Məhkəmə qərarları › İş №2(103)-4967/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4967/2022

16.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4967/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, birgə iddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair 2(001)-1967/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktorunun 25 oktyabr 2021-ci il tarixli 276 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə ; 26 noyabr 2021-ci il tarixli 333 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 334 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 342 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 343 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 344 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilmələri barədə əmrin ləğv edilərək əvvəlki vəzifələrinə bərpa edilmələri, məcburi işburaxma müddəti üçün onlara əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, işdən azad olunma barədə əmrlər verilərkən İddiaçı1 qarmon müəllimi kimi 21 il əmək stajına malik olması, qüsursuz fəaliyyət göstərməsi, məcburi köçkün, 2-ci qrup əlil və ailənin yeganə gəlir gətirəni olması, himayəsində iki azyaşlı uşağının olması, İddiaçı4 qüsursuz fəaliyyət göstərməsi, həyat yoldaşının 3-cü qrup əlil olması, İddiaçı3 ümumilikdə 34 il pedaqoji staja malik olmaqla 1997-ci ildən Bakı Humanitar Kollecində işləməsi, işdən çıxarılma barədə əmr verilən tarixin onun müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi dövrə təsadüf etməsi, İddiaçı2 21 ilə yaxın pedaqoji staja malik olması, ailənin yeganə gəlir gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olması, İddiaçı5 ailənin yeganə gəlir gətirəni olması, İddiaçı6 31 ildən artıq pedaqoji staja malik olmaqla qüsursuz fəaliyyət göstərməsi nəzərə alınmamışdır. Əmək müqavilələrinə işçilərin sayı və ştatlarının ixtisar edilməsi əsası ilə xitam verilsə də, ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, əmək müqavilələri ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Bundan əlavə, ixtisar aparıldığı halda, ixtisar aparılmış vəzifələr üzrə tədris prosesi davam etdirilir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilmiş və etiraz belə əsaslandırılmışdır ki, iddiaçıların işdə saxlanmağa üstünlük hüquqlarının olması barədə qeyd etdikləri halların heç biri Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşmür. İddiaçı3 məhkəməyə təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqənin həqiqiliyi isə şübhə doğurur. Belə ki, həmin vərəqə məhz əmrin verildiyi gün açılmış, onun həmin dövrdə işdən azad edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Kollecdə ştatların və işçilərin ixtisarının aparılması zərurəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollecdə apardığı yoxlamanın nəticəsindən irəli gəlmiş, bundan sonra kollecdə yeni ştat cədvəli təsdiq olunmuş, aparılmış ixtisar həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmışdır. İddiaçıların heç birinin ali təhsil diplomu və orta ixtisas təhsili müəssisəsində dərs demək hüququ olmadığına görə ixtisara cəlb olunmuş, ixtisar həyata keçirilərkən Əmək Məcəlləsinin 77 və 80-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1967/2022 saylı iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim X8)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kollecdə işçilər və ştatlar ixtisar olunarkən ayrı-seçkiliyə yol verilmiş, ixtisara salınmış bəzi işçilərin yerinə yeni işçilər götürülmüş, iddiaçılardan biri əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, işçilərin sayı azaldılarkən ixtisasının (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmağa üstünlük hüququnun olması nəzərə alınmamışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçılar orta təhsilli olduqlarına görə ixtisaslarının kifayət qədər olmamasına görə tutduqları vəzifəyə uyğun gəlmədikləri təqdirdə onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunmaqla xitam verilə bilərdi.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70, 79 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Humanitar Kollec publik hüquqi şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun icrasında çətinliklər yaranacağını, iddiaçıların tədris etdikləri dərs saatlarının azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh İddiaçı5 məhkəməyə gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi isə məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, məhkəmə iclasında iştirakın üzrlü səbəbdən mümkün olmaması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

12. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: ...əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İş materiallarından görünür ki, İddiaçı2 01 sentyabr 2001-ci il tarixindən, İddiaçı5 17 sentyabr 2018-ci il tarixindən, İddiaçı1 01 sentyabr 2001-ci il tarixindən, İddiaçı3 01 oktyabr 1997-ci il tarixindən, X10 09 oktyabr 2002-ci il tarixindən, X13 15 oktyabr 1997-ci il tarixindən işdən azad olunduqları tarixinədək cavabdeh təşkilatda işləmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası təhsil naziri tərəfindən 04 avqust 2020-ci il tarixli əmr imzalanmışdır. Azərbaycan Respublikası təhsil nazirinin 26 fevral 2021-ci il tarixli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin inkişafı, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar edilmişdir. Yoxlamanın nəticəsinə əsasən Təhsil Nazirliyi tərəfindən Kollecə məktub göndərilmiş və müvafiq tədbirlərin görülməsi tələb olunmuşdur. Cavabdeh Kollec Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrin surətindən görünür ki, bu əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahının 6-cı bəndində İddiaçı5, 9-cu bəndində İddiaçı1, 10-cu bəndində İddiaçı2, 11-ci bəndində İddiaçı6, 12-ci bəndində İddiaçı3 Nadir qızı və 14-cü bəndində İddiaçı4 göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X5 İttifaqı Komitəsinə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, məktuba əlavə edilmiş işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 8-ci bəndində İddiaçı5, 11-ci bəndində İddiaçı1, 12-ci bəndində İddiaçı2, 14-cü bəndində İddiaçı6, 15-ci bəndində İddiaçı3 və 18-ci bəndində İddiaçı4 göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışdan görünür ki, məsələ Kollecin həmkarlar ittifaqı təşkilatında müzakirə edilmiş, məktubda qeyd olunan 91 işçidən 75 işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Məktuba əlavə edilmiş siyahıda İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3 və İddiaçı4 ixtisar edilməsinə etiraz edilməmişdir. Bakı şəhəri 25 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı3 26 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək arterial hipertenziya diaqnozu ilə əmək qabiliyyətində olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçılar İddiaçı3 və İddiaçı6 01 və 15 oktyabr 1997-ci il tarixlərdən fortepiano üzrə müəllim vəzifəsinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 01 sentyabr 2001-ci il tarixdən qarmon üzrə müəllim vəzifəsinə, İddiaçı4 09 oktyabr 2002-ci il tarixdən, İddiaçı5 17 sentyabr 2018-ci il tarixdən konsertmeyster vəzifəsinə işə qəbul edilmişlər. Cavabdeh kollecin rəhbərinin 14 sentyabr 2021-ci il tarixli əmri ilə vəzifə ştatlarının ləğv edilməsi və işçilərin sayının azaldılması əmr edilmiş, bununla bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və iddiaçılar rəsmi qaydada xəbərdar edilmiş, sonra isə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmasına baxmayaraq, bunu həyata keçirərkən əmək qanunvericiliyin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məhkəmə cavabdeh kollecdə qarmon üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd edir ki, cavabdeh 14 sentyabr 2021-ci il tarixli əmr imzalamaqla “qarmon” ixtisası üzrə beş müəllimdən iddiaçılar da daxil olmaqla dördünün ixtisar prosesinə cəlb edilməsini dərs saatlarının azalması ilə əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, həmin əmrin qəbul edilməsindən sonra 11 və 12 oktyabr 2021-ci il tarixlərində X14 və X15 qarmon üzrə müəllim işinə qəbul edilmişlər. Göründüyü kimi, işçilərin sayı faktiki olaraq azalmamış, əksinə iddiaçıların yerinə digər işçilər işə qəbul edilmişlər. Bundan əlavə, cavabdeh iddiaya etirazda, həmçinin onun nümayəndələri məhkəmə iclasında bildirmişlər ki, iddiaçıların əmək müqavilələrinə xitam verilməsinin digər səbəbi də iddiaçıların müvafiq ixtisas üzrə ali təhsillərinin olmamasıdır və bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi” ilə əsaslandırmışlar. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Kitabçanın“ giriş” hissəsində göstərilmişdir ki, bu Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir. İşdə olan Təhsil Nazirliyi tərəfindən iddiaçılara ünvanlanmış məktubda və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar 20 ildir ki, həmin vəzifədə işləmiş və onların üzərinə qoyulan vəzifələrin keyfiyyətlə yerinə yetirilməməsi və onların lazımı praktiki təcrübəyə malik olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər. Yəni, cavabdeh tərəfindən iddiaçıların peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinin ləğv edilməsi işçilərin sayının ixtisarı yolu ilə deyil, qeyd olunan “c” bəndinə əsaslanmaqla və bununla bağlı əmək qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirilə bilərdi. Məhkəmə kollecdə fortepiano üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı3 və İddiaçı6 iddia tələbləri ilə bağlı yuxarıda göstərilənlərdən əlavə olaraq həmçinin qeyd edir ki, 17 müəllimdən 8-i ixtisara cəlb edilsələr də, sonradan X11 ali təhsil haqqında diplom aldığına görə müddətli əmək müqaviləsi bağlanılmaqla işdə saxlanılmış, X2 tənha yataqxanada yaşaması və 60 yaşında olması ilə əlaqədar işdə saxlanılmış, yaş həddi ilə əlaqədar işdən azad edilmiş X9 isə əlavə dərs yükü və ali təhsili olduğu üçün yenidən işə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən faktiki olaraq işçilərin sayı, habelə iş yükü də azaldılmamış, lakin qeyd olunan iddiaçılara münasibətdə əmək qanunvericiliyi ilə qadağan edilmiş ayrı-seçkiliyə yol verilmişdir. Bundan başqa, iş materialları ilə həmçinin müəyyən olunur ki, ixtisara cəlb edilməmiş fortepiano üzrə müəllimlərdən X6 diplom üzrə ixtisası “mədəni maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri”, X1 ixtisası “xalq çalğı alətləri orkestri dirijorluğu”, X4 ixtisası “marif musiqi”dir, lakin iddiaçılar “fortepiano” ixtisası üzrə təhsil almışlar. Halbuki, Əmək Məcəlləsin yuxarıda istinad olunan 78-ci maddəsinin tələblərinə əsasən işçilərin sayı azaldılarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdeh İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyini nəzərə almamış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollecdə konsertmeyster (musiqi müşayətçisi) üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı5 və İddiaçı4 iddiaları ilə əlaqədar həmçinin qeyd edir ki, 15 müəllimdən 4-ü ixtsara cəlb edilsələr də, ixtisara cəlb edilməmiş müəllimlərdən Qoşqarova (Aşumova) Ulduz Azad qızının diplom üzrə ixtisası “mədəni maarif işinin təşkilatçı metodisti”, Ağayeva (Quliyeva) Samirə Nəriman qızının ixtisası “mədəni maarif işi və özfəaliyyət yaradıcılığının təşkili (xalq çalğı alətləri orkestrinin rəhbəri)”, X3 ixtisası “musiqişünaşlıq”dır, lakin iddiaçıların ixtisası “konsertmeyster və fortepiano”dur. Göründüyü kimi, burada da cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasına iddiaçıların heç biri dəvət olunmamış, onlar məhkəmə iclasında iştirak etməmişlər. Kollecin həmkarlar təşkilatı siyahıda adları qeyd olunan 91 işçidən 75-nin ixtisara salınmasına razılıq verməsini, 16 işçinin isə ixtisara salınmasına etiraz etdiyini əsaslandırmamışdır.

16. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir. İddiaçıların orta təhsilli olmalarının əmək müqaviləsinə xitam verilməsinə əsas olmadığı barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası onların orta təhsilli olmaları olmuşdur. İxtisar aparılmasına əsas kimi həmin ştatlar üzrə dərs saatlarının azalması, qeyd olunan ştatlara ehtiyac olmaması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. İddiaçı3 verilmiş əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqənin həqiqiliyinin şübhə doğurması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh təşkilat həmin vərəqənin etibarsız olması barədə məhkəməyə sübut təqdim etməmiş, həmin vərəqənin etibarlılığını mübahisələndirməmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1967/2022 saylı mülki iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar