Məhkəmə qərarları › İş №2(103)-4968/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4968/2021

31.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4968/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(002)-1821/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 5 saylı region üzrə X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-nin X1 İdarəsinin 01.04.2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv olunması, onun işə bərpa olunması və 01.04.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06.02.2019-cu il tarixli əmri ilə X1 İdarəsinə məxsus avtomobillər və maşın mexanizmlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinə verildiyindən, həmin təşkilatın cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.04.2015-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-nin X1 İdarəsinə müddətsiz əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə işə qəbul olunmuş, işlədiyi müddət ərzində əmək və icra intizamını pozmamış, ona həvalə edilmiş işləri lazımi qaydada icra etmişdir. 20 fevral 2019-cu il tarixdə o, işlədiyi idarənin kadrlar şöbəsinə dəvət edilmiş və ona bildirmişlər ki, öz xahişi ilə ərizə yazıb işdən çıxsın, buna səbəb kimi idarənin fəaliyyətinin dayandırılması göstərilmişdir. Ailəlidir, himayəsində işləməyən, eroniz xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. O, işsiz qalmaması üçün ƏƏSMN-in 142 Çağrı Mərkəzinə məlumat vermiş, ona bildirmişlər ki, işlədiyi idarə fəaliyyətini dayandıra bilməz, yalnız yenidən formalaşa bilər ki, bu da, əmək müqaviləsinin ləğv olunması üçün əsas deyildir. 28 mart 2019-cu il tarixdə idarənin hüquqşünası Bəhruz Hüseynov ona zəng edərək işdən çıxması barədə ərizə yazmasını bir daha ona bildirmişdir. Bundan dərhal sonra o, yenidən ƏƏSMN-in 142 Çağrı Mərkəzinə zəng vurmuş və bu barədə onlara məlumat vermişdir. Çağrı Mərkəzindən ona təkrar bildirmişlər ki, ərizə yazmayıb işinə davam etsin. Həmçinin söyləmişlər ki, bu məsələ ilə bağlı iş yerinə ünvanladıqları sorğuya hələ cavab verilməyib. O, 01.04.2019-cu il tarixədək cavabdeh müəssisədə işləmiş, lakin həmin gün ona şifahi olaraq bildirmişlər ki, o da işdən azad edilmişdir. Ona 28.03.2019-cu il tarixli, 14/33 saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən tabeli qurumların balansında olan nəqliyyat vasitələri, texnikalar, digər maşın-mexanizmlər və avadanlıqlar Sahələrarası Nəqliyyat və X7 İdarəsində işlə təmin olunmuş, lakin ona iş təklif olunmasına baxmayaraq o işdən imtina etmişdir. İş fəaliyyətinin olmaması səbəbindən X1 İdarəsinin ştat cədvəlində 01 aprel 2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilir və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacaqdır. Gözlənilən dəyişiklik barədə ona dəfələrlə şifahi, telefon vasitəsi ilə, ən sonunda İdarənin direktoru tərəfindən 20 fevral 2019-cu il tarixdə 14/15 saylı məktubla bildirilmişdir. Halbuki, ona iş təklif olunmamışdır. 20 fevral 2019-cu il tarixli məktubda isə, ona nə ilə bağlı xəbərdarlıq edilməsi göstərilməmişdir. Digər tərəfdən, ona 28 mart 2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub ona çatmamış 01 aprel 2019-cu il tarixdə işdən azad olunması barədə əmr verilmişdir. Bundan sonra, o, cavabdehin qanunsuz hərəkətlərindən 05.04.2019-cu il tarixdə ƏƏSMN-in 142 Çağrı Mərkəzinə müraciət etmişdir. Lakin DƏMX tərəfindən ona cavab verilməmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona 30.05.2019-cu il tarixli məktubda 01.04.2019-cu il tarixdə işdən azad edilməsi səbəbindən, idarəyə gəlib əmək kitabçasını götürməsi bildirilmişdir. O, 10 iyun 2019-cu il tarixdə idarəyə gedib, əmək kitabçasını və əmrin təsdiq olunmamış surətini almışdır. Bundan sonra ona aydın olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndi ilə işdən azad olunmuşdur. Bildirilir ki, cavabdeh onu əvvəllər də 18 dekabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (guya iş davamiyyətini pozduğuna görə) işdən azad etmiş, o, işə bərpa olunmuşdur. İndi isə heç bir iş davamiyyətini pozmadığı halda onu Əmək Məcəlləsinin 68-ci maddəsinin «c» bəndi ilə işdən azad etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1821/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-nin X1 İdarəsinin 01.04.2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Elologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə sürücü vəzifəsinə işə bərpa olunması, 01.04.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Elologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsindən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ekologiya və X8 06 fevral 2019cu il tarixli, 97/ü saylı əmrindən irəli gələn məsələlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X7 İdarəsi X1 İdarəsinin bütün sürücü və mexanizatorlarına ərizə ilə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X7 İdarəsinə işə qəbul olunmaq təklifi ilə çıxış etmişdir. Buna görə də İddiaçı 20 fevral 2019-cu il tarixdə X1 İdarəsinə çağırılaraq Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X7 İdarəsinə sürücü vəzifəsinə işə qəbul olunmaq üçün ona ərizə yazmaq təklif olunmuşdur. Lakin İddiaçı ərizə yazmaqdan imtina etmiş və bildirmişdir ki, ona 2 aylıq kompensasiya verilsə, o işdən çıxar. Bundan 2 gün sonra, yəni 22 fevral 2019-cu il tarixdə Sahələrarası Nəqliyyat və X7 İdarəsinin rəhbərliyi Sahil qəsəbəsində X1 İdarəsinin inzibati binasında səyyar iclas keçirərək ərizə ilə müraciət etməyən sürücü və mexanizatorlara bir daha Sahələrarası Nəqliyyat və X7 İdarəsinə ərizə yazıb işə qəbul olunmaq təklif olunmuşdur. Lakin İddiaçı idarə ilə yaşadığı yerin uzaqlığını və maaşın azlığını səbəb göstərərək idarənin direktoru Fizuli Babayevin təklifini qəbul etməmiş və 2 aylıq təzminat alaraq işdən çıxacağını bildirmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli 2(103)-5646/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1821/2019 saylı 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-589/2021 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5646/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Digər cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin nümayəndəsi də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iş materiallarına uyğun izahat verərək, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya məhkəməsi iddianı rədd edərkən cavabdehin işdən azad edilməsi haqqında əmrdən üç gün qabaq iddiaçıya ünvanladığı məktuba istinad etmişdir. Halbuki, həmin məktub ƏM-nin 56-cı maddəsinə uyğun xəbərdarlıq kimi qəbul edilə bilməz. Belə xəbərdarlıq işçiyə bir ay qabaq göndərilməlidir. Cavabdehin iddiaçıya bir ay on gün qabaq ünvanladığı 20.02.2019cu il tarixli bildiriş məzmun etibarilə qeyri-müəyyən olmaqla, orada əməyin təşkilində dəyişikliklər olması səbəbindən mövcud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, işçiyə yeni əmək şəraiti ilə işi davam etdirmək təklifi, habelə işdən imtinanın nəticələri aydın şəkildə əks olunmamışdır. Belə olan halda, İddiaçı həmin bildirişlə ƏM-nin 56-cı maddəsinin 2-ci hissəsinə uyğun qaydada xəbərdar edilmiş sayıla bilməz. Bundan əlavə, cavabdeh təşkilat iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini təsdiqləyən mötəbər sübutları (yeni işdən imtina haqqında ərizə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən dəlilləri, o cümlədən cavabdehin 20.02.2019-cu il tarixli xəbərdarlığı, 22.02.2019-cu il tarixli iclas protokolu, eləcə də iddiaçının yeni işə dair razılığının olmaması barədə sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır”. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən, tabeli qurumların balansında olan nəqliyyat vasitələri, texnikalar, digər maşın-mexanizmlər və avadanlıqların Sahələrarası Nəqliyyat və X7 İdarəsinin müvəqqəti istifadəsinə verilməsi haqqında 06.02.2019-cu il tarixli 97/ü saylı əmr verilmişdir. Həmin əmrin icrası ilə əlaqədar olaraq göstərilən tarixdən X1 İdarəsinin iş fəaliyyəti dayandırılmış, sürücü heyəti işdən azad edilərək Sahələrarası Nəqliyyat və X7 İdarəsində işlə təmin olunmuşdur. İddiaçı ünvanlanmış 14/15 saylı, 20.02.2019-cu il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliyi ilə əlaqədar bir sıra vəzifələrin, o cümlədən, 7-ci dərəcəli sürücü ştat vahidinin nəzərdə tutulması barədə rəsmi qaydada xəbərdar edilmişdir. İddiaçı ünvanlanmış 14/33 saylı, 28.03.2019-cu il tarixli məktubda bildirimişdir ki, 06.02.2019-cu il tarixli əmrin icrası ilə əlaqədar həmin tarixdən idarənin iş fəaliyyəti dayanmış, bütün sürücü heyəti işdən azad olunaraq X2 Təminat İdarəsinə işlə təmin olunmuşdur. Sizə iş təklif olunmasına baxmayaraq siz imtina etmisiniz. İş fəaliyyətinin olmaması səbəbindən İdarənin ştat cədvəlində 01.04.2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilir və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacaq. Gözlənilən dəyişiklik barədə Sizə şifahi, telefon vasitəsilə, İdarənin direktoru tərəfindən 20.02.2019-cu il tarixdə 14/15 saylı məktubla bildirilmişdir. 71/k saylı, 01.04.2019-cu il tarixli əmrdən görünür ki, həmin tarixdən X1 İdarəsinin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “c” bəndinə uyğun olaraq (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsi və axırıncı hesablaşmanın aparılması əmr edilmişdir. 14/48 saylı, 30.05.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 01.04.2019-cu il tarixindən işdən azad edilməsi səbəbindən idarəyə gəlib əmək kitabçasını götürməsi xahiş olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh X1 İdarəsi iddiaçıya rəsmi şəkildə iş təklif etmədən, əmək qanunvericiliyinin tələblərini pozmaqla ona azı bir ay öncə yazılı məlumat verməli olduğu halda xəbərdarlıq məktubu göndərdikdən üç gün sonra işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad etməklə xitam vermişdir. İşəgötürən tərəfindən iddiaçı yeni yaradılan Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində işlə təmin edilməli olduğu halda onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir (56.1). İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər (56.2). Məcəllənin 68.2-ci maddəsinin c bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdə işçi azı bir ay əvvəl yazılı məlumat və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər bu xəbərdarlıqdan sonra işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində əsasən xitam verilə bilər. Hazırki iş üzrə iddiaçının 01.04.2019-cu il tarixli əmrlə Məcəllənin 68.2-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilsə də, göstərilən normanın tələblərinə riayət olunaraq azı bir ay əvvəl xəbərdar edilməsi iş materiallarından müəyyən edilmir, 28.03.2019-cu il tarixli məktubu isə bir ay əvvəl verilməli olan xəbərdarlıq kimi qəbul etmək yolverilməzdir. Həmin məktubda iddiaçıya iş təklif olunmasına baxmayaraq onun imtina etməsi, iş fəaliyyətinin olmaması səbəbindən İdarənin ştat cədvəlində 01.04.2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilir və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacaq, gözlənilən dəyişiklik barədə ona şifahi, telefon vasitəsilə, İdarənin direktoru tərəfindən 20.02.2019-cu il tarixdə 14/15 saylı məktubla bildirildiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya iş təklif olunması və onun bu təklifdən imtina etməsini qeyd edən cavabdeh bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir, iş materiallarından isə belə bir hal müəyyən edilmir. İstinad edilən 20.02.2019-cu il tarixli məktubda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliklə əlaqədar bir sıra vəzifələrin o cümlədən 7-ci dərəcəli sürücü ştat vahidi nəzərdə tutulduğu göstərilmişdir. Yəni, həmin məktubda əməyin təşkilində dəyişikliklər olması səbəbindən mövcud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, işçiyə yeni əmək şəraiti ilə işi davam etdirmək təklifi, habelə işdən imtinanın nəticələri aydın şəkildə əks olunmamışdır. Cavabdeh təşkilat iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini təsdiqləyən mötəbər sübutları (yeni işdən imtina haqqında ərizə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X7 İdarəsinin əvvəlki apelyasiya baxışında təqdim etdiyi 22.02.2019-cu il tarixli iclas protokolunun “Çıxışlar” bölməsində İddiaçı yolun uzaqlığı, əmək haqqının azlığını səbəb göstərərək işlə təmin olunması barədə müdriyyətin təklifini qəbul etmədiyi qeyd olunsa da, protokolda iştirak edənlər arasında İddiaçı adı qeyd edilməmiş, tərəfindən imzalanmamışdır. Ona görə də iddiaçının iclasda iştirak etməsi və həmin ifadələri səsləndirməsi öz təsdiqini tapmamışdır, buna görə də protokolda göstərilənlərə istinadən iddiaçının iş təklifindən imtinasını sübuta yetirilmiş qəbul etmək olmaz. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı işdən azad edilərkən və onun barəsində əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə isə, əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bundan başqa Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın qismən təmin edilməsi göstərilsə də, iddia tələbindən və qətnamənin məzmunundan müəyyən edilir ki, məhkəmə iddiaçının tələbinin tam təmin edilməsi qənaətinə gəlmiş və iddianı tam təmin etmişdir, qətnamədə texniki səhv olaraq “iddia qismən təmin edilsin” göstərilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1821/2019 saylı iş üzrə 28 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar