Məhkəmə qərarları › İş №2(103)-4983/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4983/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4983/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(008)-6301/2019 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun 1980-1988-ci illərdə Ermənistan Respublikası, Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, xx.xx.1965-ci ildə Ermənistan, Meqri rayonu, Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən olaraq 1980-ci ildən həmin Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda işə başlamışdır. Daha sonra məlum hadisələrlə bağlı 1988-ci ilin noyabrın 24-ü daimi yaşayış yerini məcburi tərk edərək ailəsi ilə birlikdə Bakı şəhərində daimi məskunlaşmışlar. 1989-cu ildən 1991-ci ilədək Xızı rayonu Dizəvər kolxozunda zootexnik vəzifəsində işləmişdir. Daha sonra 1991-ci ilin oktyabrın 1-dən 1994-cü ilin oktyabrın 1-ə kimi Xızı rayonunun Xalq deputatları X6 Türkoba kolxozunda zootexnik vəzifəsində işləmişdir. 01.09.1995-ci ildən 26.12.2005-ci il tarixədək “industrial” LTD müəssisəsində gözətçi vəzifəsində işləmişdir. Ermənistan, Meqri rayonu, Aldərə kəndində işləməyi faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti meydana çıxır. Pensiya olan fərqliliyi aradan qaldırmaq üçün Azərbaycan Respublikası DSMF-nun Nəsimi rayon şöbəsinə müraciət etmiş, lakin əmək stajı barədə sənəd olmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. Ermənistan ilə Azərbyacan Respublikası arasında əlaqələr olmadığından və kolxozun arxiv sənədlərini əldə etmək və həmin sənədləri bərpa etmək mümkün olmadığından bu faktı müəyyən etmək mümkün olmur. Bu faktların müəyyən olması onun üçün əhəmiyyətlidir. Odur ki, bu barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə məhkəmədən onun 1980-1988-ci illərdə Ermənistan Respublikası, Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(008)-6301/2019 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 1980-1988-ci illərdə Ermənistan Respublikası, Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda kolxozçu işləməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminat sistemi 2006-cı ilin yanvar ayından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63,6 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dən yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kirşilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq, 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyyə etmiş qadınların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə bir il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini hal-hazırda müəyyən edən normativ akt-“Əmək pensiyaları haqqında” Qanundur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən heç bir əsas olmadan iddiaçının iddia ərizəsi təmin edilmiş və bununla da maddi hüquq normaları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-2854/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(008)-6301/2019 saylı qətnaməsi dəyişdirilərək, Ərizəçi 02 avqust 1983-cü və 31 dekabr 1988-ci illərdə Ermənistan Respublikası, Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-123/2021 saylı qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-2854/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə Ərizəçi bir neçə dəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(008)- 6301/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar-hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stağının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sosial sığorta stağı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Kollegiya ərizəçinin subutlarına münasibətdə onun tələbini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin Ərizəçi ünvanladığı 06 mart 2019-cu il tarixli bildirişindən görünür ki, Ərizəçi 1980-1988-ci illərdə Ermənistan Respublikası, Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozda işlədiyi dövrü yoxlamaq mümkün olmadığından sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş materiallarında olan X3 Əmək Kitbaçasının surətindən görünür ki, o, 1983-1989-cu illərdə Meqri rayonunun Aldərə kəndində 18-ci Partiya Qurultayı adına Aldərə kolxozunda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, ərizəçi ilə həmkəndli olmuşdur. Onlar Ermənistanın Meqri rayonunda yaxın qonşu olmuşlar. Onlar həmin rayonun Aldərə kəndində kolxozda kolxozçu işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, ərizəçi ilə həmkəndli olmuşdur. O Ermənistanın Meqri rayonunda Aldərə kənd kolxozunda traktorist işləmişdir. Ərizəçi də Aldərə kəndində kolxozda kolxozçu işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, ərizəçi ilə həmkəndli olmuşdur. Ərizəçi də Aldərə kəndində kolxozda kolxozçu işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur. Birinci instansiya məhkəməsi faktın təsdiqi üçün şahid qismində X13 və X1 ifadələrini alarkən, onların özlərinin həqiqətən Ermənistan, Meqri rayonu, Aldərə kəndində işləməsini təsdiq edən əmək kitabçalarının olmamasını nəzərə almamış, onların ifadəsini sübut kimi qəbul etmişdir. Digər şahid X3 əmək kitabçasının surətindən onun 02.08.1983-cü il tarixdən 31 dekabr 1988ci il tarixədək Ermənistan SSR Meqri rayonu, Aldərə kənd kolxozunda işlədiyi müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)- 123/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid X3 əmək kitabçasına əsasən ərizəçinin 02.08.1983-cü ildən 31.12.1988-ci ilədək Ermənistan, Meqri rayonu Aldərə kəndində işləməsini əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ərizəçi 1965-ci il təvəllüdlü olmaqla, 1983-cü ilin avqust ayında onun 18 yaşı tamam olmuş və hərbi mükəlləfiyyətli olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin hərbi xidmətə çağırılıb-çağırılmamasını, həqiqi hərbi xidmət keçib-keçməməsini və xidmətdə olduğu dövrdə qeyd olunan kolxozda işləməyinin mümkünlüyünü araşdırmadan yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, yuxarı instansiya məhkəməsinin göstərişini araşdırmaq üçün ərizəçi dəfələrlə məhkəməyə dəvət olunmasına baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş X13 və X1 əmək kitabçaları olmamış, digər şahid X3 isə əmək kitabçası olmuşdur. Kollegiya şahidlər X13 və X1 ifadələrinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya əmək kitabçası olan şahid X3 ifadəsinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadə mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, şahid ərizəçinin işləməsini qeyd etsə də, dəqiq olaraq hansı müddətdə işləməsini qeyd etməmiş, ərizəçi isə 1983-cü ildə hərbi xidmətdə olub-olmamasına dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmənin çağırışlarından yayınmışdır. Buna görə də, kollegiya ziddiyyətli olan bir şahid ifadəsini faktın təsdiqinin sübutu kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan tələbin əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya hesab edir ki, ərizəçinin tələbini təsdiq edən mötəbər sübutları mövcud olmadığından, onun ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(008)- 6301/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar