Məhkəmə qərarları › İş №2(103)-4963/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4963/2025

22.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4963/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Hasan Hüseyinə qarşı iş üzrə (Açar sözlər: şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, nümayəndə və vəkilləri Vəkil4 və Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dаir mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 370/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı, cavabdehin mirasqoyan Gündüz (Hacıyeva) Türkanə Yafəs qızı ilə birgə nikahdan olan qızıdır.

2. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-21/2025 nömrəli hökmü ilə Cavabdeh arvadı Türkanə Gündüzü xüsusi amasızlıqla qəsdən öldürdüyü üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)-199/2025 nömrəli qərarı ilə sözügedən hökm Cavabdeh apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəyə minmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masan Hüseyinin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə mərhumə Gündüz (Hacıyeva) Türkanə Yafəs qızı 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları - İddiaçı Mühammet qızı və X8 doğulmuşlar. Cavabdeh iddiaçının anası Gündüz (Hacıyeva) Türkanə Yafəs qızına qarşı ləyaqətsiz hərəkətlərə yol vermiş, ona kobud davranmış, onun sağlığında belə ona və qızlarına qarşı kobud davranmış ailə təməllərini sarsıdan hərəkətlərə yol vermiş, bu səbəbdən onların ailə münasibətləri pozulmuşdur. Cavabdeh bununla da yetinməmiş və 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah miinasibətlərində olmaqla birlikdə yaşadığı Gündüz (Hacıyevə) Türkanə Yafəs qızının 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud formada cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycan Respublikasından kənarda (Türkiyədə) yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə arvadının ona bir ər kimi hörmət etməməsi qənaətinə gəlib aralarında bu zəmində yaranmış davamlı mübahisələrin ərarvad kimi münasibətlərində soyuqluq yaratdığından, o, bu münasibətlərə aydınlıq gətirmək üçün xx.xx.2023-cü il tarixdə gecə saat 00 radələrində Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində arvadı Türkanə Gündüzlə söhbət əsnasında sonuncunun kobudluq edərək onunla birlikdə yaşamaqdan imtina etməsi, masadakı şirniyyatı onun üstünə atmasından sonra arvadının onun üzərinə gəlməsi səbəbindən psixi-emosional vəziyyətində yaranmış hirslilik fonunda, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla anlaqlı vəziyyətdə qonaq otağındakı dolabdan ümumi uzunluğu 260 mm olan, açılıb-qatlanan soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət bıçağını götürüb müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək birgə nikahlarından olan azyaşlı övladları - 2011-ci il təvəllüdlü X3 gözü qarşısında bu hərəkətləri ilə övladına və arvadına xüsusi iztirab və əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla Türkanə Gündüzə bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 ədəd, daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin daxilə nüfuz edərək ürək kisəsini ürəyin sol qulaqcığını yaralayan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölməsinə səbəb olan döş qəfəsinin ön səthinin sağ hissəsinin 1 ədəd, sağ döş vəzinin yuxan hissəsində gilənin üst səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaralan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan daxilə nüfuz etməyən qarının ön səthinin 2 ədəd, göbək nahiyəsinin 1 ədəd, döş qəfəsinin sol yarısının 1 ədəd deşilmiş-kəsilmiş və sol saidin yuxarı 1/3-nin 1 ədəd kəsilmiş yaraları, habelə əl-ayaq zərbələri ilə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ dizin ön və tış səthinin sıyrıqları xəsarətlərini yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilərək cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda məhkəmə istintaqı davam edir. Təbii ki, iddiaçının anası Gündüz (Hacıyeva) Türkanə Yafəs qızı hətta sağlığında ona qarşı ləyaqətsiz və əxlaqsız hərəkətlərə yol verən, onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edən bir şəxsin onun əmlakına sahib olmasını heç zaman istəməzdi və bu istəyini də o, dəfələrlə yaxınlarının yanında bəyan etmişdir. Göründüyü kimi, cavabdeh mərhumə T.Gündüzün sağlığında ona qarşı qeyri-qanuni və qeyri-əxlaqi münasibət göstərərən şəxs ləyaqətsiz vərəsə sayılmalıdır.

6. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, iddiada göstərilənlərin hamısı cəfəngiyyatdır və həqiqətə uyğun deyildir, ona görə ki, cavabdeh heç vaxtı mərhum həyat yoldaşına və qızlarına qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Əksinə, 20 il müddətində dırnaqları ilə əldə etdiyi gəlirləri onların ehtiyaclarına xərcləməklə, Bakı şəhərində onların adlarına əmlaklar almaqla, onların təhsil haqlarını yüksək səviyyədə ödəməklə və bu günə qədər balalarının üzərində mənəvi və maddi dəstək göstərməklə, onların yanında olmaqla, həyat yoldaşının 2019-cu ildən yaxşı olmayan hərəkətləri ucbatından ani şəkildə hadisə baş vermişdir və hal-hazırda da məhkəmə prosesləri davam etməkdədir. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 370/2025 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Gündüz X1 X4 qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, miras qoyanın ərinin miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır.

9. Məhkəmə hesab etmişdir ki, hazırki mülki işdə miras qoyanın ərinin miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olduğu mülki işin materialları ilə sübuta yetirilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehin etirazında, məhkəməyə təqdim edilmiş hökmdən verilən apellyasiya şikayətində, habelə cinayət işi üzrə məhkəmə prosesində tərəfindən verilmiş ifadəsində miras qoyana qarşı cinayət və ya digər əxlaqsız hərəkət törmətməsi təsdiq edilir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da özündə ehtiva edir ki, bu baxımdan hesab edilməlidir ki, qeyd edilən maddələrdə göstərilən hallardan əlavə miras qoyana qarşı yönələn bütün qanunsuz, əxlaqsız, hətta mənəviyyəta zidd halların da mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda isə miras qoyana qarşı yönələn hallar baxımından cavabdeh tərəfindən edilmiş hərəkətlər onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1138, 1139, 1143, 1203.1, 1203.2, 1203.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarına əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. İstinad olunan normalarda şəxsin ləyaqətsiz vərəsə sayılması ilə bağlı konkret şərtlər müəyyən edilib: miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneənin törədilməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərilməsi; vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətin törədilməsi. Hazırki iş üzrə isə belə halların mövcudluğu müəyyən edilmir. Belə ki, miras qoyan şəxs – Türkanə Gündüzün son iradəsinin nədən ibarət olması iş materialları ilə müəyyən edilməyib və cavabdehin T.Gündüzü qəsdən həyatdan məhrum etməsinin səbəbinin məhz T. Gündüzün son iradəsinin həyata keçirilməsinin qarşısını almaq halı müəyyən və sübut edilməyib. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas olan halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəf bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün gətirdiyi arqument sonuncunun iddiaçının anasını qətlə yetirməsidir və bununla bağlı ittiham aktını məhkəməyə təqdim edib. Bu hal iddianı o zaman əsaslı edər ki, cavabdehin törətdiyi əməlin birbaşa mirasa yönəlmiş olması öz təsdiqini tapsın, daha aydın desək cinayətin törədilmə səbəbi məhz mirasa sahib olmaq məqsədi daşısın. Lakin ittiham aktından da görünür ki, cavabdeh hadisəni qısqanclıq zəminində törədib və bu hal cinayətin cavabdeh tərəfindən şəxsi duyğuları və emosiyaları səbəbindən törədilmiş sayılır və bu, miras əldə etmək üçün miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş planlı bir hərəkət olaraq qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyib və bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsipinə əməl etməyib, belə ki, cavabdehin nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş edib, lakin məhkəmə bunu nəzərə almayıb və beləcə onun iştirakını təmin etmədən, məhkəmə iclasını təxirə salmadan işi tələsik yekunlaşdırmağa can atıb. Beləcə məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozub. Məhkəmənin müəyyən etdiyi hallar işin halları və iş materiallarında olan sənədlərlə təsdiq edilmir. Belə ki, ittiham aktından görünür ki, cinayətin baş verməsinin səbəbi qısqanclıq olub. Burada miras qoyan şəxsin son iradəsinə qarşı qəsdən həyatdan məhrum edilmə cinayətinin baş verməsi iş materialları ilə təsdiq edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə və vəkilləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Cavabdehin nümayəndəsi (qızı) Gündüz Büşra izahatında bildirdi ki, atasının maddi vəziyyəti hər zaman yaxşı olmuşdur. O, mərhum şəxsin dəstəkçisi olmuşdur. Belə ki, onu tibb fakultəsində atası oxutmuşdur. Onun tanınmasında, televiziyada çıxış etməsində maddi cəhətdən dəstək olmuşdur. Mərhum dünyasını dəyişməzdən altı ay əvvəl televiziya verlişində anası ilə iştirak edir və həmin verilişdə cavabdehin onu oxutduğunu və bunu bildirməyi özünə borc bildiyini, ona maddi və mənəvi dəstəkçi olduğunu bildirir. Cavabdeh mülkiyyətlə bağlı bir insanı öldürəcək bir şəxs deyildir. Mərhum psixoloji şiddət edən biri idi. Atası iş adamıdır və o, Azərbaycanda kifayət qədər tanınır. Cinayət hadisəsi mülkiyyətlə bağlı olmamışdır. Hadisə qısqanclıq zəmnində baş verib. Gündüz Büşra ona verilmiş suallara cavab olaraq bildirdi ki, atası mərhumun adına iki əmlak alıb. Onlardan biri torpaq sahəsi, digəri isə Nərimanov rayonunda evdir. Lakin səhv etmirsə, evin çıxarışı əldə olunmayıb. Mərhum son iki-üç ildə normal pul qazanırdı.

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsini əsas gətirərək hesab etmişdir ki, cavabdeh iddiaçının anasına qarşı ləyaqətsiz, mənəviyyatsız, əxlaqsız hərəkətlərə yol vermişdir. Lakin cinayət işinin materiallarından belə hallar müəyyən olunmur. Cinayət işi üzrə materiallardan, hökmdən, ittihamın məzmunundan da görünür ki, cavabdeh mərhum həyat yoldaşını qısqanclıq zəmnində həyatdan məhrum etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiq olunması doğru deyil. Belə ki, Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Bundan başqa, iddiaçı tərəfindən iddianı təsdiq edən hər hansı sübut təqdim olunmamış, yalnız ittiham aktı təqdim olunmuşdur. İttiham aktından isə Mülki Məcəllənin 1137-ci maddəsi üzrə hallar aşkar edilmir. Cavabdeh və mərhum həyat yoldaşının birgə nikah dövründə əldə olunmuş Novxanı kəndində yerləşən torpaq sahəsi mövcuddur. Cavabdeh həbsdə olduğu müddətdə iddiaçı tərəf ondan xəbərsiz olaraq miras əmlak qismində həmin əmlakın 1/3 hissəsi mərhumun anasına vermiş, digər hissə isə açıq saxlanılmışdır. İddiaçı tərəf həmin əmlakı nikahdan əvvəl əldə olunmuş əmlak kimi qiymətləndirmişdir. Birgə nikah dövründə əldə edildiyindən həmin torpaq sahəsinin yarısı cavabdehə məxsusdur. Qeyd edir ki, torpaq sahəsinin alınmasında cavabdeh iştirak etmiş və onun tərəfindən alınmışdır. Çünki o, sahibkar olmuşdur. Ancaq o, Türkiyə Respublikasının vətəndaşı olduğundan torpaq sahəsinin əcnəbi şəxslərin adına rəsmiləşdirilməsinin mümkün olmaması səbəbindən mərhum həyat yoldaşının adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfin cari məqsədi cavabdehi qeyd olunan əmlakdan məhrum etməkdir. Bu səbəblə də onu ləyaqətsiz vərəsə etdirməyə çalışırlar.

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 həmçinin bildirdi ki, cavabdeh mərhum həyat yoldaşını həyatdan məhrum edərkən onun düşüncəsində mərhumun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək olmamışdır. Cavabdehlə mərhum həyat yoldaşı arasında münasibətlər sevgi əsasında qurulmuşdur və cavabdeh mərhumdan yaşca kifayət qədər böyük olmuşdur. Onlar tanış olduqdan sonra cavabdehin mərhumun inkişafında, onun tibb təhsili almasında böyük rolu olmuş və iş adamı olaraq böyük dəstək göstərmişdir. Cinayət hadisəsinin baş verməsinin səbəbi isə qısqanclıq olmuşdur.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, anası tibb təhsilini ödənişsiz əsaslarla almışdır. İşə başlaması isə özünün zəhməti ilə olmuşdur. O, işə asistanlıqdan, yəni ən aşağı vəzifədən başlayıb. İddiaçı da tibb üzrə təhsil alır. Təhsil aldığı dövrdə bütün xərclərini və təhsil xərclərini anası qarşılamışdır. Anası savadlı həkim olub və öz hesabına bir çox imkansız şəxslərə şəfa verib. Atası beş il işləmədi. Həmin dövrdə o, anasından bütün qazancları barədə məlumat alır və ona verməsini tələb edirdi. Cavabdeh anasını döyürdü. O, anasını kiçik bacısının gözü qarşısında öldürüb, səkkiz dəfə ağır xəsarətlə bunu edib. Hazırda da bacısının psixoloji vəziyyəti yaxşı deyil. Anasının bütün miras əmlakı bacısı və ona məxsusdur.

20. İddiaçının vəkili həmçinin bildirdi ki, baş vermiş cinayət hadisəsi kifayət qədər ölkə üzrə səsküylü hadisə olmuşdur. Gündüz (Hacıyevə) Türkanə Yafəs qızı plastik cərrahiyyə üzrə ölkədə tanınmış həkim olmuşdur. Cinayət işi üzrə istintaq və məhkəmələrdə icraat uzun müddət aparılmışdır. Hadisə ilə bağlı qısqanclıq faktına dair heç bir hal aşkar edilməmişdir. Cavabdeh son dövrlər gəlir əldə edə bilmirdi. Gündüz (Hacıyevə) Türkanə Yafəs qızı isə kifayət qədər nüfuzlu və gəlirləri yaxşı olmuşdur. Belə olan halda balans pozulmuş və cavabdehdə isə şübhələr yaranmışdır. Cari olaraq mübahisə miras əmlakın 10%-i ilə bağlıdır. Bununla bağlı isə onlarda məhkəmə hökmü var. Qarşı tərəfin Mülki Məcəllənin 1137-ci maddəsinə yanaşması doğru deyil. Belə çıxır ki, şəxsi öldürə bilər, ancaq əxlaqsız hərəkət etməməlidir. Şəxs həyatdan məhrum olub və cavabdeh ona son iradəsini həyata keçirməsinə imkan verməmişdir. Bununla bağlı kifayət qədər məhkəmə təcrübəsi vardır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin "məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.https://e-qanun.az/framework/46945 Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən görünür ki, miras qoyan X5 birinci növbəli vərəsəsi (qızı) olan İddiaçı miras qoyanın digər birinci növbəli vərəsəsi (əri) olan Cavabdeh miras qoyana qarşı qəsdən cinayət əməli törədərək onu həyatından məhrum etdiyindən ləyaqətsiz vərəsə elan edilməsini xahiş edir. Cavabdeh isə miras qoyana qarşı cinayəti qısqanclıq zəminində törətdiyinə istinad edərək iddia tələbinin təmin edilməsinə etiraz edir.

28. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə cavabdehin sözügedən cinayət əməlini törətməkdə təqsirli olması öz təsdiqini tapmışdır.

29. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad olunan normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, motivindən asılı olmayaraq miras qoyanı qəsdən həyatdan məhrum edən vərəsə miras qoyanın istənilən məsələ ilə, o cümlədən miras əmlakla bağlı son iradəsinin həyata keçirilməsinin qarşısını alır və nəticə etibarı ilə həmin vərəsənin mirasda payı artır.

30. Beləliklə, miras qoyana qarşı cavabdeh tərəfindən törədilmiş cinayət əməli onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas hesab edilir.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-370/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar