Məhkəmə qərarları › İş №2(103)-4962/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4962/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4962/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: əmək mübahisəsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4346/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 3 iyul 2023-cü il tarixli, 14-2-2-9/3-1k-153/2023 saylı əmrdən görünür ki, xx.xx.2014cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmiş, müqaviləyə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi tapşırılmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair (xx.xx.2023-cü il tarixdə çap edilmiş) məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı ikitərəfli infiltrativ ağciyər vərəmi parçalanma fazasında BK(-) ağciyərürək çatışmamazlığı diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik verilmişdir.

4. ünvan 1 ünvanlanmış materiallardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və cavabdeh Salyan X5 İdarəsinin nümayəndəsinin iştirak etməməsi barədə müvafiq arayış tərtib edilmişdir. Arayışın iddiaçıya rəsmi şəkildə təqdim edilməsi xx.xx.2023-cü il tarixində təmin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB Salyan X5 İdarəsinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixindən Cavabdeh1 Salyan X5 İdarəsi ilə əmək müqaviləsi bağlayaraq telefonçu vəzifəsində çalışmağa başlamışdır. Cavabdeh1 Salyan X5 İdarəsində işlədiyi dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. Cavabdeh1 Salyan X5 İdarəsinin 3 iyul 2023-cü il tarixli, 14-2-2-9/3-1k-153/2023 saylı əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasına əsas olaraq, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndi (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) göstərilmişdir. Onun uzun müddətdir ki, 2-ci dərəcə əlilliyi var və bu zaman əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyi qeyd edilmişdir. Lakin onun əmək fəaliyyətinə mane olmamışdır. Çünki sağlamlığındakı problem əmək müqaviləsi bağlamamışdan mövcud olmuşdur. Nümayəndəsi olduğu şəxs işlədiyi müddət ərzində heç vaxt problem olmamışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra o, sağlamlıq vəziyyətinin yoxlanılması üçün yenidən müraciət etmişdir. Bu zaman verilmiş rəydə “epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər” qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh1 Salyan X5 İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2- 2-9/3-1k-153/2023 saylı əmrinə əsas olmuş hal aradan qalxmışdır. İşlədiyi zaman da, ona sağlamlığının yoxlanılması tapşırılsaydı işləməsinə maneənin olmaması müəyyən edilərdi. O, əmrin ləğvi üçün mediasiya təklifi göndərmiş, lakin qarşı tərəf ümumiyyətlə iclasda iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Salyan RQİİ-nin xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul edilmişdir. Ştat cədvəlində aparılmış dəyişikliklə əlaqədar xx.xx.2021-ci il tarixli 195 k saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə keçirilmişdir. Salyan RQİİ-nin 3 iyul 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. 2023-cü ilin may ayında Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı (ƏMAS alt sistemində) İddiaçı ikinci dərəcəli əlillik statusunun olması və əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd olunması müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı Salyan RQİİ-nə dəvət edilmiş, ona bu barədə müvafq izahat verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək qabiliyyətli olmasını, təkrar müayinədən keçirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edəcəyini və müraciətinin nəticələrinə dair müvafiq sənədləri idarəyə təqdim edəcəyini bildirmişdir. Lakin İddiaçı əmək qabiliyyətli olması barədə idarəyə heç bir sənəd təqdim etməmiş, “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların təkrar yoxlanılması zamanı İddiaçı əmək zəmanəti əmək qabiliyyətsiz kimi olması müəyyən edilmişdir. Bu səbəbdən də Salyan RQİİ-nin 3 iyul 2023-cü il tarixli 14-2- 2-9/3-1k-153/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən təhvil almışdır. İddiaçı iddia ərizəsində sağlamlığı da olan problemin əmək müqaviləsi bağlamamışdan əvvəl mövcud olmasını, işlədiyi müddətdə heç bir problemin olmamasını, işlədiyi zaman sağlamlığının yoxlanılması barədə tapşırıq verilmədiyini qeyd etmişdir. İddiaçı əlillik dərəcəsi olması barədə idarəyə heç bir məlumat verməmiş, onun əlillik dərəcəsi olması və əmək qabiliyyətinin olmaması Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı müəyyən edilmişdir. Qanunvericilikdə zərərli peşədə çalışan işçilərin dövri tibb müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının tutduğu peşə zərərli peşələr kateqoriyasına aid olmadığı üçün onun dövri tibb müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Belə ki, Salyan RQİİ-nin 3 iyul 2023cü il tarixli 14-2-2-9/3-1k-153/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Salyan RQİİ-yə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiyanın tətbiqi barədə təklif məktubunun göndərilməsindən 45 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə MŞS/MT-028/2023/0002Ə saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı tərəfindən qanunvericliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4346/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işə qəbul edilərkən İİ qrup əlil olmuşdur. O, 2012-ci ildən 2-ci qrup əlildir. Salyan X5 İdarəsi tərəfindən məhz 2023-cü ildə işçilərin əmək qabiliyyəti yoxlanılmış, həmin vaxt iddiaçının əmək qabilliyyətsiz (əvvəlki meyyarlarla) olduğu müəyyən olunsa da, hazırda epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilməsi müəyyən olunmuşdur. İddiaçının əmək qabilliyyətsiz olması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə uyğun olmamışdır. İşdən görünür ki, cavabdeh Salyan X5 İdarəsi tərəfindən bu qaydaya düzgün riayət edilmədən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsi bağlayarkən İİ qrup əlil olmasını gizlətməmiş, ona təyin olunmuş əlillik təyin edilərkən müəyyən edilən meyarlarla, hazırkı meyarlar fərqlidir.

10. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin iddiaçı ilk dəfə məhkəməyə 6 oktyabr 2023-cü ildə müraciət etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.

11. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.8, 68.2, 74.1, 154, 296c maddələrinə; “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4346/2024 saylı 4 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Salyan RQİİ-nin xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsi xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul edilmişdir. Ştat cədvəlində aparılmış dəyişikliklə əlaqədar xx.xx.2021-ci il tarixli 195 k saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə keçirilmişdir. Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/3-1k- 154/2023 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi işçinin əmək funksiyasının icrasında yol verdiyi nöqsanlarla bağlı deyil, tərəflərin iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. İddiaçı istər işə qəbul olunarkən, istərsədə işlədiyi müddətdə İİ qrup əlil olması ilə bağlı idarəyə heç bir məlumat verməmişdir. Bu səbəbdəndə əlil şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş güzəştlər iddiaçıya tətbiq edilməmişdir. 2023-cü ilin may ayında Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı (ƏMAS alt sistemində ) İddiaçı ikinci dərəcəli əlillik statusunun olması və əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd olunması müəyyən edilmişdir. İddiaçı istər işə qəbul olunarkən, istərsədə işlədiyi müddətdə İİ qrup əlil olması ilə bağlı idarəyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də əlil şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş güzəştlər iddiaçıya tətbiq edilməmişdir. 2023-cü ilin may ayında Salyan RQİİ üzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı (ƏMAS alt sistemində) İddiaçı ikinci dərəcəli əlillik statusunun olması və əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd olunması müəyyən edilmişdir. Məhkəmə qətnamədə iddia tələbinin təmin edilməsinin digər əsası kimi iddiaçının şifahi izahatına əsasən iddiaçının tibbi müayinədən keçməsi barədə Birliyin İnsan resursları şöbəsində çalışan əməkdaşa məlumat verdiyini, məhkəmə iclasında istifadəsində olan telefon vasitəsilə elektron növbədə olmasını əks etdirən məlumatı məhkəməyə təqdim etdyini, iddiaçıya yenidən müayinə olunmasına imkan yaradılmadığını, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə Azərbaycan Respublikası ƏməkMəcəlləsinin tələblərinin pozulmasını qeyd etmişdir. Qeyd etdiyi kimi, 2023-cü ilin may ayında Salyan RQİİüzrə işçilərin “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların yoxlanılması zamanı (ƏMAS alt sistemində ) İddiaçı ikinci dərəcəli əlillik statusunun olması və əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd olunması müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı Salyan RQİİ-yə dəvət edilmiş, ona bu barədə müvafq izahat verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək qabiliyyətli olmasını, təkrar müayinədən keçirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edəcəyini və müraciətinin nəticələrinə dair müvafiq sənədləri idarəyə təqdim edəcəyini bildirmişdir. Lakin İddiaçı əmək qabiliyyətli olması barədə idarəyə heç bir sənəd təqdim etməmiş, “Elektron hökümət portalı”nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların təkrar yoxlanılması zamanı İddiaçı əmək zəmanəti əmək qabiliyyətsiz kimi olması statusunda qalması müəyyən edilmişdir. Bu səbəbdən də Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/3-1k-154/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. İddiaçı məhkəmə iclasında Salyan RQİİ-nin İnsan resursları şöbəsinin rəisinə müayinədən keçməsi ilə bağlı məlumat verdiyini qeyd etsədə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin hallarından da görünür ki, Cavabdeh1 İB tərəfindən iddiaçıya təkrar tibbi müayinədən keçməsi ilə bağlı kifayət qədər şərait yaratmışdır. Lakin iddiaçı təkrar tibbi müayinədən keçməsi ilə bağlı idarəyə heç bir sənəd təqdim etməmişdir. Əmək zəmanəti olmayan işçi ilə əmək münasibətlərinin davam etdirilməsi qanunvericiliklə qadağan olunduğu və işəgötürən üçün ağır nəticələrə səbəb olması səbəbindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/3-1k154/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən təhvil almışdır. Tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlmiş və öz qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə əsaslandıraraq qətnamədə qeyd etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin iddiaçı ilk dəfə məhkəməyə 06 oktyabr 2023-cü ildə müraciət etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Bildirir ki, Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/3-1k-154/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-9/2-547/2023 məktubu ilə İddiaçı əmək kitabçasını Salyan RQİİ-nin İnsan resursları şöbəsindən götürülməsi barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Salyan RQİİ-nə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiyanın tətbiqi barədə təklif məktubunun göndərilməsindən 45 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə MŞS/MT-028/2023/0002Ə saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.“İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 22.16-cı (“1” və “2” hissə) maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 23.68-ci (1-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 24.74-cü (1-ci hissə “c” bəndi) maddəsinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir. 25.74-cü maddəsinə “qeyd” hissəsinə əsasən, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 26.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 27.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 28.83-cü (1-ci hissə) maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğvedilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 29.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 30.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 31.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

32.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun

33.21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 34.21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 35.21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 36.21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 37.24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 38.28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 39.32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 40.35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

41. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 42.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və etirazın dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. 44.Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin normaya görə, müqavilə tərəflərinin iradəsindən və istəyindən asılı olmayan hallarda, hazırki halda da, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanmış əmək müqaviləsinə xitam olunur. 45.İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2012-ci ildən (Diaqnoz: iki tərəfli infiltrativ ağ ciyər vərəmi parçalanma fazasında BK(-). Ağ ciyər-ürək çatmamazılığı İİ d) müddətsiz ikinci qrup əlili statusuna malikdir. Həmin tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində, o, əmək zəmanəti olmayan şəxs olaraq əmək qabiliyyətsiz sayılsa da, xx.xx.2023-cü il tarixdə keçdiyi qiymətləndirməyə əsasən onun epidemioloji təhlükənin olmadığı şəraitdə işləməsi mümkün sayılmışdır. İddiaçı ilə Cavabdeh1 İB arasında əmək münasibətləri isə xx.xx.2014-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının müəssisədə iyul ayına kimi çalışdığı, yəni işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olduğu və gördüyü işə görə aylıq əmək haqqı aldığı müəyyən edilmişdir. 46.Bununla əlaqədar ilk öncə qeyd qeyd edilməlidir ki, kollegiya cavabdehin iddiaçının sağlamlığında müvafiq problemlərin mövcud olmasından məlumatlı olmadığını ağlabatan saymır. Belə ki, iddiaçı işə qəbul edilən zaman (xx.xx.2014-cü il tarixində) əlilliyi olan şəxs statusuna malik idi. İİ qrup əlil olması da İddiaçı, İB-nin Cavabdeh1 Salyan X5 İdarəsinə telefonçu vəzifəsinə qəbul olmasına, həmin vəzifədə çalışmasına maneçilik törətməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işdən çıxarılana qədər tərəfindən əmək vəzifələrinin faktiki icra edilməsi mümkün olmuşdur. 47.Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cavabdeh məhdud sağlamlıq imkanlarını nəzərə alaraq əmək şəraiti daha uyğun olan başqa işi iddiaçıya təklif etməmiş, səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi halların mövcud olub-olmamasına, iddiaçının sağlamlığı ilə əlaqədar yerinə yetirə biləcəyi başqa işə keçirilməsinin mümkün olub-olmamasına dair hər hansı araşdırıma aparmamış əmək münasibətlərinə xitam vermişdir. Bununla da onun digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququnu pozmuşdur. Halbuki iddiaçının Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sonuncu qiymətləndirilməsi nəticəsində epidemioloji təhlükənin olmadığı şəraitdə işləməsi mümkün hesab edilmişdir. 48.Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, onunla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. 49.Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mübahisəyə tətbiq edilməli olan iddia müddətinə münasibətdə sərgilədiyi mövqe ilə razılaşmasa da, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək iddiaçının tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə də müvafiq ərizəyə iddiaçının həm də pul tələbinin olduğuna əsaslanaraq hazırkı mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsini tətbiq etməklə, pul tələbi (məcburi işburaxmaya görə əmək haqqı) üzrə iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququnun mövcud olduğunu qeyd etmişdir.

51. Göründüyü kimi məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edildiyini nəzərə almamışdır. Buna baxmayaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgün olmuşdur və cavabdehin apellyasiya şikayətində istinad etdiyi bu hal mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.

52. Belə ki, iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2023-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 21 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Arayışı rəsmi şəkildə xx.xx.2023cü il tarixində qəbul etmiş iddiaçı də 4 gündən sonra, xx.xx.2023-cü il tarixində Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

53. Məhkəmə kollegiyası “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsaslanaraq qeyd etməyi zəruri sayır ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mübahisə üzrə iddia müddətinin axımı protokolun tərəflərə təqdim edildiyi gündən bərpa edilir. İş materiallarından göründüyü kimi hazırki iddia üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdə dayanmış, xx.xx.2023-cü il tarixində isə bərpa olunmuşdur. Nəticədə iddiaçı hüquqlarının pozulduğunu bildiyi tarixdən 25 gün keçdikdən sonra qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4346/2024 saylı 4 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar