Məhkəmə qərarları › İş №2(103)-4990/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4990/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4990/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1ının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək prospekti 94, ev 6, 61 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m5 ünvanında yerləşən, ümumi sahəsi 57.80 kv.m olan) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «xxxx» MTK-nın Bakı şəhəri, Əhmədli y/sahəsi, Babək pr.94 ünvanda inşa etdiyi 16 mərtəbəli 6 saylı binanın 9-cu mərtəbəsindəki ümumi sahəsi 62,0 kv.m, yaşayış sahəsi 20,5 kv.m olan 1 otaqlı, 61 saylı mənzili 40300 manat pay haqqı ödəməklə almışdır. Cavabdeh onun gəlini olmuş, 2017-ci ildə həmin mənzilə oğlu ilə birlikdə müvəqqəti köçmüş, 2019-cu ildən isə münasibətləri pozulmuşdur. Hazırda o, öz mülkiyyətindən istifadə edə bilmir, belə ki, sonuncu dəfə hətta o, öz mənzilindən özünə məxsus olan təzyiq aparatını götürən zaman cavabdehin bacısı onu döymüş və öz mənzilindən əmlakının götürülməsinə belə maneçilik yaratmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh şəxsi əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 6, mənzil 61, yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m.5 ünvanında yerləşən, ümumi sahəsi 57.80 kv.m. olan mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin istinad etdiyi notariat razılığın verilməsi yalnız əmlakın dövlət reyestrində çıxarışı mövcud olduqdan sonra mümkündür, o, həmin ailəyə gəlin gələn zaman sözügedən mənzilin dövlət reyestrdindən çıxarışı olmamışdır. İddiaçının oğlu X3 ilə 2017-ci ildə rəsmi ailə qurmuş, 2020-ci ildə isə rəsmi olaraq boşanmışlar, nikahlarından 1 azyaşlı övladları var. 2017-ci ildə onun gəlin köçdüyü mənzil faktiki olaraq keçmiş həyat yoldaşı X2 məxsus olmuşdur. 06.11.2018-ci il tarixində X3 həmin mənzilin mülkiyyət sənədlərini rəsmiləşdirərkən o və anası qərəzli və planlaşdırılmış şəkildə qəsdlə həmin mənzili İddiaçı adına rəsmiləşdirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “xxxx” MTK müvəkillərinin üzvlüyə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi və dəyişdirilməsi barədə 05.11.2018-ci il tarixli 12 saylı Protokolundan çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “xxxx” MTK-nın üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə “xxxx” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək prospekti 94 ünvanında inşa etdiyi 16 mərtəbəli 6 saylı binanın 61 saylı mənzilinə qeydiyyata düşməsinin təsdiq edilməsi qərara alınmışdır. 06.11.2018-ci il tarixli 287 saylı maliyyə arayışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “xxxx” MTK-ın Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək prospekti 94 ünvanında inşa etdiyi 16 mərtəbəli 6 saylı binanın 61 saylı mənzilinə payçıdır və 40300 manat pay haqqını tam ödəmişdir. 19.06.2020-ci il tarixli 06 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubun surətindən görünür ki, “xxxx” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək prospekti 94 ünvanında inşa etdiyi 16 mərtəbəli 6 saylı binanın 61 saylı mənzili İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26.08.2020-ci il tarixdə verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək prospekti 94, ev 6, 61 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m5) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1275/2020 saylı, 29.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixində 2634 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 11.09.2018-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 25.12.2019-cu il tarixindən hesablanmaqla hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 3 yaşına çatanadək, yəni 11.09.2021-ci il tarixədək 25.12.2019-cu il tarixdın hesablanmaqla, hər ay 50 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, mübahisələndirilən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdeh 2017-ci ildə iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçərək orada yaşamış, cavabdehin iddiaçının oğlu T.Ramazanlı arasında olan nikah pozulmuşdur. İddiaçı hazırda cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanaraq gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin tərəflər ailə münasibətlərində olmadıqlarından, nəticə etibarilə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından, iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, hazırki iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.07.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Lakin qeyd olunduğu kimi, cavabdeh M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.” Göründüyü kimi, mübahisəli mənzil dövlət qeydiyyatından keçmədiyi halda ona dair mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) bağlanması qeyri-mümkündür. Hazırki iş üzrə cavabdeh mübahisəli mənzilə köçdüyü 2017-ci ildə iddiaçı mənzil üzərində sərancam vermək üçün tələb olunan hüquqa malik olmamışdır (mülkiyyətçi hesab olunsa da, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün sərancam hüququna malik olmamışdır), belə ki, mübahisəli mənzili iddiaçı 2005-ci ildə “xxxx” MTK-dan aldıqdan sonra Mülki Məcəllənin 178.8-ci maddəsi və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında əks olunmuş mövqeyə görə «mülkiyyət» hüququ əldə etsə də, 2017-ci il tarixdə bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin mənzildən istifadə ilə bağlı cavabdeh ilə arasında müqavilənin bağlanıb qeydə alınması da mümkün ola bilməzdi. İddiaçı 26.08.2020-ci il tarixdə mənzilə dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.07.2014-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Mübahisəli mənzil 26.08.2020-ci il tarixdə iddiaçının adına qeydə alındığı üçün hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri daxilində həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ogey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı). Məlum olduğu kimi, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2021 saylı iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh şəxsi əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 6, mənzil 61 (yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m.5) ünvanında yerləşən, ümumi sahəsi 57.80 kv.m olan mənzildən çıxarılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar