Məhkəmə qərarları › İş №2(103)-4961/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4961/2023

17.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4961/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1770/2023 nömrəli 05 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-də Cəmiyyətin Satış Əməliyyatları Departamentinin Araz Marketlər Şəbəkəsinə Administrator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə həmin şöbəyə Filial müdiri vəzifəsinə keçirilmişdir. Bundan sonra da müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də Cəmiyyətin Satış Əməliyyatları şöbəsinə “Açılış və Ərazilərə Nəzarət Mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, daha sonra müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-də Cəmiyyətin Açılış və İnşaat Departamenti Yeni X5 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, əmək haqqı 1699 manat məbləğində müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda o, xx.xx.2023-cü il tarixində Departament müdiri İsrafil Məmmədovun ona ştat və vəzifəsinin ixtisara salındığını bildirməsini və İR yaxınlaşıb şəxsi istəyi ilə ərizə yazıb işdən çıxmağı, əks təqdirdə ona töhmət yazdırıb işdən qovduracaqları barədə və bundan savayı aqressivcəsinə vəzifə səlahiyyətlərini aşaraq ona hədə qorxu gəlməyə başlamasını və onun şəxsiyyət və ləyaqətini alçaltmasını, işlədiyi 7 il müddətində bir dəfə də olsun qanun pozuntusuna yol verməməsini, töhmət almamasını, hazırda isə əsassız töhmət verməklə işdən çıxarılmasını anlamadığını, ixtisara düşdüyü təqdirdə sənədləşdirmənin ona uyğun aparılmalı olmasını, bu məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış tarixi göstərilməyən xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin direktorunun qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi ştatı ixtisar edilmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır.

5. Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Akta əsasən Açılış və İnşaat Departamenti Yeni X4 “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi” vəzifəsində çalışan İddiaçı Abuzər oğlu xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olmuş, lakin təhvil almaqdan imtina etmişdir.

6. Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa görə “Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsi ştat cədvəlinə xx.xx.2023-cü il tarixində əlavə edilmişdir. Cəmiyyətdə operativ və səmərəli idarəetmənin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixində həmin ştat ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa, məcburi iş buraxmağa və 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi 69 gün işlədiyi şənbə və qeyri-iş günləri ilə əlaqədar əmək haqlarının və mənəvi zərərə görə bir illik təşkil edən 17.000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən, “2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi işlədiyi 69 gün təşkil edən şənbə və qeyri-iş günləri ilə əlaqədar” əmək haqlarının və 50 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə Cavabdeh1 MMC-nin Satış Əməliyyatları Departamentinin X6 Administrator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə həmin şöbəyə Filial müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə Cəmiyyətin Kommersiya 2 Departamentinin İstehsalat şöbəsinə “İstehsalat üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə un məlumatları şöbəsinə istehsalat üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə cəmiyyətin kommersiya direktorluğunun un məlumatları satış şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra Cavabdeh1 MMC-dəki qaydalara və daxili xx.xx.2021-ci il tarixli əmrə əsasən Cavabdeh2 MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları öz xahişi ilə işdən çıxmaq barədə ərizənin yazılması bildirilmiş, yazdığı ərizəsinə əsasən onunla bağlanmış əmək müaviləsinə xitam verilmiş, elə həmin gün, yəni xx.xx.2021-ci ildə Cavabdeh2 MMC-yə satış əməliyyatları şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə cəmiyyətin istehsalat direktorluğu, satış və tədarük zənciri şöbəsi, satış bölməsinə açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində daxili əmrə əsasən Cavabdeh1 MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları tərəfindən öz xahişi ilə işdən çıxmağı barədə ərizəsinin yazılması bildirilmiş, yazdığı ərizəyə əsasən Cavabdeh2 MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən, yəni xx.xx.2023-cü ildə Cavabdeh1 MMC-nin Açılış və İnşaat Departamentinin Yeni X4 Açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində Departamentin müdiri İsrafil Məmmədov işlədiyi ştatın ixtisara düşdüyünü və bununla əlaqədar İnsan Resurslarına öz xahişi ilə işdən çıxmaq barədə ərizəsinin verilməsini bildirdikdə uzun müddət qüsursuz işlədiyini, intizam məsuliyyətinə cəlb olunmamağını bildirdikdə aqresiv formada, vəzifə səlahiyyətini aşaraq, şərəf və ləyaqətini alçaldıcı ifadələr işlədərək əks təqdirdə ona töhmət yazdırıb, işdən qovulacağı ilə hədələndiyini nəzərə alaraq işdən çıxarılmağı barədə artıq hazırlanmış sənədləri oxumadan imzalamaq məcburiyyətində qaldı. Bu fakt “whatsapp” qrupdakı yazışmalarla da sübut olunur. Qeyd olunan hallardan göründüyü kimi cavabdeh təşkilat tərəfindən işdən çıxarılmağı barədə xəbərdar olunmamağı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmaması, 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi təşkil edən 69 gün şənbə və qeyri-iş günləri işdə olsa belə, həmin günlər üzrə ödəniş aparılmaması nəzərə alınmadan hədə-qorxu gələrək, iradəsi əleyhinə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmadan onunla bağlanmış əmək müqaviləsinin ləğv etməsi nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır. Belə ki, qanunsuz işdən çıxarılmağı nəticəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur, 3 nəfərdən ibarət ailəsini (özü, həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlu) yeganə qazanc yerindən məhrum olmuşdur. Bundan başqa, 1-ci nikahdan olan, qarşısında aliment öhdəliyi olan şəkərli diabetdən əziyyət çəkən azyaşlı oğlu X2 müalicəsində (səhiyyə orqanlarına müraciət, dərmanların alınması və s.) yaranacaq çətinliklərin mövcudluğu mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(006)-1770/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "işə bərpa və s.” tələbinə və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1770/2023 saylı mülki iş üzrə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 may 2023-cü il tarixli 2(006)-1770/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin xx.xx.2023cü il tarixdə 040-K nömrəli Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 MMC-nin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmağa görə İddiaçı əmək haqqı ödənilməsi, iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh tərəf 2023-cü il üçün əvvəlki və yeni ştat cədvəllərini məhkəməyə təqdim etməyərək ilin əvvəlində, yəni xx.xx.2023-cü ildə «Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi» vəzifəsini ştat cədvəlinə əlavə edərək həmin tarixdə də iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə olsa da) sözügedən vəzifəyə qəbul etsə də, 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə bilməmişdir.

14. Məhkəmə iddiaçının ixtisar olunması ilə bağlı cavabdehin niyyətindən məlumatlı olmasına dair iş materiallarında olan tarixi göstərilməyən, lakin iddiaçının xx.xx.2023-cü il tarixini qeyd etməklə «oxudum, tanış oldum, müddəti gözləmirəm» cümləsini yazmaqla imza etdiyi xəbərdarlıq məktubunun məzmununa qiymət verərək hesab etmişdir ki, bu halın mövcudluğu iddianın əsassız olması kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı 3 aylıq müddət ilə xx.xx.2023-cu ildə işə qəbul edilmiş və artıq xx.xx.2023-cü ildə ona işdən çıxarılması ilə bağlı ona qarşı təhdidlər baş vermişdir. Bu iddiaçının cavabdehə Cavabdeh1 MMC-yə elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunu ilə təsdiq edilir. İddiaçı həmin məktubda göstərilənlərlə bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, məhkəmə bu dəlili ona görə əsassız saymır ki, həmin məktubda o, işdən azad edilməsinin təhdid və hədə-qorxu ilə müşayət olunmasını və bu hədələrin konkret kim tərəfindən, hansı formada olmasını göstərərək məsələyə aydınlıq gətirməsini xahiş etsə də, cavabdeh tərəf məhkəmə iclasında bununla əlaqədar araşdırma aparılmasına dair hər hansı sübutlar təqdim etməmişdir.

15. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda iddiaçı xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olsa da, lakin təhvil almaqdan imtina etməsi göstərildiyi halda, iş materiallarında olan tarixi göstərilməyən, iddiaçının isə xx.xx.2023cü il tarixini qeyd etməklə imza etdiyi xəbərdarlıq məktubunda yazılanları könüllü sərbəst qaydada yazması inandırıcı olmamaqla, bu halların mövcudluğu iddiaçının bununla bağlı dəlillərinin əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin xx.xx.2023-cü il tarixini qeyd etməklə imza etdiyi xəbərdarlıq məktubunda yazılanlarla əlaqədar ona ödənişlərin edilməsi də onun bu ixtisardan müəyyən edilmiş müddətdə xəbərdar olması və razılaşması kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunsuz olaraq işdən azad edilsə də, bununla bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 2.1, 11, 68, 69, 12, 70, 71, 77, 300.1, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi qanunvericiliyə uyğun icra edilmiş və İddiaçı heç bir hüququ pozulmamışdır. İşçi tərəfindən xəbərdarlıq məktubu imzalanaraq, yeni iş yeri axtarılmasına dair əlavə vaxt tələb edilməmiş və bunun əvəzində ödənilən məbləğlə razılaşmışdır. Lakin, nədənsə məhkəmə işçinin şəxsən imzaladığı sənədi hədə-qorxu altında imzaladığı qənaətinə gəlmişdir. İşçi ali təhsilli və hüquqlarını müdafiə edə biləcək şəxsdir. Belə bir hal baş vermis olsa idi, əmək müfəttişliyinə şikayət edərdi. Bundan başqa, iddiaçı məhkəmə prosesində bildirmişdir ki, ştatın ləğv edilməsi ilə bağlı ona əmək haqqı saxlanılmaqla başqa işə keçilməsi təklif olunmuş, o isə bununla razılaşmamışdır. Belə olan halda, məhkəmə heç bir qanuni əsası olmadan cavabdeh üzərinə ləğv edilmiş ştatın bərpa olunması öhdəliyi qoyaraq qanunvericiliyin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, sözügedən ştatın yaradılması və ixtisar olunması barədə əmrləri hazırda təqdim edə bilmir.

22. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

24. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

25. Maddə 71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 26.Maddə 71, hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

28. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

29. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir.

30. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-də “Cəmiyyətin Satış Əməliyyatları Departamentinin Araz Marketlər Şəbəkəsinə Administrator” vəzifəsinə işə qəbul edilib, bundan sonra da müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də Cəmiyyətin Satış Əməliyyatları şöbəsinə “Açılıq və Ərazilərə Nəzarət Mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, daha sonra müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-də “Cəmiyyətin Açılış və İnşaat Departamenti Yeni X5 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir.

41. Cavabdeh1 MMC tərəfindən iddiaçıya ünvanlanmış tarixi göstərilməyən xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin direktorunun qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi ştatı ixtisar edilmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır.

42. Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi ştat cədvəlinə əlavə edilmişdir. Cəmiyyətdə operativ və səmərəli idarəetmənin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixində həmin ştat ləğv edilmişdir.

43. Qeyd edilən “Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsinin ştat cədvəlinə əlavə olunması və həmin ştatın ləğv edilməsi barədə əmrlər cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsi zamanı, nə də hazırki icraat zamanı təqdim edilməmişdir.

44. Halbuki, yeni ştatların yaradılması və onların ləğv edilməsi müvafiq sərancamla rəsmiləşdirilməlidir. Məhz buna görədir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir ki, işəgötürən işçilərin sayının və ya ştatların ixtisar edilməsi səbəbindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

45. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda yeni yaradılmış vəzifənin ştat cədvəlinə əlavə edilməsi və həmin ştatın ləğv edilməsi barədə əmrlərə istinad edilsə də, həmin əmrlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

46. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh tərəf 2023-cü il üçün əvvəlki və yeni ştat cədvəllərini məhkəməyə təqdim etməyərək ilin əvvəlində, yəni xx.xx.2023-cü ildə «Açılış və İnşaat Departamenti Yeni X4 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi» vəzifəsini ştat cədvəlinə əlavə edərək həmin tarixdə də iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə olsa da) sözügedən vəzifəyə qəbul etsə də, 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə bilməmişdir.

47. Cavabdeh apellyasiya şikayətində iddiaçının xəbərdarlıq məktubunu imzalamasını, əlavə vaxt tələb etməməsini göstərmişdir. Kollegiya qeyd edir ki, istinad edilən bu hal əsassızdır, tarixi göstərilməyən xəbərdarlıq məktubunda iddiaçı tərəfindən yazılmış qeyd özü əhəmiyyətsizdir, iddiaçı xx.xx.2023-cü il tarixdə “email” adresindən göndərdiyi məktubda göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Departament müdiri İsrafil Məmmədovun ona ştat və vəzifəsinin ixtisara salındığını bildirməsini və İR yaxınlaşıb şəxsi istəyi ilə ərizə yazıb işdən çıxmağı, əks təqdirdə ona töhmət yazdırıb işdən qovduracaqları barədə və bundan savayı aqressivcəsinə vəzifə səlahiyyətlərini aşaraq ona hədə qorxu gəlməyə başlamasını və onun şəxsiyyət və ləyaqətini alçaltmasını, işlədiyi 7 il müddətində bir dəfə də olsun qanun pozuntusuna yol verməməsini, töhmət almamasını, hazırda isə əsassız töhmət verməklə işdən çıxarılmağını anlamadığını, ixtisara düşdüyü təqdirdə sənədləşdirmənin ona uyğun aparılmalı olmasını, bu məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir.

48. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin istinad etdiyi həmin tarixsiz xəbərdarlıq məktubunda iddiaçının tutduğu ştatın ləğv edilməsinin əsası kimi “direktorun qərarına” istinad olunsa da, həmin “qərarın” tarixi və nömrəsi də göstərilməmişdir.

49. Beləliklə, ştatın ləğv edilməsi barədə əmrin özünün olmaması həmin əmrə istinadən edilmiş xəbərdarlığın əsaslı olmasını inkar edir.

50. Bundan başqa, iş materiallarında olan “Whatsapp” yazışmasında “İsmayıl M Farmat Muduru” kimi qeyd edilmiş şəxs tərəfindən yazılmışdır ki, “Fuad Hetemov da öz isteyi ilə işdən ayrıldı, onun işləri ilə bağlı sualları Açılışa hazırlıq qrup rəhbərlərinə müraciət edə bilərsiniz (Həşim m, Qoşqar m, Ayaz m).”

51. Kollegiya qeyd edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən yuxarıda göstərilən əmrlər təqdim edilmədiyindən müvafiq ştatın yaradılması və sonradan ləğv edilməsi, iddiaçının da bu əsasla işdən azad edilməsi nəticəsinə gəlmək mümkün deyildir.

52. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1770/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar