Məhkəmə qərarları › İş №2(103)-4963/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4963/2023

20.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4963/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra, cavabdeh) qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, cavabdehin təqsiri üzündən məcburi işburaxma dövrü üçün vəzifə maaşı miqdarında kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 2012-ci ildə “X4”nda mütəxəssis kimi başlamış və 2013-cü ilə kimi orada işləmişdir. 2013-2014-cü illərdə "xxxx"line MMC-də Marketinq xidmətində, bundan sonra xidməti müqavilə əsasında xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixə kimi, "xxxx" ASC-nin Pərakəndə Bankçılıq Departamentində satış mütəxəssisi kimi işləmişdir. Daha sonra, yəni 2017-ci il 18 sentyabr tarixindən əmək müqaviləsi üzrə "xxxx" ASC-nin Binəqədi filialının kredit şöbəsinin istehlak krediti üzrə mütəxəssis vəzifəsinə qəbul olunmuş, xx.xx.2018-ci il tarixdə Səbail filialına mütəxəssis vəzifəsinə rotasiya olunmuş, xx.xx.2018-ci il tarixində həmin filialın kredit şöbəsinin istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixində Yasamal filialına göndərilmiş və burada kreditlər üzrə bölmə rəhbəri vəzifəsinə məsul şəxs kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialına keçirilmiş, burada da bölmə rəhbəri məsul şəxs vəzifəsini icra etmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Sənaye filailına keçirilmiş və burada bölmə rəhbəri vəzifəsini icra etmişdir. "xxxx" ASC-də işlədiyi 8 il ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidməti vəzifəsinin icrası sahəsində əldə etdiyi göstəricilərə görə ona "ABB ASC-nin sədri tərəfindən H0106 saylı “fərqlilər” sertifikatı və “ön söz imzalı” bloknotu kitabçası təqdim olunmuş, hədiyyə qismində mobil telefonla mükafatlandırılmışdır. Bu müddətdə ona qarşı heç bir intizam tənbehi tətbiq edilməmişdir. Son iş yeri olan "xxxx" ASC-nin Sənaye filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssisi vəzifəsini icra edərkən, xx.xx.2022-ci il tarixdə iş vaxtı mobil telefonuna burada işlədiyi son beş ildə qüsursuz xidmətimə görə təbrik mesajı daxil olmuş və iş gününün sonuna yaxın isə əmək müqaviləsinə xitam verilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. Səhəri gün "xxxx" ASC-nin baş ofisinə getmiş və bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Burada ona Cəmiyyətin insan resurslarnın idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il tarixli, 40- 16398/2022 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” bildiriş təqdim olunmuşdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış 47/F nömrəli əmək müqaviləsinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 il 3 ay 14 gündür və bu müqavilənin başa çatma tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Şərhdən aydın olunur ki, cavabdehlə iddiaçı arasında bağlanmış yuxarıda sözügedən əmək müqaviləsinə əsasən, müqavilənin başa çatma vaxtı 2026-cı ilin aprel ayının 14-ü müəyyən edilir. Qeyd olunanlara aydınlıq gətirilməsi üçün, iddiaçı "xxxx" ASC-nin rəhbərliyinə bir neçə dəfə elektron poçtla və rəsmi müraciətlər ünvanlamış və onu qəbul etmələri xahiş etsə də, bu nəticəsiz qalmışdır. Lakin, təkrar bir neçə dəfə etdiyi müraciətlərə, insan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixli cavab məktubları ünvanına daxil olmuşdur. Baxmayaraq ki, iddiaçının cavabdehə ünvanladığı ərizə və müraciətlərində hansı əmək müqaviləsinə xitam verilməsinə aydınlıq gətirilməsini xahiş etsə də, cavab məktublarında bu barədə heç bir məlumat yazılmamışdır. İddiaçıya iş yerindən “Əmək kitabçası” verilərkən, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrini tələb etmişdir. Lakin sözügedən əmr ona təqdim edilməmişdir. Bu barədə keçən müddətdə olan ardıcıl müraciətləri də nəticəsiz qalmışdır. Həmçinin Əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş qaydada xitam verilməsinin yoxlanılması barədə yerli həmkarlar ittifaqına müraciətinə də bu günə kimi cavab verilməmişdir. Bundan sonra məhkəmədən kənar bu məsələnin həlli məqsədilə prosessual qaydalara uyğun Mediasiya Xidmətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmiş, prosessual müddət keçdikdən sonra Mediasiya Təşkilatı ilkin mediasiya hərəkətini xx.xx.2022-ci il tarixinə təyin etmişdir. İlkin mediasiya cavabdehin nümayəndəsi iştirak etmişdir. Mediatorun araşdırması zamanı hansı əmək müqaviləsi ilə işə xitam verilməsi, bu barədə tərtib olunmuş və əsaslandırılmış xx.xx.2022- ci il tarixli, 3155K nömrəli əmrin təsdiq olunmuş surətləri tələb olunsa da, bu sənədlər nümayəndə tərəfindən təqdim olunmamışdır. Mediasiya hərəkətlərinin davam etdirilməsinə dair nümayəndə etirazını bildirmiş və bundan imtina etmişdir. Bundan sonra mediator ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/13-00205 saylı arayışı tərtib etmiş və təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-936/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunması olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıya son haqq hesab ödənilmiş, lakin tarixini dəqiq deyə bilmir. Hər bir halda cavabdehin nümayəndəsinin təqdim etdiyi hesabdan çıxarışa etirazı yoxdur. Hesab edir ki, yalnız əmək kitabçasının təqdim edilməsi faktı iddia müddətinin axımının başlanması ilə nəticələnə bilməz. Çünki, iddiaçıya əmrin surəti verilməmiş, bu səbəbdən də əmrin necə əsaslandırılmasını bilməmişlər. Bu barədə aralarında yazışmalar olmuş, həmkarlar komitəsinə bir neçə dəfə müraciətlər olunmuşdur. Qeyd etdiyi hallar isə üzrlü səbəblər kimi qəbul edilməlidir. Eyni zamanda hesab edir ki, iddia müddətinin axımının başlanması üçün cavabdeh tərəfindən ƏM-in 296-cı maddəsində göstərilən bütün sənədlərin, yəni əmrin, əmək kitabçasının və s. zəruri sənədlərin birlikdə təqdim olunması zəruridir, cavabdeh tərəfindən isə yalnız əmək kitabçası verilmişdir. Belə olan halda iddiaçının hüquqlarının pozulmasının əvvəlinin məhz əmək kitabçasının təqdim olunduğu gündən hesablanması düzgün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, hesabdan çıxarışdan göründüyü kimi son haqq-hesab da elə həmin ayda iddiaçının kart hesabına köçürülmüşdür. Həmçinin, iddiaçının istinad etdiyi əmək müqaviləsinin bağlanmasına dair məlumat əmək müqaviləsi deyildir. Həmin sənədi istənilən vaxtı sistemdən çıxarmaq olar. Orada çoxlu uyğunsuzluqlar vardır. Müqavilə müddətinin 4 il 3 ay 14 gün qeyd edilməsi isə müqavilənin bağlandığı tarixdən keçən müddəti göstərir. Hesab edir ki, əmr tam qanunidir. Eyni zamanda iddiaçı iddia müddətini açıq-aşkar ötürmüş, bunun üzrlü səbəbləri barədə isə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşdə olan sübutlara əsasən – tərəflər arasında xx.xx.2017-ci il tarixli müddətli (bir il müddətinə) əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh ASC-nin Binəqədi filialının Kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, son olaraq Sənaye filialında parakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının özünün də bildirməsinə görə, xx.xx.2022-ci il tarixdə iş vaxtı mobil telefonuna işlədiyi son beş ildə qüsursuz xidmətimə görə təbrik mesajı daxil olmuş, iş gününün sonuna yaxın isə əmək müqaviləsinə xitam verilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. İddiaçı səhəri gün cavabdeh ASC-nin baş ofisinə getmiş və bu məsələyə aydınlıq gətirilməsini xahiş etmiş, Cəmiyyətin insan resurslarnın idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə ona xx.xx.2022-ci il tarixli, 40-16398/2022 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” bildiriş təqdim olunmuşdur. Eyni zamanda işin mübahisə olunmayan digər halına əsasən, cavabdeh 05 oktyabr 2022-ci il tarixdə əmək kitabçasını təhvil almış (İşdə olan işçilərin əmək kitabçalarını təhvil almaları barədə jurnaldan çıxarışda görünür ki, iddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixində təhvil almasını imzası ilə təsdiq etmişdir), kitabçada iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli, 3155 k əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (müddətinin qurtarması əsası ilə) xitam verilməsi barədə qeyd öz əksini tapmışdır. İddiaçı tərəfindən ilk dəfə 11 noyabr 2022-ci il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif göndərilmiş, “Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2022-ci il tarixdə alınmışdır. Bundan sonra, yəni 09 dekabr 2022-ci il tarixdə iddiaçı işə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Şəbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan qaytarılmış, iddiaçının hazırki iddiası isə 29 dekabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İddiaçı hazırda iddiasında - onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini, işə bərpa olunmasını tələb etmişdir. Cavabdeh iddiaya etirazında mübahisələndirilən əmrin qanuni olmasını, tərəflər arasında xx.xx.2017-ci il tarixli müddətli (bir il müddətinə) əmək müqaviləsinin bağlanmasını, 2022-ci il tarixədək hər il müddətin eyni müddətə uzadılmasını, müddətin 2022-ci ilin 18 sentyabr tarixində başa çatmasını, bu səbəbdən də 19 sentyabr 2022-ci il tarixli əmrlə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə müvafiq əsasla xitam verilməsini, iddiaçının isə həmin əmri əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 ay müddət ərzində mübahisələndirməməsini, iddia müddətini ötürməsini göstərmiş, mübahisəyə iddia müddətinin tətdiq olunması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 3155 k saylı əmr ilə xx.xx.2022-ci il tarixindən xitam verilməsinin qanuniliyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin 5 ili tamamında bitməsi ilə xitam verilməsi tamamilə əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, həmçinin iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müddətli (bir il müddətinə) əmək müqaviləsi bağlanmış, 2022-ci il tarixədək hər il eyni müddətə uzadılmış, müddət 2022-ci ilin 18 sentyabr tarixdə başa çatmış, bu səbəbdən də 19 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir. İddiaçının mövqeyinə görə onunla xx.xx.2017-ci il tarixdə müddətli (bir il müddətinə) əmək müqaviləsi bağlansa da, sonradan imzalanmış “əmək müqaviləsini bağlayan tərəflər arasında məlumatlar”dan görünür ki, müqavilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 4 il 3 ay 14 gün müddətinə bağlanmışdır. Belə olan halda isə, müqavilə xx.xx.2021-ci il tarixdən eyni müddətə uzadılmış sayılır, çünki, həmin tarixdən 7 həftə ərzində müqaviləyə xitam verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisə etdiyi həmin sənəd (müqaviləyə dair məlumat) əmək müqaviləsi deyildir. Çünki ona təqdim olunan sənəd əsl və əsas əmək müqaviləsi olmamaqla tərəflar arasında bağlanmış əmək müqaviləsinə dair məlumat çıxarışı olmuşdur (emas.sosial.gov.az portalından çıxarış). Qeyd olunan sənədə mobil telefon tətbiqi vasitəsilə baxış keçirilən zaman da (bar code vasitəsilə) mübahisəli sənədin yönləndirildiyi dövlət qurumu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (emas.sosial.gov.az portalı) olmuşdur. Həmin sənəddən də görünür ki, orada müxtəlif texniki səhvliklərə yol verilmişdir. Belə ki, həmin sənəddə baş direktorun adının Aynur Süleymanlı olması, əmək müqaviləsinin bağlanma tarixinin xx.xx.2022-ci il olması, işə götürən kimi Aynur Süleymanlının olması kimi səhvliklərə yol verilmişdir ki, buda onun müqavilə olmadığının açıq aydın göstəricidir. Bu səbəbdən də iddiaçının mübahisə etdiyi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixinin 4 il 3 ay 14 gün müəyyən edilməsi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh müddətli əmək müqaviləsinə xitam verilməsi istiqamətində qanunvericiliyin tələblərini gözləmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işçi yalnız qanunla müəyyən olunmuş iddia müddəti ərzində məhkəməyə müraciət etməklə barəsində olan müvafiq əmrin qanuniliyini mübahisələndirməkdə haqlıdır. Əks halda, yəni əmrin qanuniliyindən asılı olmayaraq, müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır. İddiaçı hazırki iddia tələbində cavabdehin 19 sentyabr 2022-ci il tarixli, 3155K saylı əmrini mübahisələndirmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərərək iddiaçı tərəfindən məhkəməyə müraciət üçün iddia müddətinin buraxıldığını qeyd etmiş, bu səbəbdən də mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, ƏM-in 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-in 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində çıxarılmış 19 sentyabr 2022-ci il tarixli əmrdən elə həmin tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmiş, həmçinin bundan əlavə əmək kitabçasını 05 oktyabr 2022-ci il tarixdə təhvil almış, əmək kitabçasında əmrlə bağlı müvafiq qeydlər olmuş, bununla da müddət axımı başlanmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya son haqqı hesab və s. ödənişlər daha əvvəl, yəni 19 sentyabr 2022-ci il tarixdə və 29 sentyabr 2022-ci il tarixdə həyata keçirilmişdir. Lakin, iddiaçı tərəfindən cavabdehə yalnız 11 noyabr 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, artıq həmin tarixdə qanunla müəyyən olunmuş 1 aylıq müddət keçmişdir (“Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış xx.xx.2022-ci il tarixdə verilmiş, bundan sonra, yəni 09 dekabr 2022-ci il tarixdə iddiaçı işə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan qaytarılmış, iddiaçının hazırki iddiası isə 29 dekabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur). «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, işlərin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Cavabdehin nümayəndəsi iddia müddətinin axımının başlanması üçün cavabdeh tərəfindən ƏM-in 296-cı maddəsində göstərilən bütün sənədlərin (əmr, əmək kitabçası, haqqhesab sənədləri) birlikdə təqdim olunmalı olmasını, sonuncu tərəfindən isə yalnız əmək kitabçasının verilməsini, bununla da iddiaçının hüquqlarının pozulmasının əvvəlinin məhz əmək kitabçasının təqdim olunduğu gündən hesablanmasının düzgün olmamasını bildirmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsinə təqdim etdiyi, iddia müddətinin tətbiq olunması barədə ərizəyə etirazında həmçinin qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmri və xitam verilmiş əmək müqaviləsinin kseriokopya surətləri xx.xx.2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında təqdim olunmuş və həmin gündən, yəni xx.xx.2023-cü il tarixindən cavabdehin hüququnun pozulduğu gün hesab edilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd edilən dəlilləri ilə də razılaşmayaraq bildirir ki, iddiaçının məhkəmə müraciət etmək üçün hüquqlarının pozulmasını aşkar etdiyi gün ƏM-in 296-cı maddəsində göstərilən bütün sənədlərin (əmr, əmək kitabçası, haqq-hesab sənədləri) birlikdə təqdim olunduğu gün deyil, onlardan hər hansı birinin təqdim olunduğu gün hesab edilir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya əmək kitabçası 05 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir ki, ən geci həmin gün iddiaçının məhkəmə müraciət etmək üçün hüquqlarının pozulmasının aşkar olunduğu tarix hesab olunur. Çünki, işin mübahisələndirilməyən (yuxarıda qeyd edilmişdir) digər hallarından göründüyü kimi, mübahisələndirilən əmrin qəbul olunduğu tarixdə iddiaçının mobil telefonuna bu barədə müvafiq məlumat göndərilmiş, səhərisi gün isə iddiaçıya baş ofisdə səlahiyyətli şəxs tərəfindən əmrin qəbulu ilə bağlı müvafiq bildiriş təqdim olunmuş, əsasları bildirilmişdir. Eyni zamanda, iddiaçıya elə əmək müqaviləsinə xitam verildiyi sentyabr ayında son haqq-hesab ödənişləri də həyata keçirilmişdir. Lakin, bu hallar nəzərə alınmasa belə, ən geci 05 oktyabr 2022-ci il tarixinin iddia müddətinin axımının başlandığı tarix olması ümumiyyətlə mübahisə doğurmamalıdır. Bununla yanaşı ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar – obyektiv olmalıdır. Obyektiv hallar isə şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. İddiaçı tərəf buraxılmış müddətin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, qeyd edilər hallar (əmrin gec verilməsi, həmkarlar komitəsinə müraciət olunması və s.) isə müddətin axımını kəsən və ya üzrlü hallar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür. MM-in 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəifn izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar