Məhkəmə qərarları › İş №2(103)-4950/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4950/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4950/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin 1/2 hissəsinin – 135.500 manatın və iddianın verilməsi üçün ödənilmiş 426 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17,19, 21,35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin ½ hissəsi - 135.500 manat və iddianın verilməsi üçün ödənilmiş 426 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 63/2025 nəmrəli, xx.xx.2025-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 №-li, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayətin məzmunu müddətin bərpa edilməsinə dair ərizəsinə uyğun əsaslandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 63/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yüklənmişdir. Mülki işin materiallarından görünür ki, iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 63/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Beləliklə, Cavabdeh apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli və həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməli olduğu halda, bu barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, elektron kabinetdən istifadə edə bilməməsi barədə dəlil qərardadın ləğv üçün əsas hesab edilə biləcək bir dəlil sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 63/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar