Məhkəmə qərarları › İş №2(103)-4970/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4970/2024

02.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4970/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh ASC yə qarşı "barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)-2565/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı adına açılmış 00115663 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 518/k nömrəli əmr ilə “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin əməliyyat departamentinin 3 nömrəli "Elmlər" filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 53/k nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin vəzifədən azad edilmişdir. İş materiallarından olan Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 53/k nömrəli əmrindən görünür ki, Vəzifə təlimatının 3.1.3, 3.1.20, 3.1.23 və 5.1.1 hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirilməməsi ilə əlaqədar, məhz bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazımi olaraq yerinə yetirilməməsi); habelə Azərbaycan Respubliaskının Əmək Məcəlləsinin 10 cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə əməliyyat departamentinin 3 nömrəli "Elmlər" filialın kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Son iş günü xx.xx.2024-cü il tarixi hesab edilməklə, işçiyə xx.xx.2023-xx.xx.2024-cü iş ili hesabından istifadə edilməmiş 9 (doqquz) təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrə edilən qeydiyyata əsasən İddiaçı əmrlə xx.xx.2024-cü il tarixdə tanış olmasını və razı olmamasını qeyd etməklə imza etməsi müəyyən edilir. “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması”-nın ekspress yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli hesabatdan görünür ki, 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən- məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin (bundan sonra MXM) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması hallarının qeydə alınmaması, elektron növbə sistemindən əldə edilən məlumatların yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq etməsi və kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilməməsi əks etdirilməməsi kimi pozuntular aşkar edilmişdir. Daxili Audit Xidməti (bundan sonra DAX) tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir: Sxem 1- Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi; Sxem 2- Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3- Maklerləri şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. DNS-nin tələblərini pozaraq 2023-cü ildə KƏTŞM tərəfindən kassa əməliyyatlarının düzgün aparılmasının rüblük yoxlamaları keçirilməmişdir. Tənzimləyicinin gələcəkdə tətbiq edə biləcəyi cərimə sanksiyalarının qarşısını almağa imkan verəcək tövsiyənin icrasının effekti 3,7 milyon manata çata bilər. Bankın kassirlərinin dələduzluq hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədri İ.A.Okayevə ünvanlanmış izahatında qeyd etmişdir ki, günün sonunda vurulan əməliyyatlar günün sonunda filiala gələn müştərilər tərəfindən yerinə yetirilmişdir. Müştərilərin günün sonunda kursların dəyişməsi ilə bağlı məlumatı haradan aldıqları ilə bağlı məlumatı yoxdur. Kursun gün ərzində dəyişdirilməsi barədə ona öncədən heç bir məlumat verilməmişdir. Vaxtında vurulmayan alış əməliyyatları müştəri qeydiyyatına görə yubanmışdır. Bu səbəbə görə mübadilə əməliyyatı bir az gec daxil edilmişdir. Bunu etməsində səbəb müştərilərin tələskənliyi və müştəri məmnuniyyətini qorumaq olmuşdur. Burada onun heç bir marağı olmamışdır. Son olaraq qeyd etmişdir ki, bundan sonra müştəri qeydiyyatı olmayan müştərilərə xidmət göstərməyəcək və bu halların bir daha təkrarlanmayacağına söz vermişdir. Cavabdeh ASC-nin İdarə Heyətinin iclasının 01 saylı protokolundan çıxarışdan görünür ki, Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri X17; 3 saylı “Elmlər” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X6; 1 saylı “Əcəmi” filialının Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X8; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X21; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və Əməliyyat idarəsinin rəisi X14; Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin rəisi X2; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri X15; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin meneceri X9; 1 saylı “Əcəmi” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X4; 2 saylı “Gənclik” filialının Kassa əməliyyatları şöbəsinin meneceri X16; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X10; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X11; Əməliyyat idarəsinin Kassa əməliyyatları şöbəsinin baş mütəxəssisi X12 töhmət şəklində intizam tənbehi verilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin əməliyyat idarəsinin müştəri xidmətləri mərkəzinin filialın kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisinin vəzifə təlimatının 3.1.3-cü, 3.1.15-ci, 3.1.20-ci, 3.1.23-cü bəndlərindən görünür ki, kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisinin MXM-nin əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət; iş günü ərzində (səlahiyyətləri daxilində) ABS-də bütün zəruri mühabirləşmələrin başlanması; kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri və səriştəsi daxilində Banka zərər vurulmasına yol verməmək kimi vəzifələri vardır. İşəgötürən Cavabdeh ASC-nin İdarə Heyətinin üzvü/Maliyyə departamentinin direktoru X13 və işçi İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi bu vəzifələri yerinə yetirməlidir: 1. «lşəgötürən»in kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; 2. Kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; 3. Formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; 4. Ona etibar edilmiş nağd pulun və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; 4. Qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; 5. Ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün «işəgötürən»in Nizamnaməsinin tələblərini, daxili reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirir. 6. «işəgötürən» tərəfindən ona təhkim olunmuş əsas vəsaitlərin və azqiymətli və tezköhnələn əşyaların (bundan sonra "maddi sərvət" adlandırılacaq) istifadəsinə, qorunub saxlanmasna və nəzarətinə məsuliyyət daşıyır və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür. Cavabdeh tərəfindən təqdim edilmiş 2023-cü il ərzində ABS-də əks olunmuş əməliyyatlar üzrə Audit rəyində istifadə edilmiş hesablamalara dair cədvəldən görünür ki, İddiaçı əməliyyatlarla bağlı banka ziyan məbləği müəyyən edilmişdir. Hazırda İddiaçı əmrin ləğvi və işə bərpa tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən İddiaçı barəsində qəbul olunmuş 53/k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı Əməliyyat departamentinin 3 nömrəli “Elmlər'’ filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun barəsində qəbul olunmuş 53/k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçının Əməliyyat departamentinin 3 nömrəli “Elmlər'’ filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illər müxtəlif bank sahələrində çalışmış və əmək kitabçasına uyğun olaraq öz ərizəsi ilə işlərdən azad olunmuşdur. Lakin, cavabdeh təşkilatda xx.xx.2022-ci il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə onu işdən azad edilmişdir. Bununla bağlı ilkin olaraq Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh təşkilatın nümayəndələri iştirak etməmişdirlər. Hazırda yeganə yolu cavabdehin hüquqi ünvanı olan Nəsimi rayon məhkəməsinə müraciət etmək və məlum əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etməkdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etməmişdir və iddia tələbi bu səbəblərdən rədd edilməlidir: 1. İddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin (bundan sonra DAX) xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABSə vaxtında daxil edilməsinin yoxlanılması’’ ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata (bundan sonra X23) əsasən 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən-məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin (bundan sonra MXM) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması hallarının qeydə alınmaması, elektron növbə sistemindən əldə edilən məlumatların yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq etməsi və kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatlarının ABS-ə daxil edilməməsi/əks etdirilməməsi kimi pozuntular aşkar edilmişdir. Daxili Audit Xidməti (bundan sonra DAX) tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir: Sxem 1- Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi; Sxem 2-Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi; Sxem 3-Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Kassa işinin təşkili və nağd vəsaitlərlə kassa əməliyyatlarının aparılma (xüsusən, valyuta mübadiləsi əməliyyatları) qaydasını yoxlamaq məqsədilə DAX tərəfindən valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin ekspress yoxlaması aparılmışdır. ABS-də 2023-cü ildə mübadilə əməliyyatlarının reyestrləri təhlil edilmişdir. Yoxlayanlar tərəfindən rublun alış məzənnəsinin yüksəldiyi günlərdə artan məzənnələri müəyyən edildikdən dərhal sonra rubl alışı üzrə əməliyyatların ABS-ə daxil edilməsi tendensiyası müəyyən edilmişdir (məzənnələrin dəyişməsi ilə və artmış məzənnə üzrə ilk əməliyyatın daxil edilməsi arasındakı zaman fərqi maksimum 5-6 dəqiqə təşkil edir). Yoxlama məqsədilə filialların və MXM-in videokamera görüntüləri, elektron növbə sistemindən reyestrlər tələb edilib. Filialların və MXM-in videokamera görüntülərinin, ABS-ə daxil edilmiş əməliyyatların, habelə elektron növbə sistemindən reyestrlərinin qeydlərinin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilib: Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün 23 oktyabr 2023-cü il tarixdə 15:00-16:00 arası (rubl almaq üçün əməliyyatların ABS-ə daxil edilmə müddəti) sözügedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda göstərilən müddətdə bu filialda rubl alışı əməliyyatları üçün ABS-dən qeydlər var. Video çəkilişlərə baxılarkən 23 oktyabr 2023-cü il tarixində saat 15:18-15:20 radələrində aparılan əməliyyatların heç biri müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Yuxarıda da qeyd etdikləri kimi kassirlər tərəfindən aşağıdakı 3 sxemdən istifadə edilmişdir: Sxem 1. Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının ABS-ə daxil edilməsi. Bu sxem tətbiq edilərkən, faktiki olaraq günün birinci yarısında Bank tərəfindən xidmət göstərilmiş müştərilərin apardığı mübadilə əməliyyatlarını onların öz adlarına rəsmiləşdirilməsi yolu ilə (məzənnə artımından əvvəl) günün birinci yarısında böyük məbləğdə rublun satışı üzrə əməliyyatlar həyata keçirmiş real müştərilərin bütün əməliyyatları məzənnənin artmasından sonra ABS-ə daxil edilirdi. Bu sxemin tətbiqi nəticəsində Banka külli miqdarda maliyyə zərərinin dəyməsi riski (məzənnə fərqindən yaranmış vəsaitlərin mənimsənilməsi) yaranır. Bütövlükdə, yoxlanılan dövrdə, xüsusilə yanvar 2023-oktyabr 2023-cü ildə kassirlərin mümkün dələduzluq hərəkətləri nəticəsində Banka dəyən maliyyə zərəri 250 min AZN-ə çata bilər. Hər gün X3 (bundan sonra MD XƏŞ) tərəfindən konvertasiya və mübadilə əməliyyatlarının aparılması üçün məzənnələr müəyyən edilir. MD XƏŞ-dən alınan məlumata əsəsən, gün ərzində bazarın, habelə Bankın nağd valyutaya olan ehtiyacının təhlilindən sonra, əvvəl müəyyən edilmiş valyuta məzənnələrinə (xüsusilə rubl) müştəriləri cəlb etmək məqsədilə- bir qayda olaraq rublun alış məzənnəsinin artırılması istiqamətində yenidən baxılır. DAX tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində Bankın rubl alışı üzrə əməliyyatlarının ətraflı yoxlanılması aparılmışdır. Habelə filiallarda və MXM-də videokamera görüntüləri də istənilmişdir. Bundan başqaİ elektron növbə sistemindən yüklənmiş hesabatlar da təhlil edilmişdir. Aparılan yoxlamalar nəticəsində aşağıdakı faktlar aşkar edilmişdir (təkcə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində kassirlərin mümkün dələduzluq hərəkətləri nəticəsində Banka dəyən maliyyə zərəri 30 min AZN-ə çata bilər). Rublun alış məzənnəsinin artdığı günlərdə Bankın rubl alışı ilə bağlı bütün əməliyyatları məzənnələrin artırılması müəyyən edildikdən sonra ABS-ə daxil edilir. Məsələn, xx.xx.2023-cü il saat 14:45-ə qədər ABS-ə rublun alışı üzrə heç bir əməliyyat daxil edilməmişdir. Filiallar və MXM tərəfindən bütün əməliyyatlar daha sərfəli məzənnələr müəyyən edildikdən sonra, yəni saat 14:45-dən sonra (səhər məzənnəsi ilə 14:45-dən olan məzənnə arasında fərq 10 bənd təşkil edib) əks edilib. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, rublun alışı üzrə 36 əməliyyat (39 əməliyyatdan) kassirlər tərəfindən 1 saat ərzində-14:58-dən 16:04-dək 12 dəqiqəlik intervalla ABS-ə daxil edilib (faktiki olaraq, yeni məzənnə ABS-də 14:52-də qəbul edilib). Həmçinin məzənnələrin dəyişməsi ilə və artmış məzənnə ilə ilk əməliyyatın daxil edilməsi arasındakı vaxt fərqi maksimum 5-6 dəqiqə təşkil edir. Bundan əlavə, DAX tərəfindən 2023-cü il ərzində (yanvar-oktyabr) rubl alışı üçün nağd pul mübadiləsi əməliyyatlarının dinamikası təhlil edilmişdir. Valyuta məzənnələrinin dəyişikliyinin vaxtı, habelə əməliyyatların məbləğinin 5 milyon rubldan yuxarı olduğu günlərdə rublun alışı üzrə əməliyyatların ABS-ə daxil edilmə vaxtı təhlil edilmişdir. Bütün hallarda əməliyyatlar ABS-ə rublun alış məzənnəsi artdıqdan sonra daxil edilmişdir. Bu sxem yuxarıda qeyd olunan bütün əməliyyatlar üçün tətbiq edildikdə, 2023-cü ilin yanvarı- 2023-cü oktyabrını əhatə edən dövr ərzində Banka dəymiş maliyyə zərəri 250 min manata çata bilər. Ətraflı məlumat Əlavə 3-də verilmişdir. Sxem 2. Artan məzənnələr müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi. Bu sxem tətbiq edilərkən, günün birinci yarısında az miqdarda rubl satışı üzrə əməliyyatlar həyata keçirən real müştərilərin bütün əməliyyatları, mübadilə əməliyyatlarını günün birinci yarısında Bank tərəfindən əslində xidmət göstərilməyən mövcud müştərilərə rəsmiləşdirmək yolu ilə məzənnə artırıldıqdan sonra bir məbləğlə ABS-ə daxil edilmişdir. Bu sxemin tətbiqi nəticəsində həm nüfuz riski (müştərinin identifikasiyası məlumatlarından öz məqsədləri üçün istifadə etmək), həm də Banka maliyyə zərəri vurma riski (məzənnə fərqindən yaranan vəsaitlərin mənimsənilməsi) mövcuddur. 2023-cü ilin noyabr ayı üçün əməliyyatların təhlilinin nəticələrinə əsasən (müəyyən edilmiş pozuntular barədə kassirlərə DAX tərəfindən xəbərdarlıq edildikdən sonrakı dövr) məzənnələr artıqdan sonra onları bir məbləğ kimi göstərmək üçün onların Bankın mövcud müştərilərinə rəsmiləşdirmə yolu ilə günün birinci yarısında rublun alınması üçün müştəri əməliyyatlarının başlamaması ehtimalına yol verilir. Əgər 2023-cü ilin oktyabr ayında günün birinci yarısında (valyuta məzənnələri yenilənməzdən əvvəl) rublun alışı üçün əməliyyatlar ABS-yə daxil edilmirdisə, noyabr ayında saat 15:00-a qədər əməliyyatların fəal surətdə ABS-ə daxil edilməsi müşahidə edilir (bu vaxt təxmini götürülüb). Məzənnələr artdıqdan sonra rubl alışı üzrə müştəri əməliyyatlarını bir məbləğ kimi göstərmək üçün günün birinci yarısında onlara başlanmamasına görə Bankın bu əməliyyatlar üzrə maliyyə itkilərinin təxmini məbləği hesablanıb. Hesablama kimi noyabr ayı üçün saat 15:00-a qədər ABS-ə daxil edilmiş əməliyyatlar görürülüb. Noyabrın birinci yarısında daxil edilmiş rublun alışı üzrə əməliyyatların ümumi məbləği 5,4 milyon rubl təşkil edib. Orta hesabla rublun məzənnəsinin 10 bənd artımasını nəzərə alsaq, bu əməliyyatlardan mümkün maliyyə itkiləri 5,3 min manata çatacaq. Bir il ərzində bu məbləğ 60 min manata çata bilər. Sxem

3. Maklerləri/səxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Göstərilən sxem tətbiq edildikdə, əməliyyatların Bankın mövcud müştərilərinə rəsmiləşdirilməsi ilə, maklerlərin/əməkdaşların şəxsi vəsaitlərinin cəlb edilməsi ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması mümkündür. Bu sxem, o cümlədən, həm tənzimləyici, həm də Bankın xəzinədarlığı tərəfindən müəyyən edilmiş gündəlik limitlərin pozulmasından qaçmaq üçün də istifadə edilə bilər. Beləliklə, yüksək ehtimalla, kassa əməkdaşları maklerlərdən yığılan məbləğləri hissələrə bölürdülər (xəzinədarlıq tərəfindən hər müştəri üçün 500 min rubl məbləğində müəyyən edilmiş gündəlik limitdən çox olmamaqla). Bu sxemdən istifadə Bankın bu əməliyyatları faktiki həyata keçirməyən mövcud müştərilərin adına böyük məbləğdə mübadilə əməliyyatlarının rəsmiləşdirilməsi ilə əlaqədar yüksək nüfuz və tənzimləmə riskləri daşıyır (müştərilərin identifikasiyası məlumatlarından istifadə). Bundan əlavə, Elmlər filialından xx.xx.2023-cü il tarixinə olan videokamera görüntülərinin təhlili zamanı nağd valyuta mübadiləsi əməliyyatları üzrə əməliyyatların, Bank tərəfindən ABŞ dollarının alınması (günün 10:00-14:00 arası müddətində baxılıb) ABS-ə daxil edilməməsi/əks olunmaması faktları əlavə olaraq aşkar edilmişdir ki, bu da tənzimləmə riskləri daşıyır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun cərimənin tətbiqinə səbəb olur. xx.xx.2023-cü il ərzində günün birinci yarısında dollar alışı üzrə 12 əməliyyat aparılsa da, ABS-də cəmi 190 ABŞ dolları məbləğində əməliyyat əks olunub. Bu fakt kassirlərin Bank müştərilərindən valyuta (ABŞ dolları) almaqda mümkün şəxsi marağından xəbər verir. Məlumat üçün bildirirlər ki, Elmlər filialı üzrə günün ilk mübadilə əməliyyatı yalnız saat 15:18-də ABS-ə daxil edilib. Ümumilikdə, xx.xx.2023-cü il ərzində günün birinci yarısında bütün filial və MXM üzrə ABS-də ABŞ dollarının alışı üzrə ümumi məbləği 6 352,44 ABŞ dolları olan 3 əməliyyat daxil edilmişdir. xx.xx.2023-cü il ərzində valyuta (xüsusilə, rublun alınması) rublun alış məzənnəsi artdıqdan sonra ABS-ə daxil edilib. Digər günlərdə də oxşar vəziyyət müşahidə olunub: 1) xx.xx.2023-cü il-günün birinci yarısında ABS-ə 70 ABŞ dolları və 10 min rublun alışı üzrə 2 (36 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00-dan sonra); 2) xx.xx.2023-cü il-günün birinci yarısında ABS-ə 504 ABŞ dolları və 10600 avronun alışı üzrə 4 (54 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00dan sonra). Bu faktı 2023-cü il ərzində Bankın dollar alqı-satqı əməliyyatlarının sayı və məbləği ilə bağlı ABS-ə daxil edilən statistik məlumatlarla təsdiqlənir-yoxlama haqqında məlumat açıqlandıqdan sonra noyabr ayından kəskin sıçrayış müşahidə edilir. DAX tərəfindən aparılan monitorinqlər zamanı kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir. Bankın kassirlərinin hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. (5-ci bölmə) Audit rəyindən də göründüyü kimi Bankın “Elmlər” filialında çalışan Kassa əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi İddiaçı qanunvericiliyin tələblərini, vəzifə təlimatını və Bankın daxili qaydalarını qəsdən pozaraq vəzifələrini yerinə yetirməmişdir. Bununla bağlı müvafiq videogörüntülər və digər sənədlər Bankda saxlanılır. Lazım olduğu təqdirdə məhkəməyə təqdim edilə bilər. Belə ki, Kassa əməliyyatlarının təşkili şöbəsinin aparıcı mütəxəssisinin Vəzifə Təlimatının 3.1.3-cü bəndinə əsasən MXM-nin əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət aparıcı mütəxəssisinin vəzifəsidir. Həmin Təlimatın 3.1.11, 3.1.15, 3.1.20 və 3.1.23 bəndlərinə əsasən kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyə məlumat verilməsi, öz səlahiyyətləri və səriştəsi daxilində Banka zərər vurulmasına yol verməmək, Bankda müəyyən edilmiş məzənnələr üzrə valyuta mübadiləsi əməliyyatları, iş günü ərzində (səlahiyyətləri daxilində) ABS-də bütün zəruri müxabirləşmələrin başlanması aparıcı mütəxəssisin vəzifəsidir. Bu Təlimatla İddiaçı tanış olmuş və imzalamışdır. Yol verilmiş nöqsanlar vəzifə öhdəliklərinin və əmək intizamının kobud surətdə pozulmasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)- 2565/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı əmrin ləğvi və işə bərpa tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən İddiaçı barəsində qəbul olunmuş 53/k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı Əməliyyat departamentinin 3 nömrəli “Elmlər'’ filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsində əmrin ləğvi üçün əsas hesab etdiyi dəlilləri barədə hər hansı bir hal göstərməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi əmrin əsassızlığını daha çox onunla əsaslandırmışdır ki, iddiaçı bir ildən bir qədər artıq müddətdə iş üzrə cavabdeh olan bankda fəaliyyət göstərmişdir, iddiaçı kassa əməliyyatlarını həyata keçirən şəxs kimi ona qarşı tətbiq edilən intizam tənbehi işçinin yerinə yetirdiyi işə, təcrübəsinə və yaşına uyğun olmamışdır. Belə ki, iddiaçının nümayəndəsi ona istinad etmişdir ki, bankda aparılan yoxlama əməliyyatları nəticəsində bir çox əməkdaşın əməllərində pozuntular aşkar edilmiş, lakin bəzi əməkdaşlara yüngül intizam tənbehləri tətbiq edildiyi halda bəzilərinə, həmçinin İddiaçı qarşı isə ən ağır intizam tənbehi olan işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, bankda aparılan yoxlama tədbirləri nəticəsində 15 əməkdaş barəsində intizam tədbiri görülmüş, 9 əməkdaşa töhmət, 1 əməkdaşa xəbərdarlıq elan edilmiş, məhz kassa əməliyyatları ilə məşğul olan işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş bu dəlilə münasibətdə cavabdeh tərəf haqlı və əsaslı olaraq göstərmişdir ki, əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmış şəxslər digər şəxslərlə müqayisədə bilavasitə valyuta dəyişmə əməliyyatları da daxil olmaqla, kassa əməliyyatlarını icra edən işçilərdir və məhz həmin işçilərin yol verdikləri pozuntular bankın qanunla qorunan mənafelərinə zərər vuran əməllərdir. Digər şəxslər isə həmin əməliyyatlarda birbaşa iştirak etməyən, daha çox nəzarət funksiyalarının icrasında pozuntuya yol vermiş şəxslərdir ki, onlara da münasibətdə işəgötürən tərəfindən alternativ intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən bu arqumentləri əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz mövqeyini daha çox törətmiş olduğu əmələ görə tətbiq edilmiş intizam tənbehində ona qarşı ayrı-seçkilik edilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı da daxil olmaqla bankın digər əməkdaşlarının əməllərində aşkar edilmiş pozuntulara görə bu və ya digər tənbehin tətbiqi zamanı işəgötürən həmin əməkdaşların əmək funksiyalarının pozuntusundakı iştirakına uyğun olaraq qiymətləndirmə aparmışdır. Əlbəttə, İddiaçı onunla əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə xitam verilməsinin onda yaratdığı təsərrüatı anlamaq mümkündür. Lakin, işin araşdırılmış halları ilə işəgötürən tərəfindən işçiyə qarşı ayrı-seçkilik edilməsi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmrinin qanunsuz və əsassız olması ilə bağlı əsaslar aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, Cavabdeh ASC xx.xx.2023-xx.xx.2023 tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı audit keçirmiş və audit nəticəsində bir çox nöqsanlar aşkar edilmişdir. Audit nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı öz vəzifə öhdəliklərini kobud surətdə pozmuşdur.Həmin nöqsanlara görə iddiaçı daxil olmaqla 5 işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri səbəbindən işdən azad edilmişdir.Məhkəmə cavabdeh tərəfindən iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən onun əmrlə xx.xx.2024-cü il tarixdə tanış olması müəyyən edilir və iddiaçı əmək mübahisəsi ilə bağlı mediasiya təklifini qarşı tərəfə xx.xx.2024-cü il tarixdə göndərməklə iddia müddətini ötürməmişdir. Ümumiyyətlə isə məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi özlüyündə əsassızdır və təmin edilməməlidir. Odur ki, iddia müddətinin tətbiqi üçün bu və ya digər baxımdan əsas yoxdur. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbimi tam təmin edilməsi edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Bu müddət tələbi pozulmuş və yanvar ayının 19-u əmr imzalanmış, yəni 2 ay müddətinə. Məhkəmə araşdırması zamanı audit yoxlaması 15 nəfər arasında aparılmış, cavabdehin məlumatına əsasən müəyyən edilmişdir ki, guya o 43000 manata yaxın banka ziyan vurmuş, Rəfail adlı şəxs isə 49000 manat ziyan vursa da, ona ancaq töhmət verilmişdir. Digər halda isə 2000 manat ziyan vurmuş şəxsi də 70 “ç” bəndi ilə işdən azad etmişdirlər. Məlum məsələdən aydın olur ki, cavabdehin rəhbərliyi tərəfindən ayrı-seçkilik edilmişdir və işçilər barəsində ədalətli qərarlar qəbul olunmamışdır. İş üzrə çox saylı ziddiyyətli məqamlar olsa da, məhkəmə onları araşdırmamış və maraqlı olmamışdır. Sonunda isə onlara hüquqi qiymət verməmişdir. Nəticədə uzun illər bank sahəsində çalışmış və heç bir zaman nöqsanı olmamışdır. Lakin cavabdeh xəbərdarlıq və ya digər alternativ tənbeh növü seçməmiş, barəsində ən ağır tənhbeh növünü qanunsuz olaraq seçmişdir.

Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı vəzifə öhdəliklərinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 53/K nömrəli əmr əsaslı və qanuni olduğundan Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2565/2024 saylı qətnaməsi də maddi və prosessual hüquq normalarına riayət etməklə çıxarılmışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.

Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Allahyarov Toğrul Yusif oğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Əmək Məcəlləsi:

9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73-cü maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçı tələbində eləcə də apellyasiya şikayətində bildirmişdir ki, ona qarşı ayrı-seçkiliyə yol verilərək, barəsində ən ağır tənbeh növü qanunsuz olaraq seçilmişdir. Halbuki, xəzinə pul vəsaitlərinin dövr elədiyi və maddi vəsaitlərin cəmləşdiyi bir yerdir. Məlum məsələdir ki, banka daxil olan və bankdan çıxan maddi və pul vəsaitləri xəzinədə qeydiyyatdan keçməklə dövriyyəyə buraxılır. Bu mənada kassa-uçot əməliyyatlarının düzgün aparılması, yəni xəzinə açıldıqdan bağlanana qədər bütün əməliyyatların zamanında və lazımi formada bankın sisteminə daxil edilməsi böyük önəmə sahibdir. Göründüyü kimi, kassa etibar edilmiş əməkdaşlar vəzifələrinin öhdəsindən lazımi formada gəlməlidirlər. Əks halda isə müştərilərin banka olan inamı sarsılar, bankın normal iş ahəngi pozular. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı oğlu isdə vəzifələrinin öhdəsindən lazımi formada gəlməmişdir. Belə ki, 2023cü il ərzində X1 (ABS-də) əks olunmuş əməliyyatlar üzrə Audit rəyində istifadə edilmiş hesablamalara dair cədvəldən görünür ki, İddiaçı keçirdiyi əməliyyatlarla banka ziyan vurmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, bankda aparılan yoxlama tədbirləri nəticəsində 15 əməkdaş barəsində intizam tədbiri görülmüş, 9 əməkdaşa töhmət, 1 əməkdaşa xəbərdarlıq elan edilmiş, məhz kassa əməliyyatları ilə məşğul olan işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh bankda əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmış şəxslər digər şəxslərlə müqayisədə bilavasitə valyuta dəyişmə əməliyyatları da daxil olmaqla, kassa əməliyyatlarını icra edən işçilərdir və məhz həmin işçilərin yol verdikləri pozuntular bankın qanunla qorunan mənafelərinə zərər vuran əməllərdir. Digər şəxslər isə həmin əməliyyatlarda birbaşa iştirak etməyən, daha çox nəzarət funksiyalarının icrasında pozuntuya yol vermiş şəxslərdir ki, onlara da münasibətdə işəgötürən tərəfindən alternativ intizam tənbehi tətbiq edilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, Cavabdeh ASC xx.xx.2023-xx.xx.2023 tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı audit keçirmiş və audit nəticəsində bir çox nöqsanlar aşkar edilmişdir. Audit nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı öz vəzifə öhdəliklərini kobud surətdə pozmuşdur.Həmin nöqsanlara görə iddiaçı daxil olmaqla 5 işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri səbəbindən işdən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iş materiallarında olan yaddaş kartına baxış keçirilmiş və orada cavabdehin etirazının dəlilləri və audit rəyində əks edilmiş dəlillər öz əksini tapmışdır. Belə ki, cavabdehin və auditin qeyd etdiyi nöqsan baş verdiyi an, yəni pulun kassaya mədaxili zamanı çəkilişdə kassa qarşısında müştərinin olması müşahidə olunmamışdır. İddiaçı tərəf iddiaçı ilə birgə, müdir vəzifəsində işləyən və eyni audit aktı əsasında işdən çıxarılmış Cəfərov Fəridin işə bərpa edilməsi barədə Nəsimi rayon məhkəməsinin qətnaməsinin qəbul edilməsini iddialarının əsaslı olmasının sübutu kimi əlavə olaraq bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, belə bir qətnamənin mövcudluğunu cavabdeh tərəfin də etiraf etməsinə baxmayaraq hər iki tərəfin izahatına əsasən hazırda apellyasiya qaydasında mübahisələndirildiyi üçün bu qətnamənin hazırki işlə hüquqi bağlantısının olub-olmamasına qiymət verilməsinə zərurət olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyindən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh ASC tərəfindən iddiaçı barəsində müvafiq əmr verilən zaman ayrı-seçkiliyə yol verilməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələblərinin pozulmasını qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən əmək intizamının pozulduğu aşkar edildiyi gündən bir ay ərzində iddiaçı barəsində əmr verilmiş, iddiaçı bu halı iddia tələbində mübahisələndirməmiş və məhkəmə də haqlı olan hazırki mübahisəyə qeyd edilən maddi hüquq normasını tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı hesab edir ki, işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərinin hansının verilməsi səlahiyyəti məhz işəgötürənə aiddir və barəsində belə tədbir görülmüş şəxsin bunu mübahisələndirmək hüququ vardır. Digər işçiyə verilən intizam tənbehinin yüngül olması işəgötürənin onunla iddiaçıya ayrıseçkilik etməsi kimi deyil, hərəyə törətdiyi xətanın ağırlığına və işəgötürənin baxımından işin diqqətəlayiq mühüm məqamlarına uyğun tədbiri kimi qiymətləndirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)- 2565/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar