Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4948/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil olunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əldən çıxmış faydanın qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icra olunan tarixədək 698000 ABŞ dolları pul məbləğinin ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıqla məşğul olur. 2015-ci ilin əvvəllərindən sonra yüksək qiymətə satıb, gəlir əldə etmək məqsədi ilə metal almaq istəmiş, tanışı X2 onun Qazaxstan Respublikasının Aktau şəhərində yaşayan yaxşı tanışları olduğunu, onların metal alveri ilə məşğul olduqlarını demişdir. Qazaxstan Respublikasının Aktau şəhərində yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 telefonunu almış və onlarla əlaqə saxlamış, tam razılığa gəldikdən sonra, ona təklif etmişdirlər ki, işgüzar əlaqələri rəsmiləşdirmək üçün müqavilə bağlasınlar. Müqavilənin hansı şirkətlər arasında bağlanmasından asılı olmayaraq, promlem yaransa öz aralarında həll etmək barədə razılaşmışlar. Azərbaycan Respublikasının vətəndaşları olsalar da, Qazaxstan Respublikasının Aktau şəhərində yaşayırlar. Elektron poçt vasiəsilə 02.02.2015-ci il tarixdə təmsil etdiyi və ofşor zonada qeydiyytdan keçmiş “impact Sales Со.” şirkəti ilə Cavabdeh2 təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X4 LTD” şirkəti arasında 14-01 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı metal məhsulunu həmin müqavilənin ayrılmaz hisssəsi olan spesifikasiyalara uyğun miqdarda və çeşiddə alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1- ci maddəsinə əsasən, metal məhsulunun dəyəri ABŞ dolları ilə müəyyən edilir. Müqaviləyə əlavə edilmiş 1 və 2 saylı Spesifikasiyala əsasən Cavabdeh2 iki dəfəyə ona hər dəfə ümumi çəkisi 657 ton olmaqla 700.362 ABŞ dolları dəyərində metal satmalı idi. Raşılaşmaya əsasən, 06.02.2015-ci il tarixdə “impact Sales Со.” şirkətinin bank hesabından Vüsalə və Sakinin verdikləri “X5 LTD” şirkətinə məxsus hesaba hər dəfə 350.000 ABŞ dolları olmaqla 700.000 (ABŞ dolları pul ödəmişdir. Lakin cavabdehlər həmin məbləği 19 və 24 fevral 2015-ci il tarixlərdə ona geri qaytararaq, bildirmişlər ki, hesablaşmanın bank hesabı vasitəsi ilə aparılması onları qane etmir, çünki yüksək məbləğdə vergi ödəməli olurlar. Həmin 700.000 ABŞ dolları məbləğində vəsaiti Bakıya gələn Sakinin qızı Cavabdeh3 nəğd şəkildə verməsini demişlər. 19.02.2015-ci il tarixdə geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş 20.02.2015-ci il tarixli qəbz almışdır. 24.02.2015-ci il tarixdə geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş 25.02.2015-ci il tarixli qəbz almışdır. Pulu nəğd şəkildə ödəsə də, onlar müxtəlif bəhanələr gətirməklə indiyədək nə metal göndərirlər, nədə ki pulunu qaytarırlar. Cavabdeh Abuzər Novruzov Rəhimova Vüsaləyə və Cavabdeh1 qarant durmasaydı, onların təmiz insanlar olmasına onu inandırmasaydı, onlara pul verməzdi. Bu səbəbdən Pirallahı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 birgə qaydada 698.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, onun xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 698.000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Məkəzi bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)-1688/2018 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 13.07.2018-ci il tarixli 2(102)-4580/2018 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)- 1688/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Pirallahı Rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli 2(094)-396/2018 saylı icra vərəqəsinə əsasən qətnamə icraya yönəlmişdir. Göründüyü kimi, cavabdehlərin onun qarşısında müqaviləyə əsasən öhdəlikləri yaranmış, onlar həmin öhdəliyi yerinə yetirməmiş, pul vəsaitini qanunsuz olaraq özlərində saxlayıb, onu qaytarmaqdan boyun qaçırmışlar. Eyni zamanda onlar pul vəsaitini əsassız əldə etməklə ondan faydalanırlar, əmlakından məhrum olması nəticəsində, habelə mülkiyyət hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində 300.000 ABŞ dollar məbləğində gəlir əldə edəcəkdi (əldən çıxmış fayda).
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsinə əsasən 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 11 gün = 89 879 ABŞ dolları), 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 6 gün = 88 684 ABŞ dolları), cəmi (89 879+88 684=178 563 ABŞ dolları) 178 563 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədirlik edən: Ayaz Məmmədov).
4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəyə görə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsinə əsasən 698 000 ABŞ dollarının qaytarılmasını 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları və 25.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehlərə verilməsi müəyyən olunmuşdur. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi 03.03.2020-ci il tarixdə əvəzləşdirmə vasitəsi ilə icra olunduğundan icra işi üzrə icraata xitam verilməsi barədə Qazaxstan Respublikasının icra məmurunun Azərbaycan dilinə tərcümə olunmuş və təsdiq olunmuş qərarı ilə təsdiq olunduğundan məhkəmə müəyyən edir ki, 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları və 25.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehlərə verilmişdir. İcra olunan 03.03.2020-ci il tarixədək 698 000 ABŞ dolları məbləğində pulu gecikdirdiklərinə görə illik 5 faiz olmaqla cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə işə düzgün hüquqi qiymət verməmişdir. Pirallahı Rayon Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasında, həmçinin İddiaçı ərizəsi əsasında Qazaxstan Respublikasında icraya yönəldilmişdir. Digər Qazaxstan Respublikasının qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə İddiaçı Cavabdeh2 pul borcu olmuşdur. Qazaxstan Respublikasının Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20.04.2018-ci il tarixli 4799-18-00-2a/547 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı 1 250 000 ABŞ dollara şirkətini satmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 350 000 ABŞ dollar məbləğində qismən ödənişi 20.05.2015-ci il tarixində həyata keçirmiş, daha sonra eyni məbləğ 25.05.2015-ci il tarixində ödənilmişdir. Qeyd edilən məbləğlər İddiaçı tərəfindən Cavabdeh1 qızı Cavabdeh3 qəbzlə verilmişdir. İddiaçı 700 000 ABŞ dollarının verilməsi 100% payın dəyərinin ödənilməsi üçün deyil, gələcəkdə metal məmulatlarının tədarükü üçün ilkin ödəniş kimi göstərsə də, məhkəmə bu cür sübutlar olmadığından metal məmulatlarının tədarükü haqqında müqavilə olmadığını göstərmişdir. Bu əsaslarla iddia təmin edilmiş, İddiaçı Cavabdeh2 xeyrinə 180 323 000 tenqe (yəni 550 000 ABŞ dolları) məbləğində borc, 20 460 485 tenqe məbləğində dəbbə və 2 007 835 tenqe məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi tam icra olunmuşdur, yəni mübahisəli olan 698 000 ABŞ dolları. Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi olaraq Qazaxstan Respublikasının Magistauskiy İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş və həmin məktub 15.05.2020-ci il tarixində Nazirliyə daxil olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasında eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Teymur Məlik- Aslanov tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə 11.12.2020-ci il tarixdə məktub göndərilmişdir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının 55-ci maddəsinin tələbləri, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli Qanununun 54-cü maddəsinə əsasən ədliyyə orqanlarının icrası tələb olunmayan qərarları xüsusi icraat aparılmadan tanınmalıdır. Hazırda icra məmurunun qərarından göründüyü kimi, borclar əvəzləşdirmə yolu ilə xitam verilmişdir, belə olan halda illik 5% ödənilməsindən söhbət gedə bilməz. Görünən odur ki, məhkəmə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi 03.03.2020-ci il tarixdə əvəzləşdirmə vasitəsi ilə icra olunduğundan icra işi üzrə icraata xitam verilməsi barədə Qazaxstan Respublikasının icra məmurunun Azərbaycan dilinə tərcümə olunmuş və təsdiq olunmuş qərarını əsas götürmüşdür. Bu səbəbdən məhkəmə tərəfindən həmin qərara əsasən iddianın təmin edilməsi əsassızdır. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
8. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
11. İş materiallarında olan, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı xeyrinə 698.000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Məkəzi bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)-1688/2018 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.07.2018-ci il tarixli 2(102)4580/2018 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)-1688/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Pirallahı Rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icraya yönəlmişdir.
15. 03.03.2020-ci il tarixli Qərara əsasən, 26.10.2018-ci ildə 925-926/18-47-4094 nömrəsi ilə qeydə alınan Cavabdeh2, Cavabdeh1 Əbdülhüseyn oğlu barəsində müştərək qaydada Azərbaycan Respublikası, ünvan 1 ünvanında yaşayan İddiaçı xeyrinə 698.000 ABŞ dollarının tutulması haqqında icra icraatına icra sənədinin icrası ilə bağlı xitam verilməsi, Qazaxıstan Respublikasının “İcra İcraatı və məhkəmə icraçılarının statusu haqqında” qanunun 49-cu maddəsinə müvafiq olaraq icra icraatının yekunlaşmış hesab edilməsi qərara alınmışdır. Birinci instansiya Məhkəməsində icraat:
16. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, qətnaməni onula əsaslandırmışdır ki, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsinə əsasən 698.000 ABŞ dollarının qaytarılmasını 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları və 25.02.2015-ci il tarixdə isə yenidən 349 000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehlərə verilməsi müəyyən olunmuşdur. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)- 396/2017 saylı qətnaməsi 03.03.2020-ci il tarixdə əvəzləşdirmə vasitəsilə icra olunduğundan icra işi üzrə icraata xitam verilməsi baradə Qazaxstan Respublikasının icra məmurunun Azərbaycan dilinə tərcümə olunmuş və təstiq olunmuş qərarı ilə təsdiq olunduğundan məhkəmə müəyyən edir ki, 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları və 25.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehlərə verilmişdir. İcra olunan 03.03.2020-ci il tarixədək 698 000 ABŞ dolları məbləğində pulu gecikdirdiklərinə görə illik 5 faiz olmaqla cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Yəni, 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 11 gün = 89 879 ABŞ dolları), 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 6 gün = 88 684 ABŞ dolları), cəmi (89 879+88 684=178 563 ABŞ dolları) 178 563 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya qaytarılmalı, iddia tələbi əldən çıxmış faydaya görə 1.880.640 ABŞ dollarının tutulması hissəsində isə təmin edilməməlidır. Belə ki, iddiaçının həmin tələbin əsası kimi məhkəməyə təqdim etdiyi xarici müqavilələrdən görünür ki, İddiaçı “impact Sales Со” xarici şirkətin təmsilçisi olmuşdur. Pirallahı Rayon Məhkəməsinin qətnaməsinə görə isə cavabdehlərin fiziki şəxs olan İddiaçı borcları olmuşdur, “İmpact Sales Со” xarici şirkətə borcları olmamışdır. Belə olan halda “İmpact Sales Со” xarici şirkətlə bağlı hazırda təqdim olunmuş müqavilələrin Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi ilə tutulması qət edilmiş məbləğlə heç bir əlaqəsi yoxdur. Hüquqi dəyərləndirmə:
17. Kollegiya işin hallaraına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə doğru nəticəyə gəlməmişdir.
18. Belə ki, işin hallarına əsasən kollegiya qeyd edir ki, Pirallahı Rayon Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasında, həmçinin İddiaçı ərizəsi əsasında Qazaxstan Respublikasında icraya yönəldilmişdir. Digər Qazaxstan Respublikasının qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə İddiaçı Cavabdeh2 pul borcu olmuşdur. Qazaxstan Respublikasının Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20.04.2018-ci il tarixli 4799-18-00-2a/547 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı 1 250 000 ABŞ dollara şirkətini satmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 350 000 ABŞ dollar məbləğində qismən ödənişi 20.05.2015-ci il tarixində həyata keçirmiş, daha sonra eyni məbləğ 25.05.2015-ci il tarixində ödənilmişdir.
19. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)- 396/2017 saylı qətnaməsi mübahisəli olan 698 000 ABŞ dolları ilə bağlı tam icra olunmuşdur. Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi olaraq Qazaxstan Respublikasının Magistauskiy İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş və həmin məktub 15.05.2020-ci il tarixində Nazirliyə daxil olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasında eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Teymur Məlik-Aslanov tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə 11.12.2020-ci il tarixdə məktub göndərilmişdir.
20. Kollegiya qeyd edir ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının 55-ci maddəsinin tələbləri, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli Qanununun 54-cü maddəsinə əsasən ədliyyə orqanlarının icrası tələb olunmayan qərarları xüsusi icraat aparılmadan tanınmalıdır. Hazırda icra məmurunun qərarından göründüyü kimi, borclar əvəzləşdirmə yolu ilə xitam verilmişdir.
21. Sadalanan hallara əsasən kollegiya hesab edir ki, iddiaçı müqavilənin bağlandığı tarixdən (02.02.2015-ci il) Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi icra olunan tarixədək 698.000 ABŞ dolları pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5%, eyni zamanda əldən çıxmış faydaya görə 100.000 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə haqlı olmamışdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
23. Kollegiya həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarına istinad edilməsini zəruri hesab edir. Həmin qərara görə, “borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
24. Kollegiya işin hallarına və qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi müqavilənin bağlandığı tarixdən (02.02.2015-ci il) Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi icra olunan tarixədək 698.000 ABŞ dolları pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5%, eyni zamanda 100.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir. Başqa sözlə, iddiaçı cavabdehin həqiqətən də pul vəsaitini qanunsuz saxlamasını, qaytarmaqdan boyun qaçırmasını, ödənilməsini hər hansı şəkildə gecikdirməsini sübut edə bilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki (i.v. 177), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, 26.07.2017-ci il tarixli qətnaməsi Qazaxstan Respublikasının Manqistau Vilayətinin Aktau şəhərinin 2 saylı Məhkəməsinin 03.10.2018-ci il tarixli, 4711-18-00-2m/10573 saylı qərardadı ilə Qazaxstan ərazisində tanınaraq məcburi icraya yönəldilmişdir.
25. Beləliklə də, kollegiya bu yuxarıda sadalanan xüsusatlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
30. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 Əbdülhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev