və AZ İİİ seriyalı 665485 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 01.11.2015-ci il təvəllüdlü X5 və 16.07.2020-ci il təvəllüdlü X6 adlı 2 (iki) azyaşlı uşağı var. İş materiallarında surəti olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(002)-2410/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27.12.2014-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 1054 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01.11.2015-ci il təvəllüdlü X5 və 16.07.2020-ci il təvəllüdlü X6 İddiaçı yanında və himayəsində saxlanılması, 01.11.2015-ci il təvəllüdlü X1 və 16.07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08.10.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat, 16.07.2020-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 119 saylı Mənzil- Kommunal sahəsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanda qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsinin dindirdiyi şahidlər mübahisəli evin cavabdehin dayısı X3 tərəfindən tikilidiyini, sonuncunun cavabdehə öz evi olana kimi həmin tikilidə yaşamasına icazə verdiyini, cavabdehin toya qədər həmin tikilini dostlarının köməyi ilə təmir etdiyini təsdiq etmişlər. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir, tərəflərin rəsmi nikahda olduğu vaxtdan əvvəl mövcud olmuş, iddiaçı həmin evə nikah bağlandıqdan sonra 27.12.2014-cü ildə köçmüş, 2020-ci ilin fevral ayından isə həmin evdə yaşamır. Tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçı mübahisəli evin onun atasının köməyi ilə təmir olunub yaşayış üçün şərait yaradıldıqdan sonra cehiz əşyaları ilə birlikdə həmin evə gəlin köçürüldüyünü iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla mübahisəli evin iddiaçının atasının köməyi ilə təmir edilməsi halı təsdiq edilməmişdir. Yanaşı yoxlanılmış şahid ifadələri ilə mübahisəli evin cavabdehin dayısı tərəfindən tikildiyi, sonuncunun cavabdehə öz evi olana kimi həmin tikilidə yaşamasına icazə verdiyi, evin toydan əvvəl dostlarının köməyi ilə cavabdeh tərəfindən təmir olunduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası ümumiyyətlə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin dayısı X3 tərəfindən aparılmış özbaşına tikintinin iddiaçının atasının köməyi ilə təmir edilməsi halının təsdiq edilməsi başqa hüquqi nəticələrə səbəb olmaqla, hazırkı iddianın təmin edilməsinə əsas da deyil. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibətlər 2014-cı il tarixində yarandığından və özbaşına tikili olan mübahisəli ev barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması olmadığından, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi tikintini aparmış şəxslə iddiaçı arasında ailə münasibətlərinə xitam verildikdən sonra iddiaçının həmin tikintidən istifadə hüququnun saxlanılacağana dair razılaşma olmadığınından, bununla da hazırkı iddia tikintidən istifadə hüququ saxlanılmayan şəxs tərəfindən verildiyindən, eləcə də məhkəmənin qüvvədə olan yekun aktına əsasən tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqlarının yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığından, mübahisəli tikinti isə iddiaçının yaşayış yeri olmadığından, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair nəticəsi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-266/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4945/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4945/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver