Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4987/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh borc məbləği olan 4150 manat vəsaitin və eləcə də 2018-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək bank faizinin uçot dərəcəsi əsas götürülərək faiz əlavə edilməklə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun bibisi oğludur. 2017ci ii tarixdə cavabdeh onun iş yoldaşı olan Faiq adlı şəxsdən 9500 manata Mersedes C 220 markalı avtomobil alaraq 5350 manat pulunu vermiş yerdə qalan 4150 pulunu verməmişdir. İş yoldaşı avtomobili sürmək üçün cavabdehə etibarnamə vermiş və pulunu tam ödədikdən sonra ona satmaq üçün etibarnamə verəcəyi ilə razılaşmışlar. Cavabdeh ona dəfələrə zəng vuraraq hətta yaşadığı ünvana gələrək avtomobili satıb olan pul borcunu ödəcəyinə söz verərək Faiqdən avtomobili satmaq üçün etibarnamə almağını xahiş etmişdir. O, Faiq və cavabdeh bir yerdə görüşərək Faiqdən xahiş etmişdir ki, cavabdehə etibarnamə versin avtomobili satıb pulunu ödüyəcəkdir. Faiq bildirmişdir ki, cavabdeh avtomobili satdıqdan sonra pulu vermədikdə avtomobilə olan 4150 manat pul borcunu ondan alacaq və o, cavabdehə zamin duraraq etibarnamə verməsinə razılaşmışdır. Sonradan cavabdeh avtomobili 8500 manata sataraq 4150 manat pul borcunu ödəməyərək özünə yeni avtomobil almışdır. O, cavabdehə dəfələrlə onda pulu istədiklərini desə də, ona hər dəfə pulu verəcəyinə söz verərək onu və iş yoldaşı Faiqi aldatmışdır. Bu barədə cavabdehin valideyinlərinə də məlumat vermiş və onlar da pulu verəcəyinə söz versələr də, pulu verməmişdirlər. Sonradan 2018-ci ilin sentyabr ayında məcbur qalıb iş yoldaşının pulunu ödəmək üçün Beynalxalq Bankdan kredit götürərək cavabdehin Faiqə olan 4150 manat borcunu ödəmişdir. Həmin krediti avqust ayına qədər, ayda 206 manat ödəməlidir. Kredit barədə cavabdeh və valideyinləri, hətta yeznəsi də evləri plana gedən kimi verəcəklərinə söz vermişdirlər. Evləri 8 ay əvvəl plana getsə də, onu yenidən aldadaraq sözlərinə əməl etməmişlər. Sonradan cavabdeh onun pulunu vermədiyi üçün bu barədə atası X2 RPİ-nin 37-PŞ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh orada qeyd olunanları izahatında təsdiq etmişdir və 4150 manat məbləğində olan pul borcunu ödəməyə söz vermişdir. Lakin o, cavabehdən 3 il ərzində pulunu ala bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eləcə də qeyd edilmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edib, pulu qaytarmaq fikri olmamasını qeyd etməsinə baxmayaraq, bütün bunlar nəzərə alınmamışdır. Bundan başqa cavabdehin pulu verməkdən imtina etdiyi vaxt hüqüqünun pozulması və polis orqanına müraciət etməsi və qanunvericiliyin bu sahəsində olan savadsızlıq kimi hallara hüquqi müstəvidə qiymət verilməmişdir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd edilənlərə görə iddia müddətinin tətbiqində və digər hallarda qərəzli olaraq maddi hüquq normasını pozmuşdur. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək bildirmişdir ki, onun “Mersedes 190” markalı avtomobili Faiqin isə modelini dəqiq xatırlmadığı “Mersedes” markalı avtomobili olmuşdur. O, Faiqin avtomobilini almaq istəmiş, lakin əlində nağd pulu olmamışdır. Faiqlə aralarında olan razılaşmaya görə onun avtomobilini 3500 manata qiymətləndirərək qeyrirəsmi Faiqə satmış, Faiqin avtomobilini isə 7500 manata qiymətləndirərək qeyri-rəsmi o almışdır. Bundan sonra, onun Faiqə 4000 manat borcu qalmışdır. O, Faiqə 1 dəfə 1000 manat, daha sonra 2 dəfə 250 manat olmaqla, 500 manat məbləğində, bir dəfə 50 manat, bir dəfə də 100 manat pul vermişdir. Sonralar yenə də Faiqə pul versə də, məbləği dəqiq yadında deyil. İddiaçının onun əvəzinə Faiqə pul ödəməsi üçün Bankdan kredit almasından xəbəri yoxdur. İddiaçı onun əvəzinə pul ödəmişdir, lakin bu məbləğ 4100 manat deyil, çünki o, borcundan bir hissəsini Faiqə ödəmişdir. Özünün hesablamasına görə Faiqə təxminən 2250 manat borcu qalmalı idi. Həmin pulu da hazırda ödəməyə maddi imkanı yoxdur. Birinci instansiya məhkəməsində şahid X3 izahatında bildirmişdir ki, iddiaçı onun iş yoldaşıdır. İddiaçının xahişi ilə öz avtomobilini 9500 manat məbləğində cavabdehə satacağı ilə bağlı razılaşmışlar. Razılaşmaya görə cavabdehin avtomobilini 3000 manata qiymətləndirərək o almalı, qalan məbləği isə nəğd olaraq ödəməliydi. Lakin avtomobilin qalan pulunu nağd ödəyə bilmədiyi üçün cavabdehin əvəzinə pulu onun tanışı Yelmar vermiş, cavabdeh isə həmin pulu hər ay hissə-hissə ona ödəməli, o da Yelmara verməli idi, çünki Yelmar cavabdehi tanımadığı üçün pulu ondan tələb etməli idi. Cavabdeh əvvəlcə 1000 manat məbləğində pul ödəmişdir. Sonradan cavabdeh ilk 1-2 ay ödəniş etsə də, sonradan heç bir ödəniş etməmişdir. Yelmar isə pulunu tələb etdiyi üçün məcbur olub cavabdehin Yelmara olan borcunu o, qaytarmışdır. Cavabdehi iddiaçı vasitəsi ilə tanıdığından sonradan iddiaçıdan Yelmara ödədiyi 4100 manat pulu tələb etmişdir. İddiaçı bankdan 5000 manat məbləğində kredit götürmüş və 4100 manat pulu ona qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Yəni, öhdəlik ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi (yaxud icra edilməməsi), qüsurlu icra edilməsi və s. nəticəsində yarana bilər. Kollegiya qeyd edir ki, işin fakitiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında pulun alınması barədə hər hansı müqavilə bağlanmamışdır. Lakin işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şifahi razılıq əsasında X1 aldığı avtomobilə görə ödəyəcəyi pul vəsaitini cavabdehin əvəzinə iddiaçı ödəmişdir. Bu halı həm məhkəmə iclasında şahid qismində dindirilmiş Faiq Əliquluyev, həm də cavabdeh verdiyi izahatında təsdiq etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı cavabdehin Faiq Əliquluyevə ödəməli olduğu pul vəsaitini onun əvəzinə ödədiyindən cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmağa borclu olsa da, iddiaçı pul vəsaitinin qaytarılması üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində müəyyən edilmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kolegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirmişdir ki, cavabdehin ödəməli olduğu pul vəsaitini onun əvəzindən Faiq Əliquliyevə 2018-ci ilin sentyabr ayında bankdan aldığı kredit hesabına qaytarmış və bu dəlilinin təsdiqi üçün məhkəməyə “xxxx” ASC ilə onun arasında bağlanmış 21.09.2018-c il tarixli kredit müqaviləsini təqdim etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı cavabdehin əvəzinə ödədiyi pulu ondan qaytarmaq hüququnun yarandığını hələ 2018-ci ilin sentyabr ayından bildiyi halda, 25.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu halda, kollegiya hesab edir ki, iddiaçının cavabdehdən onun əvəzinə ödədiyi pul vəsaitini (məhrum olduğunu) qaytarmaq hüququ, həmin hüququnun yarandığı vaxtdan iki ildən artıq müddət keçdiyindən qüvvədən düşmüşdür. Kollegiya eləcə də iddiaçının iddia müddəti ilə bağlı hüquqi müstəvidə onun savadsızlığının nəzərə alınmaması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu hal qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas olma bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1200/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4987/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4987/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver