Məhkəmə qərarları › İş №2(103)-4980/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4980/2025

01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4980/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli 2(001)-5157/2021 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəli ekspertiza rəyi ilə əlaqəli şəkildə, rəydə istinad olunan koordinatlar, habelə otrofoto çəkilişlərdən istifadə etməklə Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m torpaq sahəsinin koordinatlarına dair izah verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra vəziyyətini Binəqədi Rayon icra şöbəsindən sorğulanmasını və geri qaytarma halında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarının ləğv edilərək icra sənədinin yenidən icra edilməsi məqsədilə Binəqədi rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli 2(001)-5157/2021 saylı qərardadına əsasən ərizə təmin edilməmiş, “icra məmurunun hərəkətlərindən şikayət ərizəsi” ilə icra icraatı qaydasında işə baxmış məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmiş və göstərmişdir ki, məhkəmə hazırkı iş üzrə əslində məhkəmə qətnaməsində qiymət verməli olduğu məsələlərə qiymət verməmiş, yəni cavabdehdən alınmalı olan əmlakın yerləşdiyi yeri göstərməmiş, habelə müvafiq ekspertiza rəyinə lazımi qiymət verməmişdir. Hazırkı vəziyyətdə qətnamə, məhkəmə iclasında tədqiq edilmiş sübuta dair izah verilməməsi səbəbindən icra edilə bilmir və icra qurumlarının subyektiv yanaşmalarının təsir dairəsinə düşür. Bununla yanaşı, məhkəmənin icra məmurunun hərəkət və ya hərəkətsizliyi hissəsində bildirdiyi fikirlə də razılaşmır və bunu əvvəlki şikayətlərində də əsaslandırmışdır. Belə ki, düşünür ki, qanunvericilikdə bu iki tələbə eyni icraatda baxılmasına dair hər hansı məhdudiyyət yoxdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli 2(001)-5157/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə iddiaçının qeyd etdiyi məzmunda izah verilməsi həmin qətnamənin məzmunun dəyişdirilməsinə səbəb ola bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3186/2025 saylı, 15 may 2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 02 aprel 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı ləğv edilərək iş materialları ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardaddan göründüyü kimi, məhkəmə iddiaçının qətnaməyə izah verilməsi ilə bağlı xahişinə “İcra haqqında” Qanunun tələbləri çərçivəsində hüquqi qiymət verərək, həmin Qanunun 14.1-ci maddəsinə istinadən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra şöbəsi tərəfindən məhkəməyə belə bir müraciətin daxil olmadığını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hazırda çətinliklər yaranmadığnı qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ərizənin ikinci hissəsinə, yəni “icra məmurunun hərəkətlərindən şikayətlə bağlı” hissəsinə münasibətdə məhkəmə haqlı olaraq ərizədə qeyd edilən məsələlərə birlikdə baxılmasının yolverilməz olduğu, həmin şikayətlə icra icraatı qaydasında işə baxmış məhkəməyə müraciət etmək hüququnun olmasının ərizə vermiş şəxsə izah olunması barədə nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli 2(001)-5157/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar