Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4991/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavoduna qarşı (üçüncü şəxslər X3 və 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi cəlb edilməklə) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun) etibarsız hesab edilməsi, qərara (protokola) əsasən verilmiş orderin ləğv edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(011)-437/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavoduna qarşı (üçüncü şəxslər X3 və 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi cəlb edilməklə) – cavabdehdən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 68 saylı mənzilinə dair X1 adına yazılan 25.05.2005-ci il tarixli 0209 saylı orderin verilməsinə əsas olmuş 48 saylı protokolla rəsmiləşdirilmiş 23.05.2005-ci il tarixli birgə qərarın, Bakı “xxxx” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı qərarın (protokolun) etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 68 saylı mənzilə dair yazılan Bakı “xxxx” İstehsalat Birliyinin 25.05.2005-ci il tarixli 0209 saylı orderinin ləğv edilməsi və X1 yaşayış sahasinə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 68 saylı mənzilinə dair X1 adına yazılan 25.05.2005-ci il tarixli, 0209 saylı orderin verilməsinə əsas olmuş 48 saylı protokolla rəsmiləşdirilmiş 23.05.2005-ci il tarixli birgə qərarın, Bakı “xxxx” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 68 saylı mənzilə Bakı “xxxx” İstehsalat Birliyi tərəfindən X1 adına yazılan 25.05.2005-ci il tarixli, 0209 saylı orderin etibarsız hesab edilməsi və X1 mənzilə istifadə hüququnun itirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(011)-437/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli, 2 nömrəli qərarına əsasən, Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq, vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud qanunvericiliyə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd orderdir. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə 07.01.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına, Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25.12.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 07.06.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxnin 12.06.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Bakı “xxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti İclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyi “Cavabdeh" İstehsalat Birliyi “xxxx” Zavodunun məlumatından görünür ki, X3 29 iyun 1992-ci il tarixindən 08 yanvar 2007-ci il tarixinədək “xxxx” zavodunda işləmişdir, mənzil verilməsi haqqında növbəlik siyahısında 217-ci adam olaraq növbəyə alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5928/2019 saylı 30.08.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 68 nomrəli mənzilinə dair X2 verilmiş 25.05.2005-ci il tarixli, 0209 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14040/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5928/2019 saylı 30.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2247/2019 saylı 03 iyul 2020 tarixli qərarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14040/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 25.05.2005-ci il tarixli, 0209 nömrəli orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yataqxananın 1-ci giriş 4-cü mərtəbəsindəki yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 68 saylı mənzilə dair X2 order verilmişdir. Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 30.05.2019-cu il tarixli, 83/Ç nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən yataqxananın 68 saylı mənzilində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X9 4 nəfər ailə üzvü ilə məskunlaşmış, o, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018- ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Departamentin 11.02.2019-cu il tarixli, 48 saylı məktubunun surətindən görünür ki, Cavabdeh İB “xxxx” zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. Cavabdeh İB “xxxx” zavodu MMC-nin 04.03.2019-cu il tarixli, 02/47 məktubunun surətindən görünür ki, ünvan 1 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş protokollarla bağlı məlumatın verilməsi mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, tərəflər arasındakı mübahisənin həlli həmin zaman qüvvədə olan maddi hüquq normalarına, işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order 25.05.2005-ci il tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Bundan başqa Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. Göründüyü kimi, mübahisəli mənzilə order 25.05.2005-ci il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 7 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bundan başqa hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflər arasında olan mövcud mübahisələr barəsində iddiaçının məlumatlı olması iş materialları ilə öz təstiqini tapır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(011)- 437/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4991/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4991/2021
01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver