Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4974/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1347/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tannıması və mənzilə köçürülmə” barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, onun ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1347/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, ryon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 24 fevral 2021-ci il tarixli, 30 nömrəli sərəncamına əsasən Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135 a, 97 saylı mənzil Bakı şəhəri, 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 29.04.2003-cü il tarixli, 4Ə/3-390 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 07.06.2003-cü il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 25 aprel 2017-ci il tarixində mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Kollegiya bildirir ki, iddiaçının mübahisəli mənzilə 25 aprel 2017-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata düşməsi onun həmin mənzilə istifadə hüququnun yaranmasını təmin etmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci madəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı işdə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135 a, 97 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 qardaşıdır, beləliklə, yuxarıda qeyd olunan normada təsbit olunmuş ailə üzvləri, eləcə də “digər qohumlar” sırasına daxil deyil. Belə ki, Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Hazırkı işdə cavabdeh olan Cavabdeh1 qardaşı olan idiaçını saxlamaq vəzifəsi yoxdur, belə ki, cavabdeh özü 1-ci qrup əlil olmaqla fəaliyyət qabiliyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1347/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4974/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4974/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver