Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4948/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı “X4 Kompani S.A.” şirkətinin nümayəndəsi Nümayəndə1 Cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X4 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. “Suraxanı RİH-nin nümayəndəsi T.Həsənov, Suraxanı OYL OQ və NBX-nin növbə rəhbəri A.Cəfərov, OQ və NBX-nin nəzarətçisi H.Həmidov tərəfindən tərtib edilmiş 13 aprel 2021- ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin neft-qaz çıxarma sexinin ərazisində olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılması aşkar edilmişdir. Tikintiyə aid sənəd yoxdur. Tikinti dayandırıldı.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X4 Kompani S.A.” şirkəti Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “X4 Kompanı S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005- ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X4 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10- cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neftqaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompani S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar iizrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.
4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “X4 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı “X4 Kompani S.A.” şirkətindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından cavabdehin evi olmuşdur. Bunun məntiqi davamı olaraq qəbul edilməlidir ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Məhkəmə vurğulamışdır ki, iddiaçıya mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması 2021-ci ilin aprel ayında məlum olmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə yalnız 2022-ci ilin may ayında müraciət etmişdir. İddiaçı cavabdehə tikinti işlərinin aparılmasını aşkar edən anda tikintinin dayandırılmasını tapşırdığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hərəkətsiz qalaraq bir ildən çox müddət ərzində cavabdeh tərəfindən tikintiyə vəsait xərclənməsinə imkan vermişdir. Qeyd edilməlidir ki, iddiaçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Suraxanı rayonu ərazisində neft hasilatı ilə məşğul olduğundan və cavabdehin evinin yerləşdiyi ərazi də iddiaçının istismarına verilmiş sahəyə daxil olduğundan iddiaçının cavabdehin evini sökdürməkdə məqsədi həmin ərazidə neft əməliyyatları həyata keçirilməsi zərurəti ilə izah oluna bilər. Hansı ki, iddia ərizəsi də əsasən bu halla əsaslandırılmış, ərizədə göstərilmişdir ki, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin evinə hörmət hüququna müdaxilə etməkdə məqsədi neft əməliyyatlarının həyata keçirilməsi ehtiyacı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu əməliyyatların ölkənin iqtisadi rifahı maraqları naminə, dövlət və ya ictimai ehtiyac üçün təcili olaraq lazım olduğu iddia edilməmiş, belə bir təcili ehtiyacla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə cavabdehin evinə müdaxilənin daha çox iddiaçı “X4 Kompani S.A” Şirkətinin torpaq sahəsindən istifadə hüququ ilə bağlı maraqlarının qorunması məqsədini güddüyü nəticəsinə gəlir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının nə dərəcədə zəruri və təcili olduğu məlum olmayan neft əməliyyatları həyata keçirmək marağı cavabdehin yaşayışını təmin edəcək yeganə evdən məhrum olmasına mütənasib deyil. Bu səbəbdən iddia təmin edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 71-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləsinin 152, 157, 180, 241-ci maddələri, Torpaq Məcəlləsinin 46, 111-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı “X4 Kompani S.A.” şirkəti apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, “X4 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən (mübahisəli torpaq sahəsinin fəaliyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi barədə arayış, 1976-cı iltarixli xəritə və s.) və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Eyni zamanda cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya Məhkəməsi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İddiaçı “X4 Kompani S.A.” şirkətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Bülbülə qəsəbəsi,Samir Əliyev küçəsində olan torpaq sahəsində ilk dəfə tikinti işlərini 13 aprel 2021-ci ildə aşkar ediblər. Əvvəl ora boş torpaq olub. Suraxanı Rayon İcra hakimiyyətinin nümayəndəsinin və polisin iştirakı və onların şirkətində olan özbaşına tikililərlə bağlı komissiya üzvlərinin iştirakı ilə ora baxış keçiriblır və akt tərtib ediblər. Aktı iş materiallarına əlavə ediblər. Onlar vətəndaşdan tikintiyə aid hər hansı bir sənədin mövcudluğunu soruşanda heç bir sənəd təqdim edilməmişdir. Ora neft ərazisi olduğuna görə orada tikili tikilməsinə icazə verilməməsi qarşı tərəfə izah edilmişdir və bundan sonra bir müddət tikili dayandırılmışdır. Buna görə də məhkəməyə həmin vaxt müraciət etməyiblər, onlar vətəndaşın xəbərdarlığa əhəmiyyət göstərmədiyini gördükdən sonra məhkəməyə müraciət edirlər. Sonradan onlar tikintinin yenicə tikildiyini görəndə məhkəməyə müraciət ediblər. Birinci instansiya məhkəməsi cavabdehin xeyrinə qətnamə qəbul etdi, bu günə qədər də cavabdeh sənədləri təqdim etməyib. Ekspertiza rəyində və mütəxəssis rəylərində də torpağın “X4 Kompani S.A.” şirkətinin hüdudları daxilində olmasını göstərir. Tikilinin yaxınlığında neft quyusu var. Neft quyusunun 300 metr radiusunda yaşayış evi tikilməsinin qanunsuz hesab olunması barədə Nazirlər Kabinetinin qərarı var.Tiklilidən 178 metr məsafədə 71128 saylı neft quyusu var,hansı ki, təhlükə potensiallı quyudur. İcra Hakimiyyəti də tikintinin özbaşına tikili olmasını təsdiq etmişdir. Əmlak Komitəsi də tikilinin hüquq müəyyən edici sənəd olmadan tikilən tikinti hesab edir. Maşın ilə o tikilinin ətrafındakı quyuların yanına getdik, ara məsafəsi çox yaxındır
11. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qarşı tərəfin tikilinin dayandırılması ilə bağlı onlarla danışması olmayıb. Orada olmayıb, ustalara tikilinin dayandırlmasını deyiblər və akt tərtib edərək gediblər. Amma, iş orada dayanmamışdır. Orada kifayət qədər xərc çəkəndən sonra oranın qanunsuz olmasını iddia etmələrinin səbəb nədir. Özbaşına tikilinin sənədi olmur. Rayon məhkəməsində hakim yerli baxış da edib. Qarşı tərəf o ərazinin yanında neft buruqlarının olmasını və tikilinin neftin çıxarılmasına maneə olmasını bildirmişdir. Ekspert gələndə orada heç bir quyunun olmamasını bildirmişdir. Həmin ekspertin təzə işçi olmasını və ərazini tanımamasını bildirdilər. Evin hər tərəfi yaşıllıqdır, yayda dövlət evin qarşısına asfalt çəkdi. Evin hər bir şeyi var. 500.000 qanunsuz tikili var və bunun 400.000-i neft ərazilərində tikilib. Tikilinin tikilməsi 2021-ci il mart ayının 18-dən başlayıb. Qarşı tərəf 2021-ci ilin aprelin 13-də akt tərtib edib, məhkəməyə iddianı isə 2022-ci ilin aprel ayının 29-da qaldırılıb. Qanunsuzluğu aşkar edən kimi məhkəməyə iddia qaldıra bilərdilər.
12. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o ərazidə ev 1993-1994-cü illərdə də olub, orada ev indiki vəziyyətdə olmasa belə həmişə olub. Yəni, orada yaşayıblar. İcra hakimiyyətinin də tikilidən xəbəri var, deməli qanunsuzluq eləməyiblər. Onlar məhkəmə prosesində də iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət ediblər. Mülki Məcəllənin 165.2-ci maddəsində göstərilir ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Mülki Məcəllənin Komentariyasında imperativ norma kimi göstərilir. Onlar 1 il müddət keçdikdən sonra müraciət edib. İşə baxan hakim işə xitam verməli idi,ya da iddia ərizəsini geri qaytarmalı idi. Onlar iddianın müddətinin keçməsi barədə ərizə verəndə hakim münasibət bildirmədi. Bu gün Suraxanı rayonun bütün ərazisi, Suraxanı Rayon Məhkəməsinin inzibati binası da daxil olmaqla,neft buruğunun üzərində yerləşir. Belə çıxır ki, onlar da sökülməlidir. 2021-ci ildən əvvəl orada yaşayıblar, amma Bülbülə İcra Hakimiyyətinə müraciət etdikdə köhnə sənədləri arxivdə saxlamadıqlarını bildirdilər. Orada işıq və qaz olub, amma sayğac olmayıb. Sayğac çəkilməsi prosesi sonradan baş verib. Onlar köhnə tikilini Sovet dövründə neft quyusunda işləyən Rusiya vətəndaşından alıblar. Amma, heç bir sübut əllərində olmadığına görə məhkəməyə təqdim edə bilmirlər. Oranın yaxınlığında ümumiyyətlə quyular yoxdur, 300-600 metr aralıda quyular var.
13. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
16. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
Maddə 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Maddə 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
17. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu
Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
23. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər(§ 15).
24. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidr, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
25. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
26. Cavabdeh işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı mübahisəli torpaq sahəsinə 1993-cü ildə köçdüyünü bildirir. Cavabdehin izahatına əsasən onlar tərəfindən 1993-cü ildə mübahisəli əraziyə köçdükdə orada ev olub, cavabdeh uzun müddət ailəsi ilə həmin evdə yaşamış, bununla bağlı icra hakimiyyətinin nümayəndələrinin xəbəri olmuşdur. Cavabdeh məhkəmə iclasında mübahisəli ərazidə yerləşən ilkin evin Sovet dövründə neft quyusunda işləyən Rusiya vətəndaşından aldığını, amma, bununla bağlı heç bir sübut təqdim edə bilmədiyini, hazırkı mübahisə predmeti olan özbaşına tikilinin tikintisinə 2021-ci ilin mart ayında başlanıldığını qeyd etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, “X4 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X4 Kompani S.A” Şirkəti fəaliyyət göstərir.
28. Göründüyü kimi, 16 avqust 2005-ci il tarixindən Suraxanı neft yataqlarının daxil olduğu ərazi “X4 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, həmin əraziyə daxil olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılması 2021-ci ildə aprel ayında aşkar edilmişdir. 29.Cavabdeh izahatında mübahisəli torpaq sahəsində yerləşən özbaşına tikilinin “X4 Kompani S.A” Şirkətinə verilməmişdən əvvəl 1993-cü ildən tikilmiş evin sökülərək yerində tikilməsinə istinad etsə də, hal-hazırda mövcud olan özbaşına tikilinin yerində əvvəllər inşa edilmiş hər hansı bir ev və ya tikili olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
30. İş materiallarında olan “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 39 T 414942.00 m 177301.00 m C koordinatlar əsasında Cavabdeh aid tikilidən 178 metr aralı məsafədə 71128 saylı fəaliyyətsiz neft quyusu, 56 metr aralı məsafədə 7157 saylı ləğv olunmuş neft quyusu, 57 metr aralı məsafədə 7148 saylı ləğv olunmuş, 16 metr aralı məsafədə 7145 saylı ləğv olunmuş, 41 metr aralı məsafədə 7146 saylı olunmuş, 62 metr aralı məsafədə 1233 saylı ləğv olunmuş,76 metr aralı məsafədə 7144 ləğv olunmuş neft quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.
32. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır
33. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
34. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
35. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
36. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı “X4 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən özbaşına tikili sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X4 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
38. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “X4 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən özbaşına tikili sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X4 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev