Məhkəmə qərarları › İş №2(103)-4957/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4957/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4957/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə X2 Bakı şəhəri Cavabdeh1nə və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın qanunsuz hesab edilməsi, icra məmurunun qərarının ləğv olunması və icranın nəticələrinin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Yasamal rayon icra (probasiya) şöbəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə ondan və X3 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50 500 manatın və mənzilin təmirinə sərf olunmuş 37 912 manatın, yəni cəmi 88 412 manatın alınıb Kərimova Sevinc Oruc qızına ödənilməsinin qət edildiyini, qətnamə icraya yönəldildikdən sonra icra məmurunun ona məlumat vermədən həmin mənzili 95 000 manat məbləğində qiymətləndirərək onu tələbkar Sevinc Kərimovaya təklif etdiyini, halbuki mənzilin dəyərinin 150 000 manatdan yüksək olduğunu irəli sürmüş, buna görə də Cavabdeh2 MMC-nin 1971 saylı 08 yanvar 2019-cu il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ının qanunsuz sayılması və Yasamal rayon icra (probasiya) şöbəsinin 12 mart 2019-cu il tarixli qərarının ləğv olunması, icranın nəticələrinin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticənin işin hallarına uyğun gəlmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək qətnamənin qismən ləğv olunması, Cavabdeh1 12 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və icranın nəticələrinin aradan qaldırılması tələbinə dair iddia üzrə icraata xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə iddianın qismən təmin olunması və Cavabdeh2 MMC-nin 1971 saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs (icra sənədi üzrə tələbkar) Kərimova Sevinc Oruc qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, əvvəlki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi “Yasamal rayon icra (probasiya) şöbəsinin 12 mart 2019-cu il tarixli qərarının ləğv olunması və icranın nəticələrinin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilərək həmin iddia üzrə işin icraatına xitam verilmiş, müvafiq qərardad isə mübahisələndirilməmişdir. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə, yəni Cavabdeh2 MMC-nin 1971 saylı 08 yanvar 2019-cu il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ının qanunsuz sayılması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə yoxlanılması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, MPMin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 02 mart 2021-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “Cavabdeh2“ MMC-nin 1971 saylı 08 yanvar 2019-cu il tarixli hesabatının qanunsuz sayılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...İş materiallarında olan “Cavabdeh2" MMC-nin 1971 saylı 08 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin qiymətinin 95.000 manat, “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilmısi Xidməti MMC” tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli, 101 saylı hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar dəyəri 102.000 manat, daha sonra (Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(103)-2307/2020 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir) iş materiallarında olan “xxxx” MMC-nin 26 iyun 2020-ci il tarixli, PRM/010-2020 nömrəli hesabatından görünür ki, həmin hesabatla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar qiymətinin 105 000 manat, likvid qiymətinin 100 000 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin müəyyən etdikləri bazar qiyməti ilə sonrakı qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş bazar qiymətləri arasında 5000-10000 manat fərq olmuşdur. Odur ki, iddia Cavabdeh2 MMC-nin 1971 saylı, 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz sayılmalı hissəsində təmin olunmalıdır”. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin 22.10.2019-cu il tarixli qərardadına əsasən ünvan 1 ünvanındakı yaşayış sahəsinin hazırkı dövrə bazar qiymətinin müəyyən edilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası xxxx MMC tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli 101 saylı hesabata əsasən qeyd olunan mənzilin bazar dəyərinin 102 000 manat təşkil etdiyi göstərilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qiymətləndirmə hesabatının etibarsızlığına dəlalət edən hər hansı bir əsasın aşkar edilmədiyini, mübahisə obyektinin bazar dəyərinin dəyişməsinə əsas verən halların müəyyən edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasını qətnamədə əsaslandırmamışdır”. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X1 və X3 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50 500 manatın və mənzilin təmirinə sərf olunmuş 37 912 manatın, yəni cəmi 88 412 manatın alınıb Kərimova Sevinc Oruc qızına ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədinin icrası təmin edilmədiyindən Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin üzərinə həbs qoyulmuş, mənzil Cavabdeh2 MMCnin 1971 saylı 08 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95 000 manat məbləğində qiymətləndirilmiş və tələbkara təklif olunmuş, tələbkar Sevinc Kərimova təklifi qəbul etmiş və mənzil onun tərəfindən alınmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici əmlaka 102 000 manat qiymət qoyduğundan məhkəmə hesab etmişdir ki, icra məmurunun sifarişi əsasında qiymətləndirməni həyata keçirən Cavabdeh2 MMC-nin müəyyənləşdirdiyi qiymət həmin qiymətlə uyğunluq təşkil edir və əmlakın real dəyərindən aşağı qiymətləndirilməsinə dəlalət edən hallar mövcud deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh2 MMC əmlakı qiymətləndirərkən onun dəyərinə təsir edən amilləri nəzərə almış, əmlakı real dəyərinə uyğun qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmamışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5737/2019 saylı iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 MMC-nin 1971 saylı 08 yanvar 2019-cu il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ının qanunsuz sayılması” tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun; əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 200 (iki yüz) manat isə ondan alınaraq “xxxx” MMC-nin hesabına (hesab/İBAN: AZ58RBTA********************, VÖEN: **********, “xxxx” ASC-nin Nərimanov filialı, müxbir hesab: AZ61NABZ********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar