Məhkəmə qərarları › İş №2(103)-4945/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4945/2023

02.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4945/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı mülki iş üzrə ( Açar sözlər: əmrin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1518/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinisti vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı əmək qanunvericiliyinin tələblərini pozduğuna və ADY-yə qəsdən maddi ziyan vurduğuna görə "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin xx.xx.2021-ci il tarixli, 126684 nömrəli əmri ilə tərəflər arasında bağlanılmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdən gec olmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir.

3. İddiaçının anası bununla bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində X5 Xidmətinə müraciət etmişdir.

4. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən – onun işdən azad edilməsinə dair hissəsində ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli LD rəisi qanunları, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini, Prezidentin göstərişlərini formal hesab edərək, qərəzli şəkildə ona həmişə hədə-qorxu gəldikləri kimi, neqativ əməllərini həyata keçirərək, maddi maraqlara görə maşinist vəzifəsindən azad etmişdir. Əsassız səbəb isə xx.xx.2021-ci il tarixdə onun, Daşburun st. Teplovozu idarə edən vaxt saat 22:25 radələrində köməkçisi E.İbrahimov 150 litr dizel yanacağını ondan xəbərsiz oğurlamışdır. Sonra məlum olmuşdur ki, bu işi əvvəlcədən rəis E.Vəliyev (onun həmyerlisi) və təlimatçı F.Soltan planlaşdırmışlar. Bunu ona köməkçisi özü söyləmişdir. İmişli ML idarə edilməsi idarəsinin rəisi Elşən Vəliyev maşinist köməkçisi E.İbrahimov (həmyerlisi) təlimatçı Famil Soltanovla əvvəlcədən, bu işi planlaşdırmış qərəzli tərzdə digər marağı olmayan şəxslərin iştirakı olmadan akt yazmış, işi istintaqa vermişlər. Halbuki, o, 2008-ci ildən 2021-ci ilə, yəni qanunsuz işdən azad edilənə kimi İmişli LD-da çilingər, maşinist köməkçisi və maşinist işləmiş, hətta xırda nöqsanlara yol verməmişdir. Babası da 45 il LD-da maşinist işləyib. Ona qərəzli şəkildə E.Vəliyev və F.Soltanov çoxdan həyata keçirmək istədikləri, «şərləmə» metodlarını işə salmışlar. Belə ki, əvvəlcədən, onlar, yəni, rəis müfəttiş, həmkarlar təşkilatının sədri sözləşərək, ona qarşı, qanunsuz metod və üsullarını işə salmış, köməkçisinə (E.İbrahimova) də hədə-qorxu gələrək, teplovozdan yanacağın onun oğurladığını söyləməsini tələb etmiş, o da işindən azad ediləcəyindən ehtiyat edərək onun üzünə durmuşdur. Əgər, 150 litr oğurlanan dizel yanacağı minik maşınından, evdən, yaxud əlində digər şəxslərə satılması baş versəydi bu həqiqət olardı. Ona görə də, bu qeyriinsani, qanunsuz hərəkətlərdə, əsas və başlıca məqsəd onu işdən azad etmək, onun əvəzinə, maddi maraqlara görə digər şəxsi işə qəbul etməkdən ibarətdir. Birincisi, saat 22:25 radələrində (iş vaxtı qurtaran) rəis, təlimatçı, idarənin HT-nın sədri və s. dərhal akt tərtib etmələri qanunlara tam ziddir. İkincisi, əgər cinayət baş vermişdirsə, İmişli st. XPŞ-yə məlumat verilməli idi (onlar "xxxx" QSC-yə məlumat veriblər). Üçüncüsü, etmədiyi oğurluğa görə ADY rəhbərliyi tərəfindən onun əmək müqaviləsinə xitam verilmiş, rəis E.Vəliyev isə onu aldadaraq (başqa işə keçirmək adı ilə) ərizəsini almışdır. Dördüncüsü, törətmədiyi əmələ görə rəis, ona «töhmət», «şiddətli töhmət», «aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək» və s. tədbirləri görə bilərdi (əgər təqsirli olsaydı belə). Ona görə də, bu «oğurluq» işinin rəis tərəfindən tam qərəzli, maddi maraqlarına görə edilməsi, təkzibolunmaz faktlarla təsdiq edilir. Beşincisi, bu hərəkətlərə görə aparılmış istintaq və təhqiqatla onun əməlində cinayət hadisəsi olmadığından işə xitam verilmişdir. 13 aydır ki, əmrin surətinin verilməməsi qanunlara, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam zidd olması qanunsuzluqları sübut edir (şikayət verilməməsi üçün). Yardım almır, obyekti yoxdur, yalnız atasının əlilliyə görə təqaüdü ilə güclə dolanırlar. İki azyaşlı övladı var (13 və 15 yaşlarında). Atası ikinci dərəcəli Çernobıl əlilidir. 44 günlük Müharibədə, ağır pandemiya dövründə gecə-gündüz vicdanla çalışmış, idarə etdiyi teplovozun saz olması, yüklərin ünvanlarına vaxtında çatdırılmasını təmin etmiş, amma idarənin rəhbərliyi bu fəaliyyətinə də qərəzli münasibət bəsləmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı əmək kitabçasının əslini xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Eyni zamanda, iddiaçının anası X2 iddiaçının hüquqlarının pozulması barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə X5 Xidmətinə müraciət etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, əmrin qəbul edildiyi gündən 1 il 2 ay 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddia müddəti buraxıldığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1518/2023 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbəri olmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. İddiaçı qeyd edilən müddətin xeyli ötürülməsini Əmək Müfəttişliyinə müraciət etməsi ilə əlaqələndirir. Lakin iddiaçının xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə Əmək Müfəttişliyinə müraciət etməsi səbəbindən iddia müddətini ötürməsi üzürlü hal hesab olunmur. İddiaçı hər bir halda qanunla müəyyən edilmiş 1 ay iddia müddəti ərzində məhkəməyə iddia ərizəsi təqdim etməli idi.

10. Bundan başqa, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır, həmçinin qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə, 296.2-ci maddəsinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia ərizəsi üzrə heç bir araşdırma aparılmadan, şahidlər dindirilmədən işə birtərəfli qaydada qeyri-obyektiv baxılmışdır. “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı və ya “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı və ya “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın, mediasiya prosesinə xitam verilməsi haqqında protokolun tərəflərə təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur. İddiaçıya işdən azad olunma əmri vaxtında verilməmiş, o X3, Mediasiya təşkilatına müraciət etmişdir. Ona mediasiya arayışı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və iddia ərizəsi tərtib edərək dərhal məhkəməyə vermişdir. Məhkəmə qanunun tələblərini nəzərə almamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə həmin normanın tələblərini pozmaqla əmək müqaviləsinə xitam verən cavabdehin hərəkətinə düzgün hüquqi qiymət verməyib, araşdırma aparılmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmiş, bunu təsdiq edən sənədi birinci instansiya məhkəməsinə təqdim etmişdir. Sənədin surətini yenidən təqdim edir.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: -İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

21. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: -İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

22. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: -X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. -Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh - işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli, 126684 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmiş, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir.

29. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçasının əslini almış, bundan sonra iddiaçının anası xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə X5 Xidmətinə, daha sonra Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.

30. Məhkəmə kollegiyası iddiaçının “mediasiya prosesinin tətbiq olunmasının tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması barədə” apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət etməmişdən öncə olan müddətin və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış alındıqdan sonra məhkəməyə müraciət olunan müddətin cəmi əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddətdən xeyli çoxdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1518/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar