Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4991/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ASC Xətai Rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100 saylı əmək müqaviləsinə əsasən İddiaçı Xətai Rayon Sukanal İdarəsində kommersiya şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh ASC X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-68/2019 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC X3 İdarəsinin suölçən cıhazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi qarşılıqlı razılıq əsasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bir il müddətinə bağlanmışdır. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ASC-nin Xətai Rayon Sukanal İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci tarixli əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddənin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X3 İdarəsinə suölçən cihazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci il müəyyən olunmuşdur. Cavabdeh ASC X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli İntizam məsuliyyəti barədə Əmri ilə İddiaçı xəbərdarlıq edilmiş, xx.xx.2021-ci il tarixli 102 nömrəli İntizam tənbehi barədə Əmrlə şiddətli töhmət elan edilmişdir. Cavabdeh ASC X3 İdarəsinin xx.xx.2021-ci il tarixli Bildirişindən görünür ki, cavabdehə onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəyi barədə xəbərdar olunmuş və işçi bildirişlə xx.xx.2021-ci il tarixdə imza etməklə tanış olmuşdur. Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu tarixli əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddənin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, K 317 saylı əmri ləğv edib, Azərsu ASC-nin X3 İdarəsi Avtomatka və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması təmin və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa olunmağı, ona vurulmuş maddi ziyana görə 10000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərsu ASC-nin X3 İdarəsi Avtomatka və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndis ştatı üzrə xx.xx.2021-ci il tarixli 50k N-li əmri ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq müqaviləyə xitam verilmişdir. Hesab edir ki, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onun işdən azad olunması qanunsuzdur. Belə ki, hal-hazırda qeyd olunan X3 İdarəsi fəaliyyət göstərir, büdcə təşkilatı deyil və hesab edir ki, həmin idarənin ən təcrübəli işçilərindən, yaxşı mütəxəssisi olmuşdur. Əsassız yerə müqaviləni uzatmayıblar. Hazırkı iddia ilə işəgötürən tərəfindən kobud şəkildə pozulmuş hüquqlarının bərpa olunmasını istəyir və ona görə də məhkəməyə iddia ilə müraciət edir. İşəgötürən tərəfindən bu Əmək müqaviləsinin müddəti başa çatarkən əvvəldən nəzərdə tutulmuş müddətdə ona xəbər edilməli idi və müqavilə ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməlidir. Cavabdeh təşkilatda işlədiyi dövrdə aldığı əmək haqqının məbləği normal olmuş və qanunsuz olaraq əmək fəaliyyəti dayandırıldığı üçün hazırkı dövrə qədər həmin pul vəsaitindən məhrum olmaqla maddi ziyana uğramışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2410/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilməsi əsaslı olduğundan və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 1 və 2-ci hissəsi, 73.1 və 73.2-ci maddələri, Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
12.Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 13.Maddə 47, bənd f. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 14.Maddə 68, hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 15.Maddə 69, hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 16.Maddə 73.1 və 73.2. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Apellyasiya baxışının hədləri
17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
20. İddiaçı bildirir ki, işəgötürən tərəfindən bu Əmək müqaviləsinin müddəti başa çatarkən əvvəlcədən ona xəbərdarlıq edilməmiş, müqavilənin müddətini əsassız yerə uzadılmamışdır. 21.İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəf ərizə təqdim edərək, mübahisəyə 1 aylıq iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. 22.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2, 3-cü hissələrini, Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. 23.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 24.Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə). 25.İddiaçının tələbi işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ona ödənilməsindən ibarətdir. 26.Qeyd olunmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının məbləği işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək ödənilməli olan pul kompensasiyasını nəzərdə tutur və yalnız iddiaçı işə bərpa olunduğu halda ödənilə bilər. 27.Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən işçi işə bərpa edildiyi halda məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləği belə tələbin irəli sürülüb-sürülməsindən asılı olmayaraq işçiyə ödənilməlidir. 28.Baxılan iş üzrə iddia ərizəsinin həmin hissəsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan və əmək münasibətləri çərçivəsində tərəflərin bir-birinə qarşı irəli sürdükləri pul və digər tələblərə aid edilə bilməz. 29.Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə cavabdehin ərizəsi əsasında Əmək Məcəlləsinin 296-cə maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. 30.Mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. 31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.