Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-497/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinə qarşı iş üzrə (açar sözlər: əsl olmayan cavabdeh) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmyən 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Nümayəndə1 Müşfiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Təşkilatına qarşı sənədlərin təqdim edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2912/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixdə iclası keçirilmiş və həmin iclasın protokoluna əsasən ümumi şöbənin baş mütəxəssisi İddiaçı (bundan sonra iddiaçı) vəzifə təlimatında nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozduğuna, bank daxilində qeyri-etik hərəkətlərə yol verdiyinə, müəssisədaxili intizamı pozduğuna və bu hərəkətləri ilə digər əməkdaşların iş ahənginə xələl gətirdiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2018-ci il tarixli iddianın təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; iddiaçıya aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlürəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarı bilavasitə iddiaçıya aid olduğundan və onun hüquqlarına toxunduğundan, habelə iddiaçı qeyd edilən iclasa rəsmi olaraq dəvət edilmədiyindən, bu tədbirlə əlaqədar bir sıra sənədlərin, o cümlədən Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənədi; təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsi, iddiaçının müraciətlərinə heç bir əhəmiyyət verməmiş və mediasiya mərhələsində də bu müraciətlərə münasibət bildirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2912/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, əmək qanunvericiliyinə əsasən həmkarlar ittifaqları təşkilatları (birlikləri) işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən işçilərin nümayəndəli orqanı olmaqla onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılır. İddiaçı cavabdehə dair çıxarılmış sənədin surətlərini almaq hüququna malik olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85, 86, 309cu maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 49.1, 54.1 88, 217.1, 217.3 və 218.1; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86; Azərbaycan Respublikası Konstitusiyasının 71.2; " Fərdi məlumatlar haqqında " qanunun 13.1-ci maddəsinə, Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarına; Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, qanunvericilik hər bir şəxsin fərdi məlumatlarının qorunması, mühafizəsi və başqa şəxslərə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla təqdim oluna bilməməsi barədə normalar təsbit etmişdir. Hazırkı məhkəmə işində iddiaçının tələblərindən biri də Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolunun bütövlükdə ona təqdim olunmasıdır. Sözügedən iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsinə baxmayaraq bank tərəfindən həmin iclasla bağlı tərtib olunmuş protokoldan məhz iddiaçıya aid olan hissənin çıxarış formasında iddiaçıya təqdim olunması təmin olunmuşdur. Buna səbəb həmin iclas zamanı sadəcə iddiaçıya deyil, digər şəxslərə aid məsələlərin də müzakirə olunması və protokolda öz əksini tapmasıdır. Digər işçilərlə bağlı iclasda müzakirə olunan məsələlər də protokolda öz əksini tapdığından və bu məlumatlar həmin şəxslərin fərdi məlumatları hesab olunduğundan, həmin protokolun bütövlükdə təqdim olunmasını tələb etmək həm iddiaçı, həm də bununla bağlı qərar qəbul edən məhkəmə tərəfindən qanunvericiliyin ciddi formada pozulması və digər şəxslərin sözügedən protokoldan çıxarışın məhkəməyə və iddiaçıya təqdim olunması faktı digər sübutlar kimi məhkəmə qətnaməsində öz əksini tapmasa da, yuxarı instansiya məhkəməsi tərəfindən iş materiallarına baxış keçirildikdə sözü gedən protokoldan çıxarışın təqdim olunduğunu görmək mümkündür və beləliklə, məhkəmə tərəfindən iddiaçının iddiasının bu hissədə təmin olunması qanunvericiliyin yuxarıda göstərilən normalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd yekun akt çıxararkən əsaslandığı hüquq normalarının içərisində AR Əmək Məcəlləsinin 86-a maddəsini qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Məhkəmənin öz iddiasının əsaslarından birini bu normanın üzərində qurması hazırkı işin hüquqi həlli baxımından absurd bir yanaşma olmuşdur. Belə ki, ilk növbədə, iddiaçının hazırkı iddia tələbi ilə bağlı təqdim edilməsini tələb etdiyi sənədlərin heç biri: 1) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; 2) işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı; 3) onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; 4) İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; 5) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri) yuxarıda məhkəmənin istinad etdiyi ƏM 86-cı maddəsində nəzərdə tutulan sənədlər siyahısına aid deyildir və həmin maddənin məzmununda qeyd olunan sənədlərin hər biri məhz işəgötürənlə işçi arasında olan əmək münasibətlərinə dair yekun faktların təsdiq olunduğu sənədlərdir. Hazırkı iddianın mahiyyətində, iddia işəgötürən olaraq "xxxx" ASC-yə qarşı deyil, məhz onun Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir və tələb olunan sənədlər işəgötürən olaraq banka deyil, Həmkarlar İttifaqı Komitəsinə aid olan sənədlərdir. Bundan əlavə absurd olan məqamlardan da biri ondan ibarətdir ki, məhkəmə sözügedən maddəyə əsaslanaraq qeyd olunan sənədlərin saxlanma müddətinin 5 il olduğunu göstərmişdir. Ən pis ehtimalda iddia tələbində göstərilən sənədlərin necəsə bütün hüquq normalarını qıraraq həmin maddədəki sənədlər siyahısına daxil olduğunu fərz etsək belə, bu halda da sözügedən iclas xx.xx.2017-ci il tarixdə keçirilmişdir və iddiaçı məhkəməyə məhz bu iclasla bağlı sənədlərin təqdim edilməsi tələbi ilə müraciət edərkən artıq iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsi tamamilə aşkardır. Bu halda məhkəmənin ƏM-nin 86-cı maddəsini rəhbər tutaraq cavabdehin üzərinə tələb olunan sənədlərin verilməsi öhdəliyinin qoyulması həm hüquqi, həm də məntiqi-riyazi cəhətdən tamamilə absurd bir yanaşma olmuşdur. Göründüyü kimi məhkəmə öz qətnaməsini əsaslandırarkən istinad etdiyi maddi hüquq normaları nə işin mahiyyətinə, nə hüququn ümumi prinsiplərinə uyğun gəlməmiş və beləliklə, heç bir maddi hüquqi əsası olmayan məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaranmışdır. Qanunvericilikdə mülki prosessual fəaliyyət qabiliyyətinin təsbit olunmasına dair normada konkret olaraq kimlərin bu fəaliyyət qabiliyyətinə məxsus ola bilməsi dairəsi müəyyənləşdirilmişdir və bunlardan biri də qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsdir. "Azərbaycan dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar ittifaqı"nın Nizamnaməsinin 1-ci bəndinə əsasən İttifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud Nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkilatları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Cavabdeh iddianı müstəqil hüquqi şəxs olan Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə qarşı deyil, ona tabe olan, sadəcə kiçik bir struktur bölməsi - “ABB" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir. Bu qurum həm AR HİK-ə tabe olmaqla bərabər, həm də “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tərkibində mövcud olan bir qurumdur və məhkəmədə müstəqil cavabdeh kimi qoyulması, ona qarşı iddia sürülməsi və hətta məhkəmə qətnaməsi ilə onun üzərinə hansısa öhdəlik qoyulması həm MPM-in 49.1-ci maddəsinin tələblərinə, həm də yuxarıda adı çəkilən Nizamnamənin tələblərinə uyğun deyildir. Məhkəmə hələ iddia ərizəsi icraata qəbul edilərkən və işə mahiyyəti üzrə baxılarkən yoxlamalı olduğu məsələlərdən ən vacibi - subyektiv cavabdehlik məsələsini yoxlamadan və düzgün müəyyənləşdirmədən əsassız məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaratmışdır. Cavabdeh tərəfindən nə məhkəmə proseslərində təqdim olunan, nə də "Elektron Məhkəmə İnformasiya sistemi" vasitəsilə yaradılmış elektron kabinet vasitəsilə təqdim olunan sənəd və sübutlara nəinki məhkəmə tərəfindən qiymət verilməmiş, ümumiyyətlə, məhkəmə qətnaməsində ad olaraq belə öz əksini tapmamışdır. Təqdim olunan sənədlər kimi yalnız İddiaçıla ABB ASC arasında mövcud olmuş məhkəmə mübahisəsinə dair məhkəmə aktlarının adı çəkilmiş, iş materiallarında olan və iş üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin heç biri qətnamədə öz əksini tapmamış və bu sənədlərə dair məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bu da öz növbəsində məhkəmə qətnaməsinin qəbulu ilə bağlı açıq-aşkar qərəzli mövqeyin mövcudluğunu deməyə rahatlıqla əsas verir. İddiaçının tələblərindən biri işəgötürənin Həmkarlar İttifaqı əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədlərinin təqdim edilməsi olmuşdur. Bununla bağlı da tərəfindən daha öncə iddiaçıya onun “işə bərpa" tələbinə dair məhkəmə prosesi zamanı da təqdim edildiyi kimi, yenidən Bankın Təşkilati departamentin direktoru Şölə Ələkbərova tərəfindən cavabdeh təşkilatın sədrinə ünvanlanmış yazılı müraciət təqdim olunmuşdur. Daha öncə də qeyd olunduğu kimi ABB ASC-nin Həmkarlar İttifaqı Komitəsi adından da göründüyü kimi bankın tərkibində fəaliyyət göstərir və eyni müəssisənin daxilindəki struktur bölmələr tərəfindən bir-birilərinə verilən sənədlərlə bağlı hansısa kargüzarlıq təlimatı, yaxud dəftərxana qeydiyyatı ilə bağlı hansısa tələb mövcud deyildir və hazırda iddiaçı tərəfindən sırf əsassız və süründürməçi mahiyyət daşıyan iddia qaldırılmaqla və həmin iddianı icraata qəbul edərək absurd istəklərin təmin olunmasına şərait yaradılması məhkəmə tərəfindən rəhbər tutulmalı olan ideyalar və prinsiplərlə, ümumiyyətlə, uyğun gəlməməkdədir. Hazırkı halda iddiaçının məhz hansı hüququnun pozulduğu, ümumiyyətlə, belə bir hüququnun mövcudluğu məhkəmə tərəfindən araşdırılmalı, tələb olunan istəyin fiziki cəhətdən həyata keçirilməsinin mümkün olub-olmaması məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Təqdimata əlavə edilən sənədlərin təqdim edilməsi məsələsinə gəldikdə, yenə də məhkəmə qətnaməsində bununla bağlı heç bir qeyd olmamasına baxmayaraq bildirilir ki, sözügedən sənədlər onsuz da daha öncə adı çəkilən məhkəmə prosesində iş materiallarında mövcud olmuş və məhz həmin məhkəmə qətnaməsinin (hansı ki, iddiaçının ziyanına qəbul edilmişdi) çıxarılmasına əsas olan sənədlər olmuşdur. Bununla bağlı da həmin məhkəmə prosesində həmin işdə də iddiaçı olan İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli işlə tanış olma ərizəsi tərəflərindən məhkəməyə təqdim edilmiş (yenə də bu fakt qətnamədə öz əksini tapmamışdır) və məhkəmə tərəfindən həmin iş qaldırılaraq, həqiqətən də, tələb olunan sənədlərin məhz o iş qovluğunda olması və iddiaçının da həmin sənədlərlə tanış olma barədə ərizəsinin mövcudluğu faktı öz əksini tapmışdır. Onsuz da daha öncə dəfələrlə təmin olunan istəklə yenidən məhkəməyə müraciət edən iddiaçının heç bir hüququnun pozulmamasına, öz hüququnu həyata keçirməsinə kifayət qədər şəraiti olması və həqiqətən də, həyata keçirməsinə baxmayaraq məhkəmə yenə də eyni öhdəliyi cavabdehin üzərinə qoymaqla çox absurd məhkəmə qətnaməsi qəbul edilməsinə zəmin yaratmışdır. İddiaçının növbəti tələbi İddiaçı aid edilməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan hərəkətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülərin tələb edilməsi olmuşdur. Bununla bağlı da tərəflərindən məhkəməyə sözügedən tələbin icrasının qeyri-mümkün olduğunu təsdiq edən sübut təqdim olunsa da, artıq təbii haldır ki, yenə də məhkəmə qətnaməsində bu fakt öz əksini tapmamışdır. Belə ki, ABB ASC-nin təhlükəsizlik kameraları ilə bağlı məsələlərlə əlaqədar məsul struktur bölməsinə - Təhlükəsizlik departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya eyni tarixdə cavab ünvanlanmış və cavab məktubunda bankda təhlükəsizlik kameraları ilə bağlı video görüntülərin saxlanma müddətinin 6 ay olduğu bildirilmişdir. Aydındır ki, xx.xx.2017- ci il tarixli Hİ iclasının keçirilməsinin üzərindən nəinki 6 ay, 6 ilə yaxın müddət keçmişdir və hazırda videogörüntülərin təqdim olunmasının qeyri-mümkünlüyü məsul struktur bölmə tərəfindən öz əksini tapmışdır. Əgər məhkəmənin cavabdeh tərəfindən təqdim edilən sübutun mötəbərliyinə şübhəsi mövcud olmuşdursa, bu zaman, həqiqətən də, videogörüntülərin mövcud olub-olmamasını müəyyənləşdirmək məqsədilə bu məsələ ilə bağlı mütəxəssis və ya ekspert təyin edilə, həmçinin başqa yoxlamalar yolu ilə bu məlumatın düzgünlüyü məhkəmə tərəfindən yoxlanıla bilərdi. Növbəti tələb Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi olmuşdur ki, sözügedən sənəd də eyni iddiaçının banka qarşı işə bərpa tələbinə dair mövcud olmuş məhkəmə prosesi zamanı təqdim edilmiş, məhkəmənin qətnamə qəbul edilərkən Əmək Məcəlləsinin müvafiq normalarının tələblərinin gözlənilməsini yoxlamaq vasitəsilə tələb olunan sənədlərdən biri olmuşdur. Yenə də iddiaçı sözügedən sənədi həmin məhkəmə işi ilə tanış olmaq imkanı mövcud olarkən və həqiqətən də, tanış olmasına baxmayaraq hazırda yenidən cavabdeh istəməsi sırf prinsipial olaraq verilmiş iddiadan başqa şey deyildir və həmin sənədin də yenidən cavabdeh tərəfindən təqdim edilməsi qeyri- mümkündür. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7386/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan apellyasiya məhkəməsi kollegiyası Konstitusiyanın 32, 50; Əmək Məcəllənin 85, 86, 296, 300 , 309; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-84, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, mülki işdə iddiaçının müraciətinə hər hansı cavab verilməsi barədə sübut mövcud deyildir. Əmək qanunvericiliyinin sənədlərin saxlanılma müddətini müəyyən normaya istinad etməsi də qeyd edilən müraciətin işəgötürənə verilməsini istisna etdiyindən, habelə həmkarlar ittifaqları - könüllü birləşdiyi, nizamnamələri və Həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən, iddiaya cavab verməsi istisna edilməyən, müstəqil ictimai, qeyri-siyasi təşkilat olduğundan, onun informasiya sahibi olaraq iddiaçının özü barədə mövcud məlumatları təqdim etmək, olmadıqda isə müvafiq köməklər göstərmək vəzifəsi vardır. Ona görə məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 86.1,86.2,86.3,309-cu maddəs "Həmkarlar ittifaqı haqqında" Azərbaycan Respublikası qanununun 1,1.2-ci maddəsi, Həmkarlar İttifaqlarının Nizamnaməsinin tələbləri 7-ci maddəsi, MPM-in 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2390/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7386/2023 nömrəli, 18 dekabr 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddianın birinci instansiya məhkəməsində təmin olunmasından apelyasiya şikayəti verən cavabdeh özünün dəlillərini şikayətində ətraflı şəkildə göstərmişdir. Kollegiya hesab etmişdir ki, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi ədalətli məhkəmə araşdırması hüququ baxımından zəruri olmuşdur. Buna baxmayaraq apelyasiya məhkəməsi qanunvericilik normalarını sadalayaraq şikayətin dəlillərinə münasibətini aşağıdakı məzmunda ifadə etmişdir: “...əmək qanunvericiliyin sənədlərin saxlanılma müddətini müəyyən normaya istinad etməsi də qeyd edilən müraciətin işəgötürənə verilməsini istisna etdiyindən, habelə həmkarlar ittifaqları - könüllü birləşdiyi, nizamnamələri və Həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən, iddiaya cavab verməsi istisna edilməyən, müstəqil ictimai, qeyri-siyasi təşkilat olduğundan, onun informasiya sahibi olaraq iddiaçının özü barədə mövcud məlumatları təqdim etmək, olmadıqda isə müvafiq köməklər göstərmək vəzifəsi vardır”. Kassasiya məhkəməsi hesab etmişdir ki, qeyd olunanlar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 32-33). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası vurğulamışdır ki, işin düzgün həlli üçün tərəflərin iddia və etirazlarını aidiyyəti maddi və prosessual hüquq normaları əsasında yoxlamadan və onlara əsaslandırılmış şəkildə qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, habelə İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 19-20). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Cavabdehin dəlillərindən biri odur ki, iddia müstəqil hüquqi şəxs olan Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə qarşı deyil, ona tabe olan, sadəcə kiçik bir struktur bölməsi - “ABB" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir, bu qurum həm AR HİK-ə tabe olmaqla bərabər, həm də “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tərkibində mövcud olan bir qurumdur, onun məhkəmədə müstəqil cavabdeh kimi qoyulması, ona qarşı iddia sürülməsi və hətta məhkəmə qətnaməsi ilə onun üzərinə hansısa öhdəlik qoyulması həm MPM-in 49.1-ci maddəsinin tələblərinə, həm də "Azərbaycan Dövlət İdarələri və İxidmət İşçiləri Həmkarlar İttifaqı"nın Nizamnaməsinin tələblərinə uyğun deyil. Kollegiya hesab etmişdir ki, iddianın və ona etirazın maddi hüquqi əsaslarının araşdırılmasından əvvəl qeyd olunan prosessual məsələnin həlli mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı iddiaçının kimliyi və subyektiv hüququ ilə yanaşı, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 49.1 və 50.3-cü maddələrinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. “Həmkarlar ittifaqı haqqında“ Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, “Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür. İş materiallarında olan, “Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı"nın Nizamnaməsinin 1-ci bəndinə əsasən, ittifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkilatları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Kassasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin dəlilləri və təqdim etdikləri sübutlar tədqiq edilməklə, habelə yuxarıda göstərilən qanunvericilik normaları və hüquqi mövqelər nəzərə alınmaqla "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin hazırkı iddia üzrə cavabdeh olub-olmaması ilə bağlı məsələyə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən əsaslandırılmış hüquqi qiymət verilməlidir. Adı çəkilən Təşkilatın iddiaya cavab verən şəxs olmadığı qənaətinə gəlindikdə onun prosessual hüquqi nəticələri müzakirə olunaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 29). Hazırkı iş üzrə cavabdehin əsl cavabdeh olduğu qəbul edildikdə isə tərəflərin dəlillərinə maddi və prosessual hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmış münasibət bildirilməlidir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi (vəkili) X5 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti, cavabdehin əvəz olunması ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Müşfiq oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmyən 3-cü şəxs "xxxx" ASC-in mülahizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ABB HİT-na qarşı məlumatların və müvafiq sənədlərin verilməsi öhdəliyinin şəxsin üzərinə vəzifə kimi qoyulması tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2912/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ABB HİT tərəfindən verilmiş apellyasiya şikayətinə dair 2(103)-497/2025 nömrəli mülki iş üzrə "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqdan sonra (məhkəmənin təşəbbüsü ilə) xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının tələb etdiyi sənədlərin bir qisminin ona təqdim edildiyi, digər sənədlərin iddiaçının işə bərpa tələbinə dair mülki iş üzrə iş materiallarında olduğu bildirilmişdir. Həmin mülki işin müvafiq birinci instansiya məhkəməsindən tələb edilməsinə dair şifahi vəsatətləri təmin edilmədikdən sonra bank tərəfindən verilmiş ərizə əsasında "xxxx" ASC-nin və bankın Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətli nümayəndələri həmin iş materialları ilə tanış olmuş, müvafiq surətlər çıxarılaraq xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə hazırki mülki işə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili sənədlərlə tanış olmadığını və iddiaçını da sənədlərlə tanış etmək istədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə iddiaçının vəkili tələb etdikləri sənədlərdən heç birinin verilmədiyini bildirmişdir. Halbuki iddiaçı tərəfindən tələb olunan bir sıra sənədlər tərəflərindən iş materiallarına əlavə edilmişdir, digər sənədlərin təqdim edilməsinin mümküzlüyü barədə səbəblər dəfələrlə məhkəməyə bildirilmişdir. Belə ki iddiaçı aşağıdakı sənədlərin ona təqdim edilməsini xahiş edir: "xxxx" ASC-nin Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu (iddiaçının vəkili sonradan məhkəmə iclasında bu protokolun onlara təqdim edildiyini etiraf etdi); İşəgötürənin Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış yazılı təqdimatı (sənəd "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətli nümayəndəsi tərəfindən əvvəlki məhkəmə iclaslarında təqdim edilmişdir, təkrarən əlavə olunur); İşəgötürənin təqdimatının rəsmi olaraq Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmə tarixi sənədlərdən aydın müəyyən olunur - işəgötürənin təqdimatında tarix olaraq “xx.xx.2017-ci il” qeyd olunmuş və Həmkarlar İttifaqı Komitəsinin iclası da xx.xx.2017-ci il tarixdə keçirilmiş və həmin tarixdə iclas protokolu tərtib edilmişdir. Aydındır ki, təqdimat xx.xx.2017-ci il tarixdə işəgötürən tərəfindən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmişdir; Təqdimata əlavə edilmiş əsaslandırma sənədləri "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçının "xxxx" ASC-də işlədiyi müddətdə nümayiş etdirdiyi davranışı barədə tərtib olunmuş ərizələr olmaqla xx.xx.2025-ci il tarixdə bank tərəfindən məhkəməyə təqdim edilmişdir; İddiaçı aid olan və Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə predmeti olan hərəkətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər - hazırki iş üzrə keçirilmiş məhkəmə iclasında kamera görüntülərinin təqdim edilməsinin mümkün olmaması barədə dəfələrlə kamera görüntülərinin saxlanma müddətinin 6 ay təşkil etməsi, iddiaçının məhkəməyə bu müddətin ötməsindən uzun müddət keçdikdən sonra müraciət edilməsi baxımından məhz bu görüntülərin fərqli qaydada saxlanılmasının mümkün olmaması barədə məlumat verilmiş və bankın müvafiq struktur rəhbərinin məktubu iş materiallarına əlavə edilmişdir; "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri - ötən məhkəmə iclaslarında qeyd olunduğu kimi bankdaxili kargüzarlıq qaydalarında bu tip sənədlərin təhvil-təsliminə dair hər hansı xüsusi qayda müəyyən olunmadığından mövcud olmayan sənədin təqdim edilməsi mümkün deyil. Bununla yanaşı iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmrinin xx.xx.2017-ci il tarixdə verilməsini nəzərə alaraq Həmkarlar İttifaqı Komitəsi tərəfindən müvafiq sənədlərin də məhz həmin tarixdə işəgötürənə təqdim edildiyi aydındır. Göründüyü kimi iddiaçı tərəfindən tələb olunan sənədlərin bir qismi "xxxx" ASC və onun Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçıya təqdim edilmiş, digər sənədlərin təqdim edilməsinin mümkünsüzlüyü barədə aydın mövqe ifadə edilmişdir. Buna baxmayaraq iddiaçının vəkili hər məhkəmə iclasında müxtəlif hallara istinad edərək məhkəmə araşdırmasının əsassız uzanmasına cəhdlər etməkdədir. AR MPM-nin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. İddiaçı tələb etdiyi mövcud sənədlərin onun işə bərpa iddiasına dair mülki işə məhkəmədə baxılan zaman bank tərəfindən iş materiallarına əlavə edildiyi və iddiaçının özünün də iş materialları ilə tanış olmasına dair yazılı sübut olmasına baxmayaraq iddiaçının vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhz həmin sənədlərin yenidən təqdim edilməsini tələb etmiş, daha sonra xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə iddiaçının artıq tanış olduğu həmin sənədlərlə tanış etmək üçün vaxt istəmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında əsl cavabdehin müəyyən edilməsi yükünü məhkəməyə həvalə edərək məhkəmə araşdırmasının çəkişmə prinsipinin pozulması ilə aparılmasına nail olmuşdur. Hazırda məhkəməyə daxil olmuş Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin məktubundan da "xxxx" ASC-nin Həmkarlar ittifaqı Komitəsinin DİİXİ Hl-nin üzv təşkilatı olduğu və hüquqi şəxs statusuna malik olmadığı aydın olur. "xxxx"-nin Həmkarlar ittifaqı Komitəsi hüquqi şəxs statusuna malik olmadığından onun hazırki mülki iş üzrə cavabdeh olması, məhkəmə qərarı ilə üzərinə vəzifə qoyulması mülki prosessual qanunvericiliklə yol verilməyən hal olmaqla hazırki iddia tələbinin rədd edilməsinə birbaşa əsas verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən icraatınızda olan 2(103)-497/2025 nömrəli mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə yeni qətnamə qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edirik. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinə, mübahisə predmeti barədə müstəq tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmkarlar ittifaqı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Bu Qanunda: "Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı"nın Nizamnaməsi Bənd 1.1. İttifaq Azərbaycan Respublikası ərazisində struktur bölmələrə (ilk, ərazi və birləşmiş təşkilatlar) malikdir. Bənd 1.4. İttifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkilatları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2 fevral 2024-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.” “Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. ...mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. ... “təşkilat” ifadəsi xüsusi bir hüquqi termin olmamaqla müəyyən sistem daxilində fəaliyyət göstərən, təşkilatlanmış qurumu ifadə edir. Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Göstərilən norma Mülki Prosessual Məcəllənin 50-ci maddəsinin digər normaları ilə sistemli əlaqədə olaraq, hər hansı hüquqi şəxs olmayan təşkilat barəsində yalnız qanunvericilikdə xüsusi göstəriş olduğu təqdirdə onun mülki prosesdə tərəf qismində çıxış etməsini mümkün hesab edir.” Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2390/2024 saylı qərarında şərh olunan göstərişlər nəzərə alınmaqla, bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2390/2024 saylı qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2390/2024 saylı qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Beynəlxalq Bank ASCnin Birləşmiş Həmkarlar İttifaqı X4 və İctimai Xidmət İşçiləri Həmkarlar İtifaqının (DİİXİ Hİ) üzv təşkilatıdır və onun struktur bölməsi kimi fəaliyyət göstərir. DİİXİ Hİ-nin Ədliyyə Nazirliyində qeydiyyata alınmış Nizamnaməsinin 1.1-ci bəndinə əsasən İttifaq Azərbaycan Respublikası ərazisində struktur bölmələrə (ilk, ərazi və birləşmiş təşkilatlar) malikdir. Həmçinin Nizamnamənin 1.4-cü bəndinə əsasən İttifaqın ilk, ərazi və birləşmiş təşkilatları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbləri üzrə cavabdeh olaraq hüquqi şəxsi deyil, onun struktur bölməsini müəyyən edərək tələblərini hüquqi şəxsin struktur bölməsinə qarşı irəli sürmüş, işə baxan birinci instansiya məhkəməsi isə iddiaya cavab verməli olmayan şəxsin üzrərinə vəzifələr qoyulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 isə cavabdehin əvəz olunmasına razı olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdə isə işə əvvəldən baxılmağa başlanır. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, iddiaçı cavabdehin əvəz edilməsi ilə razı olmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Təşkilatının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2912/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Təşkilatına qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-497/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-497/2025
17.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver