Məhkəmə qərarları › İş №2(103)-4950/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4950/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4950/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin vəkili Vəkil3 və İlk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun və sənədlərin geri qaytarılması tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı göstərilmiş hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı e- 2(009)-650/2022 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 01 saylı müqavilənin surətindən görünür ki, bu müqavilə əsasında MMC ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-yə həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlərin toplanması, araşdırılması, sorğuların idarələrə, dövlət qurumlarına, səfirliklərə, xarici dövlətlərin müvafiq qurumlarına və Azərbaycandakı səfirliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakın tapılması, sənədləşdirilməsi və digər hərəkətlərdən ibarətdir. İddiaçı hüquqi xidmət göstərilməsinə görə vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra müraciət edən şəxsə çatacaq bütün əmlakın 10 faizi məbləğində mükafatın Cavabdeh1 MMC-yə ödənilməsini müraciət edən şəxs öz üzərinə götürür. Hüquqi yardıma görə ödənilən məbləğ Cavabdeh1 MMC-yə həvalə edilən işin haqqıdır. Müraciət edən (və ya hüquqi yardım göstərilən şəxs) bu müqavilə üzrə tapşırığı məhdudlaşdırdıqda, geri götürdükdə, yaxud müqaviləni ləğv etdikdə ödənilmiş haqqın yalnız görülməmiş işlərin həcmi məbləğində olan hissəsi geri qaytarıla bilər. Şirkət həmin xərcləri görülməmiş işlərin həcmi üçün nəzərdə tutulan məbləğdən çıxmağa hazırdır.

2. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş 11 avqust 2021-ci il tarixli arayışdan görünür ki, 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən vərəsəlik işi ilə bağlı hüquqi xidmət göstərilən İddiaçı 8000 manat qonorar alınmışdır.

3. 31 yanvar 2022-ci il tarixində İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya göndərərək qarşı tərəfin müqavilə tələblərinə əməl etmədiyinə görə müqaviləyə xitam verdiyini bildirmiş və ödədiyi 13500 manat pulun geri qaytarılmasını tələb etmişdir.

4. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh2 verdiyi 09 sentyabr 2021-ci il tarixli etibarnaməni 31 yanvar 2022-ci il tarixində, 23 iyun 2021-ci il tarixli etibarnaməni isə 07 avqust 2021-ci il tarixində ləğv etdirmişdir.

5. İş materiallarında olan İddiaçı məxsus P5031590 nömrəli pasportun surətindən görünür ki, İddiaçı 30 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və 14 iyul 2021-ci il tarixdə ölkəyə qayıtmışdır.

6. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin mənzil üzrə ödənilməmiş borcu yoxdur. Eyni zamanda iş materiallarında olan 045942 və 045940 nömrəli "xxxx" tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli kassa mədaxil orderlərinin surətindən görünür ki, mənzilin addan ada keçirilməsi üçün İddiaçı tərəfindən MMC-yə ümumilikdə 5400 manat pul ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərə ödənilmiş 13500 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və ünvan 2 ünvanında yerləşən 3-cü mərtəbədə yerləşən 200 kvadratmetr sahəsi olan 4 otaqdan ibarət 8 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 1 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbəsində sahəsi 147 kvadratmetr olan 3 otaqdan ibarət 57 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 1 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbəsində 147 kvadratmetr sahəsi olan 3 otaqdan ibarət 67 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMCdən məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 01 iyul 2021-ci İİ tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin tarixi həqiqəti əks etdirmir. Belə ki, İddiaçı 30 iyun 2021-ci il tarixdə Türkiyəyə getmiş, 11 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Beləliklə, 01 iyul 2021-ci il tarixində o, Azərbaycanda olmamışdır və fiziki cəhətdən müqaviləni imzalaması mümkün deyildi. Bundan əlavə, müqavilənin yalnız sonuncu vərəqi imzalanıb möhürlənmiş, qalan vərəqlərdə isə imza və möhür yoxdur. Cavabdehlər iddiaçıya faktiki olaraq heç bir hüquqi yardım göstərməmiş, sonda isə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 iddiaçının mərhum əri Liu Xınandan miras qalmış əmlakların hamısını İddiaçı adına rəsmiləşdirməyə cəhd etmişdir ki, gələcəkdə həmin əmlakın dəyərinə uyğun özünə qonorar alsın. Halbuki, İddiaçı qaynanasının da mirasda pay hüququ olmuşdur. Həmçinin İddiaçı sonradan məlum olmuşdur ki, həmin MMC-nin səlahiyyətli nümayəndəsi olan Cavabdeh2 dələduzluğa görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsdir. Bütün bunlar İddiaçı mənafeyinə uyğun olmadığına görə o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan əlavə, İddiaçı "xxxx" MMC ilə müqavilə bağlamazdan və Cavabdeh2 etibarnamə verməzdən öncə vərəsəlik vərəsəlik işi açılması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş və 9 aprel 2021 tarixdə 38/2021 nömrəli vərəsəlik işi açılmışdır. İddia ərizəsində qeyd olunan İddiaçı Cavabdeh2 təqdim etdiyi sənədlər sonuncuda qaldığına görə o, sənədlərin geri qaytarılmasını tələb etmiş, lakin Cavabdeh2 sənədləri geri qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş, bu məqsədlə 132 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat pul ödəmişdir.

9. Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən "xxxx" MMC ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-yə həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlərin toplanması, araşdırılması, sorğuların müvafiq idarələrə, dövlət qurumlarına, xarici dövlətlərin səlahiyyətli orqanlarına və Azərbaycan Respublikasındakı səfirlik və digər diplomatik nümayəndəliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakların tapılması, sənədləşdirilməsindən ibarət olmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra İddiaçı tərəfindən ona çatacaq payın (bütün əmlakın) 10%-i məbləğində mükafat (qonarar) "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəliyi lazımi qaydada həyata keçirsə də, İddiaçı müqavilə üzrə hüquqi xidmətlərə görə qonorar ödəməkdən qərəzli olaraq yayınmışdır. Belə ki, göstərilmiş hüquqi xidmət nəticəsində İddiaçı mərhum əri Çin Xalq Respublikasının vətəndaşı Liu Xinan tərəfindən “Ojag Construction" MMC-dən alınmış ünvan 1 evin ümumi sahəsi 147 kv.metr olan 55 saylı mənzili, həmin mənzilə görə 132300 AZN pulun ödənildiyi, ünvan 1 evin ümumi sahəsi 147 kv.metr olan 67 saylı mənzili, həmin mənzilə görə 132300 AZN pulun ödənildiyi və ünvan 2 saylı evin ümumi sahəsi 200 kv.metr olan 8 saylı mənzili, həmin mənzilə görə 180000 AZN pulun ödənildiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən alınmış maliyyə arayışlarına uyğun olaraq qeyd olunan mənzillərin ümumi dəyərinin 444600 AZN olması və həmin mənzillərin, habelə onların ümumi dəyərinin 7/8 hissədə payın İddiaçı məxsus olması nəzərə alınaraq cavabdehdən göstərilmiş hüquqi xidmətə görə ona məxsus payın dəyəri olan 389000 manatın 10% məbləğində, yəni 38900 manat məbləğində xidmət haqqı tələb edilmişdir. Bununla yanaşı göstərdikləri hüquqi xidmətlər nəticəsində İddiaçı mərhum əri Liu Xinanın adına Azərbaycan Respublikasında açılmış müxtəlif bank hesablarında müxtəlif valyutalar şəklində pul vəsaitləri aşkar edilərək həmin məbləğlərin Azərbaycan manatına ekvivalenti şəklində 40858 manat müəyyən edilmiş, habelə həmin məbləğin 10 % miqdarında, yəni 4085 manat pulun cavabdehdən xidmət haqqı tələb edilmiş, lakin o həmin məbləği də ödəməkdən qərəzli boyun qaçırmışdır. Eyni zamanda göstərdiyimiz hüquqi xidmətlər nəticəsində İddiaçı mərhum əri Liu Xınan tərəfindən nikahdan əvvəl alınmış ünvan 3 ünvanında yerləşən mənzilin 3/4 hissəsinin dəyəri olaraq 120000 manat pulun 10% məbləğində İddiaçı xidmət haqqı tələb edilmiş, lakin onun tərəfindən müəyyən bəhanələr gətirilərək heç bir məbləğdə ödəmə aparılmamışdır. Həmçinin, göstərdikləri hüquqi xidmətlər nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum əri Liu Xınan tərəfindən Türkiyə Respublikası İstanbul əyaləti Bakırköy şəhəri, Zeytinlik məhəlləsi, 564-cü ada, 50 saylı evin ümumi sahəsi 119,27 kv.metr olan 181 saylı mənzilinin alındığı və həmin mənzilin tikinti müqaviləsinə əsasən 826000 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı mərhum əri Liu Xinan tərəfindən Yunanıstan Respublikasında alınmış iki mənzilin və Çin Xalq Respublikasında yerləşən qeyri-yaşayış sahələrinin yerinin və dəyərinin öyrənilməsi istiqamətində tərəflərindən araşdırmalar aparılır. Buna görə də həmin əmlaklarla bağlı lazımi sənədləri məhkəməyə təqdim edə bilmirlər. Həmin sənədlər məhkəməyə təqdim olunduqdan sonra hazırkı iddia tələblərinin həcminin artırılması istisna edilmir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən hal-hazıradək 8000 AZN məbləğində hüquqi xidmətlərə görə ödəniş həyata keçirilmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin 5500 manat kimi iddia ərizəsində qeyd etdiyi vəsaiti cavabdeh özü şəxsən mərhum əri Liu Xinan tərəfindən ödənilməmiş qalmış vəsaitin əvəzində "xxxx" MMC-yə ödəniş etmiş və bu barədə həmin MMC-dən qəbzlər alınmışdır. Hesab edirlər ki, “Jafarli and CO" MMC tərəfindən İddiaçı göstərilmiş hüquqi xidmət nəticəsində sonuncunun 778533 manat dəyərində əmlaka vərəsəlik qaydasında sahib olacağı müəyyən edilmişdir. Buna görə də hesab edirlər ki, ödənilmiş 8000 manat pul nəzərə alınmaqla qarşılıqlı tələbləri üzrə cavabdeh İddiaçı göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169853 AZN (177853 AZN-8000 AZN=169853 AZN) və dövlət rüsumu olaraq ödənilmiş 460 AZN pul vəsaiti tutularaq “Jafarli and CO" MMC-nin xeyrinə ödənilməlidir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. (hakim X2)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilə bağlanan zaman İddiaçı ölkə hüdudlarında olmadığından onun 01 iyul 2021-ci il tarixdə fiziki olaraq sözügedən müqaviləni imzalaması mümkün deyildir. Bundan başqa Cavabdeh2 izahatında müqavilənin 01 iyul 2021-ci il tarixdə deyil, başqa bir tarixdə imzalandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən müqavilə tərəflərdən biri kimi qeyd olunan İddiaçı iradəsini ifadə etmədiyindən və hansı şəraitdə bağlandığı müəyyən olunmadığından öz-özlüyündə etibarsız hesab edilməlidir. Sözügedən məbləğin cavabdeh tərəfindən iddiaçıdan alınması isə işin mübahisəsiz halı olduğundan məhkəmə həmin pulun hansı səbəbdən cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına münasibətdə isə qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi 8000 manat məbləğində pul vəsaiti İddiaçı tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş hüquqi xidmətin müqabilində alınmışdır. Lakin sözügedən 01 iyul 2021-ci il tarixli müqavilə etibarsız müqavilə hesab edildiyindən həmin pul məbləği, habelə əlavə ödənilmiş 5500 manat pul vəsaiti də qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən İddiaçı xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbini rədd edərkən məhkəmə hesab etmişdir ki, iddiaçının qarşı tərəfdən onun xeyrinə tutulmasını tələb etdiyi ödənişin əsasında tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilə durduğundan və həmin müqavilə hazırda etibarsız hesab edildiyindən İddiaçı MMC qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmır. Bundan başqa MMC qarşılıqlı iddia ərizəsində İddiaçı razılaşdırılmış hüquqi yardıma görə müxtəlif xidmətlər (yazışmalar, sorğular) göstərdiyini qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162, 164.2, 337.2, 337.5, 339.2, 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

14. Həmin qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyniyyət təşkil edərək onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin vəkili Vəkil3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı tam təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunması hissəsində qismən ləğv olunmalı, həmin hissələrdə iddia rədd edilməlidir.

21. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 01 saylı müqavilə bağlanmış, İddiaçı tərəfindən Cavabdeh2 23 oyun və 09 sentyabr 2021-ci il tarixlərdə etibarnamə verilmişdir. Müqavilənin məzmunu İddiaçı mərhum əri Liu Xınandan miras qalmış əmlakların vərəsəlik qaydasında keçməsi üçün sənədlərin toplanması, araşdırılması, sorğuların idarələrə, dövlət qurumlarına, səfirliklərə, xarici dövlətlərin müvafiq qurumlarına və Azərbaycandakı səfirliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakın tapılması, sənədləşdirilməsi və digər hərəkətlərdən ibarət olmuşdur. İddiaçı həmin müqavilənin bağlandığı gün, yəni 01 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasında olmadığına görə müqaviləni fiziki cəhətdən imzalamasının mümkün olmadığını, habelə müqavilənin birinci və ikinci vərəqlərində imza və möhür olmadığına görə həmin müqavilənin etibarsız hesab olunmasını tələb etmişdir. İlkin iddia tələbinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə bağlanan gün İddiaçı Azərbaycan Respublikasında olmaması və ya müqavilənin ikinci və üçüncü səhifələrinin imzalanıb möhürlənməməsi həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Müqavilənin üçüncü səhifəsi həm Cavabdeh1 MMC-nin direktoru, həm də İddiaçı tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq olunmuşdur. İddiaçı müqaviləni bəyənərək görüləcək işlərin müqabilində Cavabdeh1 MMC-yə 11 avqust 2021-ci il tarixdə 8000 manat, həmin MMC-nin 18 iyun 2021-ci il tarixli etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 isə 13 dekabr 2021-ci il tarixində 5500 manat pul ödəmişdir. Digər tərəfdən İddiaçı həmin MMC ilə hüquqi yardım haqqında İddiaçı ödədiyi 5500 manat pulun 5400 manat hissəsi 045942 və 045940 nömrəli "xxxx" tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli kassa mədaxil orderlərinin surətinə əsasən mənzillərin addan ada keçirilməsi üçün İddiaçı adından MMC-yə ödənilmişdir. Müqavilə çərçivəsində hüquqi yardımın göstərilməsi üçün vəkil sorğularının göndərilməsi məqsədilə 03 iyul 2021-ci il tarixdə Cavabdeh2 ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 arasında hüquqi yardımın göstərilməsi haqqında 882 saylı müqavilə imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 01 saylı müqavilənin etibarsız hesab edilməsinə əsas olmadığından, bu əsasla, yəni əqdin etibarsızlığından irəli gələn nəticə kimi ödənilmiş 13500 manat pulun geri qaytarılması barədə tələb də təmin edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı həmin müqavilənin ləğv olunması və ödənilmiş 13500 manat pulun geri qaytarılması barədə cavabdehlərə pretenziya göndərmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin dəyişdirilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir. Belə ki, İddiaçı Cavabdeh1 MMC ilə hüquqi yardım haqqında müqaviləni ona görə ləğv etmək istəmişdir ki, MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 vərəsəliklə bağlı tapşırığı icra edərkən mərhum Lui Xınandan miras qalmış əmlakları bütövlüklə Lui Cəmilənin adına keçirməyə cəhd etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 miras əmlakı bütövlüklə Lui Cəmilənin adına keçirməyə cəhd etməsi barədə kifayət qədər sübutlar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işlərdə nümayəndənin təmsil etdiyi şəxsin xeyrinə daha çox əmlak əldə etməyə cəhd etməsi başa düşüləndir. Əgər belə bir hal həqiqətən olmuşdursa belə, bunun Lui Cəmiləyə zərər vurması və nəticədə Lui Cəmilənin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olacağı kimi qiymətləndirməyə hər hansı əsas yoxdur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, müqavilənin ləğv olunmasından irəli gəlməklə ödənilmiş pulun geri qaytarılması barədə tələb təmin oluna bilməz. Qeyd olunanlara əsasən, mübahisələndirilən qətnamə müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş 13500 manat pulun geri qaytarılması hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir. Qətnamənin hüquqi yardıma görə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və ünvan 2 ünvanında yerləşən 3-cü mərtəbədə yerləşən 200 kvadratmetr sahəsi olan 4 otaqdan ibarət 8 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 1 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbəsində sahəsi 147 kvadratmetr olan 3 otaqdan ibarət 57 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 1 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbəsində 147 kvadratmetr sahəsi olan 3 otaqdan ibarət 67 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMC-dən məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissələrdə iddia tələbi əsaslıdır. Odur ki, həmin hissələrdə qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. Belə ki, qeyd olunan sənədlərin hal-hazırda Cavabdeh1 MMC-də olmasını həmin Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 da izahatında etiraf etmişdir. Məhkəmədə iddia qaldırılması üçün Lui Cəmilə tərəfindən 132 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə 500 manat məbləğində pul ödənilməsi iş materiallarından görünür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış hüquqi yardım haqqında 01 iyul 2021-ci il tarixli müqaviləyə görə, İddiaçı hüquqi xidmət göstərilməsinə görə vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra müraciət edən şəxsə çatacaq bütün əmlakın 10 faizi məbləğində mükafatın Cavabdeh1 MMC-yə ödənilməsini müraciət edən şəxs öz üzərinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, Lui Cəmilənin mərhum əri Lui Xınandan miras qalmış əmlaklara və pul vəsaitlərinə dair məlumatların əldə olunması həmin əmlaklara dair vərəsəlik işinin nə tam, nə də qismən həll edilməsi anlamını vermir. Odur ki, qarşılıqlı iddia tələbi açıq-aşkar əsassız olduğuna görə məhkəmə düzgün olaraq qarşılıqlı iddianı təmin etməmişdir.

22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsi qismən, yəni ilkin iddia tələbinin təmin edildiyi, “İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə etibarsız hesab edilsin. 13500 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin.” hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar