Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4969/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi” barədə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının və iş üzrə üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, Cavabdeh2, onun vəkili (nümayəndəsi) Vəkil1 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən və Binəqədi bələdiyyəsinin 136 saylı, xx.xx.2004-cü il tarixli qərarına uyğun olaraq ayrılmış 500 kv.m torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikililərdən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin 136 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, C.Cabbarlı küçəsində fərdi yaşayış evi tikmək məqsədilə 500 kv.m torpaq sahəsi (iş üzrə tərəf olmayan) X5 ayrılmışdır. Daha sonra həmin Bələdiyyə ilə N.Həmidov arasında torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında 74 saylı, xx.xx.2004-cü il tarixli müqavilə bağlanılmış, N.Həmidov tərəfindən torpaq sahəsinin tam dəyəri Bələdiyyəyə ödənilmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. 2015-ci ildə iddiaçı ev almaq məqsədilə daşınmaz əmlak bazarı ilə maraqlananda həmin evi görüb bəyənmiş və almağa qərara gəlmişdir. N.Həmidovun nümayəndəsi X6 iddiaçı ilə danışıqlar aparmış və onlar ilkin alğı-satqı barədə razılığa gəlmişlər. Onların arasında xx.xx.2015-ci il tarixdə notariat qaydasında təsdiq edilməklə “İlkin alğı-satqı müqaviləsi” bağlanılmış, N.Həmidovun adından müqaviləni Ç.Ələsgərov imzalamışdır. Müqavilədə qeyd edilir ki, satılacaq torpaq sahəsi və üzərindəki tikililər satıcı N.Həmidovun sahibliyində və istifadəsindədir; satılacaq torpaq sahəsi və üzərindəki tikililər 300.000 manat qiymətləndirilir. İddiaçı həmin məbləği qeyd olunan müqavilə imzalanarkən nağd şəkildə Ç.Ələsgərova ödəmişdir. Müqavilənin 4-cü bəndində də bu barədə qeyd edilmişdir. Müqavilə bağlandıqdan sonra Ç.Ələsgərov həmin torpaq sahəsini və tikililərin açarlarını iddiaçıya təhvil vermiş, lakin bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini və üzərindəki evi zəbt etmişlər. Hazırda da həmin cavabdehlər qeyd olunan ünvanda yaşamaqdadırlar. İddiaçı cavabdehlərdən torpaq sahəsini və evi boşaltmağı dəfələrlə tələb etsə də, onun bu tələbi yerinə yetirilməmişdir. Odur ki, cavabdehlərin məcburi qaydada çıxarılmaları üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs M.Kərimova cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi bələdiyyəsinin 136 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış həmin (mübahisəli) 500 kv.m torpaq sahəsindən, torpaq sahəsinin üzərində inşa edilmiş tikililərdən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsi və tikililər üzərində onun sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil iddia onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxs olan M.Kərimova mübahisəli torpaq sahəsinin və sahənin üzərindəki tikililərin alğı satıqısı barədə həmin əmlakların mülkiyyətçisi Namik Həmidovun etibarnamə əsasında nümayəndəsi (iş üzrə iddiaçı) İddiaçı ilə razılığa gəlmişdir. Onlar Bakı Şəhəri 46 saylı Notariat Ofisində həmin əmlaklar ilə bağlı xx.xx.2020-ci il tarixdə “İlkin alğı-satqı müqaviləsi” bağlamışlar. Alğısatqının predmetlərinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 320.000 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən 20.000 manat M.Kərimova tərəfindən notariusun depozit hesabı vasitəsi ilə İddiaçı ödənilmiş, qalan 300.000 məbləği isə M.Kərimova 5 il müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən əsas müqavilə tam məbləğin ödənilməsindən sonra xx.xx.2025-ci il tarixdə bağlanılmalıdır. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə görə ilkin müqavilə bağlandıqdan dərhal sonra ev onun sahibliyinə və istifadəsinə keçir. Həmçinin, müqavilənin 3.4-cü bəndinə əsasən həmin torpaq sahəsi, üzərində tikilmiş ikimərtəbəli çardaqlı ev və həyətindəki bir mərtəbəli tikili 5 il müddətinə onun sahibliyində və istifadəsində olacaqdır. Buna görə də, göstərilən torpaq sahəsindən və tikililərdən cavabdehlər çıxarılmalı, qeyd olunan torpaq sahəsi və tikililər üzərində onun sahiblik və mülkiyyət hüquqları bərpa edilməlidir. Üçüncü şəxs M.Kərimovanın iddiası icraata qəbul edilərək İddiaçı iddiası ilə birlikdə baxılmışdır. İddia ərizələri əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə İddiaçı və iş üzrə üçüncü şəxs olan M.Kərimovanın iddialarının təmin edilməməsini qət etmişdir. İddiaçı və M.Kərimova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları yuxarıda qeyd edilən iddia ərizələrinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətlərində göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddiasının məzmununa uyğun izahat verdi. Cavabdeh2 və onun vəkili Vəkil1 hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdilər. Cavabdeh2 əlavə olaraq bildirdi ki, onun əri X6 mübahisəli torpaq sahəsini, tikililər ilə birlikdə etibarnamə əsasında X2 80.000 ABŞ dollarına almışdır. Sonradan Çingizə pul lazım olduğundan o, (iddiaçı) İddiaçı borc almış və borcun qaytarılmasının təminatı olaraq Musaxanla “İlkin alğı-satqı müqaviləsi” bağlamışdır. İş üzrə digər tərəflər, o cümlədən apellyasiya şikayəti vermiş iş üzrə üçüncü şəxs olan M.Kərimova işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hər iki apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 136 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində, qərara əlavə edilmiş cizgiyə uyğun olaraq 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə alğı-satqı yolu ilə ayrılmışdır (hər kv.m. 20.800 manat ödəmək şərti ilə). Həmin Bələdiyyə ilə Namik Həmidov arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 74 nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Bələdiyyə mülkiyyətində olan (mübahisəli) torpaq sahəsini Bələdiyyəsinin ümumi iclasının xx.xx.2004-cü il tarixli 19 saylı qərarına əsasən fərdi ev tikmək üçün N.Həmidova satır, sonuncu isə təklifi qəbul edir. xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, N.Həmidov müvafiq sənədləri topladıqdan sonra həmin torpaq sahəsində tikinti işləri aparmağı, özəlləşdirməyi, özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarış almağı, aldığına dair imza etməyi, alqısatqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərlərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetiriİməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin torpaq sahəsinin hərracdan alınması ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, əgər məhkəmə mübahisəsi olarsa bütün məhkəmə və digər orqanlarında ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X3 etibar etmişdir. Etibarnamə başqa şəxslərə verilə bilər və 50 il müddətinə etibarlıdır. xx.xx.2015-ci il tarixdə (satıcı) Namik Həmidovun adından çıxış edən Çingiz Ələsgərov ilə (alıcı) İddiaçı arasında bağlanmış “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilədən” görünür ki, Binəqədi bələdiyyəsinin 136 saylı, xx.xx.2004-cü il tarixli qərarına əsasən ayrılmış 500 kv.m torpaq sahəsi və üzərindəki tikililər Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququna əsasən qeydə alındıqdan sonra 300.000 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin 3-cü bəndinə əsasən N.Həmidov satılacaq torpaq sahəsini və üzərindəki tikililəri 300.000 manata qiymətləndirir və gələcəkdə torpaq sahəsinin və üzərindəki tikililərin həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə torpaq sahəsini və üzərindəki tikililəri gələcəkdə 300.000 manata almağı öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən alıcı – İddiaçı bu müqavilənin 3-cü bəndində göstərilən satış məbləğinin tam hissəsini 300.000 manatı hazırda nəğd şəkildə satıcı – N.Həmidovun nümayəndəsi Ç.Ələsgərova ödəyir və Ç.Ələsgərov 300.000 manatı nəğd şəkildə qəbul edir. xx.xx.2015-ci il tarixdə Bakı Şəhəri 54 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamədən görünür ki, N.Həmidovun adından çıxış edən Ç.Ələsgərov mübahisəli 500 kv.m torpaq sahəsində müvafiq sənədləri topladıqdan sonra tikinti işləri aparmağı, özəlləşdirməyi, özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarış almağı, aldığına dair imza etməyi alğı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərlərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetiriİməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin torpaq sahəsinin hərracdan alınması ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, əgər məhkəmə mübahisəsi olarsa bütün məhkəmə və digər orqanlarında ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə başqa şəxslərə verilə bilər və xx.xx.2061-ci il tarixə qədər qüvvədədir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında 7-ci PB-də toplanmış materialda (№ 1-NK-150) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkib əlamətləri olduğundan material aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şğbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, araşdırması zamanı X7 izahatında göstərmişdir ki, (mübahisəli) 500 kv.m torpaq sahəsini ev tikmək məqsədi ilə bələdiyyə sənədi əsasında 2004-cü ildə almışdır. Həmin torpaq sahəsində tikinti işləri apardığını və müəyyən səbəblərdən tikintini yarımçıq saxladığını, 2011-ci ildə həmin torpaq sahəsini və yarım tikilini 100.000 manata notariusda etibarnamə ilə Çingiz Ələsgərova satdığını, İddiaçı isə tanımadığını və ona torpaq sahəsi satmadığını, Çingizin həmin torpağı Musaxana satmasından isə onun heç bir məlumatının olmadığını bildirmişdir. Namik Həmidovun adından verilmiş etibarnamə əsasında çıxış edən İddiaçı ilə Mahirə Kərimova arasında bağlanmış xx.xx.2020-ci il tarixli “İlkin alğı-satqı müqaviləsindən” görünür ki, birinci tərəf (mübahisəli) 500 kv.m torpaq sahəsini və sahənin üzərində tikilmiş ikimərtəbəli çardaqlı evi və həyətində bir mərtəbəli tikilini ikinci tərəfə satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürürlər. Müqavilənin 2.2-ci bəndinə əsasən əsas müqavilə üzrə alğı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 320.000 manat məbləğində müəyyən edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alğı-satqı obyektinin satış dəyərindən 20.000 manat məbləğini ikinci tərəf bu müqavilənin bağlandığı tarixdə birinci tərəfə notariusun depozit hesabı vasitəsi ilə ödəyir. İkinci tərəf alqı-satqı obyektinin satış dəyərinin qalan 300.000 manat məbləğini isə 5 il müddətində hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən birinci tərəf ilkin müqavilə imzalandıqdan dərhal sonra ailə üzvləri ilə birlikdə əmlakı tərk etməli, sözü gedən əmlakla əlaqədar bütün iddialardan imtina etməli və həmin əmlakı ikinci tərəfin sahibliyinə və istifadəsinə verməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən ilkin müqavilə bağlandıqdan dərhal sonra mənzil ikinci tərəfin sahibliyinə və istifadəsinə keçir, əmlak barəsində sərəncam vermək hüququ isə əsas müqavilə imzalandığı andan ikinci tərəfə keçir. Qeyd olunanlara əsasən işin halı kimi müəyyən edilir ki, mübahisəli əmlak Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 136 saylı qərarı ilə N.Həmidovun mülkiyyətinə ayrılmış və Bələdiyyə ilə bağlanmış müqaviləyə əsasən alğı-satqı yolu ilə N.Həmidovun mülkiyyətinə verilmişdir. N.Həmidov həmin torpaq sahəsini və onun üzərində yerləşən yarımtikilini Ç.Ələsgərova 100.000 manata etibarnamə ilə satmışdır. Daha sonra Ç.Ələsgərov etibarnamə ilə (N.Həmidovun nümayəndəsi kimi) həmin torpaq sahəsini və onun üzərində yerləşən yarımtikilini 300.000 manata İddiaçı satılmasına dair gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər və xx.xx.2015-ci il tarixdə “İlkin alğı satqı müqaviləsi” bağlanmışdır. Daha sonra, yəni xx.xx.2020-ci il tarixdə İddiaçı (N.Həmidovun etibarnamə əsasında nümayəndəsi) ilə M.Kərimova arasında ilkin müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsini və üzərində tikilmiş ikimərtəbəli çardaqlı evi və həyətində bir mərtəbəli tikilini M.Kərimovaya satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürmüşlər. Hazırda İddiaçı mübahisəli torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən cavabdehlərin çıxarılmasını, iş üzrə üçüncü şəxs M.Kərimova isə mübahisəli torpaq sahəsi və tikilidən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsi və tikililər üzərində onun sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş edirlər. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə, mövcud mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsinə 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Mülki Məcəllənin 402.2-ci maddəsinə görə, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Məcəllənin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, ilkin müqavilənin forması ilə bağlı qanunvericiliyin tələbi ondan ibarətdir ki, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanmalıdır. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2020-ci il tarixli ilkin müqavilələr notarial qaydada bağlanmamış və qeydiyyata alınmamışdır. Halbuki daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan hesab edilməlidir ki, qeyd olunan müqavilələr hər hansı bir hüquqi nəticəyə səbəb olmur və əhəmiyyətsizdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, tərəflər ilkin müqavilə bağlayaraq gələcəkdə əmlakın verilməsi ilə bağlı müqavilə bağlamaq (əsas müqavilə) öhdəliyini üzərilərinə götürürlər. Yəni ilkin müqavilə əmlaka dair istifadə, sahiblik və ya sərəncam hüquqlarının yaranmasına səbəb olmur. Bu hüquqlar yalnız alğı-satqı müqaviləsi (əsas müqavilə) notarial qaydada bağlandıqda (sahiblik, istifadə) və dövlət reyestrində qeydiyyata alındıqdan sonra (sərəncam) əmələ gəlir. Beləliklə, ilkin müqaviləyə əmlakın alıcının mülkiyyətinə verilməsi şərti daxil edilsə belə, alıcının mülkiyyət hüququ yarana bilməz. Məhkəmə hesab edir ki, iddiaçının, habelə iş üzrə üçüncü şəxsin tələbi əsassızdır və bununla bağlı qeyd edir ki, hər hansı əqdin (o cümlədən ilkin alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, Ç.Ələsgərov ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “İlkin alğı-satqı” müqaviləsində tərəflər mübahisəli əmlakın xx.xx.2025-ci il tarixə kimi alğı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Belə müqavilə isə tərəflər arasında hal-hazıradək bağlanmamış, yəni mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçməmiş, habelə onun ilkin alğı-satqı müqaviləsinə əsasən əmlak üzərində sahiblik hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin mübahisəli əmlakdan çıxarılmaları ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin də cavabdehlərin mübahisəli əmlakdan çıxarılmaları ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Bundan əlavə, onun həmin torpaq sahəsi və tikililər üzərində sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbi də təmin edilə bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli “İlkin alğı-satqı müqaviləsində” də tərəflər mübahisəli əmlakın alqısatqısına dair əsas müqavilənin xx.xx.2025-ci il tarixdə bağlamağı öhdəliklərinə götürmüşlər, yəni mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçməmiş, habelə onun ilkin alğı-satqı müqaviləsinə əsasən əmlak üzərində sahiblik hüququ da yaranmamışdır. Belə olan halda da məhkəmə hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin də cavabdehlərin mübahisəli əmlakdan çıxarılmaları ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. İlkin alğı-satqı müqaviləsinin mübahisəli əmlakın həmin müqavilə imzalandığı andan müstəqil tələblər irəli sürən üçüncü şəxsin sahibliyinə və istifadəsinə keçməsini nəzərdə tutan hissələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissələr mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız sayılırlar və buna görə də həmin şəxs üçün hər hansı hüquqi nəticələr doğura bilməzlər Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı, habelə iş üzrə üçüncü şəxs cavabdehlərin mübahisəli əmlakdan çıxarılmasını tələb etməyə subyektiv hüquqa malik deyillər, çünki mübahisəli əmlak üzərində nə iddiaçının, nə də ki, iş üzrə üçüncü şəxsin hər hansı hüququnun olması iş materialları ilə təsdiq edilmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsaslar ilə hər iki iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4969/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4969/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver