Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4987/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə (arvadı), Vəkil1 (vəkil) və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 024/720 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən olmaqla “Göyərtə işləri üzrə rəhbər” vəzifəsinə işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olan günə kimi hər ay 4000 manat məbləğdə orta aylıq əmək haqqının ödənilməsi, MMC-dən onun xeyrinə normadan artıq işə görə 152562 manat (1 il üçün – 15236 manat, 3 il üçün - 45708 manat, 10 il üçün – 152562 manat) pulun, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə təqdim olunmuş 14 gün üçün 3500 manat müavinət pulunun, 2013-cü ilin noyabr ayından 2021-ci ilin iyun ayına kimi 49573 manat məbləğdə axşam və gecə pulunun (1 günə - 73,77 manat, 1 aya – 1032 manat, 1 ilə (1 ildə 6 ay gecə və axşam saatları) – 6196 manat, 3 ilə - 18588 manat, 8 ilə - 49573 manat), 10000 manat məbləğdə maddi ziyana görə və 15000 manat məbləğdə mənəvi ziyana görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-559/2025 saylı iş üzrə 02 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Əsədzadə) iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, normadan artıq işə görə əlavə əmək haqqının, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə müavinət pulunun, axşam və gecə saatlarında işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələblərindən imtina edir.
2. "xxxx" MMC net 15000 (on beş min) manat məbləğində pulu barışıq sazişinin təsdiqi haqqında qərardad qanuni qüvvəsini aldığı gündən 5 iş günü ərzində, İddiaçı onun təqdim etdiyi və Bu Sazişə əlavə edilmiş bank rekvizitləri üzrə ödəməyi və qeyd olunan məbləğlə bağlı bütün sosial sığorta ayırmalarını digər məcburi ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Bu ödənişlə əlaqədar iddiaçı tərəfindən hər hansı əlavə tələb irəli sürülməyəcəkdir.
3. Tərəflər bu Sazişi imzalamaqla bildirir ki, Sazişin bütün bəndləri icra olunduqdan sonra Saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda "xxxx" MMC-nin işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər- hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız Sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər.
5. Tərəflər bir-birinin işgüzar nüfuzuna xələl gətirə biləcək istənilən məlumatı hər hansı formada yaymamaq və ya üçüncü şəxslərə bildirməmək, eləcə də bir-birinə zərər vura biləcək hərəkətlərdən çəkinmək öhdəliklərini öz üzərinə götürürlər.
6. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi onların azad iradəsi ilə, heç bir təzyiq və ya məcburiyyət olmadan bağlanmışdır və tərəflərin arasında bu sazişlə tənzimlənməyən hər hansı hüquqi münasibət mövcud deyil. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-559/25 saylı iş üzrə 02 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.