Məhkəmə qərarları › İş №2(103)-4969/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4969/2025

22.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4969/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2(007)-2060/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2018-ci il tarixli, 874 saylı əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-yə “satıcı” vəzifəsinə işə qəbul edilmiş, aylıq 350 manat əmək haqqı müqabilində çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 290/24K nömrəli əmr ilə Cəbrayılova (Həsənova) Ülkər Cahid qızı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. Hazırda iddiaçı cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, gecikdirilmiş son haqq-hesabın edilməsi, istifadə edilməmiş məzuniyyətin və mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-ci il tarixli 290/24 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehdən əvvəlki iş yerinə “əczaçı” vəzifəsinə bərpa edilməsi, gecikdirilmiş son haqq-hesab üçün ödənilməmiş 1.000 manat məbləğində pul vəsaitinin, 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğin əvəzi olaraq 378 manat məbləğində pul vəsaitinin, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 4.000 manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 900 manat məbləğində vəkil xidmət haqqının, 60 manat məbləğində mediasiya ilə bağlı xərcin Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmış dır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə aylıq əmək haqqı 416 manat olmaqla Cavabdeh ilə müddətsiz əmək müqaviləsi bağlamış, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “əczaçı” vəzifəsi üzrə çalışmışdır. Həmin əmək müqaviləsi elektron sistemə əlavə edilmişdir. İddiaçı daim öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işinə məsuliyyətlə yanaşmışdır. Buna baxmayaraq, iş üzrə cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixdə İddiaçı (əvvəlki soyadı Həsənova) barəsində 290/24 K saylı əmr qəbul edilərək onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmişdir (həmin bəndə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər). Sözügedən əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə müştəri sorğusuna əsasən dərman preparatının aptek müdiri tərəfindən sifariş siyahısına əlavə edilməsinə baxmayaraq gələn müştərini rəqib şirkətə məxsus olan aptekə yönləndirmişdir. Bunun nəticəsində müştəri tərəfindən sifariş edilən dərman vasitəsi (Meropenem) satılmayaraq aptekə cəmi 92.40 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş, aptek müdirinin məsələ ilə bağlı sorğusuna alıcıların qarşısında İddiaçı tərəfindən kobud cavab verilmiş, o cümlədən onun tərəfindən mübahisə edilərək daxili davranış qaydaları kobud şəkildə pozulmuş və şirkətin işgüzar nüfuzuna xələl yetirilmişdir (bu hərəkətlər aptek müdiri və digər aptek işçiləri tərəfindən daxil olan akt, təqdimat və kamera görüntüləri ilə sübut olunması əmrdə qeyd olunmuşdur). Göründüyü kimi işəgötürən şirkətə dəyən 92.40 manat maddi ziyanı əsas götürərək əsassız olaraq şəxsin barəsində qanuni cəhətdən əsaslandırılmayan əmr qəbul etmişdir. Əmrdə əmək müqaviləsinin şərtlərinin, müəssisədaxili intizam qaydalarını pozulması məsələsi qeyd olunsa da, bununla bağlı əmrdə əmək müqaviləsinin bəndinin, şərti və ya müəssisədaxili intizam qaydaları ilə bağlı müvafiq bənd, hissə qeyd olunmamışdır. Bundan başqa, İddiaçı tərəfindən törədilən hərəkət və ya əməl (aptek müdirinin məsələ ilə bağlı sorğusuna alıcıların qarşısında İddiaçı tərəfindən kobud cavab verilməsi, həmçinin onun tərəfindən mübahisə edilməsi) Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması ilə əlaqədar deyildir. Həmin maddədə birbaşa qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Daxili davranış qaydalarının kobud şəkildə pozulması halları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmamışdır. Əksinə, şəxs özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, əmək vəzifələrini layiqincə tam yerinə yetirmiş, həmin gün ona ayrı-seçkilik qoyularaq təkidlə iş yerinin tərk edilməsi barədə məlumat verilsə də (həmçinin MMC-nin əməkdaşları Sevinc Abdullayeva, əczaçılar İlahə və Aytac adlı şəxslər iddiaçını təhqir etmişlər, satış meneceri İlqar adlı şəxs əczaçı Pərvanə Məmmədovaya yaxınlaşaraq onun iddiaçı ilə işləməmək arzusunda olması barədə akta məcburi qaydada imza çəkdirmişdir), şəxs iş yerini tərk etməmiş, alıcılara etik davranış qaydalarına tam riayət etməklə xidmət göstərmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarla bağlı əmək vəzifələrini kobud şəkildə pozmadığını bildirsə də və bu barədə işəgötürəndən məlumat tələb etdikdə cavabdeh MMC müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər-hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin bu qanunsuz və hüquqazidd hərəkəti bilavasitə İddiaçı Konstitusion hüququnu pozur. Maddi ziyan məsələsinə gəldikdə isə o da qeyd olunmalıdır ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10–cu maddəsi) və işəgötürən öz növbəsində işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ mövcuddur (Əmək Məcəlləsi 11-ci maddə). Qeyd olunan qanunvericilik normasından göründüyü kimi işəgötürən işçi barəsində onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliyə müvafiq tədbirlər görmək əvəzinə (ödəmə üsulunu seçmək əvəzinə) işçini Əmək Məcəlləsinin 70 “ç” bəndinə istinad edərək onun əmək müqaviləsinə xitam vermişdir. Bu da onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinin normalarını pozmuşdur. Bundan başqa işəgötürən şəxsin işdən sonra digər şirkətdə əmək fəaliyyəti ilə məşğul olmasına dəfələrlə irad tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq kimi əsas hüquqları vardır. Bu da onu deməyə tam imkan verir ki, işəgötürən əmək münasibətləri sahəsində (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsində) nəzərdə tutulan “işəgötürənin əsas vəzifələri” normasına riayət etməmişdir. Belə ki, həmin normaya əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Bundan başqa, işəgötürən İddiaçı ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki işəgötürənin vəzifələrində (yuxarıda qeyd olunan normada) birbaşa qeyd olunur, işəgötürən işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin vəzifəsidir. Bundan başqa, şəxs 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləği və son haqq-hesabın düzgün tam qaydada ödənilməsi ilə bağlı işəgötürənlə danışıq aparmağa cəhd etsə də, cavabdeh müraciətə laqeyd münasibət göstərmişdir (halbuki, ƏM-nin 83-cü maddəsində əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməsi imperativ norma kimi göstərilmişdir). Bundan əlavə, Əmək Məcəlləsinin 75.4-ci maddəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Mediasiya prosesində işin məhkəmədən kənar məsələnin həll etməyə çalışsalar da, bunun bir nəticəsi olmamış, cavabdeh barışığa gəlməkdən əsassız yayınmış, müraciətə laqeyd münasibət göstərilmişdir. Belə olan təqdirdə cavabdehin bu qanunazidd hərəkətləri şəxsin pozulmuş Konstitusion hüquqlarının müdafiəsini şərtləndirir. Həmçinin göstərilən qanunvericilik normalar işəgötürəni əmək münasibətləri məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır (halbuki, cavabdeh qanunun tələblərinə riayət etsə idi, onun Konstitusion hüquqları pozulmazdı). O, hüquqlarının müdafiə olunması və pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır, nəticədə isə, həm vaxt itirir, həm də kifayət qədər xərc çəkməli olur. Bütün bunlar şəxsin əhəmiyyətli dərəcə stress, gərginlik, əsaslı sarsıntı keçirməyinə səbəb olmuşdur. Belə olan halda cavabdehin bilavasitə hüquqazidd hərəkətləri nəticəsində iddiaçının keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsini və həmin məbləğin 4.000 (dörd min) manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edir. Sözügedən mübahisənin hüquqi yolla həll edilməsi məqsədilə iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş, hüquqi yardımın göstərilməsi üçün 900 manat (doqquz yüz manat) məbləğində ödəniş etmişdir. Belə olan təqdirdə, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehdən tutulmasını qanunamüvafiq hesab edir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr X3 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2(007)- 2060/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Göründüyü kimi, qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan işəgötürənin işçi ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Bu tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə İddiaçı iddia tələbinin “əmrin ləğvi, işə bərpa” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulan qaydalara riayət etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, daxili nizam-intizam qaydalarını pozmuş, aptekə müraciət edən alıcı-müştəriyə müvafiq qaydada xidmət göstərməmiş və bu səbəblərdən onun barəsində xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə şiddətli töhmət elan edilməsinə baxmayaraq o, təkrarən bu hallara yol vermiş, əmək müqaviləsi üzrə işə qəbul edildiyi Cavabdeh MMC-nin qanunla qorunan mənafeyinə uyğun olmayan hərəkətlər etmişdir. İddiaçının daxili nizam-intizam qaydalarını pozması, alıcıya təqdim edilməli qəbzləri özündə saxlaması, alıcını digər aptekə yönləndirməsi, rəhbərliklə və digər işçilərlə mübahisələr etməsi barədə akt tərtib edilmiş və müvafiq şəxslər tərəfindən imzalanmışdır, bundan sonra işəgötürənin xx.xx.2024-cü il tarixli, 290/24K nömrəli əmrilə əsaslı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış Əmək müqaviləsinə və müqaviləyə əlavəyə (Vəzifə Təlimatı) əsasən, işçi daxili və əmək nizamintizam qaydalarına riayət etməyi, əməkdaşlarla nəzakətli ünsiyyət yaratmağı, rəhbərliyin əmrlərini, tapşırıqlarını vaxtında yerinə yetirməyi və.s öhdəsinə götürmüşdür. İddiaçının məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, iddiaçı heç bir qaydanı pozmadığını, onunla şəxsi qərəzlik edildiyini, işinə maneəçilik törədildiyini, işdə onu qıcıqlandırdıqlarını, digərlərinin qohumluq əlaqəsi olduğunu və onu uzaqlaşdırmaq istədiklərini bildirərək, bununla öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Lakin məhkəmə hesab etmişdir ki, işçinin əmək nizam-intizamını, daxili qayadaları pozması, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə barəsində şiddətli töhmət elan edilmiş, lakin bundan sonra qanunla müəyyən edilmiş altı aylıq müddət keçəmiş işçi tərəfindən təkrarən eyni hərəkətlərə yol verilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt və təqdimat tərtib edilmişdir. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və işçi işdən azad edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə, poçt qəbzinə imza edilməklə “Həsənova” iddiaçı tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Əmək Müfəttişliyi Xidmətinə müvafiq müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən cavab verilmişdir. Lakin iddiaçı məhkəməyə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmək üçün, qabaqcadan mediasiya təklifini xx.xx.2025-ci il tarixdə tərəfə göndərmişdir. Yəni müvafiq orqanın cavab məktubundan təxminən 4 ay sonra mediasiya təklifi göndərilmişdir. Belə olan halda iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin məhkəmə qeyd etmişdir ki, iddia tələbi özlüyündə əsaslı olmadığından və iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etmədiyindən iddia müddətinin tətbiq edilməsilə iddianın rədd edilməsinə əsaslar mövcud deyil. Məhkəmə iddia tələbinin “gecikdirilmiş haqq hesab və istifadə edilməmiş məzuniyyət üçün pul” hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarış və əmək haqqının hesablanması haqqında cədvəldən görünür ki, iddiaçıya ödənilməli olan son haqq-hesab 1300.49 manat olmaqla hesablanmış və onun bank hesabına xx.xx.2024-cü il tarixdə, yəni əmr imzalandıqdan 01 gün sonra ödənilmişdir. Belə olan halda iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb “əmrin ləğvi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin ləğvi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi də təmin edilə bilməz. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin - xx.xx.2024-ci il tarixli 290/24 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehdə əvvəlki iş yerinə satıcı vəzifəsinə bərpa edilməsi, dəymiş mənəvi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 900 manat (doqquz yüz manat) məbləğində vəkil xidmət haqqının, 60 manat məbləğində mediasiya ilə bağlı xərcin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gecikdirilmiş son haqq-hesab üçün ödənilməmiş 1.000 manat (min manat) məbləğində pul vəsaitinin, 20 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğin əvəzi olaraq 378 manat (üç yüz yetmiş səkkiz) məbləğində pul vəsaitinin ödənilməsi tələbi hissəsində məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə razıdır, lakin digər hissələrdə iş üzrə qətnamə əsassızdır və ləğv olunmalıdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmənin baxış iclasında iştirak edən şahidlər qərəzli ifadə vermişlər, onunla işləyən əsas işçilər (Pərvanə Məmmədova və Gülmira Abdullayeva) barədə məhkəməyə bildirsə də, həmin şəxslər məhkəmə iclasına ifadə verilməsi üçün çağrılmamışlar, həmçinin məhkəmənin baxış iclasında tərəfindən təqdim olunan (video) səs yazıları dinlənilməmişdir. Ona görə də məhkəmənin sübut qismində yalnız şahid ifadələrinə istinad etməsi obyektiv deyildir. İşəgötürən onun ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildiyi halda, əmək müqaviləsinə xitam vermişdir. Bu isə, həm onun, həm də ailə üzvlərinin hüquqlarını birbaşa pozmuşdur. Bu hal məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən ona əvvəllər tətbiq edilmiş əmrə istinad edərək həmin əmrlə əlaqəli sənədləri hal-hazırki intizam tənbehi ilə əlaqələndirmişdir, halbuki məhkəmə bununla bağlı Əmək Məcəlləsinin 190-cı maddəsinin tələblərini (intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur) nəzərə almamışdır. Bu hüquqi əsaslar onu deməyə imkan verir ki, məhkəmə əmək qanunvericiliyinin müvafiq normalarını nəzərə almamış, hüquqa zidd nəticələr doğuran, işin hallarına düzgün hüquqi qiymət verilməyən qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2(007)-2060/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnamənin - xx.xx.2024-ci il tarixli 290/24 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə cavabdehdə əvvəlki iş yerinə satıcı vəzifəsinə bərpa edilməsi, dəymiş mənəvi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 900 manat (doqquz yüz manat) məbləğində vəkil xidmət haqqının, 60 manat məbləğində mediasiya ilə bağlı xərcin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi hissəsində mübahisələndirsə də, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsi: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 874 saylı əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-yə “satıcı” vəzifəsinə işə qəbul edilmiş, aylıq 350 manat əmək haqqı müqabilində çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 290/24K nömrəli əmr ilə Cəbrayılova (Həsənova) Ülkər Cahid qızı ilə bağlanılmış əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. İşçinin 64 təqvim günü əmək məzuniyyət qalığı üçün pul əvəzi və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işlədiyi müddət üçün əmək haqqının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi özlüyündə əsaslı olmadığından və iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etmədiyindən iddia müddətinin tətbiq edilməsilə iddianın rədd edilməsinə əsaslar mövcud deyil. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə, poçt qəbzinə imza edilməklə “Həsənova” iddiaçı tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən X4 Xidmətinə müvafiq müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən cavab verilmişdir. Lakin iddiaçı məhkəməyə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmək üçün, qabaqcadan mediasiya təklifini xx.xx.2025-ci il tarixdə tərəfə göndərmişdir. Yəni müvafiq orqanın cavab məktubundan təxminən 4 ay sonra mediasiya təklifi göndərilmişdir. Məhkəmə Kollegiyası qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər-hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış və iddia tələbini qeyd edilən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu baxımdan, Məhkəmə Kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə Məhkəmə Kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, Məhkəmə Kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən Məhkəmə Kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Beləliklə də iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Həmçinin də iddiaçıya ödənilməli olan son haqq-hesab 1300.49 manat olmaqla hesablanmış və onun bank hesabına xx.xx.2024cü il tarixdə, yəni əmr imzalandıqdan 01 gün sonra ödənilmişdir. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın sübut olunmamağına istinadən iddia müddətini tətbiq etməməklə əmək qanunvericiliyinin bu məsələni tənzimləyən müddəaların tələblərini pozmuşdur. Hazırki iddia üzrə “əmrin ləğv edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilibedilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsassızlığına görə deyil, məhz iddia müddəti ötürülməsi əsası ilə rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddianın əsaslı olmasına dair göstərilən dəlillər hüquqi cəhətdən əhəmiyyətsizdir, çünki bu dəlillər iddianın əsasını sübut etmək üçün lazımdır. Lakin iddiaçı öz hüququnu müdafiə etmək üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi apellyasiya şikayətində göstərilən dəlillər əsas məsələni həll etmir. Onlar iddianın əsaslı olmasını sübut etsə belə, müddətin ötürülməsi əsası ilə iddia tələbi rədd edilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2(007)- 2060/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, gecikdirilmiş son-haqq hesabın və istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq pul və mənəvi zərər” barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar