Məhkəmə qərarları › İş №2(103)-4984/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4984/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4984/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X9, Cavabdeh və onun nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 795/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı uşaqları---xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu Səməndər Kazımovla 2006-cı ildə nikaha daxil olmuş, 2019-cu ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 2010-cu ildə cavabdehi öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına saldırmış, öz vəsaiti hesabına tikdirdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini isə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh hal-hazırda da 238 saylı evdə yaşamaqda davam edir. Buna baxmayaraq, cavabdeh onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmaqdadır. Bu qeydiyyat formal xarakter daşıyır. Belə ki, iddiaçı cavabdehə öz mülkiyyətində olan mənzildən istifadə etməyə notarial qaydada təsdiq olunmuş razılıq verməmiş, həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də o, cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 795/2020 saylı qətnaməsi ilə iddia təmin edilməyərək bu qətnamənin Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi 28-ci korpus 1 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh 2006-cı ildə iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçdüyünə görə tərəflər arasında mənzildən istifadəyə dair münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Bu baxımdan, cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, mənzilin mülkiyyətçisi olan İddiaçı Cavabdeh öz mənzlindən istifadəyə notarial qaydada təsdiq olunmuş yazılı razılıq verməmiş, buna görə də Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından cavabdehin həmin mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdehin mənzildən istifadə hüququ yaranmadığına görə həmin hüquqa xitam verilməsi barədə tələb əsassız hesab edilərək təmin edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, bu qətnamə cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildə pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 istifadə hüququna xitam verilməsinə dair hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin mülkiyyətçisi olan İddiaçı ilə birlikdə yaşayan ailə üzvü kimi oğlu Səməndər Kazımov Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək öz yetkinlik yaşına çatmayan uşaqları X7, X5 və X8 həmin mənzilə köçürmüşdür. Buna görə də uşaqların həmin mənzildən istifadə hüququ məhz atalarına münasibətdə yaranmışdır. Yetkinlik yaşına çatmamış uşaqların valideynlərdən birinin yanında saxlanılması heç də uşaqları valideynlik hüququnu itirməmiş digər valideynin yaşayış yerində yaşamaq hüququndan məhrum etmir və həmin yaşayış yeri uşağın yaşayış yeri sayılır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X16 hər biri ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh izahatına əlavə olaraq bildirdi ki, o sözügedən mənzilə 2006-ci ildə gəlin kimi köçmüş, orada 2010-cu ilin dekabr ayına qədər yaşamışdır. Sonradan ailəsi ilə birgə hazırda yaşadıqları özbaşına tikiliyə köçmüşlər. Buna görə də hesab edir ki, iddiaçıya məxsus mənzildə yetkinlik yaşına çatmayan övladları ilə birgə uzun müddət yaşadıqlarına görə onların da həmin evdən istifadə hüquqları yaranmışdır. Lakin o hal-hazırda övladlarını yaşadıqları özbaşına tikiliyə qeydiyyata sala bilməz, çünki evin sənədi yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X17 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, hal-hazırda cavabdehin öz uşaqları ilə birgə daimi yaşayış yerləri mövcuddur. Cavabdehin və uşaqlarının mənzil ehtiyacları ödənildiyinə görə onların iddiaçıya məxsus evdə qeydiyyatda qalmalarına hər hansı bir əsas yoxdur. Cavabdehin uşaqlarının iddiaçıya məxsus mənzildən istifadə hüququnun saxlanılması mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxara bilər. Buna görə də o, məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-795/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzili xx xxxxxx 1996-cı ildə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-5472/2019 saylı qətnaməsinin surətindən görünür ki, X14 ilə Cavabdeh arasında xx xxxx 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 anaları Cavabdeh yanında saxlanılmışdır. Mülki işin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi 28-ci korpus 1 saylı evdə daimi qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 3 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyinin 145 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 591 saylı arayışdan görünür ki, X12, X11 və X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-773/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək X6 cavabdehin hazırda yaşadığı Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən 28-ci korpusda yerləşən 238 saylı evə köçürülməsi qət edilmişdir. Apelyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin özünə aid olan hissəsi ilə razılaşmış, qətnamənin yalnız uşaqlarına aid hissəsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə xx xxxxxxx 2010-cu il tarixdə pasport qeydiyyatına alınsa da, o həmin mənzilə 2006-cı ildə köçdüyünə görə birinci instansiya məhkəməsi haqlı olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına uyğun olaraq mənzildən istifadə ilə bağlı tərəflər arasında yaranmış mübahisəni Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaransa da, onlar hal-hazırda anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən 28-ci korpusda yerləşən 238 saylı evdə yaşayırlar. Beləliklə, azyaşlı uşaqların anaları ilə birlikdə mənzilə olan ehtiyacları ödənilmiş və onların iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının saxlanılmasına ehtiyac qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qənaət prinsipi baxımından, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun saxlanılması mənzil mülkiyyətçisinin həddən artıq “yüklənməsi” və mənzil üzərində sərəncam hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə mahiyyətcə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 795/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar