Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4945/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4945/2024 (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (əri) X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1898/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiya komissiyasının qərarı və onun nəticəsi barədə 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsi göstərilir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsaslanaraq elmi işçinin kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirlməsinə qeyd olunduğuna, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyasının keçirilmədiyinə və iddiaçının X10 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərər əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Akademik Z.Əliyeva adına E.T.G.X. İnstitutunda (indiki X10 adına Milli Oftalmologiya Mərkəzi) 02 avqust 1999-cu ildən oftalmologiya üzrə bir illik internatura keçmək üçün həkim-interna təyin olunmuş, daha sonra cərrahiyyə bərpa şöbəsində həkim oftalmoloq işləmişdir. 05 iyun 2009-cu il tarixindən Elm və klinika üzrə işçilərin Tarifikasiya Siyahısına əsasən “Katarakta cərrahiyyəsi” şöbəsinə (hal-hazırda “Mikrocərrahiyyə bölməsi”) kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. Mərkəzinin rəhbərliyi tərəfindən 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmr qəbul olunana qədər öz vəzifələrini icra etmişdir. Onu qəsdən işdən çıxarmaq məqsədi ilə Mərkəzdə keçirilən attestasiyaya qanunsuz olaraq cəlb olunmuş və guya attestasiyadan keçməməyi əsası ilə işdən azad edilmişdir. Halbu ki, işlədiyi 24 illik müddət ərzində daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır. Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almış. X1 14 sentyabr 2026cı il tarixinədək etibarlıdır. Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişdir. Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi-praktik konfranslarda iştirak etmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi ona adından da göründüyü kimi praktik tibb ilə məşğul olmaq səlahiyyəti verdiyindən, işlədiyi X10 adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. X10 adına Milli Oftalmologiya Mərkəzinin Masallı, Şəki şəhərlərində olan filiallarında on beş günlük ezamiyyətlərdə olmuş, həmin şəhərlərdə xəstələrin qəbulunu həyata keçirmiş. İyirmi dörd ildən çox iş stajı olduğu halda, qərəzli şəkildə başqa vakant vəzıfələrə keçirilməmişdir. İşdən azad olunma barədə əmrin surətini və attestasiya komissiyasının qərarını hazırki günədək almamışdır. Cavabdeh X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli Əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmrlə razılaşmadığından, 21 dekabr 2023-cü il tarixində tərəfə mediasiya təklifi göndərmişdir. Cavabdehin nümayəndəsi Mediasiya təşkilatı tərəfindən təyin olunan 18 yanvar 2024-cü il tarixli mediasiya prosesinə də gəlməmiş və Mediasiya təşkilatı tərəfindən 18 yanvar 2024-cü il tarixli İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış verilmişdir. Bildiri ki, tibb sahəsində fəaliyyətinə tibb bacısı kimi başlamış, daha sonra oftalmologiya üzrə həkim-interna, həkim oftalmoloq və kiçik elmi işçi işləmişdir. Hazırki mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən qanunsuz hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsi qanunsuzdur, həmin əmr ləğv olunmalı və əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. İşdən qanunsuz azad olunmağı nəticəsində ona mənəvi ziyan da dəymişdir. 24 ildən çox işlədiyi X10 adına Milli Oftalmologiya Mərkəzindən onun rəhbərliyi tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Bu hərəkətləri ilə həmin vəzifəli şəxslər onu iztirablara məruz qoymuşlar. Ona dəymiş mənəvi ziyanı 5000 (beş min) manat məbləğində qiymətləndirir.
5. İddia ərizəsinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli əmrinin, işdən azad edilməyə əsas olmuş attestasiya komissiyasının qərarının, kiçik elmi işçi vəzifə təlimatının və digər sənədlərin surətləri cavabdeh tərəfindən vəsatətlə tələb olunmuşdur. Hal-hazırda cavabdeh tərəfindən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük laborant) vəzifə borcları barədə Təlimatın surəti, nəhayət ki, məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh tərəfindən 24 noyabr 2023-cü il tarixli 1750/1 saylı cavabdehin iş yeri üzrə yaradılmış Attestasiya Komissiyasının sədri t.e.d. Hicran Namazova tərəfindən imzalanmış X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələri cədvəl şəklində təqdim edilmişdir. Sənədin adı Azərbaycan Respublikası X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin cədvəlidir. Həmin Cədvəlin “Mikrocərrahiyyə Bölməsi” hissəsində “İşçinin soyadı, adı, atasının adı - İddiaçı, Tutduğu vəzifə - kiçik elmi işçi, Attestasiyadan keçdiyi tarix - xx.xx.2023, Attestasiya Komissiyasının qərarı - tutduğu vəzifəyə uyğun deyil, Attestasiya Komissiyasının tövsiyələri - İşdən azad etmək. Səbəb: Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilmişdir. Nəzərə alınmalıdır ki, 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmrdə əsas olaraq Attestasiya vərəqəsi göstərilmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci bəndinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 67-ci maddəsinin 6-cı bəndinə əsasən, Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Göründüyü kimi, yuxarıda göstərilən əsaslara görə hazırki iddia tələblərinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikası X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrində iddiaçının işdən azad olunmasının səbəbi olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilməsi onun əmək vəzifələrinə Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinin aid olması və praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsasən, Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir, göstərilmişdir. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, Aşağıdakı işçilərin attestasiyası keçirilmir: Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; Qanun tələblərindən göründüyü kimi praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir. Aşağıdakı şübutları Məhkəmənin diqqətinə çatdırmaqla bildirir ki, X10 adma Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olmağını təsdiq edən aşağıdakı sənədləri təqdim edir: 1) 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır (iş materiallarına əlavə edilmişdir). 2) Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almışdır. X1 14 sentyabr 2026-cı il tarixinədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). 3) Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişdir. 4) Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi- praktik konfranslarda iştirak etmişdir. O cümlədən Azərbaycan Gənc Oftalmoloqların İ Qurultayı 2007-ci il, X7 85 illiyinə həsr olunmuş Konfrans - 2008-ci il Bakı, Azərbaycan Retinolo'qlann Vİİ Konfransı 2002- ci il Lənkəran, Akademik Z.Əliyevanın 100 illiyinə həsr olunmuş Konfrans 2023. 5) Son 2023-cü il ərizndə reffaksiya patologiyalan, katarakta, infeksion xəstəliklər üzrə təxminən 150 (yüz əlli) xəstənin müalicəsini aparmışdır. 6) X10 adma Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi tərəfindən ezam olunaraq Mərkəzin Masallı və Şəki filiallarında həkim-oftalmoloq olaraq fəaliyyət göstərmişdir. 7) İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, praktik tibb fəaliyyəti ilə məşğul olan işçi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, attestasiyası keçirilməyən işçilər sırasında olmaqla attestasiyaya cəlb edilə bilməzdir. Həmçinin qeyd edilməlidir ki, Attestasiya Vərəqəsinin 7-ci bəndində suallara cavabları təhrif olunmuş formada göstərilmişdir: Məsələn, göstərilmişdir ki, guya o, “Öz vəzifənizlə tanışsınızmı? “Sualına guya “Qismən tanışam” cavabı vermişdir. Halbuki həm praktik tibb fəaliyyəti, həm elmi fəaliyyəti Şura üzvlərinə bəlli idi və o, bu suallara ətrafli cavab vermişdir. O cümlədən elmi işi Diabetik retinopatiyalı kataraktalarda fakoemulsikasiyanın effektivliyinin öyrənilməsi və refinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənilib hazırlanması üzrərində işləmişdir. Əlavə olaraq Attestasiya vərəqəsində sual-cavabın çox bəsit və əhəmiyyətli yanlışlıqlarla yazılması (bənd 7), Elmi şuranın üzvlərinin onun apardığı elmi iş üzrə məlumatsızlıqları və elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun iştirakı təmin olunmadan aparılması göz qabağındadır. Belə ki, elmi rəhbərin iştirakı olmadan bu attestasiyada məşğul olduğu elmi işdə onun fəaliyyətinə qiymət verilməsi yersiz və əsassız olmuşdur. Ən azından Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 2.2.-ci bəndinə əsasən, işçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Halbuki, elmi rəhbərinə aparılan elmi işlə əlaqədar hansısa sənədlərin təqdim edilməsi təklif edilməmişdir. Guya onun “Hansı məqsədlə eksperimental iş aparıbsınız?” sualına “Dəqiq cavab verə bilmir” cavabı verməyi həqiqətə uyğun deyil və açıq aşkar sonrada birtərfli şəkildə əlavə edilmiş bir uydurma cavabdır. Bu əsaslarla vəsatət verir ki, elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimov məhkəmə iclasına dəvət olunaraq şahid qismində dinlənilsin. Attestasiya vərəqəsinin 9-cu bəndində “Attestasiyadan keçən işçinin rəy və təklifləri” bəndində guya onun “Yoxdur” deməyi həqiqətə uyğun deyil. Belə ki, Attestasiya komissiyasının üzvləri heç bir sual cavab olmadan ona son vaxtlar məqalə çap etməməyini bəhanə gətirərək (halbuki bu məsələ elmi rəhbərin səlahiyyətlərindədir), onun bir vəzifə aşağı “böyük lobarant” vəzifəsinə keçməyinə razı olmağını bildirərək boş blankda həmin bəndin qarşısına “böyük lobarant” keçməyinə “razıyam sözlərini yazmağımı və həmin sölərin qarşısından imza çəkməyimi” tələb etdilər. O, da həmin bəndin qarşısında həmin sözü yazaraq qarşısından imza etmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Attestasiya vərəqəsinin həmin səhifəsi dəyişdirilərək “yoxdur” sözü yazılmışdır (Məhkəməyə təqdim edilən həmin səhifədə onun imzası yoxdur). Göstərilənlərdən başqa, Attestasiya komissiyasının tövsiyyələri (bənd 11) hissəsində səbəb olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisasi (peşəni) yerinə yetirdiyi işləri və onların nəticəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilməsi attestasiyanın qərəzli olaraq aparılması və fəaliyyətinin böyük hissəsi praktik tibb işçisi olaraq fəaliyyət göstərən iddiaçının əsassız attestasiyaya cəlb edilməsi və işdən azad olunmasının səbəbinin guya praktik tibb işçisi vəzifələrinə aid suallara cavab verə bilməməsi göstərilmişdir. Bütün bu hallar İddiaçı əsassız olaraq attestasiyaya cəlb edilməsi və qərəzli şəkildə işdən azad edilməsi üçün bəhanə tapmaq cəhdi olduğunu təsdiq edir. Həmçinin nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi barədə bildirişə İddiaçı 01 noyabr 2023-cü il tarixində məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır. Təqdim edilən votsap yazışmasından görünür ki, Sabina Məcidova tərəfindən göndərilən yazıda iddiaçının gələrək bildirişi imzalaması tələb olunur. İddiaçı cavab olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixində gəlib imzalaya biləcək. Lakin iş materiallarında olan bildirişdən belə təəssürat yaranır ki, guya o, bildirşi 19 oktyabr 2023-cü il tarixində imzalamışdır. Halbu ki, imza xx.xx.2023-cü il tarixində çəkilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 1.1-ci bəndinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.” Göründüyü kimi, iddiaçıya Attestasiyanın keçirilməsi qaydaları, şərtləri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən cərimə olunmuşdur (X5 12 mart 2024-cü il tarixli məktubunun surəti əlavə edilir). Cavabdeh tərəfindən 24 may 2024-cü il tarixində təqdim edilən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın öyrənilməsi hazırki iddiaya dəqiqləşdirməni vacib edir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1898/2024 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 65.8, 66, 67.1, 67.2, 70-ci maddəsinin ”ç” bəndi, 83.2-ci maddələri, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.1.1, 7.1.2, 7.1.3, 7.2, 7.3, 8.2, 8.2.1, 8.6, 25.1, 25.1.1, 25.1.2, 25.1.3, 25.1.4, 25.2, 25.3, 25.4, 25.5, 32.1, 32.1.7, 32.1.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1, 1.2, 1.4, 2.4, 2.5, 2.6, 2.7, 3.1, 3.2, 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydasının 1.1, 1.2-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46.1, 46.5, 49- 1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88. 106.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qanunverici orqan tərəfindən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilməməsi barədə normanı 20 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Bu isə ondan xəbər verir ki, qanunverici orqan Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin hüquqlarının müdafiə olunması və əhalinin yüksək keyfiyyətli praktik tibb sahəsin də çalışan işçilər tərəfindən müalicə almaq hüququnu dəstəkləmişdir. Məhkəmə qətnamədə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydalarına istinad etsə də, bu Qaydaları iddiaçıya münasibətdə faktiki olaraq tətbiq etməmişdir. Halbuki Qətnamədə iddiaçının 2 (iki) Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma Sertifikatları olmasını təsdiq etmişdir. Həmin Sertifikatlardan sonuncu Sertifikat hal-hazırda da qüvvədədir. Qətnamədə qeyd edilmişdir ki, “...iddiaçının X10 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir.” Ardı ilə qətnamədə göstərilmişdir ki, “Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində, həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu, onun müəyyən olunmuş qaydada attestasiyadan keçməli olduğu və məhz “Kiçik elmi işçi” vəzifəsinə uyğun olaraq elmi tədqiqat və təşkilat işlərinin aparmalı olduğu” qeyd olunmuşdur. Lakin həm iddia ərizəsində, ələxüsus məhkəmə iclaslarında, cavabdeh vəzifə təlimatına uyğn olaraq həm elmi işlə (elmi rəhbər tibb elmləri doktoru, professor Kərəm Kərimov), həm də Mərkəzə müraciət edən xəstələri müalicə etməklə praktik tibb fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Belə ki, elmi işi barədə Məhkəməyə məlumat vermiş, elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun məhkəmə iclasına dəvət edilməsi ilə bağlı cavabdehə müraciət etmiş (cavabdeh iddiaçının elmi rəhbərinin məhkəmə icalında çağrılmasına və iddaçının elmi fəaliyyəti barədə məhkəməyə məlumat verməsinin qəti əleyhinə çıxmışdır). Apellyasiya Məhkəməsinə bildirir ki, məhkəmə qətnaməsində “Məhkəmənin mövqeyi” hissəsində göstərilən “məhz” ifadəsi yanlış olmaqla işin həqiqi hallarını təhrif etmiş olur. Belə ki, iddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə elmi fəaliyyəti ilə yanaşı, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq iddia tələbi ilə çıxış etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (əri) X8 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ”Elm haqqında” Qanunun 8-ci maddəsində ixtisas göstəriciləri qeyd edilmişdir. İddiaçı 24 il ərzində bir ixtisas dərəcəsi əldə etməmişdir. İddiaçı müntəzəm olaraq hər il elmi fəaliyyətə cəlb edilmişdir. Özünün iştirak etdiyi elmi işləriylə əlaqədar sualları da cavablandıra bilməmişdir. Attestasiyada son 5 il qiymətləndirilir, qarşı tərəf özü də etiraf edir ki, məqaləsi təqdim etməmişdir. İddiaçı həkim kimi çalışmamışdır. İddiaçı kiçik elmi işçi olmuşdur. İddiaçının növbədə olması, ezamiyyətə göndərilməsi elmi tədqiqatlar üçün materialların toplanılması məqsədilə olmuşdur, hətta gecə növbəsi də rezidentlərin belə proqramında gecə növbəsi vardır. İddiaçı müalicə həkimi deyil, Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 52-ci maddəsində müalicə-həkimin vəzifələri göstərilmişdir. Həmçinin, qeyd etmişdir ki, sertifikasiya elmi işçini attestasiyadan azad etmir. Sertifikasiya o halda, azad edərdi ki, iddiaçı həkim olardı, attestasiyaya cəlb edilərdi və beləliklə Əmək Məcəlləsinin 66-cı maddəsinə istinad edərdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
17. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
18. Maddə 65.5 Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
19. Maddə 65.7 Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
20. Maddə 66, bənd 10. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir.
21. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
22. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.
“Elm haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 25.2. Elmi işçilərin attestasiyası hər 5 (beş) ildən bir müddətdə aparılır.
24. Maddə 25.4. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
25. Maddə 25.5. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər.
26. Maddə 32.1.8. Attestasiyadan keçmək elmi işçilərin vəzifələrindən biridir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”
27. Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
28. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olnıadtqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydası
29. Maddə 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. Belə ki, işin müəyyən edilən hallarına görə İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiya komissiyasının qərarı və onun nəticəsi barədə 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsi göstərilir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsaslanaraq elmi işçinin kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirliməsinə qeyd olunduğuna, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyasının keçirilmədiyinə və iddiaçının X10 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir.
40. İddiaçının hazırki tələb üzrə apellyasiya şikayətinin dəlillərindən biri onun işlədiyi dövrdə praktiki tibb fəaliyyəti ilə məşğul olması və bu səlahiyyətin onunla bağlanmış əmək müqaviləsinə əsasən tərtib olunmuş vəzifə təlimatında öz əksini tapmasından ibarətdir. Qeyd edilən dəlilə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
41. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X10 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X4 xx.xx.2007- ci il tarixli əmri ilə İddiaçı “Katarakta cərrahiyyəsi” bölməsi, 1v. kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş, həmin müqavilənin “İşçinin əmək funksiyası.” Bölməsinin 3.1-ci bəndinin a) yarımbəndində “işçinin əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir” qeyd olunmuşdur.
42. Sözügedən vəzifə təlimatında hər bir vəzifəyə - aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük laborantın vəzifə borcları ayrı-ayrılıqda əks olunmuş, məşğul olmalı fəaliyyət istiqamətləri dəqiqliklə müəyyən edilmişdir. Lakin iddiaçı öz tələbinin dəlillərində həmin vəzifə təlimatının “Elmi işçi”yə dair olan hissəsinə istinad edərək elmi işçinin kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasını yerinə yetirməli olmasını qeyd etsə də, nəzərə almamışdır ki, cavabdeh müəssisədə işləyən dövrdə onun vəzifəsi məhz kiçik elmi işçi olmuşdur və sözügedən təlimatın da qeyd edilən konteksdə məhz kiçik elmi işçiyə dair səlahiyyətləri özündə ehtiva edən bölmələri iddiaçının vəzifə öhdəliklərinə aiddir. Həmin təlimatın 1.14-cü bəndində qeyd olunmuşdur ki, “Kiçik elmi işçi” məsul icraçının rəhbərliyi ilə mövzunun müəyyən bir bölməsi (məsləhəri) üzrə, təsdiq olunmuş metodikaya uyğun, elmi tədqiqat və təşkilat işləri aparır; 1.14.1 Eksperimentlərin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçü ilə məşğul olur, onların təsvirini verir və nəticələrini formalaşdırır; 1.14.2 Elmi informasiyanın, tədqiqatın mövzusu üzrə ölkədəki və xaricdəki təcrübəni öyrənir; 1.14.3 Mövzü (mərhələ, bölmə) üzrə hesabat tərtib edir; 1.14.4 Tədqiqat və araşdırmaların nəticələrinin həyata tətbiqində iştirak edir.
43. Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində, həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu və məhz həmin vəzifədən irəli gələn öhdəlikləri yerinə yetirməli olduğu göstərilmiş, həmin öhdəliklər dairəsində praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməsinə dair hər hansı müddəa öz əksini tapmamışdır.
44. Kollegiya iddiaçının praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilmək üçün dövri olaraq sertifikasiyadan keçməsi və bunun nəticəsində müvəffəqiyyət əldə etməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, yuxarıda adı çəkilən əmək müqaviləsi və vəzifə təlimatından da göründüyü kimi, kiçik elmi işçinin müəssisədəki fəaliyyəti dövründə praktiki tibb fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamışdır və bu halda iddiaçının bu fəaliyyəti həyata keçirə bilməsi üçün qeyd olunan sertifikasiyadan keçməyə hər hansı zərurəti olmamışdır. Lakin hazırda iddiaçı öz vəzifəsindən irəli gəlməyən fəaliyyəti həyata keçirmək üçün keçdiyi sertifikasiyanın nəticələrinə əsasən onun attestasiyaya cəlb olunmaması qənaətinə gəlmişdir.
45. Qeyd edilməlidir ki, iddiaçı işlədiyi dövrdə öz kiçik elmi işçi vəzifəsini saxlamışdır və buna görə də həmin vəzifədə işləyən şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərinə də sahib olmuş, attestasiyaya da məhz kiçik elmi işçi vəzifəsini icra etdiyi üçün bununla bağlı qanunvericilikdən irəli gələn tələblərə əsasən cəlb edilmişdir.
46. Bununla bağlı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda da qeyd edilmişdir ki, şəxsin sertifikasiyadan keçirilməsi onu elmi işçi kimi attestasiyadan keçirilməkdən azad etmir. Şəxs praktiki tibbi fəaliyyətini həyata keçirən zaman sertifikasiyadan keçməklə yanaşı elmi işçi kimi də attestasiyadan keçirilə bilər.
47. Bundan əlavə iddiaçı öz dəlillərində attestasiyanın keçirilməsi barədə bildirişdə xx.xx.2023-cü il tarixinin qeyd edilməsinə baxmayaraq onu xx.xx.2023-cü il tarixində imzaladığını və buna görə də qanunvericiliklə bildirişin göndərilmə müddətlərinin pozulduğuna istinad etsə də, qeyd edilən halı özündə əks etdirən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
48. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının ilkin tələbi olan Azərbaycan Respublikası X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) iddiaçıya münasibətdə ləğv edilməsinə dair tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq elmi işçilərinin və mütəxəssislərinin attestasiyasını, eləcə də attestasiya zamanı qəbul edilmiş qərarlar qanunvericiliyin tələblərinə riayət erdilməklə qəbul edildiyindən attestasiya komissiyasının qərarının və attestasiya vərəqəsinin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir.
49. İddia tələbinin “X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də qanunvericiliyin tələbləri pozulmamışdır.
50. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas məhz attestasiya komissiyasının qərarı olmuşdur və yuxarıda həmin attestasiyanın nəticələrinə dair komissiya tərəfindən qəbul edilmiş qərarın qanuni və ədalətli olması artıq müəyyən edildiyindən, o cümlədən bu cür əmrin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş bütün addımlar lazımi qaydada atıldığından (həmkarlar ittifaqına bu barədə müraciət olunması, sonuncunun işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair yazılı razılığı və s.), məhkəmə hesab edir ki, onun əsasında verilmiş 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr də qanuni hesab edilməli və iddia tələbi əmrin ləğv edilməsi hissəsində də təmin edilməməlidir.
51. Yuxarıda artıq müəyyən edildiyi kimi hazırda cavabdeh tərəfindən iddiaçının hansısa hüquqları pozulmadığından iddia tələbi qeyd edilən digər hissələrdə də təmin edilmədiyindən, 5000 manat mənəvi zərərin onun xeyrinə tutulmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və təmin edilməməlidir.
52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki X10 adına Milli Oftalmologiya Mərkəzinə qarşı Azərbaycan Respublikası X10 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X10 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminat ödənilməsi barədə iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmadır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1898/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova