Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4989/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min beş yüz əlli yeddi avro, otuz iki sent) Avro və 1.672.76 (min altı yüz yetmiş iki manat, yetmiş altı qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülməsini nəzərə almadan apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşdə olan sənədlərdən mübahisəsiz qaydada müəyyən edilir ki, qətnamə Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı Cavabdeh qətnaməni əldə etdiyi, yəni qətnamənin elektron kabinetə yerləşdirildiyi xx.xx.2025-ci il tarixdən başlamış, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü xx.xx.2025-ci il saat 24:00-dək olmuş, cavabdeh müddətin son günü, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti versə də, həmin apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün sayılmış və apellyasiya şikayəti geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardad cavabdehin və nümayəndəsinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilsə də, Cavabdeh tərəfindən apellyasiya şikayəti bundan 1 ay 1 gün sonra – xx.xx.2025-ci il tarixdə verilmiş və bununla da mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət (apellyasiya şikayəti vermə müddəti) buraxılmışdır. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya prosessual müddətin buraxılması əsası ilə qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün sayılarkən apellyasiya şikayəti geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsə də, birinci instansiya məhkəməsi həmin şikayətin qaytarılması ilə bağlı mülki prosessual qanunvericilikdə nəzərdə tutulan prosesual hərəkətləri yerinə yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4989/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4989/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver