Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4967/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) Cavabdeh qarşı (üçüncü şəxslər: X2 və X5) qarşı iş üzrə (Açar sözlər:öhdəliklərin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil və üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. QSC “Bank Standart” X8 Heyətinin sədri A.Nəsibovla "xxxx" MMC-nin Nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh və X6 arasında bağlanan 19 fevral 2015-ci il tarixli müqaviləyə əsasən: "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür.
2. Cavabdeh ilə X2 19 aprel 1984-cü ildə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam olaraq mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 2416/2021 saylı qərarından görünür ki, iddiaçı "xxxx" X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830.450,68 manat məbləğində əsas, 240.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.192.783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138.740 manat müəyyən olunmaqla sonuncunun mülkiyyətində olan ipoteka predmetinin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh mənzili ən geci bir ay müddətində tərk etmədikdə onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad olunması, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi “ipoteka müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmış və eyni tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC, cavabdeh və X5 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləyə əsasən, müxtəlif tarixlərdə "xxxx" MMC, Cavabdeh və Zeynalabdin Elçin Mirzə oğlu ilə bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 5.107.421,51 manat, əlavə olaraq 2.123.135 manat və 331.500 ABŞ dolları olmaqla ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC hissə-hissə 19 fevral 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin borclar 3 il müddətində ödənilmədikdə cavabdeh və Zeynalabdin Elçin Mirzə oğlu kredit borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuşdur, həmçinin 19 fevral 2015-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 3 illik müddət başa çatmışdır. Ona görə də, iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11420/2019 nömrəli iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilə üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsinin öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər QSC “Bank Standart” KB (ləğv prosesindədir) və Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək QSC "Bank Standart" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X3 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin "xxxx" MMC-nin kreditor (Bank) qarşısında götürdüyü öhdəlikləri (borclar və digər öhdəlikləri) müqavilə ilə müəyyən olunmuş qaydada icra etmədiyi təqdirdə, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanıda 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksini 10 gün müddətində X3 və ya Bankın müəyyən etdiyi digər şəxsin adına özgəninkiləşdirməyi öz öhdəsinə götürməsinə dair 1.15-ci bəndinin etibarsız hesab olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə "xxxx" MMC, Cavabdeh və X5 arasında 19 fevral 2015-ci il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti bitsə də şərtlər tam şəkildə icra olunmamışdır. Cavabdeh ilə Bank arasında dəfələrlə şifahi danışıqlar aparılmış, lakin müəyyən vədlərin verilməsinə baxmayaraq sonda heç bir müsbət nəticə əldə olunmamışdır. 19 fevral 2015-ci il tarixli Müqavilənin şərtləri cavabdeh tərəfindən icra edilmədiyi üçün, müqavilənin 1.15-ci bəndinə əsasən ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Bankın müəyyən etdiyi digər şəxsin adına 10 gün müddətində özgəninkiləşdirilməsi əks halda məhkəməyə müraciət olunacağı barədə Bank tərəfindən cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən yenə də icra edilməmişdir. Bu səbəbdən də Bank MPM-in 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.
7. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan müqavilə ilə o, əvvəllər tanış olmamış, şərtləri barədə məlumatı olmayıb. Hazırkı iş üzrə gələn məhkəmə bildirişindən sonra müqavilə ilə tanış olub. Sözügedən əmlakı birgə nikah dövründə əldə etmişlər və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə həyat yoldaşının adına mülkiyyət hüqüqu ilə qeydə alınmışdır. Müqavilə həm onun razılığı olmadan, həm də notarial qaydada təsdiq edilmədən bağlanmışdır. Müqavilə bağlanarkən, xəbəri olsaydı, o, həmin bəndin müqaviləyə daxil edilməsinə razı olmazdı və hazırda da müqavilənin həmin hissəsi ilə razı deyil. Ona görə də qeyd olunan müqavilənin 1.15-ci bəndi etibarsız hesab olunmalıdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2261/24 saylı iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) ilkin iddia təmin edilməmiş, üçüncü şəxsin iddiası isə təmin olunmuşdur.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilədə “əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür” ifadəsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Yəni, faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir. Lakin müqavilənin qeyd olunan şərtinə əsaslanaraq iddiaçının hazırkı tələblə çıxış etməsini məhkəmə əsaslı saymır. QSC “Bank Standart” Kommersiysa Bankı ilə Cavabdeh və X6 arasında bağlanan 19 fevral 2015-ci il tarixli müqavilə notarial qaydada təsdiq edilməməklə yanaşı, müqavilənin 1.15-ci bəndi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan şərtlərinə zidd bağlanmışdır. Buna görə də həmin bənd etibarlı sayılmadığından iddiaçının həmin bəndə əsaslanaraq hazırkı tələblə çıxış etməsi əsassızdır. Hazırda mübahisə predmeti olan əmlak kompleksini tərəflərin birgə nikah dövründə əldə etmələri iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Belə olan halda isə tərəflər arasında müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Mübahisə predmeti olan əmlak kompleksi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak kompleksi yüklü edilərkən ailə üzvlərinin razılığı alınmalı və notarial qaydada təsdiqlənməli idi. Qeyd edilən tələblərə əməl edilmədiyindən tərəflər arasında bağlanmış müqavilənin əsaslı hesab edilərək ondan irəli gələn məsələlərin həlli şübhə altına duşur. Başqa sözlə hazırki vəziyyətdə həmin müqaviləyə istinad edilib iddia tələbinin təmin edilərək Cavabdeh əmlakla bağlı hər hansı öhdəliyin qoyulması mümkünsüzdür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 225.6, 269.4, 307.1, 307.3, 307.5, 307.6, 307.7, 324, 337, 390.1, 393, 394, 425.1, 442, 448.2-ci, Ailə Məcəlləsinin 32, 33-cü, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli müqavilə bir növ saziş xaraktrerli müqavilə sayılaraq "xxxx" MMC-nin bank qarşısında götürdüyü səkkiz sayda müxtəlif kredit öhdəlikləri üzrə qalıq borclarının 36 ay müddətinə qədər faiz tətbiq etmədən güzəştli şərtlər ilə hissə-hissə Kreditora qaytarılması məqsədi ilə bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli müqavilənin predmeti "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən Direktoru Cavabdeh QSC "Bank Standart" Kommersiya Bankı arasında bağladığı səkkiz sayda olan müxtəlif kredit müqavilələrinin və ipoteka müqavilələrinin hər hansı bəndinin müddəalarını dəyişdirmir. Bu səbəbdən də kredit müqavilələrinə əlavə dəyişikliklər edilməsinə və ya ipoteka müqaviləsinə hər hansı bir əlavə sazişin bağlanmasına zərurət olmamışdır. Bir sözlə, 19 fevral 2015-ci il tarixli müqavilənin mahiyyəti kredit müqaviləsi deyil borc müqaviləsi xarakterli olaraq "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən Direktoru Cavabdeh banka olan qalıq borclarının faizsiz şəkildə ona güzəşt müddəti vermək xarakteri daşıyır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Cavabdehin və üçüncü şəxs N.İsrəfilovanın nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
16. Üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 393. Əmlakın verilməsi barədə müqavilə. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digərtərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
19. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu
Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və onun iddiası rədd, üçüncü şəxsin iddiası isə təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd, üçüncü şəxsin iddiasını isə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. İş materialları ilə müəyyən edilir ki, QSC "xxxx" KB ilə "xxxx" MMC, Cavabdeh və X5 arasında 19 fevral 2015-ci il tarixli Müqavilə bağlanmış, həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür.
25. Əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X3 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdehin öz öhdəsinə götürməsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Yəni, faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir.
26. Lakin tərəflər öz aralarındakı bu münasibətləri ipoteka müqaviləsi ilə rəsmiləşdirməmişlər. Belə ki, sözügedən müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
28. Baxılan iş üzrə tərəflər aralarındakı ipoteka münasibətlərini düzgün rəsmiləşdirməmiş, ipoteka müqaviləsinin forma və məzmunu ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişlər.
29. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
30. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
32. Beləliklə, tərəflərin birgə nikah dövründə əldə etdikləri və onların birgə mülkiyyəti sayılan mübahisəli əmlak kompleksi barədə sərəncam verilərkən X1 razılığı alınmamışdır. Başqa sözlə, müqavilə bağlanarkən birgə mülkiyyət hesab olunan əmlaka sərəncam verilməsinə dair X1 yazılı razılığı alınmamışdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır.
35. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd, üçüncü şəxsin iddiasını təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.