Məhkəmə qərarları › İş №2(103)-4969/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4969/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4969/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(008)-1475/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 №-li evin, 10 №-li mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin, 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması qət edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəliş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh və ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 №-li evin, 10 №-li mənzilindən istifadə hüquqlarını ləğv etməklə çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)- 1475/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamənin qət etdi hissəsində yanlışlığa və açıq hesab səhvi buraxılmışdır. Bundan onun xəbəri olmamış və icra zamanı cavabdehin ailə üzvlərini çıxarmaq mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018ci il tarixli qətnaməsinə əsasən Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli qətnaməsi icra edilməsi üçün Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh Konstitusiya Məhkəməsi Palatasına şikayət vermiş, həmin məhkəmənin 11.12.2019-cu il tarixli qərarına əsasən icraata qəbul edilməsindən imtina edilmişdir. İcra şöbəsi Apellyasiya məhkəməsindən izah verilməsini istəmişdir. Apellyasiya Məhkəməsinin hakimi Sabunçu rayon Məhkəməsinin qətnaməsinə istinad edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ailə üzvlərinin də çıxarılmalarını qeyd etməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qətnaməsinin nəticəvi hissəsinin “Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılsınlar” kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2020-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qərardadı ləğv edilmiş və İddiaçı ərizəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(008)-1475/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(008)- 1475/2018 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 06 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti qəbul etməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(008)-1475/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin, 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli qətnaməsi iiə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sabunçu rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və İcra məmuru ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh qismində yalnız Cavabdeh qeyd olunmaqla, ona aid məlumatlar əks olunmuş, ərizənin “xahiş etdi” hissəsində iddiaçının mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməklə çıxarılmalarını xahiş etdiyi cavabdehin ailə üzvləri qismində konkret olaraq kimlərin nəzərdə tutulduğu göstərilməməklə qeyrimüəyyən qalmışdır. Halbuki, mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi hər şəxsə münasibətdə bu hüququn yaranması və itirilməsi əsasları baxımından ayrıca araşdırılmalı olmaqla fərdi xarakter daşıyır. Ona görə də, şəxs bu tələblə məhkəməyə müraciət etdiyi zaman, hüququna xitam verilməsini tələb etdiyi subyektlərin dairəsini konkret müəyyən etməli və onların hər birini müstəqil şəkildə cavabdeh kimi qeyd etməlidir . Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(008)-1475/2018 saylı qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrini ayrı-ayrılıqda nəzərdən keçirdikdə müəyyən olunur ki, məhkəmə tərəfindən iddia tələbinin cavabdehin ailə üzvlərinə aid hissəsində hər hansı əsaslandırılma aparılmamış, yalnız Abəzər Fətəliyev cavabdeh qismində göstərilməklə iddiaya ona münasibətdə hüquqi verilmişdir. İddiaçı isə narazı qaldığı təqdirdə həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olmuş, o isə bu hüququndan qanunla müəyyən olunmuş müddət ərzində istifadə etməmiş, əksinə cavabdehin verdiyi şikayətlər əsasında qətnamə apellyasiya və kassasiya qaydasında yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(008)- 1475/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar