Məhkəmə qərarları › İş №2(103)-498/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-498/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-498/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü (İş № 1(101)-651/2022) üzrə müəyyən edilmiş 129.130 manat və 146.000 manat borcların, 50.000 manat mənəvi zərərin əvəzinin, 515,13 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2011-ci ildən etibarən əvvəlcə cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən lombardda, sonra isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ticarət cərgəsində yerləşən lombardda işləməyə başlamışdır. İddiaçı bir müddət Qaradağ rayonunda yerləşən lombardda girov biletlərinin tərtibatçısı vəzifəsində işlədikdən sonra cavabdeh onu həmin lombardın direktoru vəzifəsinə təyin etmişdir. Hər iki lombardın cavabdehə məxsus olmasına baxmayaraq, heç vaxt rəsmi olaraq cavabdehin adına olmamış, müxtəlif şəxslərin adına olmuşdur. Cavabdeh bunu sağlamlıq vəziyyətinin rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verməməsi ilə əsaslandırmışdır. 2015-ci ildə cavabdeh hər iki lombardı iddiaçının adına rəsmiləşdirmiş, VÖEN iddiaçının adına alınmış və girov biletlərində iddiaçının adı qeyd edilmişdir. Hər iki lombardın binası icarədə olmuş, həmin icarə müqavilələrini cavabdeh özü bağlamışdır. Lakin iddiaçı yalnız Qaradağ rayonu ərazisində olan lombardı işlətmiş, Yasamal rayonu ərazisindəki lombardı isə cavabdeh özü idarə etmişdir. Cavabdeh, “Rabitəbank” “Azəriqaz Bank”, “Nikoil Bank”, “Əmrah Bank”, “Finex” və Brand” kredit təşkilatları ilə işləmiş, bundan başqa aşağı faizlə işləyən digər lombardlarla müqavilələri özü deyil başqa şəxslər, yəni cavabdehin işçiləri və tanışları bağlamışlar. 2017-ci ildən cavabdehin göstərişi ilə “Finex” və “Brand” kredit təşkilatları ilə iddiaçının adından müqavilələr bağlanmış, yəni kredit götürən və ora qızıl-zinət əşyalarını girov qoyan şəxs iddiaçı olmuşdur. Təxminən 2017-ci ilin sonlarından etibarən iddiaçı gündəlik hesabat aparmaq və pulları, qızılları cavabdehə vermək üçün Yasamal rayonu ərazisindəki lombarda gedəndə borclu olduğu şəxslərin cavabdehi axtardığını görmüşdür. Cavabdeh 2019-cu ilin iyul ayından başlayaraq vətəndaşların qızıllarını qaytarmamışdır. Belə ki, Qaradağ rayonu ərazisindəki lombardda qızılını girov qoyub pul götürmüş vətəndaşların əsas məbləği qaytarmalarına və iddiaçının gündəlik olaraq həmin pulları cavabdehə verməsinə baxmayaraq, cavabdeh bir həftə ərzində qızılları qaytarmalı olduğu halda, hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamış, gah xəstələndiyini, gah əməliyyat keçirtdiyini, gah oğlunun vəfat etdiyini söyləyərək qızılları qaytarmamışdır. 2019-cu ilin oktyabr aylarında, yəni cavabdeh ölkəni tərk etməzdən təxminən 10 gün əvvəl iddiaçı, hesabat üçün və qızıllarla pulları cavabdehə təqdim etmək üçün Yasamal rayonunda yerləşən lombarda getdikdə, cavabdeh iddiaçıya tutulacağını etiraf etmişdir. İddiaçıya cavabdehin ölkədən getdiyi təqdirdə vətəndaşların ondan şikayətçi olacaqları məlum olduqda, iddiaçı cavabdehə lombardları, həmçinin kredit təşkilatları ilə bağladığı müqavilələri onun adından çıxarmasını, əks halda polisə şikayət edəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində isə iddiaçı cavabdehin ölkəni tərk etdiyi eşitmiş, vətəndaşların qızıllarını qaytara bilmədiyi, ofisin icarə haqqını ödəyə bilmədiyi və gələcəkdə orada işi davam etdirdiyi təqdirdə hər şeydə iddiaçının günahkar olduğunu düşünənlər olacağını zənn etdiyi üçün işlədiyi Qaradağ rayonunda yerləşən lombardı bağlayaraq işə getməmişdir. Sonra çoxsaylı şikayətlər başlamış və iddiaçını Qaradağ Rayon Polis İdarəsindən çağıraraq, lombard rəsmi olaraq iddiaçının adına olduğu üçün narazı camaatı iddiaçının sakitləşdirməsini demişlər. Buna görə sonrakı müddətdə iddiaçı bütün əmlakını satıb, tanış və qohumlarından borc pul alaraq, təxminən 70 nəfərə yaxın şəxsin pullarını banklardan, kredit təşkilatlarından və digər lombardlardan şəxsi vəsaiti ilə çıxarıb vətəndaşlara qaytarmışdır. Bundan başqa, Yasamal rayonu ərazisindəki lombardda da qızıl girov qoymuş təxminən 50 nəfər şəxsin qızılını iddiaçı öz pulu ilə girovdan çıxarıb həmin şəxslərə qaytarmışdır. Nəticədə, cavabdehin dələduzluq əməlləri ilə bağlı iddiaçıya 130.000 manatdan çox maddi ziyan və cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçı sarsıntı və iztirab keçirərək sağalmaz xəstəliyə, xərçəng xəstəliyinə tutulduğuna görə ona 50.000 manat mənəvi ziyan dəymişdir. Cavabdeh iddiaçının pul tələblərini təmin etmədiyi üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı, Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, cavabdeh barəsində cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı özünün kirayədə qaldığını bildirsə də, iddia ərizəsində guya özünə məxsus əmlakları satıb cavabdehin borcunu ödədiyini bildirmişdir. Halbuki iddiaçı cavabdehin işçisi olduğu müddətdə iddiaçının əvəzinə kirayə haqqı olaraq hər ay 250 manatı cavabdeh ödəmişdir. Bundan əlavə iddiaçı cavabdehin əvəzinə zərəri ödəmiş olsaydı o da cinayət işində zərərçəkmiş şəxs qismində tanınardı. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı zərərçəkmiş şəxslərə məhz ona məxsus əmlakın satılmasından əldə edilmiş vəsait hesabına zərərlərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş “Finex” və “Brand” kredit təşkilatlarına borcun ödənilməsi barədə qəbzlər xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir. Həmin müddətdə isə yuxarıda qeyd olunduğu kimi cavabdeh azadlıqda olmuşdur. İddiaçının özünün də cinayət işində şahid qismində verdiyi ifadəsində və iddia ərizəsində göstərdiyi kimi, həmin kredit təşkilatları ilə maliyyə əməliyyatlarını cavabdeh özü həyata keçirmiş, sadəcə müqavilələr formal olaraq iddiaçının və ya lombardın digər işçilərinin adına olmuşdur. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin əvəzinə zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin iddiaçıya məxsus vəsait hesabına ödənilməsi təsdiq olunmadığından Rayon Məhkəməsi hesab etmişdir ki, iddia təmin oluna bilməz və rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi iddiaçının konstitusion, maddi və prosessual hüquqlarına ziddir. Belə ki, iddiaçı, bu hadisələr ucbatından neçə illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-651/2022 saylı iş üzrə cavabdehin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmdə iddiaçının cavabdeh tərəfindən maddi və mənəvi ziyana salınması, 129.130 manat pulun məhz iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir İddiaçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Brand Kredit” Bank Olmayan Kredit Təşkilatına öz adından 84.797 manat pul ödəyib hər iki lombardın müştərilərinin qızıl-zinət əşyalarınıgirovdan azad edib özlərinə qaytarmışdır. Həmin məbləğ faizlə birgə olan məbləğdir, lakin hansı hissəsinin əsas borc, hansı hissəsinin faiz borcu olduğunu iddiaçı bilmir. Eyni zamanda, həmin qızıl-zinət əşyalarının məhz kimə məxsus olduğunu uzun müddət keçdiyinə görə iddiaçı bilmir, lakin kimin qızılları olmuşdursa hər kəsin özünə qaytarmışdır. Bundan başqa iddiaçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Bank Olmayan Kredit Təşkilatına öz adından 90.920 manat pul ödəyib hər iki lombardın müştərilərinin qızıl-zinət əşyalarınıgirovdan azad edib özlərinə qaytarmışdır. Bəzi ödəniş qəbzlərində başqa şəxslərin adları qeyd olunmuşdur. Bunun səbəbi cavabdehin sözü ilə həmin şəxslərlə, yəni cavabdehin işçiləri ilə "xxxx" BOKT arasında müqavilələrin bağlanması olmuşdur. Həmin məbləğ faizlə birgə olan məbləğdir, lakin hansı hissəsinin əsas borc, hansı hissəsinin faiz borcu olduğunu iddiaçı bilmir. Eyni zamanda, həmin qızılzinət əşyalarının məhz kimə məxsus olduğunu uzun müddət keçdiyinə görə iddiaçı bilmir, lakin kimin qızılları olmuşdursa hər kəsin özünə qaytarmışdır. Bunun dəqiq qeydiyyatını aparmamışdır. Məqsədi şikayətçiləri tez bir zamanda razı salmaq olmuşdur. Bundan başqa, iddiaçının Bakı şəhəri “Mərkəzi Univermağın” yaxınlığındakı “Lombard № 1”-ə ödəniş etməsi ilə bağlı təqdim etdiyi çıxarışda ilk göstərilmiş 6 rəqəmli kod cavabdehin lombardlarının kodudur. Sonra “Lombard № 1” tərəfindən verilmiş pul məbləği və verilmə tarixi göstərilmiş, sonda olan 6 rəqəmli kod isə “Lombard № 1”-in kodudur. İddiaçının istintaqa təqdim etdiyi çıxarışdan da görünür ki, oraya ümumilikdə 25.000 manat pul ödəmiş, hər iki lombardın müştərilərinin ümumilikdə 20.630 manat pula girov qoyduqları qızıl-zinət əşyalarını çıxarıb özlərinə qaytarmışdır. Çıxarışda qeyd edilmiş 135261 nömrəli kod Valentina Frolovanın qızıl-zinət əşyalarının qəbul kodudur. Cavabdeh onları xx.xx.2018-ci il tarixdə “Lombard № 1”-ə girov qoyub oradan 7.500 manat pul götürmüşdür. Çıxarışda qeyd edilmiş 163608 nömrəli kod Nazıxanım Şeydayevanın qızıl-zinət əşyalarının qəbul kodudur. Cavabdeh onları xx.xx.2018-ci il tarixdə “Lombard № 1”-ə girov qoyub oradan 4.800 manat pul götürmüşdür. Bundan başqa, iddiaçının “Lombard № 1”-ə ödəniş aparması ilə bağlı istintaqa təqdim etdiyi çıxarışda ilk 6 rəqəmli kod “Lombard № 1”-in kodu, ikinci 6 rəqəmli kod onların lombardlarına aid koddur. Sonra ana məbləğ, yekunda isə faiz məbləği göstərilmişdir. Həmin lombarda iddiaçı özündən cəmi 25.426 manat pul ödəyib hər iki lombardın müştərilərinin 22.139 manat girov qoyduqları qızıl-zinət əşyalarını çıxarıb özlərinə qaytarmış, əlavə olaraq 3.286 manat faiz ödəmişdir. Çıxarışda qeyd edilmiş 145871 nömrəli kod Nazlı Şəbiyevanın qızıl-zinət əşyalarının qəbul kodudur. Cavabdeh həmin qızılı 300 manata qəbul edib, sonra 450 manata “Lombard № 1”-ə girov qoymuşdur. Çıxarışda qeyd edilmiş 163466 nömrəli kod Qalib Məmmədovun qızıl-zinət əşyalarının qəbul kodudur. Cavabdeh onları 5.000 manata qəbul edib, sonra 7.150 manata “Lombard № 1”-ə girov qoymuşdur. Lakin Rayon Məhkəməsinin qətnaməsi tam və hərtərəfli araşdırma aparılmadan çıxarıldığından maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Rayon Məhkəməsinin tətbiq etdiyi hüququn birbaşa iddiaçının xeyrinə olan hüquq olmasına baxmayaraq, sonda iddia rədd edilmişdir. f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxslərin pullarını, VÖEN onun adına olduğundan həbs ediləcəyindən qorxduğu üçün ödəmişdir. Valideynləri rəhmətə getmişdir. İddiaçı, borcların bir hissəsini anasının mənzilini 50.000 manata satıb ödəmiş, qalan hissəsini isə öz evini banka girov qoyub götürdüyü 80.000 manat, habelə aldığı borc hesabına ödəmişdir.

10. Məhkəmə, cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsini, bu səbəbdən apellyasiya baxışında özündən asılı olmayan səbəbdən iştirak edə bilmədiyini nəzərə alaraq, cavabdehin öz arzusu olacağı təqdirdə məhkəmə baxışında iştirak etmək hüququnun təmin edilməsi məqsədi ilə qəbul etmiş olduğu xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin Bakı İstintaq Təcridxanasına keçirilməsini və apellyasiya baxışı iclasına gətirilməsini qərara almışdır.

11. Cavabdeh, apellyasiya baxışının xx.xx.2024-cü il tarixli iclasında iştirak etmək hüququndan istifadə etmiş, məhkəmə iclasında şikayətin dəlillərinə etiraz etmiş və iddiaya etirazının məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. Cavabdeh, öz izahatında əlavə olaraq bildirmişdir ki, lombardın sahibi o olmuş, iddiaçı lombardda işçi olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə ölkəni tərk etdikdən sonra zərərçəkmiş şəxslər gəlib iddiaçıya pullarını ödəmiş və iddiaçı həmin pulları götürüb qızılları girovdan çıxarmışdır. İstintaqda adı keçən həmin zərərçəkmiş şəxslər məhkəmə tərəfindən çağırılıb şahid qismində dindirilə bilər.

12. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu barədə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verildiyini təsdiq edən qəbzə imza etməklə xüsusi qeydini aparmış, işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir.

13. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamışlar, iddiaçı bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmiş, cavabdeh isə növbəti iclaslarda iştirak etmək istəmədiyini bildirmişdir. Qeyd edilənlər işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-651/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

16. Eyni zamanda hökmdən görünür ki, hazırki iş üzrə iddiaçı həmin cinayət işinin icraatının başlanmasına əsas olmuş və cavabdeh tərəfindən törədilmiş cinayət üzrə heç bir aidiyyəti olmayan şəxs olaraq yalnız şahid qismində dindirilmiş, o, həmin iş üzrə zərəçəkmiş şəxs kimi tanınmamışdır (hökmün 108-111-ci səhifələri).

17. İddiaçının həmin cinayət işi üzrə şahid qismində verdiyi ifadəsindən görünür ki, o, 2011-ci ildə işsiz olduğu üçün və kirayə pullarını, gündəlik tələbatlarını ödəmək üçün pul lazım olduğundan cavabdehə məxsus lombarda aylıq əmək haqqısı 300 manat olmaqla işə düzəlmiş, 2015-ci ildə isə cavabdehə məxsus Qaradağ rayonu ünvanında yerləşən lombardın müdiri vəzifəsində işləmiş və əmək haqqısı 400 manat olmuşdur.

18. Bundan əlavə, zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, onlara dəymiş zərər hazırki iş üzrə iddiaçı tərəfindən 2019-cu ilin noyabr-dekabr aylarında ödənilmişdir. Həmin vaxt isə cavabdeh azadlıqda olmuşdur. Hökmdən (səhifə 119) göründüyü kimi, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə həbs olunmuşdur.

19. İddiaçının özünün cinayət işində verdiyi ifadəsindən onun əmlak vəziyyətinin çox aşağı olması, özünə məxsus daşınmaz əmlakının olmaması, kirayədə yaşaması müəyyən olmuşdur. İddiaçı, zərərçəkmiş şəxslərə məhz ona və ya qohumuna məxsus əmlakın satılmasından əldə edilmiş vəsait hesabına, yaxud bankdan götürmüş olduğu və ya borc aldığı vəsait hesabına zərərlərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

20. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" BOKT və “Brand Kredit” BOKT-a borcun ödənilməsi barədə qəbzlər xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir. Həmin müddətdə isə yuxarıda qeyd olunduğu kimi cavabdeh azadlıqda olmuşdur. İddiaçının özünün də cinayət işində şahid qismində verdiyi ifadəsində və iddia ərizəsində göstərdiyi kimi, həmin kredit təşkilatları ilə maliyyə əməliyyatlarını cavabdeh özü həyata keçirmiş, sadəcə müqavilələr formal olaraq iddiaçının və ya lombardın digər işçilərinin adına olmuşdur.

21. İddiaçı bildirir ki, 2017-ci ildən Cavabdeh göstərişi ilə iddiaçının məlumatı olmadan "xxxx" və “Brand Kredit” Bank Olmayan Kredit Təşkilatları ilə iddiaçının adından müqavilələr bağlanmış, qızıl-zinət əşyaları girov qoyulub kreditlər götürülmüşdür. Lakin cavabdeh həmin kreditləri qaytarmadığı üçün kredit borclarını iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Çünki müqavilələr rəsmi olaraq iddiaçının adından bağlanmışdır.

22. İş materiallarından müəyyən edilir ki, iddiaçı, "xxxx" BOKT-da olan **********105106 №-li hesaba, habelə başqa şəxslər kimi qeyd etdiyi X1 adına olan **********105070 №-li və X5 adına olan **********105205 №-li hesablara etmək məcburiyyətində qaldığı ödənişlərin əvəzini cavabdehdən tələb edir.

23. İddiaçı tərəfindən təqdim edilmiş “Qəbzlərdən” görünür ki, "xxxx" BOKT-da olan iddiaçının adına olan **********105106 №-li hesaba xx.xx.2019-cu il tarixdə 2.500 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 17.125 manat, xx.xx.2020-ci il tarixdə 9.500 manat, xx.xx.2020-ci il tarixdə 13.015 manat, xx.xx.2020-ci il tarixdə 6.310 manat; X1 adına olan **********105070 №-li hesaba xx.xx.2019-cu il tarixdə 2.500 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2020-ci il tarixdə 1.900 manat; X5 adına olan **********105205 №-li hesaba xx.xx.2020-ci il tarixdə 5.100 manat ödənişlər edilmişdir.

24. Həmçinin iddiaçının təqdim etdiyi “Kassa mədaxil orderlərindən” görünür ki, “Brand Kredit” BOKT-da olan ******************** №-li hesaba xx.xx.2019-cu il tarixdə ayrıayrılıqda 9.164 manat və 5.000 manat, xx.xx.2019-cu il tarixdə 65.212 manat ödənişlər edilmişdir.

25. Qeyd edilən hesabların növünün, kimin adına olmasının və yuxarıda göstərilən ödənişlərin təyinatının müəyyən edilməsi məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə bu barədə məlumatların və hesabların açılması üçün əsas olmuş müqavilələrin həmin kredit təşkilatlarından götürülməsi qərara alınmışdır.

26. Apellyasiya baxışı zamanı Məhkəmənin iş üzrə qəbul etdiyi qərardadının icrası ilə əlaqədar “Brand Kredit” BOKT tərəfindən Məhkəməyə təqdim edilmiş BC-BOKT 10/2024 №-li, xx.xx.2024-cü il tarixli məktubunda məlumat verilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən etibarən “Brand Kredit” BOKT-un müştərisidir. xx.xx.2019-cu il tarixli, 17/SM-19 №-li kredit müqaviləsinə əsasən ona 250.000 manat məbləğində kredit xətti ayrılmışdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, xx.xx.2017-ci il tarixdən etibarən BOKT ayrılmış kreditləri müştəri tərəfindən təqdim olunmuş bank hesabına və ya bank kartına köçürür. Mərkəzi Bankın təlimatına əsasən, kreditlərin uçotunun aparılması üçün kredit verilən zaman müştəriyə ******************** qısa müddətli ssuda hesabı, ******************** hesablanmış faiz hesabı, **********0********** qısa müddətli vaxtı keçmiş ssuda hesabı, **********0********** hesablanmış vaxtı keçmiş faiz hesabı və ödənişlərin qəbulu üçün 410100000********** saylı cari hesab açılır. Ödənişlər 410100000********** saylı cari hesaba mədaxil olunaraq təyinatı üzrə silinir. xx.xx.2019-cu il tarixli 5.000 manat, xx.xx.2019-cu il tarixli 9.164 manat, xx.xx.2019-cu il tarixli 65.212 manat ödənişlər xx.xx.2019-cu il tarixli, 17/SM-19 saylı kredit müqaviləsi üzrə silinmişdir. xx.xx.2019-cu il tarixli, 17/SM-19 saylı kredit xx.xx.2020-ci il tarixdə tam ödənilərək bağlanmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı kredit almaq üçün yenidən BOKT-a müraciət etmişdir. Məhkəmədə mübahisələndirilən kreditlər xx.xx.2021-ci il tarixli, 115/SM-21 saylı 200.000 manat kredit xətti üzrə və xx.xx.2022-ci il tarixli, 244/SM- 22 saylı 400.000 manat kredit xətti üzrə qalıq borc üzrədir.

27. “Brand Kredit” BOKT ilə iddiaçı arasında bağlanmış 244/SM-22 saylı, xx.xx.2019-cu il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, BOKT tərəfindən iddiaçının adına şəxsi məqsəd ilə 400.000 manat kredit xətti açılmışdır.

28. Həmin BOKT ilə iddiaçı arasında bağlanmış 115/SM-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, BOKT tərəfindən iddiaçının adına şəxsi məqsəd ilə 200.000 manat kredit xətti açılmışdır.

29. Həmin BOKT ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Girov müqaviləsindən” görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 115/SM-21 saylı kredit xətti müqaviləsi üzrə götürülmüş öhdəliklərin icrasının təminatı olaraq ümumi dəyəri 167.750 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları iddiaçı tərəfindən girov qoyulmuşdur.

30. Apellyasiya baxışı zamanı Məhkəmənin iş üzrə qəbul etdiyi qərardadının icrası ilə əlaqədar "xxxx" BOKT tərəfindən Məhkəməyə təqdim edilmiş ******* №-li, xx.xx.2024cü il tarixli məktubundan görünür ki, iddiaçının adına olan **********105106 №-li, X1 adına olan **********105070 №-li və X5 adına olan **********105205 №-li hesablaşma hesablarının növü ssuda hesablarıdır. Həmin hesablara edilmiş ödənişlərin təyinatı kredit ödənişləridir. İddiaçı ilə BOKT arasında bağlanmış 0129/18 saylı, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinin surəti, 0129/18/G saylı, xx.xx.2018-ci il tarixli girov müqaviləsinin surəti, AR-İ 601222 saylı, xx.xx.2018-ci il tarixli etibarnamənin surəti, X3 ilə BOKT arasında bağlanmış 0127/18 saylı, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinin surəti, 0127/18/G saylı, xx.xx.2018-ci il tarixli girov müqaviləsinin surəti, xx.xx.2019-cu il tarixdə 2.500 manat, xx.xx.2019-cu il tarixdə 2.500 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 5.100 manat, xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 1.900 manat, xx.xx.2020-ci il tarixdə 9.500 manat olan ödəniş qəbzlərinin surəti Məhkəməyə göndərilmiş. xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 17.125 manat, xx.xx.2020-ci il tarixdə 6.310 manat, xx.xx.2020-ci il tarixdə 13.015 manat olan ödəniş qəbzlərinin arxivdən əldə edilməsi əlavə vaxt tələb etdiyindən qısa müddətdə təqdim edilməsi mümkün olmadığının nəzərə alınması xahiş edilmişdir.

31. "xxxx" BOKT-un ******* №-li, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş adıçəkilən sənədlərdən müəyyən edilir ki, BOKT ilə X3 arasında bağlanmış 0127/18 saylı, xx.xx.2018-ci il tarixli “Kredit xətti müqaviləsinə” əsasən, X2 200.000 AZN kredit xətti açılmışdır. Həmin müqavilə üzrə borcalanın üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq BOKT ilə X3 arasında 0127/18/G saylı, xx.xx.2018-ci il tarixli “Girov müqaviləsi” bağlanmış və borcalana məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur.

32. Bundan başqa, Bakı Şəhəri 29 saylı Notariat Kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-6017 nömrəsi ilə qeyd edilmiş AR-İ seriyalı, 601222 nömrəli etibarnamədən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən X8 aşağıdakı səlahiyyətlər verilmişdir: "xxxx" BOKT ASC-də, "xxxx" ASC-nin 5 saylı filialında və "xxxx" ASC-nin “Əcəmi” filialında onu təmsil etməyi, onun adından olan hesablar üzrə sərəncam verməyi, o cümlədən bütün bank əməliyyatlarını aparmağı (mədaxil, məxaric, köçürmə), bank kartlarını sifariş etməyi, təhvil almağı, zərurət yaranarsa yeni hesab açmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, o cümlədən onun adına olan qızıl-zinət əşyaları üzərində sərəncam verməyi, o cümlədən bütün qızıl-zinət əşyaları üzrə əməliyyatlar aparmağı, onların götürülməsi, həmin müqaviləyə xitam verilməsi, müqavilənin müddətini bərpa etməsi və yeni müddətə uzadılması, lazımi sənədləri (arayışları) almağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, bu etibarnamədə qeyd edilmiş səlahiyyətlərin icrası ilə bağlı istənilən müqavilələri imzalamağı, "xxxx" BOKT ASC-də saxlanılan ona məxsus əmanəti, qızıl-zinət əşyalarını almağı, girovda olan qızıl-zinət əşyaları girovdan azad etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.

33. "xxxx" BOKT ilə iddiaçının adından nümayəndəsi X12 arasında bağlanmış 0129/18 saylı, xx.xx.2018-ci il tarixli “Kredit xətti müqaviləsinə” əsasən, iddiaçıya 220.000 manat kredit xətti açılmışdır. Həmin müqavilə üzrə borcalanın üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq BOKT ilə iddiaçının adından nümayəndəsi Mübariz Məmmədov arasında 0129/18/G saylı, xx.xx.2018-ci il tarixli “Girov müqaviləsi” bağlanmış və borcalana məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur.

34. Bundan əlavə, "xxxx" BOKT ilə X11 arasında bağlanmış 0135/18 saylı, xx.xx.2018-ci il tarixli “Kredit xətti müqaviləsinə” əsasən, Vahid Həsənovun adına 200.000 manat kredit xətti açılmışdır. Həmin müqavilə üzrə borcalanın üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq BOKT ilə Vahid Həsənov arasında 0135/18/G saylı, xx.xx.2018-ci il tarixli “Girov müqaviləsi” bağlanmış və borcalana məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur.

35. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

36. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, vurulmuş zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edən iddiaçı ilk növbədə sübut etməlidir ki, həmin zərər ona cavabdeh tərəfindən yetirilmişdir.

38. Lakin Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla iddia ərizəsində qeyd edilən dəlillər öz təsdiqini tapmamış, iddiaçının istinad etdiyi ödənişlərin onun və digər şəxslərin özlərinə aid kredit müqavilələri üzrə yaranmış borcların ödənişləri olduğu müəyyən edilmiş, cavabdehin əvəzinə zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin iddiaçıya məxsus vəsait hesabına ödənilməsi təsdiq olunmamışdır.

39. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərər tələbi və bunun nəticəsi olaraq mənəvi zərər tələbini təmin etməmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

40. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermiş şəxsin özünə aid edilməlidir.

43. Məhkəmə həmçinin bildirir ki, cavabdeh tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının nəticəsi olaraq dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

44. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

45. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar